“Ədəbiyyat və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən – gözəlliyi ilə ad çıxarmış aktrisa Leyla Bədirbəylidir.
LEYLA BƏDİRBƏYLİ
(1920-1999)
***
Bir dəfə “Nizami” kinoteatrının qarşısından keçəndə oğlanlı-qızlı bir-neçə gənc mənə yaxınlaşdı. Kinoteatrın qarşısında böyük afişa asılmışdı. Gənclər məni dövrəyə aldılar.
– Siz Leyla Cavanşirovasız? – qızlardan biri heyrətlə xəbər aldı.
– Bəli, özüdür ki, var, – cavab verdim.
Sən demə yaxınlıqdakı Əzim Əzimzadə adına rəssamlıq məktəbində oxuyurmuşlar. Oğlanlardan biri tez çantasını açıb kömür və kağız götürdü. Utanaraq:
– Olar sizin şəklinizi çəkim? – xəbər aldı. Düzünü desəm, çəkilişə tələsirdim, amma gənclərin də xətrinə dəyə bilməzdim. Onlarla aramda 3-4 yaş fərqimiz olardı, etiraz etsəydim, yekəxanalıq kimi çıxardı. Rəssam oğlan tərəddüdümü hiss edib tez əlavə etdi:
– Narahat olmayın, uzağı 10 dəqiqə vaxtınızı alacam.
Gülümsünərək razılıq verdim.
Dostları gənc rəssamın ətrafına toplaşdılar, qızlar məni araya alıb müxtəlif suallar verirdilər. Təxminən 10-12 dəqiqə sonra oğlan üzərində rəsm çəkdiyi kağızı mənə uzatdı. Alıb baxdım, gözlərimə inanmadım. Məni Gülçöhrə obrazında çəkmişdi.
“Ədəbiyyat və incəsənət”
(06.01.2023)