Aida Eyvazlı yazır
Yenə də əzəli türk torpaqları olan Saxa - Yakutiya barədə yazıram. Yakutiyanı fəth etməyə gələn missionerlər 1634-cü ildə I rus çarı Mixail Fedoroviç Romanova yazırdılar: “Yakol torpağı çox genişdir, intəhasızdır. Burada əhali çoxdur, atlarının sayı bilinmir”.
Tarixi mənbələrdə yakut atları eramızdan 30 min əvvəl də mövcud oluğu yazılır. Tayqada, Sibirdə qədim buzlaqlar əriyib, yerin alt qatında saxladıqlarını üzə çıxaranda, mütləq oradan at sümüklərini də insan oğlunun qarşısına çıxarır. Qışın oğlan çağında Yakutiyanın şimalında şaxtalar mənfi -60 dərəcədən də aşağını, yayda isə müsbət +40 dərəcədən yuxarını göstərəndə, yakut atları dözümlülük nümayiş etdirirlər. Buna görə də yakut atları dünyada ən güclü atlar sayılır. Tanrı bir canlıya yaraşa biləcək bütün gözəllikləri bu heyvanın simasında cəmləşdirib. Gözlərinin üstündən uzanan birçəkləri də başqa bir aləmdir. Dərilərinin üstündə olan qalın yun örtüyünə görə şaxtalı-ayazlı qış günlərində böyük məsafələri problemsiz qət edə bilirlər. Qalın dərilərinin altında çoxlu piy qatı yığılır. Piy qatı, isti yun qatı onları soyuqdan qoruyur.
Bu atların yunlarının uzunluğu 15 santimə çatır. Yakut atları dırnaqları ilə buz qatını yarıb, qidalanırlar.Buna görə də onlara yarımvəhşi atlar deyirlər. Çünki yakutlar qışda atı tövləyə bağlamır, elə ana təbiətin ixtiyarına verirlər. Bu atlar yaz aylarına qədər mənsub olduğu kəndin və ya ulusun ətrafında özləri üçün yem axtara-axtara dolaşırlar. Yazda isə sahibinin həyətinə qayıdırlar. Öz ünvanlarını itirməz, sahibini unutmaz, verilən əmri yerinə yetirərlər.
Hər bir ilxıda, at sürüsündə adətən 25 baş, çox olanda isə 5 mindən çox ayğır və dayça at olur. Onlar həm də uzun zaman bir ailə kimi yaşayırlar. Yakut atları insanlara qarşı aqressiv deyillər. Onlar özləri insana qarşı mehribanlıq nümayiş etdirir, insandan məhəbbət və sevgi umurlar. Çox davamlı və qalın dırnaqları ilə buz qatının üstündə heç bir maneəsiz gəzə bilirlər. 3000 metr məsafəni çaparaq 5 dəqiqəyə qət etməyi bacarırlar. Öz sahibinə 20-25 il xidmət edəndən sonra, atlar qoca sayılırlar. Qocaldıqdan sonra onları ağır iş görməyə götürmürlər. Qocalıqda istirahət edilər.
At əti ekoloji təmiz ət sayılır, özünün müalicəvi əhəmiyyəti vardır. Atın əti qaraciyər, mədəaltı vəzi və mədə-bağırsaq xəstələrinə məsləhət görülür. Atın südü isə şəkərlə , C vitamini ilə zəngindir. Ona görə də at südündən hazırlanan kumıs həm də antibiotik sayılır. Kumısdan və at südündən dizenteriya, tif, vərəm xəstəliyinin müalicəsində istifadə olunur. Çünki atın südündə olan yod, kalsii və askorbin turşusu isə anemiya və zob xəstəliyində istifadə olunur.
Yemək üçün istifadə edilən atları bir qayda olaraq heç vaxt minmirlər, işlətmirlər. Kəsimə ancaq 2 yaşlı dayçaları verirlər.
Yakutların təqvimindəki mart ayı atın adına hörmətlə “Kulun tutar”, yəni dayça doğulan ay adlanır.
Bütün türkdilli xalqlarda olduğu kimi, yakutlar da atlarının çulunu, yəhərini ən gözəl işləmələr, parçalar, örtüklər və gümşlə bəzərdilər. Çula “Çeprak”, böyürlərindən asılan muncuqlar və gümüşlə tikilən bəzəkili xurcuna isə “Kıçımı” deyirlər. Atın yəhərinə isə müxtəlif rəngli at dərilərindən toplanıb tikilən “dalabara” ilə bəzəyərlər.
Beləliklə bütün bunlardan da belə nəticəyə gəlinir ki, yakutların öz dini inanclarına görə göyün yuxarı qatında hər bir insanın taleyini , özünü qoruyan at ruhu dolaşır. Başqa bir dünyanın olduğuna inanan və yakut türkləri belə hesab edirlər ki, insan öldükdən sonra yeni dünyaya köçür, o biri dünyada isə, insanın atı onun yanında olmalıdır ki, ruhu rahat gəzə bilsin.
“Ədəbiyyat və incəsənət”
(19. 12.2022)