Bu dəfə yolumuz Şirvan Milli Parkınadır Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Şirvan Milli Parkı Cənub-şərqi Şirvan düzündə Salyan və Neftçala rayonları ərazisində yerləşən milli parkdır. Milli Parkın yaradılmasında əsas məqsəd yarımsəhra landşaftının başlıca komponentlərini, Azərbaycan Respublikasının "Qırmızı kitabı"na düşmüş ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini ekoloji maarifləndirmək, turizm və istirahət üçün şərait yaratmaqdır.

 

Relyefin, bitki və torpaq örtüyünün müxtəlifliyi burada bir sıra təbii landşaft sahələrini ayırmağa imkan verir. Ərazinin əsas hissəsini yovşanlı, şoranotlu yarımsəhra xırda təpəliklər və şoranotlu yarımsəhra düzənliyi təşkil edir. Qədim sahil tirələri, laqunlar müəyyən sahələrdə aydın nəzərə çarpır. Külək vasitəsilə yaranan əsas relyef forması–düyün təpəcikləri ceyranların sığınacağı və mühafizəsi üçün çox sərfəlidir.

Ərazidə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru bozqır tipli iqlim hakimdir. Burada çay və bulaq yoxdur, ərazini şərqdən Xəzər dənizi, şimaldan Baş Şirvan kollektoru, bir sıra digər kollektorlar, Çala (Qızılqaz) gölü və s. əhatə edir ki, bu da ceyranları su ilə tam təmin edir.

Ərazidə Xəzərin, kanalların və gölün suyunun qışda donmaması ceyranlar və quşlar üçün çox əhəmiyyətlidir. Milli Parkın ərazisində qaraşoranlı, şahsevdi, duzlaq-çoğanlı, yarımsəhra bitkiləri, çərənli-yovşanlı, yovşanlı-efemerli, yovşanlı, xos təkli, dənli-müxtəlifotlu, efemerli, sahil qumlu və çala-çəmən (dəvəotlu) bitki formasiyaları üstünlük təşkil edir.

Fauna

Landşaft, iqlim və relyef xüsusiyyətlərinə görə Şirvan Milli Parkının ərazisində xarakterik suda-quruda yaşayanlar və sürünənlər faunası formalaşmışdır.

Milli Parkda məməlilərdən aşağıdakı dəstələr vardır:

- Yarasalardan itiqulaq, bığlı, cırtdan və küli şəbpərələri, kiçik və böyük nalburunlar, ikirəng könlücə, dağ könlücəsi və s.

- Gəmiricilərdən ictimai çöl siçanı, qara və boz siçovullar, qırmızıquyruq qum siçanı, kiçik və kiçik asiya ərəbdovşanları.

 - Dovşankimilərdən boz dovşan, yırtıcılardan canavar, çaqqal, tülkü, gəlincik, safsar, porsuq, qamışlıq pişiyi, çöl pişiyi

Kürəkayaqlılardan Xəzər suitisi, cütdırnaqlılardan çöl donuzu və ceyran.

Bu növlərdən ceyran, safsar və çöl pişiyi respublikamızın "Qırmızı Kitab"ına daxil edilmişdir.

Flora

Bu ərazinin təbii florasında 82 növ çiçəkli bitki növləri var. Floristik tərkibdə 7 endem növlər, o cümlədən Azərbaycanın endemi 3 növ bakr cuzqunu, səhra acıqovuğu, Şovis yovşanı, Qafqazın endemi 4 növ steven qəvəni, Hirkan qəvəni, Qafqaz qarayoncası və yarımçılpaq, şeytanqanqalı yayılmışdır.

Milli Parkin florasını sayca ən çox kserofitlər qismən mezokserofitlər, mezofitlər və hidrofitlər təşkil edir. Parkın bitki örtüyünün fitosenoloji təsnifatının təhlili göstərir ki, ərazidə səhra, yarımsəhra, dənizsahili -qumsal, çala-çəmən və su-bataqlıq ekoloji tipləri mövcuddur.

Oranın bitki örtüyünə çoxillik şoranqəliyə–qaraşoranlıq, yarıbaşlıq, şahsevdilik, yulğunlu - şahsevdilik, çərənlik , yovşanlı-qarağanlıq aiddir. Birillik şoranqəliyə puzlaq-coğanlıq, budağlı qışotuluq, efemerli-yovşanı-qışotuluq daxildir. Parkin bitki örtüyündə dərman bitkilərindən-bağayarpağı, əməköməci, qırxbuğuma və s. rast gəlinir.

Qoruqlar əsl gəzməli, görməli, öyrənməli yerlərdir. Tur şəklində ekskursiyalara gedib onlara baxmağa dəyər.

 

“Ədəbiyyat və incəsənət”

(09.04.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.