Berlin Beynəlxalq turizm sərgi və konqresi işə başlayıb

Sərgidə Azərbaycanın da turizm imkanları nümayiş olunur

 

Martın 4-də Berlində Beynəlxalq turizm sərgi və konqresi (ITB Berlin 2025) işə başlayıb.

 

AzərTAC xəbər verir ki, martın 6-dək davam edəcək sərgiyə 190 ölkədən 100 minədək nümayəndə və 5600 şirkət qatılıb.

 

“ITB Berlin”də Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə milli stenddə təqdim edilir.

 

Stenddə Azərbaycanı “Azərbaycan Hava Yolları” QSC, hotel və turizm şirkətləri daxil olmaqla, ümumilikdə, 12 sənaye tərəfdaşı təmsil edir.

 

Sərgi çərçivəsində ziyarətçilərə Azərbaycanın tarixi, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş mədəni obyektləri, milli mətbəxi, şərabçılıq məhsulları və digər turizm imkanları barədə ətraflı məlumat verilir. Həmçinin digər ölkələri təmsil edən turizm sənayesinin nümayəndələri ilə görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir.

 

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, bir sıra xarici şirkətlərin rəhbər və nümayəndələri də milli stendimizi ziyarət ediblər.

 

Qeyd edək ki, turizm sahəsində ən son innovasiyaları təqdim edən sərgidə rəqəmsal texnologiyalar, ekoturizm, süni intellekt və səyahət planlaşdırılmasına dair innovativ həllər nümayiş olunur. Qlobal turizm bazarına böyük iqtisadi töhfə verən “ITB Berlin”də müxtəlif ölkələr və şirkətlər arasında milyonlarla avro dəyərində müqavilələr imzalanır, yeni investisiya imkanları yaranır. Builki sərginin rəsmi qonağı Albaniyadır.

 

Bu sərgi ilə yanaşı, turizm üzrə dünyanın aparıcı ekspertlərinin çıxış etdikləri “ITB Berlin” Konqresi ilə də məşhurdur. Sərgi çərçivəsində keçiriləcək konqresdə iştirak üçün 24 min nəfər qeydiyyatdan keçib. “ITB Berlin” Konqresində turizm sahəsində tanınmış 400-dən çox ekspert davamlılıq və texnologiya kimi mühüm mövzularda çıxışlar edəcək. Konqresdə, həmçinin turizm sənayesində son trendlər və çağırışlar, turizm texnologiyaları, davamlı turizm, innovasiyalar və qlobal bazar tendensiyaları müzakirə olunacaq, dayanıqlı biznes modelləri təqdim olunur.

 

Qlobal turizm sənayesinin ən mühüm tədbirlərindən olan “ITB Berlin” ilk dəfə 1966-cı ildə keçirilib. Həmin vaxt sərgidə 9 ölkədən 250-dək iştirakçı qatılıb. İllər keçdikcə sərginin miqyası və əhəmiyyəti sürətlə artıb. Dünyanın ən böyük turizm platforması olan “ITB Berlin”də iştirakçılar yeni turizm trendlərini öyrənir, biznes əlaqələri qurur və müxtəlif regionların turizm potensialı ilə tanış olurlar. Sərgi, həmçinin turizm tendensiyalarını müəyyənləşdirir, innovasiyaları dəstəkləyir və turizm sahəsində əməkdaşlığı gücləndirir.

 

“Ədəbiyyat və incəsənət”

(05.03.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.