Azərbaycanın Mərkəzi Asiya turizm bazarında əlaqələri genişləndirilir

Azərbaycan Turizm Bürosu fevralın 18-dən 24-dək müvafiq olaraq Bakı, Daşkənd və Almatı şəhərlərində keçirilən “Luxury Travel Mart” (LTM) tədbirində iştirak edib.

 

Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, tədbirlər çərçivəsində Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın 25-dən çox aparıcı turizm şirkətləri və turoperatorları ilə görüşlər keçirilib, sənaye nümayəndələri ilə əməkdaşlıq imkanları müzakirə olunub.

 

Premium turizm bazarına fokuslanan müzakirələr çərçivəsində Azərbaycanın beynəlxalq səviyyəli dağ-xizək, sağlamlıq və istirahət mərkəzləri, o cümlədən lüks turizm imkanları və biznes turizmi sektoru haqqında iştirakçılara məlumat verilib.

 

Qeyd edək ki, ümumilikdə 2024-cü il ərzində Mərkəzi Asiya regionundan Azərbaycana səfər sayı 180 min 528 nəfər təşkil edib ki, bu da öz növbəsində 2023-cü illə müqayisədə 34 faizdən çox artım deməkdir.

 

“Azərbaycan Hava Yolları” (AZAL), “Air Astana”, “FlyArystan” və “Uzbekistan Airways”in Bakı ilə Almatı, Astana, Aktau, Daşkənd və Düşənbə arasında yerinə yetirdiyi birbaşa aviareyslər qarşılıqlı ziyarətçi sayının artırır və ölkələrarası əlaqələri gücləndirir.

 

“Ədəbiyyat və incəsənət”

(26.02.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.