İSA BULAĞININ HEKAYƏTİ – orada ermənilər tərəfindən qətlə yetirilən 110 yaşlı xanəndənin ruhu dolaşır Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

İsa bulağı Şuşa şəhərindən təxminən 4 kilometr məsafədə, dəniz səviyyəsindən təxminən 1500 metr yüksəklikdə, sıx və əsrarəngiz bir meşədə yerləşir. Azərbaycan təbiətinin nadir incilərindən biri sayılan bu bulaq, həm mənzərəsi, həm də tarixi ilə diqqət çəkir.

 

Yer adı ilə bağlı yerli əhalinin rəvayətlərinə əsasən, bulağın adı XVIII əsrdə qalın meşəlikdə onun mənbəyini ilk dəfə kəşf edən İsa adlı bir çobanın adından götürülüb. Bulağın büllur kimi təmiz suyu və ətraf mühitin təbiət gözəlliyi bu ərazini ziyarət edənlər üçün unudulmaz bir məkana çevirir.

İsa bulağı təkcə Azərbaycanın təbiət sərvəti deyil, həm də xalqımızın tarixi yaddaşını yaşadan qiymətli bir abidədir. 80-ci illərdə İsa bulağını ziyarət etmiş hər kəs bu bulağın başında yanıqlı zəngulələri ilə bülbülləri qısqandıran Mürsəl kişini yaxşı xatırlayır. Söhbət İsa bulağının daimi xanəndəsi Mürsəl Hacıyevdən gedir. O, uzun illər İsa bulağına dincəlməyə gələnləri öz ifası ilə feyziyab edib. Hətta o zamanlar Şuşada olub, İsa bulağına getməmək, Mürsəl kişinin səsinə qulaq asmamaq ayıb kimi bir şey idi. Arıq, ortaboylu, başında həmişə tipik azərbaycanlı kişilərin qoyduğu “aerodrom” kepka olan Mürsəl Hacıyev qavalı da xüsusi məharətlə çalarmış. Mürsəl kişinin dolanışığı elə İsa bulağından çıxırmış, uzunömürlü sənətkarın yaşı 90-nı ötsə də, oxumaqdan yorulmazmış. “Şuşanın dağları” mahnısını xüsusi şövq­lə ifa edərmiş.

Ömrünü bu bulağa bağlamış qocanın taleyi də Şuşanın taleyinə bənzəyib. O, 1988-ci ildə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Həmin vaxt Mürsəl kişinin 110 yaşı varmış.

Həmin vaxtdan düz 30 il Şuşamıza və İsa bulağımıza həsrət qaldıq. Bulağımız qan ağladı, Şuşamız qara bağladı.

 

Daha arzuların çin olan vaxtıdır!

Şuşa işğaldan azad olunana qədər İsa bulağı və onun yerləşdiyi ərazi erməni vandalları tərəfindən dağıdılmış, əvvəlki görkəmi tamamilə itirmişdi. Bir sözlə, Şuşanın tarixi abidələri kimi çox acınacaqlı bir vəziyyətə düşmüşdü. Şuşa işğaldan azad olunandan sonra yaradılan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi İsa bulağının da təmir və bərpa işlərinin başlamasına start verdi. Fikrimcə, çox qısa müddətdə İsa bulağı İstirahət Kompleksi yenidən bəpa edildi. Mövcud olan binalar yeni ənənələrimiz vasitəsilə, tarixi memarlıq surətinə uyğun bir şəkildə bərpa edildi. Burada 4 böyük qonaq evi və restoran fəaliyyət göstərir. İyulun 5-dən etibarən İsa bulağı İstirahət Kompleksi xalqımızın istifadəsinə verilib.

Unutmayaq ki, İsa bulağında Azərbaycan xalqının çox görkəmli şəxsiyyətlərinin – Üzeyir Hacıbəyli, Səməd Vurğun, Xan Şuşinski və digərlərinin izi var.

 

 

Şəkildə: tanınmış şuşalı jurnalist Kərim Kərimovun arxivindən təqdim edilən bu foto 1986-cı ilə aiddir. Məkan İsa bulağı… Anahit adlı erməni qadın Mürsəl kişini çiyninə alıb… 

 

“Ədəbiyyat və incəsənət”

(18.11.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.