İçərişəhərdə COP29 zamanı ziyarətçilərə uzadılmış iş saatlarında xidmət göstəriləcək

 

Noyabrın 11-dən 23-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İçərişəhərin muzeyləri və təqdim edilən turizm xidmətləri qonaqlar üçün uzadılmış iş rejiminə uyğun olaraq fəaliyyət göstərəcək.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzərTAC-a bildirilib ki, Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Bəylər məscidi, Yeraltı hamam və Bakı Fotoqrafiya Evi göstərilən tarixlərdə saat 10:00-dan 22:00-dək turistlərin ziyarətinə açıq olacaq.

Bundan başqa, Turist Məlumat Mərkəzi həmin tarixlərdə saat 10:00-dan başlayaraq saat 22.00-dək ziyarətçilərə piyada və elektromobillə qrup və ya fərdi turlar təşkil edəcək, İçərişəhərin tarixi məkanlarını daha yaxından öyrənmək istəyən qonaqlar üçün müxtəlif dillərdə bələdçi xidməti göstərəcək.

Qədim sənətkarlıq növlərinin yaşadılıb-öyrədildiyi “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin emalatxanası hər gün 09:00-dan 18:00-dək, sərgi salonu isə 09.00-dan 22.00-a qədər açıq olacaq.

Azərbaycanın görkəmli rəssamı Tahir Salahovun ev-muzeyi COP29 günlərində saat 09.00-dan 18.00-dək fəaliyyət göstərəcək.

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə daxil olan Qala qəsri, Açıq səma altında muzey, “Tullantıdan sənətə” muzeyi COP29 günlərində saat 10.00-dan 18.00-dək fəaliyyət göstərəcək. Əlavə olaraq, beynəlxalq tədbirin qonaqları üçün xüsusi turlar təşkil ediləcək.

Ətraflı məlumatı Turist Məlumat Mərkəzindən əldə etmək olar - 012 505 94 15.

 

“Ədəbiyyat və incəsənət”

(05.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.