Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Kim ki ömründə Parisdə olmayıb, demək çox şey itirib. Bir məsəl var, deyirlər, “Parisi gör, sonra öl”.
Bir müəllimimiz vardı, 2001-ci ildə bəxt üzünə güldü, Parisə gedəsi oldu. Qayldanda hamımız üstünə tökülüşdük, bizə Paris barədə danışmasını xahiş etdik.
Bir onu dedi ki, işdi, yolunuz ora düşsə, nəbadə mərkəzdəki böyük alış-veriş mərkəzlərinə gedəsiniz, heçcə şey tapa bilməyəcəksiz, olanlar da od qiymətinə. Ucqarlarda kiçik mağazalara girin, bolluq və ucuzluqdur.
Lətifəsi Parisin dəyərini bilənlərdən uzaq. Düzdür, Makronun bərbad siyasəti Fransanı bizim gözümüzdən salmaqdadır, amma Makronlar gəldi-gedərdir, Parissə əbədi!
Luvr muzeyi, Eyfel qülləsi, Zəfər Tağı, Mulen Ruj… - bunları necə görməmək olar axı?
Bu gözəlliklər arasında təbii ki, Luvr muzeyi başda dayanır.
Luvr muzeyi (Musée du Louvre) — dünyanın ən məşhur muzeylərindən biri, dünyada ən çox ziyarət edilən sənət muzeyidir. 1793-cü ildə açılan və sahəsi 60 000 m² olan muzey həqiqətən də Parisin qürur rəmzidir. Bir ildə muzeyi təqribən 5 milyon nəfər ziyarət edir. Absolyut rekord isə 2007-ci ildə qoyulub, muzeyə 8 300 000 nəfər baş çəkib.
Sena çayının sahilində yerləşən muzeyin binası qədim kral sarayının binasıdır (Palais du Louvre). XIV Lüdovikin atlı heykəli meydanın başlanğıcını göstərir, həmçinin bura Parisin ən qədim, yaşlanmış hissəsi hesab olunur.
Muzeydəki rəsm nümunələri öz çəkilmə dövrlərinə görə seçilir və Fransada müxtəlif kolleksiya yığan insanların vaxtı ilə şəxsi pulları vasitəsilə aldıqları çoxsaylı əsərlər də saxlanılır. Bu proses Kapetinqlər sülaləsinin dövründən etibarən formalaşmağa başlamışdır.
Bu muzeydə demək olar ki, hər şey var. Buna görə də muzeyi universal adlandırmaq mümkündür. Onun kolleksiyasına böyük coğrafi və tarixi nümunələr daxildir. Burada Qərbi Avropadan tutmuş Yunanıstan, İran, Misir və Yaxın Şərq incəsənəti nümunələrinədək rast gəlmək olar.
Luvr barədə saatlarca danışmaq olar. Mənsə sizə sadəcə, muzeyin Apollon qalereyasını göstərəcəm. Baxın və insan əlinin yaratdığı bu ecazkar möcüzədən vəcdə gəlin.
“Ədəbiyyat və incəsənət”
(09.10.2024)