Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycanın qastroturizm imkanları sentyabrın 26-dan 30-dək İtaliyanın Turin şəhərində keçirilən “Terra Madre Salone del Gusto 2024” qida festivalında təbliğ edilib.
Bu barədə AzərTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Milli Kulinariya Mərkəzinin nümayəndələrinin iştirakı ilə milli stenddə Böyük Qafqaz Dağları üzrə “Slow Food” səyahət turizm marşrutu, qastronomik turizmdə “Slow Food” turizm modelinin tətbiqi, yerli biomüxtəlifliyin qorunması ilə bağlı görülən tədbirlər haqqında məlumat verilib.
Həmçinin festivalda Ata-baba fındığı, Qafqaz camışından motal pendiri, Qafqaz dağ balı, tərxun şərbəti, gül və nanə suyu, o cümlədən Azərbaycanda yox olmaq təhlükəsi ilə üzləşən 30-dan çox məhsulun adının yer aldığı “Dad Gəmisi” kataloqu əsasında hazırlanan menyu təqdim edilib.
Azərbaycan milli şirniyyatları - qovut, şəkərbura, paxlava, qoğal, riçal, gülqənd, səməni halvası, firni və əncirfərəc sərgi iştirakçılarına milli çay süfrəsinin elementləri kimi nümayiş etdirilib.
Festival zamanı “Slow Food” menyusunun yaradıcısı, usta aşpaz Orxan Muxtarov tərəfindən “Xüsusi işlənmiş ət – qovurma” mövzusunda praktik seminar keçirilib. Seminarda ziyarətçilərə qovurma ilə yanaşı, Mədrəsə şərabı və yabanı bitkilərdən hazırlanan turşulardan da dequstasiya etmək imkanları yaradılıb.
Festival çərçivəsində Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova ölkə stendini ziyarət edən “Slow Food” təşkilatının Baş direktoru Paolo Di Croce və regional direktor Elena Aniere ilə görüşüb və mümkün strateji planlar müzakirə edilib.
“Biz təbiətik!” şüarı ilə keçirilən “Terra Madre Salone del Gusto” festivalı 120 ölkədən 3000 nümayəndə və 600 stendi özündə birləşdirib. Bir milyon ziyarətçisi olan tədbir İtaliyanın Xarici İşlər, Kənd Təsərrüfatı, Ekologiya və Turizm nazirliklərinin sponsorluğu ilə “Slow Food International” beynəlxalq təşkilatı tərəfindən təşkil edilib.
“Ədəbiyyat və incəsənət”
(01.10.2024)