“Ədəbiyyat və incəsənət” portalı tanınmış naşir, XAN nəşriyyatının rəhbəri Səbuhi Şahmursoyun qeydlərini diqqətinizə çatdırır.
Ayxanla kəndimizə səyahətə çıxdıq. Əvvəl mənə sual verdi ki, 22 ildir gəlmədiyin bu yerləri görəndə nə hiss edirsən?
Ona uşaqlığım keçən Aran çöllərini göstərdim. Bu yerlərin hər küncündə oyanan xatirlərimi danışdım. Uşaq vaxtı oynadığımız oyunlardan, əyləncələrimizdən bəhs etdim. Qoltuğuma kitabları yığıb inək-qoyun otara-otara oxuduğum vaxtlardan xatirələrimi bölüşdüm. Ona Bakıda tamarzı qaldığımız təbiətin səsini dinlətdim. Faydalı bitkilərdən, kənd həyatının adətlərindən uzun-uzadı söhbət etdik. Kolluqdan böyürtkən, ağaclardan yabanı alma və gavalı dərib yedik. Hələ fəsillərin öz yerində olduğu uşaqlığımda insanların daha mehriban və səmimi olduqlarını, qışın soyuğunda 30-40 nəfərin bir tonqal ətrafında isindiyini dedim. Gördüyüm odur ki, Ayxan da ruhən mənim kimi təbiət adamıdır. Bütün bu təcrübələrin ona necə ekstaz gətirdiyini, sevindiyini və şəhərin paket əyləncəsindən daha artıq əyləndiyini gördüm.
Axırda yanıqlı-yanıqlı dedi:
-Ata, sizin uşaqlığınız bizimkindən çox maraqlıdır. Kaş mən də kənddə böyüyərdim.
Qəribəsi budur ki, mən də elə düşünürəm. Ayxan əvvəl mənə vediyi sualı özü cavablandırmışdı.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)