Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Dövlət Turizm Agentliyi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) birgə təşəbbüsü ilə “QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü” keçirilir.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi tədbirdə açılış nitqi ilə çıxış edirlər.
Tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya və Ukrayna daxil olmaqla təşkilatın 11 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin təmsilçiləri, eləcə də BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak edir.
Aprelin 23-dək davam edəcək görüş çərçivəsində "Hökumət, akademiya və sənayenin əlaqələndirilməsi: Turizm təhsilində ən yaxşı təcrübələr", "Kurikulum dizaynı: Sabahın ehtiyacları üçün turizm təhsilinin təkmilləşdirilməsi" mövzularında panel diskussiyalar, həmçinin "Turizm təhsilində keyfiyyət təminatı və akkreditasiya" mövzusunda dəyirmi masa keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(22.04.2024)