Bu gün gənc şair Taleh Mansurun doğum günüdür. “Ədəbiyyat və incəsənət” portalı onu təbrik edir və bir neçə şeirini oxucularının ixtiyarına verir.
Taleh Mansur 1987-ci il avqust ayının 22-də Qazaxda doğulub. “Azərbaycan” Universitetinin məzunudur.
Poeziyaya erkən yaşlarından maraq göstərib. 2012-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” adlı layihə çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə ölkə səviyyəsində geniş oxucu kütləsinin nəzərinə çatdırılıb. Hazırda dövri mətbuat səhifələrində şeirləri ilə mütəmadi çıxış edir.
Taleh Mansur həm də bacarıqlı naşirdir, “Ulduz” jurnalında çalışır, Baş redaktor Qulu Ağsəs demiş, jurnalın sütunlarından biridir.
Qalmır
Üzürəm taleyin, bəxtin əksinə,
Xəyalım düşüncə selində qalmır.
Ahımı küləklər çəkir köksünə,
Nəfəsim dünyanın yelində qalmır.
Ömür nə haydadı, dünya nə hayda?
Özüm daxmadayam, adım sarayda.
Qorxağın kəməri olsa nə fayda,
Onsuz da şalvarı belində qalmır.
Tikanlı söz demə, batır kağıza.
Ürəyin hər sözü çatır kağıza.
Gec, ya tez özünü atır kağıza,
Yaxşı söz şairin dilində qalmır.
Gedənlər Tanrının özüylə gedir.
Bir kəlmə "Gəl mənə" sözüylə gedir.
Ocaq da qoşulub közüylə gedir,
İstisi, tüstüsü külündə qalmır.
Uduzur axırda söz udan adam.
Kor olur gözünü unudan adam.
Neynəsin gül tutan, əl tutan adam? -
Əl ətri, gül ətri əlində qalmır.
Dənizin, torpağın tanış damlası,
Məhəbbət damlası, barış damlası.
Tanrıdan gəlsə də yağış damlası,
Süzülür, bəndənin telində qalmır.
Sözdü də, qalacaq...
Bəlkə də, yağışlar yağmamalıydı,
Buludlar könlünə dəydi ki, yağsın.
Damcılar ovcuma sığmamalıydı,
Uşaq paltarını geydi ki, sığsın.
Bir eşqin haqqını min insan verər,
Ən doğru cavabı düz susan verər.
İldırım düşdüyü yerdə can verər,
Neynəsin, ay bulud, göydü ki, çaxsın?
Dağların zirvəsi düzə baxmadı,
Baxışı buz tutdu bizə baxmadı.
Gözləri bir yerdə sözə baxmadı,
Axırda birini qıydı ki, baxsın.
Ağrılar sonuncu mənzilə qalmaz,
İçər göz yaşını, bir gilə qalmaz.
Dünyanın gecəsi hamilə qalmaz,
Zülməti qısırdı, Aydı ki, doğsun?
Sevdalı adamın izləndi eşqi,
Gizlənqaç oynadı, sözləndi eşqi,
Yumdu gözlərini gizləndi eşqi,
Bir ömür günləri saydı ki, çıxsın.
Xərclədi bu adam ömrü, qədəri,
Qazancı nə oldu, yoxdu qədəri...
Gah saçı töküldü, gah alın təri,
Başından tökülən nəydi ki, yığsın?
Şeirimi işıq bil, çıraqda saxla,
Gələr qara günlər, bük, ağda saxla.
Dilində saxlama, dodaqda saxla,
Sözdü də, qalacaq, meydi ki, axsın?
Yaz
Ay doğma daş, yad daşımı,
Barmaq dözməz, biləklə yaz.
Başdaşıma yaddaşımı
Yağışla yaz, küləklə yaz.
Qədəh dolu, misra yarı.
Ürək simdi, misra sarı.
Quşqanadlı misraları,
Qələmlə yox, lələklə yaz.
Görmə gözlə seziləni.
Düzmə hər cür düzüləni,
Barmağından süzüləni,
Xəlbir götür, ələklə yaz.
Yersiz olma, yerinə düş,
Sərin olma, sərinə düş.
Dərdin varsa, dərinə düş,
Dərin dərdi fələklə yaz.
Bir ah çəkməz min ah yazan.
Danış barı, din, ah yazan.
Ay boynuma günah yazan,
Yazdığını mələklə yaz.
Eşidirəm kar qışı da,
Boranı da qar, qışı da.
Məni tutan qarğışı da
Xoş arzuyla, diləklə yaz.
Allah, məni qınıma çək,
Yetim dərdi canıma çək,
Əvvəlimi sonuma çək,
Kəfənimi bələklə yaz.
Həsrət
Bu şəhərə gələn gündən şirin yuxum acı olub,
Bal yuxumun ləzzətini
Kəndimizdə arıların pətəyində unutmuşam.
Yadaşımda xatirəsi dağdan uca
Yastı-yastı təpələrin ətəyində unutmuşam,
Ya da arxın üstündəki
Salxım söyüd kötüyündə unutmuşam.
Bu şəhərə gələn gündən
kəndimizin gecələri gəlib girir yuxuma.
Görürəm ki, xəlvət bilib
Ay işığında çimir kəndin zil qaranlıq gecəsi...
Hamı yatıb yuxuları şipşirindi, nabat kimi,
qənd kimi,
Adamların yuxuları bərq vurur
Ay işığında bir nağıllı kənd kimi.
Görürəm ki, bağımızda ağacların budaqları
bir anadil nəğməsini çiçəkləyib.
Ah anadil!
Bezmədinmi min illərin ağrısına-acısına
nəğmə qoşub oxumaqdan?
Bir gecə də şair balan
düzüb-qoşan sözdən oxu.
Ah çəkirəm dərin-dərin,
Ürək dözmür, bəsdi dərin oxuduğun,
Qurban olum, o nəğməni
bir dəfə də üzdən-üzdən oxu.
Aman Allah, yuxuya bax!
Bir gör mənim ürəyimindən nələr keçir?
Gündüz məni uşaq kimi ağlar qoyan xatirələr,
Gecə gəlib yuxularda xəyalımdan
üzü-gözü gülər keçir.
Çoxu bilmir ömrüm-günüm necə keçir?
Yaşadığım gecələri
Səhərlərdə qocalıram.
Mən bir kənddə göz açmışdım,
O kəndə də ölməliydim,
Nə oldu ki, indi gəlib yad şəhərdə qocalıram?
Nədir məni qaçaq salan bu şəhərdən?
Kəndimizin əl çatmayan
sıldırımlı yuxusuna çəkilmişəm?
Nə çıxacaq bu gördüyüm yuxulardan,
Qatar-qatar yuxulara əkilmişəm?
Bir kimsəyə üzüm gəlməz,
Ürəyinin döyündüyü
kəndimizə qurban olum, ay ana,
Bilirsənmi bu buz şəhər kəndimizdən
neçə sevgi uzaqdadı?
Bilirsənmi bu həsrətlər şəhərindən
çox sevgilər uzaqdadı?
Doğma deyil buraların küləkləri,
Sənin kimi sığal çəkmir saçlarıma
Nə yağışı, nə soyuğu,
nə də qarı.
Sızıldatmır ruhumdakı kövrək-kövrək duyğuları
İstəmirəm sovqat-filan,
Kənddən mənə yağış göndər bir buludluq,
Külək göndər bir udumluq.
Qar yağanda qar payımı göndər mənim.
Yığ beşiyə oxşamanı,
Körpə vaxtı şirin-şirin uyuduğum,
Bərbəzəkli çarpayımı göndər mənim.
Düşür
Görünmür yanaqda xalın qarası,
İzn ver telini qaldırım, düşür.
Sənin saçlarına yağış damlası,
Mənim ürəyimə ildırım düşür.
Yanıma-yörəmə uzaq dəyəndə,
Qara gözlərimə üz ağ dəyəndə.
Sənin yanağına sazaq dəyəndə
Mənim dağlarıma ilk qarım düşür.
Məhəbbət dolusu ürək istəsən,
Saçını dağıdan külək istəsən,
Tanrıdan nə zaman kömək istəsən,
Göydən qollarına qollarım düşür.
Astagəl könlünə yeyin düşürəm,
Sən gəlin olanda bəyin düşürəm.
Desələr, kiminəm, nəyin düşürəm?
Denən ki, doğmaca öz yarım düşür.
Oluramdan olarama...
Ürəyim dünyanın içində deyil,
Köçüm adamların köçündə deyil,
Yuxuda şərabı içəndə deyil,
Yuxumu yozanda sərxoş oluram.
Canımda can verir, Ya Rəbb, duyğular,
Qızılgül qoxulu-gülab duyğular,
Ruhumu axmalı şərab duyğular
Yolunu azanda sərxoş oluram.
Məni seçən sözü seçib yazmıram,
Hər sözün başından keçib yazmıram,
Mən heç vaxt şeiri içib yazmıram,
Mən şeir yazanda sərxoş oluram.
Məni unudanın gəlməz yadına
Mən ona doğmaydım, döndüm yadına.
Şərab atəşinə, şərab oduna
Badələr qızanda sərxoş oluram.
Göz yaşı üzümə güləndə içdim,
Ayılıb özümü biləndə içdim,
Şərabı dünyaya gələndə içdim,
Qəbrimi qazanda şərxoş olaram.
“Ədəbiyyat və incəsənət”
(22.08.2023)