“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında bu gündən etibarən Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərcinə başlayırıq. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
1-Cİ DƏRC
Həqiqəti hər şeydən uca tutun, yalana, iftiraya uymayın, böhtan atmayın!
(Həzrəti İsa)
Ermənilərin qəhrəmanları həmişə öz xalqlarının xilaskarlarından daha çox onun cəlladı olublar.
(Rus diplomat, general Vladimir Mayevski)
1.
HAZIRLIQ PROSESİ
Zənglər qəfildən çalınmağa başlayanda səs o qədər gur idi ki, evlərin pəncərə şüşələrini belə cingildədirdi. Hətta gurultudan yuxuya dalmış körpələr belə oyanıb ağlaşmağa başladılar. Carçılar da bir yandan zənglərin çalınmasına aydınlıq gətirərək hamını Baş meydana səsləməkdə idilər.
Böyük Divan qurulacağı xəbəri insanlarda hədsiz maraq oyatdı. ”Kimə?” sualları dodaqlardan qoparaq carçıları hey haqladısa da, onlar heç kimə açıqlama vermədilər. Qayda belə idi, insanlar öncədən kimə divan qurulacağını bilməməli idilər.
Hava tutqun idi. Nədisə, həmişə Böyük Divan qurulanda hava bax belə tutqunlaşırdı, qapqara buludlar səmada bərqərar olurdu, sanki günəşə “qaç, gizlən” komandası verirdi.
İnsanlar ikibir-üçbir Baş meydana axışmağa başladılar. İnsan xislətində nəyəsə marağın oyanması daimi, aparıcı yer tutur, harda nə baş verirsə insanlar hadisələrin episentrində olmağı, ya da, ən azı, məlumatlarla tam bilgilənməyi xoşlayırlar. Xüsusən də Əsas dünyada ömürlərini başa vurub Axirət dünyasına köç etdikdən sonra insanların hər şeylə maraqlanmaq mərəzi daha kəskin olur. Çünki bu dünyada daimi iş yerləri, daimi məşğuliyyətlər yox dərəcəsindədir, burada təqvim belə yoxdur, səhər və axşam anlayışları olsa belə saatlar işləmir deyə zaman dəyişmir, illər bir-birini əvəz eləmir. Burda yaş üstünə yaş gəlmir, Əsas dünyadan hansı yaşında köçmüsənsə burda sonadək həmin yaşda qalırsan. Burda yeni dostluqlar da qurulmur, Əsas dünyada tanımadığın adamla burada dost ola bilmirsən, yalnız təsadüfi ünsiyyət bağlılığın ola bilir. Burda yeganə nəsə bir maraq, məna kəsb edən şey Böyük Divanlardır, bəzən aylarla davam edən bu proseslər izləyicilər üçün teatrı, kinonu əvəzləyir. Düzdür, buradakı səhnədə hərdən teatr, kino da nümayiş etdirilir, konsert olur, maarifləndirici lektoriyalar qurulur, amma bunların heç biri tarixin gizlinlərinə işıq tutan Böyük Divan qədər maraq kəsb edə bilmir. Sakinlər oturub bəzən hətta göz qırpmadan, nəfəs dərmədən hakimlərin ittihamını, Qınaq kürsüsündə, Müttəhimlər kürsüsündə əyləşənlərin müdafiə, bəraət çıxışlarını, şahidlərin ifadələrini dinləyir, çıxarılacaq hökmü gözləyirlər. Dedikcə maraqlı prosesdir. İnternetin, telefon rabitəsinin, televiziya və radionun olmadığı bir dünyada məhz Böyük Divanın ərazisi yeganə ərazidir ki, burada bütün xidmətlər Əsas dünyadakı kimi tam fəaliyyətdədir. Burdakı kompüterlər, monitorlar, mikrofonlar yaşadığı dövrdə bunları görmüş insanlar üçün xoş xatirə, bunları görməmiş, öncəki illərdə yaşayanlar üçünsə təəccüb doğuracaq fantastikadır.
Müstəsna hüququ olan Böyük Divan Axirət dünyasının ən əsas orqanıdır, xüsusi hakimiyyət orqanı olmayan bir məkanda qərar verib icrasını həyata keçirən yeganə qurumdur.
Baş meydanda yerdən təqribən iki metr hündürlükdə səhnə qurulmuşdu, səhnədə Hakim, Qınaq, Müttəhimlər və Şahid kürsüləri qurulmuşdu, yerdə isə insanların əyləşməsi üçün oturacaqlar düzülmüşdü. Ön sırada sağ tərəfdə müttəhim sırası idi, burada müttəhimin vəkilləri, müdafiəçiləri, sözçüləri əyləşirdi. Sol tərəfdə isə Divan heyəti, ekspertlər yer tuturdu. Səhnədə qara parçaya indiyədək divanı qurulmuş insanların portretləri həkk olunmuşdu. Adları yazılmasa belə hər kəs onları yaxşı tanıyırdı. Divan hakimlərinin hökmü ilə onların hər biri qeybə çəkdirilmək cəzasına məhkum olunmuşdu. Əsas dünyada insanların qorxduğu şey ölümdürsə, Axirət dünyasında onların kabusuna çevrilən şey məhz bu qeyb olunmaq qorxusu idi. Əsas dünyada nə edirsənsə et, necə yaşayırsansa yaşa, sonda səni ölüm gözləyir, axırın qara torpaqdır, bu qanundur. Ölməmək mümkün deyil heç cür. Axirətdə isə sənin sonadək yaşamaq, qeyb olmamaq şansın var. Bir şərtlə: Böyük və ya Kiçik Divanlara məruz qalmayasan. Divana məruz qalmamaq şərti isə Əsas dünyadan qaynaqlanır: sən gərək heç bir bəşəri günah işlətməyəsən, insanlığa qənim kəsilməyəsən.
Insanlar yavaş-yavaş oturacaqları doldurur, paralel olaraq da yan tərəfdə ayaq üstə dayanmış xristian keşişinin, yəhudi ravvininin, müsəlman axundunun və budda monarxının tələbi ilə qara parçadakı portretlərə lənət yağdırırdılar. Portretlərin düzülüşündə tarixi ardıcıllığa qismən riayət olunmuşdu, əsas ardıcıllıq isə kimə nə zaman Böyük Divanın qurulması idi.
Kaliqula.
Qədim Roma imperatoru öz hakimiyyətini itirməkdən hədsiz dərəcədə qorxub ətrafdakı hər kəsi özünə potensial düşmən sanırmış. Bu adam qeyri-adı qanunlar icad edibmiş. Məsələn, kim imperatorun üzünə baxsa, onun içərisində şirlər olan qəfəsə atılması. Çox qəribə ölüm hökmləri icra olunurdu imperiyada. Arıların sancması kimi. Kaliqula həm də nizamsız seksual həyat keçirir, çox sayda zorlamalara imza atırdı.
Neron.
Daha bir Qədim Roma imperatoru 1-ci əsrdə daxili üsyanları qəddarcasına yatırtması, sonradan isə despotu ilə yadda qalıb, özünə rəqib bildiyi bütün saray əyyanlarını, hətta həyat yoldaşı Oktaviyanı belə edam etdirib. 64-cü ildə isə Roma şəhərində baş verən dəhşətli yanğını təşkil edib, şəhərin əsas küçələri onun ucbatından yanıb kül olub.
Çingizxan.
Monqol imperiyasının yaradıcısı, ilk böyük xanı. 12-ci əsrdə yer üzərindən Tanqut çarlığını, Çinin Tzsin imperiyasını, Bağdad xəlifəliyinı, Voljsk Bolqarıstanını və Xorəzmşah kimi dövlətləri silmişdir, on minlərlə insanların qətlə yetirilməsinə, əsir və qul həyatına məhkum olunmasına rəvac vermişdir.
Vlad Sepeş – Drakula.
15-ci əsrdə yaşayan bu macar-rumın qrafı Transilvaniyada ağlasığmaz qəddarlığı ilə yadda qalıb. Məsələn, 300 braşovlu gənci tonqalda yandırıb, qadınları ucu şiş taxtaya keçirib balalarını onlara sarımaqla işgəncəyə məruz qoyub. Drakula özü şəxsən qətlə yetirdikləri 23884 türkün cəsədini sayıbmış. Hətta qəddarlığına görə bu şəxsin incəsənətdə dönə-dönə obrazı da yaradılıb.
İvan Qroznı.
Ağlasığmaz vəhşilikləri ilə seçilən bu 16-cı əsr Rus çarı xəyanətdə ittiham edilən saray əyanlarının tikə-tikə doğranıb üzərilərinə ya qaynar su, ya da buz tökülməsiylə dərilərinin ətdən qopmasından həzz alirmiş. Eləcə də o, bakirə qızlara qarşı elədiyi sonsuz sayda təcavüzləri ilə tarixin yaddaşına yazılan cinayətlərə imza atmışdır. Bu şəxs həm də tarixə öz oğlunun qatili kimi düşmüşdür.
Mulay İsmail.
Bu Mərakeş sultanı Sudan qullarından ibarət ordusu ilə yeni-yeni torpaqlar işğal edir, əsirlər ələ keçirirmiş. Qana susayanda isə bu hannibal sarı paltar geyinib şikar axtarır, xoşuna gələnləri öldürürmüş.
Benito Mussolini.
Bu italiyalı şəxsə Divan qurulanda onun məktəbli ikən sinif yoldaşını bıçaqlamasından başlayaraq italyan faşizminin banisi kimi, diktator kimi ölkə daxilində etdiyi cinayətlərinə, eləcə də Hitlerin müttəfiqi kimi 2-ci dünya müharibəsində yüz minlərlə insanı qırdırmağadək uzanan bir həyat yoluna baxılmışdı, ona Qeyb hökmü çıxarılmışdı.
Adolf Hitler.
Bu alman şəxsin günahları o qədər çox və təkzibedilməz idi ki (o, faşizmin banisi, 2-ci dünya müharibəsinin səbəbkarıydı, 1939-1945-ci illər ərzində hər il 4 milyonadək insanın qətlinə fərman vermişdi, yəhudilərin məhvinə yönəli Xolokost qətliamı onun ayağında idi), onun Divanı tarixin ən qısa Divanı olmuşdu. Müttəhimlər kürsüsünə çıxan kimi zərərçəkən şahidlərin nifrət dalğası onu qamarlayaraq kürümüş, qeybə aparmışdı.
İosif Stalin.
Milliyyətcə gürcü olsa belə tarixə SSRİ vətəndaşı kimi düşən, Sovet İttifaqı adlı xalqlar həbsxanasını ən antihumanist həddə qədər inkişaf etdirən, xüsusən 1937-ci ildə on minlərlə ziyalını güllələdən, Sibir çöllərinə sürgün etdirən, 9 milyon insanı həbsxanalara atan, sənayeləşdirmə və kollektivləşdirmə illərində 20 milyon insanın canına qıyan, dünyanın tən yarısını zorən sosialistləşdirib digər yarısı - kapitalizm ilə əbədi mübarizəyə sürükləyən bir qəddar diktator idi Stalin.
Ted Bandi.
Tarixə “Amerikanın ən qorxulu adamı” kimi düşmüş bu şəxsin cinayətkar gələcəyi nümunəvi tələbə olduğu dönəmdə əsla proqnozlaşdırılmırmış. Qoluna yalançı gips qoyub çemodanını maşınınadək götürüb aparmağı gözəgəlimli qadınlardan xahiş etməklə təməli qoyulan 30-dan çox cinayət eyni sonucla bitmişdi: qadınların zorlanması və öldürülməsi. Həbs olunub həbsxanadan qaçaraq Ted Bandı ağlasığmaz cinayətlərini yenidən davam etdirmiş, amma növbəti həbsdən sonra elektrik stulunda əyləşdirilməklə öldürülmüşdür.
Kim İr Sen.
Bu Şimali Koreya diktatoru 2 milyon insan həyatına qənim kəsilmişdi, özünə “Millətin atası” titulunu götürərək insanları itaət etməyə, alçaltmağa müvəffəq olmuşdu deyə Qeyb hökmünə məruz qalmışdı.
Pablo Eskobar.
Kolumbiya narkobaronu və terrorçusu olmuş bu şəxsi, təsadüfi deyil ki, sağlığında “Kokain kralı” adlandırırdılar. Medelyin karteli adlı narkoticarət şəbəkəsinin lideri olan bu şəxs 1980-ci illərin sonunda dünya kokain bazarının 80 faizinə nəzarət edirdi. 30 milyard sərvəti olan Eskobar Forbesin dünyanın ən varlıları siyahısında 7-ci pilləyədək yüksəlmişdi. Ağ ölüm adlı narkomaniya məhz onun sayəsində dünyada çiçəklənmiş, yüz minlərlə gənc məhv edilmişdir.
Mao Tze Dun.
Çin diktatoru tək elə bircə “Böyük sıçrayış” ideologiyasına 65 milyon insanın, ümumilikdə 33 illik hakimiyyəti dövründə 76 milyon insanın qurban getməsinə rəvac vermişdi. Üstəlik, bu şəxsin qəribə bir cinayəti də vardı, əkin sahələrinin sərçələrdən qorunması adı altında tək bir il ərzində 2 milyard sərçənin məhvinə səbəb olmuşdu. Onun Divanı günündə səmaya minlərlə sərçənin toplaşıb gözünü dimdikləməsi Axirət sakinlərinin yaddaşından əsla silinmir.
Səddam Hüseyn.
Bu İrak prezidenti öz cəlladlarına milyona yaxın iraklını güllələmək, ölüncəyə qədər döydürmək, qazla boğmaq əmri vermişdi, bəzi insanları hətta əlində tapança özü güllələmişdi.
İdi Amin.
Axirətdə qurulan Divan bu uqandalı dövlət başçısını elədiyi vəhşiliklərə görə hətta ağıldan kəm adlandırmışdı. 1971-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyəti zəbt etmiş bu keçmiş Britaniya ordusu zabiti yarım milyon uqandalını öldürtmüş, hətta hannibalizmdə də ittiham olunmuşdu.
Pol Pot.
1975-1979-cu illərdə - 4 il ərzində hakimiyyətdə olan bu kambocalı diktator ölkə əhalisinin hər üç nəfərdən birinin məhvinə səbəb olaraq bəşər tarixində ən inanılmaz despot kimi ad çıxardığından Axirət dünyasının Divanı ona qarşı hədsiz sərtlik nümayiş etdirmişdir.
Pedro Alonso Lopes.
“And monstrı” təxəllüslü tarixin ən vəhşi manyakı. Ginnesin rekordlar kitabında “ən qəddar qatil” kimi birincilik daşıyan bu şəxs Cənubi Amerikanın Kolumbiya, Ekvador və Peru kimi dövlətlərində 1975-1978-ci illərdə yüzdən çox yeniyetmə qızı zorlayaraq öldürmüşdür.
Fransua Düvalye.
Haitinin 31-ci prezidenti rejim əleyhinə çıxanların hamısını, müxalifləri izlətdirirdi, kim bir kəlmə mənfi fikir bildirirdisə, sözünün kəskinliyinə görə ya həbsə atılır, ya güllələnirdi. Haiti həbsxanaları ağzına kimi dolmuşdu, yeni həbs olunanlara yer tapılmırdı. Ömrünün sonunadək prezident olması barədə mürtəce qərar imzalamışdı bu şəxs. Özünə Papa Dok ləqəbi qazandırmış, ona da nail olmuşdu ki, dövlət himni “Papa Dok əbədidir” sözləri ilə başlasın. Əsarətə, yoxsulluğa sürüklənən xalq ayağa qalxmaq istəyəndə isə gülləbaran edilirdi.
İnsanlar bugün Böyük Divanı qurulacaq şəxsin portretinin yerinə tərəf baxanda xeyli təəccüblənmişdilər, yer çox böyük idi, ağ örpəyin altında elə zənn etmək olardı ki, bir yox, azı on-on beş şəxsin portreti var. Sualları nizam-intizam yaradan Divan mühafizəçilərinə, eləcə də Divan məmurlarına ünvanlanırdı, ancaq heç kəsdən bir cavab almaq olmurdu.
Birdən səma daha da qaraldı, anidən bu zülmətdə bir işıq seli peyda oldu.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(21.08.2023)