“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başladıq. Budur, ikinci roman da yekunlaşır. Bu gün son dərcdir.
Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlaya bildi.
46–cı dərc
Bu dəfə polkovnikin həmsöhbəti çevrilib diqqətlə ona baxdı. Ancaq susdu. Sual verməyin yersiz olduğu ikisinə də bəlli idi. Deyilə biləcək hər şey deyilmişdi. Bu görüş beləcə bitmişdi.
Həmin gecə polkovnikə bütün açıq qalan sualların cavabları bəlli olmuşdu. Gənc Əmirxanın ölümünün detalları, hər şeyin İsfəndiyarın yaxın dostlarının xəyanətindən başladığı bilinmişdi. Yaranmış vəziyyətin qarşı tərəfi qane etdiyi də məlum olmuşdu. Bu bir saat çəkən görüş, əks tərəfin məsələnin uzanmasında maraqlı olmadığına bir işarə idi. Görüş bitən kimi Bəxtiyara hər şeyin arxada qaldığı barədə mesaj göndərən polkovnik oradan evə gəlmişdi. Bütün bu baş verənlərlə yanaşı bir şeyə də fikir vermişdi Arif Dadaşzadə. Bir qədər mistik hesab etdiyi bir şey - hər şeyin otuz ildən sonra, məhz may ayında açılması. Rəmzinin sərxoş olub bu sirri açmasında da, bundan xeyli müddət keçdikdən sonra qətl barədə məlumatın məhz bu ərəfədə ona ötürülməsində də bir qanunauyğunluq görmüşdü qocaman əməliyyatçı. Görünür, günahsız qətlə yetirilmiş Əmirxanın ölümünün üzərinə çəkilmiş qara pərdənin vaxtı indi bitmişdi. Bunu bir nişanə kimi qəbul edən polkovnik vaxt itirməməkçün dərhal əməliyyata başlamış, sadiq tələbəsi Bəxtiyarla görüşüb hər şeyi izah etdikdən sonra tələsməsini istəmişdi.
* * *
Maşını evin qabağında, həmişə saxladığım yerdə saxladım. Düşən kimi burnuma kabab iyi dəydi. Məhəllə kişiləri bağçada manqal qoyub oturmuşdular. Ənənəmizə uyğun olaraq yaxınlaşıb onlarla salamlaşmağa hazırlaşdım. Ancaq heç maşını bağlamağa imkan tapmamış Qələndər məni səslədi:
-Yaxın gəl, Bəxtiyar.
Uzaqdan baxanda, son günlər ərzində Qələndərin necə sınıxdığı aydın hiss olunurdu. Yaxınlaşıb hamı ilə görüşdüm. Əlimi sıxan qonşu Şıxlar soruşdu:
-Bir həftədən çoxdur görsənmirdin, Bəxtiyar, salamatçılıqdır?
-Hə, bir az işlərim var idi, yeddi-səkkiz gün olar ki, şəhərdə deyildim.
Bir neçə gün əvvəl məktubumu alıb maşını Layiqəyə vermiş Qələndərin danışmasına imkan verməyib əlavə etdim: -Arada bir günlük gəlib yenə qayıtmışam.
-Lap yaxşı. Gəl, keç bizimlə süfrəyə otur, -Şıxlar yanındakı bos stulu göstərdi.
-Sağ olun. Hamıya nuş olsun. Mən ac deyiləm, məclis nə münasibətlədir? -özümü hər şeydən xəbərsiz kimi aparırdım. Qələndərin də, qonşuların da nə isə bilmələrini istəmirdim. Hamı çönüb Qələndərə baxdı.
-Salamımı buraxıblar, Bəxtiyar. Mən bilirdim, oğlum günahsızdır. İnanırdım ki, polislərimiz gec-tez hər şeyi aydınlaşdırıb onu buraxacaqlar. Bu qonaqlığı da, sağ olsunlar, qonşular verirlər.
Əlimi bu sözləri deyib ağlamsınan Qələndərin çiyninə qoydum.
-Təbrik edirəm, qardaş. Biz də hamımız inanırdıq ki, Salam günahsızdır. İndisə, məni bağışlayın, yorğunam, evə keçəcəyəm, -deyib Qələndərlə də, o biri qonşularla da sağollaşıb evə tərəf gəldim.
Bu, pəncərədən çıxıb getdikdən sonra evimə ilk gəlişim idi. Həyət qapısını açıb içəri keçdim. Evin qapısına yaxınlaşanda ayaq saxladım. Qapının girişində sərdiyim kiçik ayaqaltı xalça yerində idi. Qapıya qalxan kiçik pilləkənin quruluşu elə idi ki, evə girmək istəyən mütləq bu xalçanı tapdalamalı idi. Gedərkən evdəki yubiley peçenyesinin qutusundan iki peçenye götürüb xalçanın altına qoymuşdum. Əyilib xalçanı qaldırdım. Peçenyelər əzilməmişdi. Deməli evə girmə cəhdləri olmayıb. Qapını açıb evə keçdim. Yenə də vərdiş etdiyim sakitlik. Pencəyimi asılqana asdım, ayaqqabılarımı çıxarıb vanna otağına keçdim. Əl-üzümü yuyub keçib divanda əyləşdim. Yol məni yormuşdu. Hiss etdim ki, üzümə vurduğum soyuq su bir qədər yorğunluğumu çıxardı. Saat on birə qalırdı. Gülüyə zəng vurdum. Telefonu ikinci zəngdə qaldırdı.
-Gəlmişəm, -dedim.
Araya uzun bir sükut çökdü. Bu ağıllı qadın telefonunun ekranında ev nömrəmin yazıldığını görüb hər şeyin bitdiyini başa düşürdü. Onun yanına yox, öz evimə gəlməyimin də bir səbəbi olduğunu anlayırdı. Sükut uzun çəkdi.. Çox uzun… Xəttin o başında onun hansı hisslər keçirdiyini hiss edirdim. Ancaq, «gəlmişəm»dən başqa, deməyə sözüm yox idi. Nə edə bilərdim. Bu da mənim işim idi. Məni anlayan qadınım da bunu başa düşürdü. Nəhayət Gülü bu sükutu pozdu.
-Səni səhər yeməyinə gözləyəcəm.
-Gələcəm, -dedim.
Daha nə isə deməyə lüzum yox idi. Dəstəyi asıb divana oturdum. Yenə də hər dəfəki kimi, uğurlu əməliyyatdan sonra keçirdiyim eyni hissləri yaşayırdım. Növbəti əməliyyatı da uğurla başa vurmağın yaratdığı məmnunluq, günahsız bir gənci böhtandan qurtarmağımın verdiyi sevinc... Elə bu hissslərin təsiri ilə, yorğun olsam da, hələ ki, yatmaq istəmirdim. Ancaq məni yatmağa qoymayan bir səbəb də var idi. Hər şey geridə qalsa da, hər bir sualın cavabını tapmağa öyrəşmiş biri kimi, bu səbəbi də tapmaq istəyirdim. Sadəcə, maraq xatirinə.
Bu məsələdə mümkün olan hər şey mənə aydın idi. Arif müəllimlə sabahkı görüşüm qalan şeylərə aydınlıq gətirəcəkdi. Ancaq tək bir şey var idi ki, bunu müəllimim mənə deməyə bilərdi-onun hələ ilk gün vaxt barəsində dedikləri. Məni niyə tələsdirməli idi ki? Özü niyə tələsirdi? Dediyim kimi, otuz il əvvəl baş vermiş bir cinayətin üç gün tez, beş gün gec açılmasının nə fərqi var idi axı? Bax bunu nədənsə mütləq bilmək istəyirdim indi. Son keçirdiyim əməliyyatda heç bir cavabsız sualın qalmaması üçün. Müəllimim nəyisə özü açıqlamaq istəməzsə, heç vaxt həmin şey barədə ona sual verməzdim. Bu, ilk gündən belə qəbul olunmuşdu ünsiyyətimizdə. İndi, vermədiyim sualın cavabını tapmaq istəyirdim. Bu cavabı verə biləcək epizodları xatırlamağa çalışdım.
Dayan, polkovnikin son görüşdəki sözlərini xatırla. Əvvəlcə ayın tarixini soruşdu. Sonra iki gün heç nə etməməyi tapşırdı. Bu nə ola bilərdi? Həmin gün ayın neçəsi idi? Mayın iyirmi altısı. Elə həmin gün Salamın işi ilə məşğul olub axşam Qubaya yola düşdüm. Araşdırmaya ayın on altısı başlamışdım. O hesabla araşdırma on bir günə başa çatıb. Bu gün mayın iyirmi yeddisi, on ikinci gündür. Stop. Bu günü çıx, bu gün heç nə baş verməyib, nə olubsa, dünən gecə olub. Deməli bu gün hesabdan deyil. Onda qayıdaq hər şeyin baş verdiyi günə, mayın iyirmi altısına. Rəmzi dünən intihar edib. Burada yenə tələsmə. Bu tarix tanış gəlir. Bir qədər fikrə getdim. Bu tarixi harada görə bilərdim? Dəqiq bilirəm ki, bu tarixlə araşdırma müddətində rastlaşmışam. Fikirləş, detektiv, fikirləş… Bu tarixi harada görə bilərdim? Dayan. Yadıma düşdü. Əlbəttə ki, ekspertiza rəylərində…
Qalxıb pencəyimin cibinə qoyduğum rəyləri götürdüm. Əmirxanın ölüm tarixinə baxdım: «Mövlayev Əmirxan İsfəndiyar oğlu. 26 may 1990-cı ildə, saat 23:20 radələrində avtomobil vurması nəticəsində aldığı çoxsaylı xəsarətlərdən keçinib, meyit həmin gecə saat 01:35-də Patoloji Anatomiya İnstitutunun ölüxanasına daxil olub».
Bu ki, Rəmzinin öldüyü günlə eyni gündür? Mayın iyirmi altısı. Bir də əlimdəki rəyə baxdım. Saat 23:20-də. Bəs Rəmzi, o neçədə özünü vurub? Gecə saatları idi. Dayan, dayan, deyəsən axı on ikiyə işləmiş baş verib hər şey…
Zənnimcə hər şey yerini alır… Bəli, elədir ki, var, Elbrus belə dedi, Rəmzi saat on ikiyə işləmiş özünü vurub. İndi hər şey mənə aydın oldu. Bu İsfəndiyar Mövlayevə ünvanlanmış bir mesaj idi. Onun günahsız qətlə yetirilmiş oğlunun qisasını almış dostu tərəfindən verilmiş bir mesaj. Hər şeyin birbaşa deyilə bilmədiyi, nəyinsə bəzən susmaqla, bəzən məzar daşları vasitəsilə deyildiyi bu aləmdə qocaman polkovnik tərəfindən verilmiş mesaj. Deməli, o buna görə məndən ayın tarixini soruşub, sonra daha heç bir addım atmamağımı tapşırdı. Vaxt tamam imiş, polkovnikin məni tələsdirdiyi, ona lazım olan vaxt…
Yaxşı, bəs polkovnik Rəmzinin intihar edəcəyini və bunu məhz gecə on ikiyə işləmiş edəcəyini necə bilə bilərdi? Bunun yalnız bir yozumu var. Rəmzi ilə ölümündən az əvvəl görüşən səksən beş yaşlı «qoca»… Təəssüf ki, orada nə baş verib, nə danışıblar, bunu heç kim, heç mən də o «qoca»dan soruşa bilməyəcəyik. Orada olanlar yalnız onun özünə məlumdur, yalnız özünə…
Deyirlər, nahaq qan yerdə qalmır. Deyəsən, həqiqətən də belədir. Qətlə yetirilmiş bir gəncin qanı gec də olsa, yerdə qalmadı. Düz otuz ildən sonra, eyni gündə, eyni saatda gələn qisasla ədalət yerini aldı.
Bəli, polkovnikin nə demək istədiyi indi mənə məlum oldu.
Ölüxanadan meyiti təhvil verilən Rəmzi dəfn olunacaq, sonra ona başdaşı qoyulacaq. Başdaşında ölüm tarixi həkk olunacaq-«26 may 2020-ci il». Hərdən dostları o qəbri ziyarət edəcəklər. Bir gün İsfəndiyar Mövlayev də dostunu yad etmək üçün həmin qəbirə baş çəkəcək. Və məzar daşında «26 may» tarixini görərkən çox sevdiyi yeganə övladının da otuz il əvvəl həmin tarixdə öldüyünü xatırlayacaq. Onda bu dünyagörmüş adam uzun müddət o qəbrin yanında dayanıb fikrə gedəcək. Kim bilir? Bəlkə də hər şeyi başa düşəcək. Bəlkə də yox… Ancaq nə fərqi, onsuz da, daha heç nə dəyişməyəcək. O dünyada olanları bu dünyada olanlar sorğu-sual edə bilmirlər.
Bu da axırıncı tapmacanın cavabı. Daha rahat yata bilərəm. Qalxıb işığı söndürüb yerimə uzandım. Gözlərimi yummamışdan qabaq adətim üzrə tavana baxdım.
Yaxşı ki, baş daşlarında ölüm saatı qeyd olunmur…
SON
“Ədəbiyyat və incəsənət”
(18.08.2023)