“Çörək atlı, biz piyada, pul qaçaq...” – Əvəz Qurbanlının şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində növbəti üç gündə sizlərə Əvəz Qurbanlının 14 şeirini təqdim edəcəyik. Hamısını birdən niyə vermirik? Çünki şeir çox olanda dadı-duzu qaça bilər.

 

 

TAPILDI

Kimsə anlamadı itirdiyini,

Bir şair evində ölü tapıldı.

İntihar məktubu axtarırdılar,

Cibində beş qəpik pulu tapıldı...

 

Arsız qapılarda dabanı çıxdı,

Mədəni bildiyi yabanı çıxdı.

Evindən yarımçıq divanı çıxdı

Qalan əşyaların külü tapıldı.

 

Dünya dilindəki sözə dəymədi,

Ona atılanlar sizə dəymədi.

“Nekro-gicləmələr” gözə dəymədi,

Qəddar səssizliyin dili tapıldı...

 

Bəlkə, bir gecəsi min aya düşdü?

Bir sözü min dənə mənaya düşdü.

Yoxsa şəhid oldu, minaya düşdü?

Hansısa şeirdə qolu tapıldı...

 

Bitdi o günəşin vaxtı o gecə,

Bir ulduz göylərdə axdı o gecə.

Bir bulud doyunca yağdı o gecə,

Bir cüt də göz vardı, dolu tapıldı...


OLMUŞAM

Demirəm ki, uçan evin dirəyi,

Damsız evin təzə damı olmuşam.

Hamı kimi yaşamışam həyatda,

Adam-adam gəlib hamı olmuşam.

 

Beyin yorub, tökməmişəm tər sözə,

Sevib könül bağlamışam zər sözə.

Nə yaxşı ki, inanmışam hər sözə –

Avamların ən avamı olmuşam...

 

Özü gəlib qafiyələr, rədiflər,

Sıxıb məni yalan-yuluş təriflər.

O qədər söz veriblər ki, hər(i)flər

Axır dönüb söz adamı olmuşam...

 

GÖTÜRMÜRƏM

Çətini ilhamım coşanacandı,

Söz üçün üz qoyub, üz götürmürəm.

Sənətdə öz yolum, öz cığırım var,

Kiminsə yolundan iz götürmürəm.

Demirəm dünyanın gözü məndədi,

Bütün ölçülərin düzü məndədi.

Çox da ataların sözü məndədi,

Bəzən atamdan da söz götürmürəm.

 

İmanım, əqidəm, sözüm, əməlim

Üst-üstə düşürsə – düzdür təməlim.

Payımdan artığa uzanmaz əlim,

Ancaq payımdan da az götürmürəm.

 

Sözü doğru yerə yozanam mən də,

Elimin dərdini yazanam mən də.

Götürsən aşığam, ozanam mən də,

Nə olsun, əlimə saz götürmürəm?

 

Həyat sərt oyundu, şux oynamışam,

Bəzən ac olsam da, tox oynamışam.

Hər sözün nazıyla çox oynamışam,

Hər qızın nazından naz götürmürəm.

 

Bu başıdaşlıya neyləyər o daş?

Nə yaşım o yaşdı, nə başım o baş.

Gözün götürmürsə, məndən uzaqlaş –

Mən həssas adamam, göz götürmürəm!


DAŞ BAŞA DÜŞÜR...


Başımı itirrəm, çaşıb qalıram,

Haçan ki, bir işim çaşbaşa düşür.

Başını başlara qoşan da gəlir,

Tərslikdən mənimlə baş-başa düşür.

 

Tıxa qulaqları, boşa danışım,

Yüz dəfə qayıdım başa, danışım,

Buraxın, dərdimi daşa danışım

Təkcə xarabada daş başa düşür...

 

Kiridin Əvəzi, bəsdi zığıdı!

Bilmirəm yenə də nə dığ-dığıdı...

Əsas bir adamın razılığıdı –

Çağır gör neçəsi "daşbaş"a düşür...



SAXLAYA-SAXLAYA

Mizan vardı, düzən vardı qabaqlar,

Yol bilənə yol saxlaya-saxlaya.

Qaçaq vardı, ozan vardı qabaqlar,

Dolanardı el saxlaya-saxlaya.

 

Mizan itib, düzən pozuq, el qaçaq,

Gecə-gündüz qaçdığımız yol qaçaq.

Çörək atlı, biz piyada, pul qaçaq,

Dirəşirik hal saxlaya-saxlaya.

 

Çox öyünmə, çox da karvanbaşısan,

Yorularsan, karvan yükü daşısan.

Görürəm ki, bu yollarda naşısan,

Sür dalımca, gəl saxlaya-saxlaya.

 

Xarabada pis nə desən, istə – var,

Haya qaçan, küyə gedən dəstə var.

Çəpişimə qızırğanan xəstə var,

Qapısında fil saxlaya-saxlaya.

 

Get toyuğa, yumurtaya şükr elə,

Səhər yatıb, günortaya şükr elə.

Gecə-gündüz düş ortaya, şükr elə,

Can saxladın mal saxlaya-saxlaya.

 

Şükr elə ki, hələ canın diridi,

Dilə gəlib danışmağın yeridi?

Lal olmuş da ağzımızda kiridi

Hər nadana dil saxlaya-saxlaya.

 

Qorxdum, yoxsa heyfim gəldi barıta?

Qaldı düşmən donuzları darıda.

Qoydum bütün işlərimi yarıda

Dur deyənə əl saxlaya-saxlaya.

 

Gözlərimin qarasını ağ alar,

Bu yaralar, bəlkə, bir gün sağalar.

Nə iş görür qapındakı ağalar?

Mənim kimi qul saxlaya-saxlaya?

 

Day neynirəm quru əhdi, boş andı?

Olan oldu, yaşananlar yaşandı...

Neçə-neçə ailələr boşandı

Ər qıraqda dul saxlaya-saxlaya.

 

Ətəklərdən daş saldıra bilmədim,

Oynatdılar, qol qaldıra bilmədim.

Arzulara toy çaldıra bilmədim

Ümidlərə il saxlaya-saxlaya.

 

Yaş da gəlib qırx altını haqlamış,

Can evinin sütunları laxlamış...

Can da evdən çıxmır, Allah saxlamış,

Yaşa Əvəz, öl saxlaya-saxlaya.

 


“Ədəbiyyat və incəsənət”

(17.08.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.