Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq.

 

 

 

44–cüdərc

 

 

-Salam haradadır?

-Dörd saat əvvəl buraxılıb.

-İndi nə etməyi düşünürsünüz?

-İşi prokurorluğa ötürməkdən başqa bir işim qalmayıb. Ancaq başqa şeylər də baş verib, Bəxtiyar müəllim.

Susub Elbrusun davam etməsini gözlədim.

-Dünən gecə saatlarında, təxminən on ikiyə işləmiş tanınmış iş adamı Rəmzi Xanbabayev yaşadığı evdə beşatılan ov tüfəngi ilə atəş açıb özünü öldürüb. Sizcə, bir gecə üçün iki sıradan biri olmayanın intiharı çox deyilmi?

Elbrus həqiqətən də çox təcrübəli müstəntiq idi. Ancaq onun bu iki intiharı bir-birinə bağlaya bilməyəcəyinə şübhəm yox idi. Məndən fərqli olaraq, bunu etməsi üçün heç bir dəlili yox idi. Bu sualı da mənə elə-belə ünvanlamamışdı. Kaş, bu illərin təcrübəsinə malik həmkarıma ehtimallarında necə haqlı olduğunu deyə biləydim. Ancaq susmağa məcbur idim. Danışmağım daha böyuk fəlakətlərə gətirib çıxara bilərdi. Bəzən susmaq, ən yaxşı çıxış yoludur.

-Nə deyim, Elbrus müəllim. Bəlkə də çoxdur, bəlkə də az.

İkibaşlı cavabımı gözlərimin içinə baxıb dinləyən müstəntiq, bir qədər susub fikrə getdi. Mövzunu dəyişmək üçün soruşdum:

-Başqa nələr baş verib?

Elbrus fikirli-fikirli cavab verdi:

-Məsələ burasındadır ki, başqa baş verən bir şey də dediyim son intihara bağlanır.

-Yəni?

-Yəni, dünən Rəmzinin intiharından təxminən saat yarım əvvəl başqa bir tanınmış iş adamı, Səlim Zamanlı ağır dərəcəli insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər yaşamağa heç bir şansının olmadığını bildiriblər. Hazırda süni nəfəs aparatına qoşulub.

-Bəs bunun Rəmzinin intiharı ilə nə əlaqəsi var?

-Səlimin beyninə qan sızmasından, Rəmzinin isə intiharından az əvvəl hər ikisinin əlamətləri eyni olan qonağı olub. Qonaq, təxminən səksən-səksən beş yaşlarında olan, çəliklə gəzən bir qoca imiş. İkisini də öz evlərində ziyarət edib, təklikdə bir otağa çəkilib söhbət edən qonaq getdikdən bir qədər sonra bu dediklərim baş verib. Qonağın kimliyini müəyyən etmək mümkün olmayıb.

Səlim insult keçirib deyəndə, polkovnikin nəyisə məndən gizlətməsi barədə fikirləşdiklərim yadıma düşdü:«Arif müəllimin bildiyi, amma demək istəmədiyi bir şey var». Deməli, həm də Səlim?..

Elbrus səki ilə bir nəfərin bizə tərəf gəldiyini görüb sözünə ara vermişdi. Adamın keçib getməsini gözləyib davam etdi:

-Bu da son deyil. Təxminən üç saat əvvəl, saat 18:30 radələrində tanınmış kriminal avtoritet, «Qızılbaş» ləqəbli Ağalar Aslanov dünyasını dəyişib. Diaqnozu kəskin ürək çatışmamazlığıdır. Xəstəxanaya çatdıra bilməyiblər. Təcili yardım maşınında canını tapşırıb.

Bu dediklərimlə bağlı hansısa fikriniz varmı? Sizinlə buna görə görüşmək istəmişdim.

Fikirlərim, əlbəttə ki, var idi. «Qızılbaş»a qədər deyilənlərin mənim üçün izaha ehtiyacı yoxdur. Elə sapsağlam «Qızılbaş»ın qəfil ölümünün də məntiqi izahını verə bilərəm. Yuxarı aparan bütün iplər ondan başlayırdı. Bu iplər mütləq kəsilməli idi. Ancaq qarşımda dayanıb məndən cavab gözləyən müstəntiqə nə deyəydim. Əlimdə olan real sübutları ona vermişdim. O da öz topladığı faktları əlavə edib «Karat»ın qatilini həbs etmişdi. Bundan qalanı, özünəməxsus üsullarla apardığımız araşdırmamızda əldə etdiyimiz, sadəcə düzgünlüyünə yüz faiz əmin olduğumuz ehtimallar idi. Ehtimal isə, nə qədər əmin olsan da, ehtimal olaraq qalır. Onu istintaq işinə tikmək mümkün deyil.

-Nə deyim, qardaş. Mənim üçün əsas olan Salamın taleyi idi. Bunu da ki, əl-ələ verib bacardıq.

-Elədirsə, gedək, Bəxtiyar müəllim.

Birlikdə maşınlara qədər bir kəlmə də danışmadan gəldik. Maşınlara çatanda sağollaşıb ondan ayrıldım. Ancaq iki addımdan sonra, qəfildən dayanıb məni səslədi. Ona tərəf döndüm. Düz gözlərimə baxıb, fikirli-fikirli dedi:

-Mən səhv etmirəm, Bəxtiyar müəllim. Söhbətimiz zamanı Qılıncın səhəri gün mənə sifarişçinin adını deyəcəyi dəqiq idi. Hansısa başqa şeyləri də etiraf edəcəkdi. O, özünü asacaq biri deyildi.

Bunları deyən müstəntiq, cavab gözləmədən maşınına oturub sürüb getdi.

Onun ardınca baxıb pıçıldadım: «Sən səhv etmirsən, qardaşım, səhv etmirsən».

Yorğun olduğunu təxmin etdiyim üçün Arif müəllimi bu gün narahat etməyəcəkdim. Onsuz da, baş verənləri ətraflı öyrənə bilmişdim. Bu gecəni evimdə keçirməyə qərar vermişdim. Soltana isə, maşını səhər qaytaracaqdım.

* * *

Polkovnik Arif Dadaşzadə axşam saatlarında neçə gün əvvəl tərk etdiyi evinə gəlmişdi. Qonaq otağında, ətrafına stullar düzülmüş iri masanın yuxarı başında oturmuş polkovnikin qalib görkəmi var idi. Vicdan borcu olan dostunun oğlunun məhz qətlə yetirilməsi ilə bağlı neçə illər əvvəlki şübhələri özünü doğruldandan sonra, bir zamanlar özünə verdiyi sözü tutmaq üçün hərəkətə keçmiş, sonda qatillər cəzalarına çatmışdılar.

Bir neçə saat əvvəl isə, aldığı bir dəvət ilə Dənizkənarı bulvarda olan görüş yerinə getmişdi. Bu dəvətin kimlər tərəfindən gəldiyini gözəl bilən polkovnik, ona qaranlıq qalan bəzi məqamların aydınlaşması üçün görüşə razılıq vermişdi. Bu görüş, bütün məchulların üzərindən qara pərdəni götürmüşdü. İndi, az əvvəl gəldiyi evində həyat yoldaşının gətirdiyi çaydan içə-içə görüş zamanı edilən söhbəti yenidən yaddaşında geriyə qaytarıb təhlil edirdi.

Axşam saat 5 idi. Dənizkənarı bulvarda çox az adam gözə dəyirdi. «Saat qülləsi»ndən bir qədər aralıda, ləpədöyənə yaxın skamyalardan birində oturub gözlərini dənizin ləpələrinə dikmiş Arif müəllim, gələcək adamı gözləyirdi. Onun oturduğu yerin yaxınlığında bir nəfər tilovla balıq tutur, ondan bir qədər o tərəfdə gənc bir ana topla oynayan iki körpəsinin yanında dayanıb maraqla balıqçıya baxırdı.

Çox keçməmiş, skamyaya kostyum və qalstukda olan, olduqca ziyalı görkəmli, təxminən əlli səkkiz yaşlı biri yaxınlaşıb salam verdikdən sonra oturmaq üçün icazə istədi. Yaxınlıqda boş skamya olsa da, onun məhz burada oturması təsadüfi deyildi. Bu adam, Arif Dadaşzadəyə görüş üçün müraciət etmiş kriminal aləmin göndərdiyi nümayəndə idi. Ziyalı görkəmli adam, oturduqdan sonra polkovnikə tərəf baxmadan dedi:

-Mən, hörmətli insanlar tərəfindən peşəkarlığınıza ehtiramımızı bildirmək üçün vəkil edilmişəm.

Onun bu sözlərinə cavab verməyən polkovnik susub heç nə demədi. Adam, buna əhəmiyyət verməyib sözünə davam etdi:

-Siz hər şeyin axırına çıxmağı bacardınız. Bizim üçün arzu olunmayan məqamları belə ortaya çıxardınız. Ona görə də bilmədiyiniz bəzi şeyləri də biz deməyi qərara aldıq. Hər şeyin nədən başladığını bilməyiniz üçün. Onsuz da, daha heç nə dəyişməyəcək.

Doxsanıncı illərin əvvəllərinə qədər şəhərin bir çox imkanlı adamları bizə haqq verirdi. Bu haqqın məbləği onların məşğul olduqları gizli bizneslərinin dərəcəsinə uyğun müəyyən edilirdi. Min manatdan on min manata qədər aylıq haqq verənlər var idi. Yığılan pullarla biz həbsxanalarda olan qardaşlarımıza və onların azadlıqda başsız qalmış ailələrinə yardımlar edirdik. Ən yüksək məbləği verən cəmi dörd nəfər var idi. Onlar, sizin də yaxşı tanıdığınız İsfəndiyar, Səttar, Səlim və Rəmzi idi. Bu adamların hər birinin şəhərdə gizli təşkil olunmuş bir neçə sexi fəaliyyət göstərirdi. Ayrı-ayrılıqda illik qazancları yüz min manatlarla ölçülürdü. Təkcə birinin verdiyi aylıq haqla böyük bir kolonun yüzlərlə məhbusunu bir ay ərzaqla, dərmanla, siqaretlə təmin edə bilirdik. Bizim üçün əlverişli olması üçün hər birinə təyin etdiyimiz on min manatı o vaxtkı yüzlük dəsti ilə vermələrini tapşırmışdıq. Kim bilərdi ki, adi bir tələbimiz sonda bu faciəvi hadisələrə gətirib çıxaracaq? Hər şey qaydasında getdiyi anda kassaya nəzarət edən adamımız son verilmiş yüzlük dəstlərindən birinin «kukla» olduğunu aşkar etdiyini dedi. Şübhəlilər məlum dörd nəfər idi. Ancaq bunu bizə qarşı etməyə kim cəsarət edə bilərdi, onlardan hansı belə ürək sahibi idi, bunu aydınlaşdırmaq lazım gəlirdi. Müəyyən edilmiş vaxtda, iki dəsti axşam, o biri ikisini isə növbəti gün günortaya qədər alan «xəzinədar»ımız yoxlamayaraq götürmüş, üç gün sonra tapşırığımızla bəzi yerlərə pul ayıranda isə dəstin birinin üstündə və altında bir neçə yüzlüyün, aralarında isə yüzlük rəngində kağızların olduğunu aşkar etmişdi. Belə bir şey cavabsız qala bilməzdi. Cavab isə ölüm hökmü idi. «Xəzinədar»ımızın «təmiz» olduğuna şübhəmiz yox idi. Əlbəttə, o da səhlənkarlığına görə cəzalandı. Ancaq sınaqdan çıxmış biri olduğu üçün, kassaya əl uzatmadığına əmin idik. İlkin olaraq məsələni araşdırmağı elə ona tapşırdıq. Dediyim dörd nəfərdən üçü ağır adamlar idilər. Rəmzi isə həmişə canfəşanlığı ilə onlardan seçilirdi. Elə bu səbəbdən adamımız ilk olaraq onunla söhbət edir. Rəmzi İsfəndiyardan şübhələndiyini ona deyir. Həmin vaxt İsfəndiyarın gizli anbarlarından biri yanmış, oradakı mallarını xilas etmək mümkün olmamış, xeyli ziyana düşmüşdü. Ancaq bu hələ sübut deyildi. Başqa heç nə öyrənə bilməyəndə «yığıncaq» çağırmağı və hər şeyi orada aydınlaşdırmağı qərara aldıq. Qalan üç nəfəri də «yığıncağa» çağırmaq Rəmziyə tapşırıldı. Doxsanıncı ilin may ayı idi. Hamı toplaşanda İsfəndiyarın gəlmədiyi məlum oldu. Artıq bu da, anbarının yanaraq ziyana düşməsi də onun əleyhinə işləyən iki hal kimi qəbul olundu. İsfəndiyar nə qədər hörmətli kişi olsa da, bizim statusumuz qarşısında söz sahibi deyildi. Onunla, ya onsuz, «yığıncaq» toplaşmışdısa, belə bir məsələni sonraya saxlamaq olmazdı, həmin gün qərar qəbul olunmalı idi. «Yığıncağ»a kimin başçılıq etdiyini yəqin bilirsiniz, ilk söz bizim idisə, son söz sahibi o idi. Növbə ilə Rəmzini, Səttarı və Səlimi dinlədik. Qəribə də olsa, hamısı İsfəndiyardan şübhələndiklərini bildirdilər. Belə məsələlərdə üç şahidin eyni şeyi təsdiq etməsi kifayət edir. Qərar ölüm hökmü oldu və üç günə hökm yerinə yetirilməli idi. İsfəndiyarın xainlik etdiyini ilk bildirən olduğuna görə, dediklərini təsdiq etmək üçün onu aradan götürmək Rəmziyə tapşırıldı. Kömək üçün isə, ona həmin ərəfədə yenicə həbsxanadan azadlığa çıxmış bir nəfəri verdik. Həmin adam azadlığa çıxmağa az qalmış qumarda böyük məbləğ uduzmuşdu. Borcu isə təyin olunan vaxtda ödəyə bilməmişdi. Qumar borcu bizim üçün müqəddəsdir. Borcunu ödəyə bilmədiyi üçün o, ya zorən üzdəniraq olmalı, ya da «torpeda» olmağa razılıq verməliydi. Adam ikincini seçib bir neçə gün sonra azadlığa çıxmışdı. İçəridəki qardaşlarımızdan biri bu haqda bizə məlumat vermişdi. Onu tapdırıb şəhəri tərk etməməsini tapşırdıq. Bu məsələ düşəndə elə borcunu ödəməsi üçün bu işi ona tapşırmağı qət etdik. Həm də adamın belə işlərdə az-çox səriştəsi olduğunu bilirdik. Rəmzi adama İsfəndiyarın ünvanını, maşınını, getdiyi yerləri göstərib tapşırıqlarını vermişdi. İki gün keçmiş, gecə saatlarında evinin yaxınlığında pusqu qurub gözləyən adam, maşınından düşüb evinə keçərkən İsfəndiyarı vurub öldürdüyünü Rəmziyə, Rəmzi isə bizə xəbər verdi. Hər şeyin bitdiyini düşündük. Ancaq elə həmin gecə, adamın səhvən İsfəndiyarı yox, onun maşınında gəlmiş oğlu Əmirxanı öldürdüyü məlum oldu. Oğlan həm sifətcə, həm də bədən quruluşuna görə atasına çox oxşadığından, üstəlik də onun maşınında gəldiyindən adamımız qaranlıq küçədə onu İsfəndiyarla səhv salmışdı.

Polkovnik bu deyilənlərə sakitcə qulaq asırdı.

 

 

 “Ədəbiyyat və incəsənət”

(16.08.2023)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.