Poetik qiraət rubrikasında daimi imzalardan olan Yusif Nəğməkar bu gün “Kəlmə-kəlmə əriyirəm” deyəcək. Şeir 30 iyulda yazılıb.
Ömür hara uçur belə?!.
Ürəksə od saçır hələ...
Zaman qurmuş mübhəm tələ --
İllər ötür bir an kimi!..
Köçə-köç sağrım teyləyir;
Yolmu yolçunu əyləyir?!.
Həyat əlvida söyləyir
Biz həyatı qanan kimi...
Ərsən, gəşt elə mənalı --
Tərif, sağlıq tam əmmalı...
Sevgilər də təmənnalı --
Bas bağrına sonan kimi...
Göymü göy bağlayacaqdı?!
Ya Yermi çağlayacaqdı?!
Ölsən, kim ağlayacaqdı
Səni doğma anan kimi?!.
Ey Nəğməkar, ötmə, kiri,
Dərdi cana kərə kürü,
Alış, kəlmə-kəlmə əri
Şam dilindən yanan kimi!..
“Ədəbiyyat və incəsənət”
(14.08.2023)