Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq.

 

 

 

40–cı dərc

 

Neçə gündən yığılıb qalmış yorğunluğumu çıxarmaq üçün axşam tez uzanmışdım. Sağollaşanda Maqaya da, Layiqəyə də günortaya qədər yatacağımı demişdim. Maqa bu gün üçün bütün işlərini ləğv etdiyini, bizə hansısa bulaq başında qonaqlıq verəcəyini demişdi axşam. Mənim üçün bura daha rahat olsa da, xasiyyətini bildiyimçün yox deməmişdim. Gözümü açıb saata baxdım. Günorta olmuşdu, saat 12:30 idi. Qalxıb, əl-üzümü yuyub, geyinib həyətə çıxdım. Dərindən nəfəs alıb meşədəki ağacların, otların ətrinə qarışan təmiz havanı ciyərlərimə çəkdim. Quşların səsi meşəni başına götürmüşdü. Ancaq bütün bunlar nə qədər xoş olsa da, burada çox qalmaq istəmirdim. Müəllimim üçün narahat idim. Yatmamışdan əvvəl telefonumu işə salıb yoxlamışdım. Geridə bir gecə qalmışdı. İndi yenə telefonu işə salıb işıqlanan ekrana baxdım. Heç bir mesaj gəlməmişdi. Söndürüb cibimə qoydum. Yəqin ki, naharı dostumun dediyi bulaq başında edəcəkdik. Yanımdan keçib salamlaşan Rəhman oyandığımı Maqaya xəbər vermişdi. Bir azdan dostum gəlib çıxdı.

-Deyəsən, yuxunu yaxşıca almısan. Hər şey hazırdı, naharın da vaxtıdır, gedək?

-Hə, çoxdandır belə yatmırdım. Təmiz hava məni yatızdırdı. Gedək.

-Uşaqlar maşını hazırlayana qədər sən bir çay iç hələ.

-Pis olmaz.

İdman paltarı geyinmiş Layiqə otağından çıxıb mənə yaxınlaşdı. Bu bulaq səfərinin onun heç ürəyincə olmaması o dəqiqə hiss olunurdu. Dünəndən bu yana son hadisələr barədə mənə bir sual da verə bilməyən köməkçim bulaq başında da söhbət edə bilməyəcəyimizi təxmin etdiyindən qaşqabaqlı idi. Hər dəfə araşdırma apararkən nəyin necə baş verdiyini öyrənmək üçün çoxlu suallar verməyi xoşlayan bu qız, dünəndən intizarda qalmışdı. Bu da onun əhvalında özünü büruzə verirdi. Onu sakitləşdirmək üçün dedim:

-Hə, Layiqə, gəl bir çay içək, gedək, bir az bulaq başında dincələk, qayıdandan sonra ətraflı söhbət edək.

Bu sözləri eşidən Layiqənin bir qədər qırışığı açıldı.

-Nə deyirəm ki, şef, necə məsləhətdir, elə də olsun.

Bir azdan Rəhmanın gətirdiyi çaydan içib Maqanın maşınına oturduq. Əziz qonağı gəldiyi üçün Maqa həyat yoldaşını və qızını da özü ilə gətirmişdi. Dostum «Ya Allah» deyib, maşını yerindən tərpətdi. Yarım saat torpaq yolla getdikdən sonra ortasında iri palıd ağacı olan böyük bir talaya çatdıq. Maşını ağacın kölgəsinə verib saxlayan Maqa dedi:

-Düşün, dediyim yer buradır.

Ağacın düz yanından axan bulaq talanı ortadan kəsib sonra yenə burulub meşədə gözdən itirdi. Çox gözəl yer idi bura.

-Mən dostlarla qaban ovuna çıxanda buranı tapmışam. Ondan sonra tez-tez gəlib burada dincəlirik. Bulağın suyuna da söz ola bilməz. Göz yaşı kimi duru, buz kimi soyuqdu.

Ətrafla tanış olduqdan sonra ilk işim şəbəkəni yoxlamaq oldu. Meşənin çox dərinliyinə gəlmişdik. Telefonu növbəti dəfə işə salıb baxdım. Təxmin etdiyim kimi, nömrəm şəbəkə xaricində idi. Bu heç yaxşı olmadı…

 

***

Maşınla villadan çıxan Lalə birbaşa yaşadığı evinə gəldi. Maşını həyətə salıb ilk növbədə üzərində olan saxta dövlət nömrə nişanlarını çıxarıb öz nömrə nişanlarını yerinə taxdı. Bir qədər dincələndən sonra salonların birindən kirayə götürdüyü maşını qaytarmağa gedəcəkdi. Bu maşını ikinci dəfə idi ki, başqa bir qadının şəxsiyyət vəsiqəsi ilə götürürdü. Ona çox oxşayan vəsiqənin sahibininsə, heç nədən xəbəri yox idi. Heç nədən xəbəri olmadığı kimi, Lalənin varlığı barədə də heç bir məlumatı olmayan həmin qadının sənədini Laləyə cibgir tanışı vermişdi. 

 Bundan sonra çantasından götürdüyü telefonun arxa qapağını açıb oradakı, «Qızılbaş»la danışmaq üçün cəmi iki dəfə istifadə etdiyi mobil telefon nömrəsini çıxardı və iki yerə bölüb zibil qutusuna atdı. Ardınca maşından götürdüyü başqa telefonu işə salıb gözlədi. Nömrəsi şəbəkəyə qoşulan kimi, yaddaşdakı nömrələrdən birini ekrana verib yaşıl düyməni basdı. Bir qədər sonra zənginə cavab verildi. Telefonu qulağına qoyub dedi:

-Mən bütün gecəni yatmamışam. Bir qədər dincələcəyəm. Axşam təxminən 5-də əlaqə saxlayaram.

-Təxminən, ya dəqiq? -telefonun o biri başındakı adam soruşdu.

-Uzağı saat 6-da.

-Başa düşdüm.

Saat 6 zəhərin təsirinin öz işini görəcəyi son vaxta işarə idi. Qızılbaşın içib dəmləşməsini gözləyən Lalə gecə saat 4-də fasilə verib bir qədəh də içməyi təklif etmişdi. Bax onda zəhəri onun qədəhinə atmış, dəmləşən ev sahibi heç nədən şübhələnmədən qədəhdəki viskini başına çəkmişdi. Zəhərin son təsir müddəti isə on üç-on dörd saat idi. Bundan sonra onu qəbul edənin orqanizmində kəskin ürək çatışmazlığı əlamətlərinə oxşar əlamətlər üzə çıxır, insan həyatını itirirdi. Qanda isə heç bir zəhərlənmə izi aşkar etmək mümkün olmurdu. Zəhəri ona az əvvəl telefonda danışdığı adam vermişdi. Adamın Qızılbaşla yaxın dost olması barədə də az-çox məlumatı var idi onun. Ancaq bu onu çox az maraqlandırırdı. O, bundan əvvəl eyni üsulla yerinə yetirdiyi tapşırıqları kimi, onun bu tapşırığını da əla yerinə yetirmiş, özünə çatacaq pulu almışdı. Daha qalan şeylər ona maraqlı deyildi. İndi duş qəbul edib yatmağa gedəcəkdi. Səhər tezdən ayrıldığı bir adamın neçə saatdan sonra, axşam vaxtı ürək tutmasından keçinməsində ondan heç kimin şübhələnməyəcəyinə əmin idi.

 

* * *

Saat 7 idi. Bulaq başındakı qonaqlıq yekunlaşmaq üzrəydi. Axşam yaxınlaşdıqca hava birdən-birə soyumağa başlamışdı. Nazik paltarda olduğumuzdan meşənin nəmişliyinə qarışan soyuq yavaş-yavaş sümüklərimizə işləyirdi. Xüsusilə qadınlar çox üşüyürdülər. Mənimsə fikrim telefonumun yanında qalmışdı. Tezliklə meşədən şəbəkə olan yerə çıxıb Arif müəllimdən məlumat gəlib-gəlmədiyini yoxlamaq istəyirdim. Köməkləşib gətirdiyimiz şeyləri maşının yük yerinə yığdıq.

-Hə, oturun görək, -Maqa komanda verdi.

Qadınların oturmalarını gözləyib maşında yerimizi tutduq. Dostum mühərriki işə salıb talanı dövrə vuraraq maşını gəldiyimiz torpaq yola döndərdi. Günorta Maqanın çəkdiyi kababdan yaxşıca yeyib bulaq suyundan içdikdən sonra onun bir qədər yuxulu göründüyünü hiss etmişdim. Tez-tez əsnəyən dostuma bizə görə narahat olmamasını, bir qədər dincəlməsini təklif etmişdim. Yuxusuzluqdan gözləri yumulan Maqa etiraz etməyib həyat yoldaşının gətirdiyi döşəkçələrin üstündə uzanıb xeyli yatmışdı. Bundan istifadə edib Layiqə ilə talanın bir kənarına çəkilmiş, son görüşümüz zamanı Arif müəllimə danışdıqlarımı eynilə ona danışmışdım. Ancaq Maqa oyandığı üçün söhbətimiz yarıda qalmış, qalxıb onların yanına qayıtmışdıq.

Maşın yola çıxar-çıxmaz əlimdə hazır tutduğum telefonumu işə saldım. Bir azdan nömrə şəbəkəyə qoşuldu. İşıqlanan ekranda mesaj gəlməsi barədə məlumat əks olunmuşdu. Cəld mesajlar bölümünə girib baxdım. Mesaj Arif müəllimdən idi. Bircə cümlə yazmışdı: -«Hər şey geridə qaldı».

Mesajı oxuduqdan sonra özümdə bir rahatlıq hiss etdim. Polkovnikin məni şəhərdən niyə uzaqlaşdırdığı lap əvvəldən aydın idi. Mən olmadığım müddətdə orada hansısa hadisələr baş verəcəkdi və o, bu hadisələrin içərisində təkbaşına qalmaq istəmişdi. Bu hadisələr nə idi, onu yalnız qayıtdıqdan sonra öyrənə biləcəkdim. İndi isə, aldığım mesaj həm də geriyə qayıtmağımız üçün müəllimimin verdiyi bir icazə idi.

Yol boyu Maqaya heç nə deməsəm də, restoranın həyətində maşından düşəndə onun qoluna girib bir kənara çəkdim.

-Biz getməli olduq, qardaş.

Maqa təəccüblə mənə baxdı:

-Nə isə olub?

-Yox, hər şey qaydasındadır, ancaq getmək lazımdır.

-Başa düşürəm. Heç olmasa, uşaqlar pay-pürüş hazırlamışdılar, gözlə deyim onları gətirsinlər.

-Gələn dəfəyə qalsın, indi vaxt itirməyək.

-Kim bilir gələn dəfə bir də nə vaxt olacaq. Bir əməlli-başlı söhbət də edə bilmədik.

Birdən Gülanəyə verdiyim söz yadıma düşdü.

-Onda belə edək. Mən Nadiri də götürüb yaxın həftəsonlarından birində ailəlikcə Xaçmaza gəlməyi planlaşdırıram. Orada çox bəyəndiyim bir «Çənlibel» restoranı var, onlara o restoranı göstərəcəyimə söz vermişəm. İndi ki, vəziyyət belə alındı, onda planımıza bir qədər dəyişiklik edərik. Naharı «Çənlibel»də edib, sonra gəlib iki gün burada qalarıq. Onda da rahat-rahat söhbətləşərik.

Bayaqdan əhvalı korlanan dostumun kefi o dəqiqə açıldı.

-Onda daha o həftəsonunu çox uzatma.

-Çalışaram.

Layiqənin hazırlaşması çox çəkmədi. Onun əşyalarını maşına qoyan Rəhman bizə yaxşı yol arzulayıb uzaqlaşdı. Növbə ilə Maqayla, onun həyat yoldaşı və qızıyla sağollaşıb maşına mindik. Saat 19:45 idi. Tərpənməmişdən əvvəl telefonumu çıxarıb mesajın göndərilmə vaxtına baxdım. Arif müəllim mesajı düz 18:00-da, bir saat qırx beş dəqiqə bundan əvvəl göndərmişdi. Bu isə o demək idi ki, burada olduğum müddətdə, bir saat qırx beş dəqiqə əvvələdək orada baş verənlərin hansı sonluqla nəticələnəcəyi, nəyin necə olacağı bilinmirmiş.

  

 “Ədəbiyyat və incəsənət”

(10.08.2023)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.