Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq.

 

 

 

39–cu dərc

 

 

Davam edirəm:

-Qılıncın əleyhinə işləyən başqa bir neçə şey də var. Əvvəla, o bağa çox nimdaş paltarda gəlmişdi və ekranı sınmış, kiçik ölçülü sadə telefonu var idi. Ancaq adamınızın dedyinə görə, gecə onu aparmağa gələn taksi sürücüsü android sistemli telefon vasitəsilə atılmış məkan barədə məlumat əsasında, naviqatordan istifadə etməklə birbaşa ünvana gəlib. Həmin gecəki bahalı geyimini də nəzərə alsaq, deməli, dəli olmaqla yanaşı özünü hamıya kasıb biri kimi də göstərən Qılınc kifayət qədər imkanlıdır. İmkanı olduğu halda özünü belə göstərməsi isə o deməkdir ki, adam ikili həyat sürür, gündüzlər bir, gecələr isə başqa adam olur. İkinci bir şeyi də deyim. Gündüz vaxtı iki dəfə rahatlıqla qapıdan keçib kameranı sıradan çıxaran Qılınc sonradan iki gecə görüntülərə düşməməkçün ilk növbədə kamera naqilinə müdaxilə edib sonra Salamın yanına gəlməli idi. Bununçün o, əvvəlcə ucqar yerində xəstəxananın hasarından içəri tullanır. Qaranlıqda naqili zədələdiyi yerə gəlib işini görür və həmin yolla geri qayıdıb sonra çöldən qapını döyür. Hələ xəstəxanada olarkən orada baş verənləri müəyyən etdiyimdən, bunu gecə gələrkən onun necə etdiyini fikirləşdim və elə sualın cavabını yerində də tapdım. Xəstəxanadan çıxandan sonra hasar boyu gedib hər yerə diqqətlə baxdım. Lap axırına çatanda, hasarda təxminən sinəm hündürlükdə qalmış ayaqqabı izləri aşkar etdim. İzlər çox iri ölçülü, altı cüzi palçığa batmış bir cüt ayaqqabının pəncə hissələrindən qalmış izlər idi. Belə izləri yalnız divara dırmaşan birisi qoya bilərdi. Oradan qayıdandan sonra, köhnə hava haqqında məlumatlara baxdım. May ayının üçündə Bakı və Abşeron yarımadasında gecə saatlarında hava yağmurlu olub. Ayrıca, hasara dırmaşmaq üçün yerdən ayağını sinəm hündürlükdə qaldıran və belə iri ölçülü ayaqları olan biri olduqca nataraz olmalıydı. Bağa gələn Qılıncın da ayaqqabıları qırx beş ölçüdə, özü isə uca boylu və pəhləvan cüssəli idi. Təəssüfləndiyim bir şey də var, Arif müəllim. Əgər kamera qeydləri on beş gün yox, yaddaş həcmi daha çox olan qurğulardakı kimi bir ay saxlanılsaydı, onda asanlıqla Qılıncın on iki və on doqquz aprel tarixlərində kameranın sıradan çıxdığı vaxtlarda xəstəxanaya gəldiyini müəyyən edə bilərdik. Bu tutarlı sübut ola bilərdi. Təəssüf ki, biz araşdırmaya başlayanda qurğunun yaddaşı təzələnmişdi. Ancaq bunu elə-belə vurğulamadım. Bir sual mənə rahatlıq vermir. Görəsən xəstəxanadakı digər şeylər kimi, Qılınc kamera yaddaşının da on beş gün olduğunu öyrənə bilibmi?    

Qalxıb boşalmış stəkanlarımızı təzədən çayla doldurub otağa qayıtdım və söhbətimə yekun vurmaq üçün dedim:

-Qılınca xəbər verməməsi üçün Sənəmi sorğu-sual etmədim. Bunu Elbrusa saxladım. Sorğulamış olsaydım, indi daha çox şey danışa bilərdim. Ancaq istənilən halda sifarişçinin Rəmzi olduğuna əminəm. Əgər Əmirxanın qətli ilə bağlı topladığımız sübutlar dolayısı ilə təsdiqlənən sübutlardırsa, Salamın işində əldə etdiyimiz dəlillər daha real faktlara əsaslanır. Üstəlik də, illər əvvəl Əmirxanın da Rəmzinin sifarişi ilə Qılınc tərəfindən qətlə yetirildiyini öyrənmişik. Bu, Qılıncın həmin vaxtdan bu günədək Rəmzinin əlinin altında işlədiyini sübut edir. «Karat»la kəllə-kəlləyə gəlib çətinə düşən Rəmzinin yenə də, məhz Qılınca müraciət etdiyi şübhə doğurmur. Elə heç də bağbanlıqla dolanmadığını müəyyən etdiyimiz Qılıncın əsas gəlir mənbəyi də, belə məlum olur ki, sifarişlərini yerinə yetirdiyi Rəmzinin ona verdiyi böyük məbləğlərdir.

Əlindəki stəkanı masanın üstünə qoyan polkovnik nəhayət danışmağa başladı:

-Ümumi mənzərə əvvəldən də aydın idi. Səni danışdırmaqda məqsədim öyrəndiyin incəlikləri eşitmək və qarşı tərəfin bacarığına qiymət vermək üçün idi. Heç də pis hazırlanmamış cinayətdir. İnanıram ki, yalnız onların nəzərə ala bilməyəcəkləri, səninsə aşkar etdiyin bəzi hallar bu cinayətin belə tezliklə açılmasına səbəb oldu. Onları mənə deməyə bilərsən, özüm təxmin edirəm.

Arif Dadaşzadə kimi bir əməliyyatçının dilindən “heç də pis hazırlanmamış cinayətdir” kəlmələrini eşitmək, başqa halda cinayətkarlar üçün ən böyük tərifə bərabər sayıla bilərdi. Ancaq onun cinayətkarlara necə nifrət etdiyini gözəl bilirdim. Ona görə də, bunun yalnız qarşı tərəfin kifayət qədər ağıllı olmaları faktının konstatasiyası kimi qəbul etdim. Polkovnik həmişə rəqibə qiymət verməyi önəmli sayıb. «Rəqibi zəif bilmək, düzgün qiymətləndirməmək həmişə məğlubiyyətə gətirib çıxarır» - bu şüarı hələ ilk günlər, əməliyyat işinə başlayarkən öyrətmişdi mənə müəllimim.

Polkovnik sözünə davam etdi:

-Qılınc barədə düzgün qərar vermisən. «Karat»ın qatili kimi onu müstəntiq Elbrus Cavadovun həbs etməsi düzgün olar. O uşaq da tezliklə azadlığa çıxar. Dostumun oğlunun qatili olsa da, o mənimçün ikinci, üçüncü dərəcəli biridir. Məni maraqlandıran bu qətli sifariş verməklə İsfəndiyara xəyanət etmiş adamlardır. Mənim işim onlarladır. İndi mənə qulaq as, Bəxtiyar. Sən bu axşam şəhəri tərk elə. Yorulmusan, get Qubaya dincəl bir az. Layiqə də darıxmış olar. Arada telefonunu işə salıb baxarsan. Məndən mesaj gələrsə, istədiyin vaxt qayıtmaqda sərbəstsən.

Sual verməyə ixtiyarım yox idi. Polkovnik Arif Dadaşzadə deyirsə, deməli belə də lazımdır. Yəqin onun bildiyi, mənim bilmədiyim bir şey var idi ki, belə etmək zərurəti yaranmışdı. Pəncərəyə baxdım. Hava qaralmaq üzrə idi. Ayağa qalxıb çay stəkanlarını götürüb mətbəxə keçdim. Otağa qayıdanda polkovnikin arxası otağa tərəf dayanıb pəncərədən baxdığını gördüm. Bu, tez çıxıb getməyim üçün bir işarə idi. Müəllimimlə nələrsə baş verirdi. Başa düşə bilmədiyim nələrsə…

 

* * *

«Qızılbaş» kef məclisi qurduğu otağın pəncərəsinə yaxınlaşıb pərdəni araladı.

- Aha, hava qaralıb ki, vaxt nə tez keçdi? -deyən ev sahibi barmaqlarının arasında tutduğu siqara bir qullam vurub külünü yerə tökdü.

-Hə, əzizim, səninlə o qədər maraqlıdır ki, heç mən də vaxtın haçan keçdiyini hiss etməmişəm, -Lalə də onun tonunda cavab verib gözlərini süzdürdü.

«Qızılbaş» yaxınlaşıb onun əlindən tutub ayağa qaldırdı:

-Gəl, gəl hovuza bir baş vuraq. Sonra azca kürəklərimi ovarsan.

Ayağa qalxan qız bir addım atıb dayandı.

-Aaaa, bəs mən nə geyinəcəyəm, heç nə gətirməmişəm axı?

-Hovuza girmək üçün geyinmək yox, soyunmaq lazımdır.

Öz zarafatından həzz alan ev sahibi bərkdən gülüb qızı dalıyca hovuz otağına tərəf dartdı. Qapıdan girəndən sonra sol tərəfi göstərib dedi:

-Paltarlarını o dolablardan birinə as. Dəsmallar da, başmaqlar da oradadır.

Qız, heç nə deməyib dolablara yaxınlaşıb birinin qapısını açdı. Əvvəlcə əyilib ayaqqabılarını çıxardı. Sonra yavaş-yavaş soyunmağa başladı…

 

* * *

Soltandan maşını götürüb Qubadakı dostum üçün bir qədər bazarlıq etmiş, sonra yola düşmüşdüm. Soltan artıq xəstəxanadan buraxılmışdı, müalicəsini evdə davam etdirirdi. Az-az danışa da bilirdi. Onun çənəsini tərpətmədən dodaqları ilə çıxardığı fışıltıya bənzər səslərdən belə başa düşmüşdüm ki, şikayətçi olmayıb və məsələ bağlanmaq üzrədir.

Həmişə şəhərdən kənara çıxmaq mənə xoş gəlsə də, bu dəfə o qədər də həvəslə getmirdim. Çünki müəllimimin nə düşündüyü mənə məlum deyildi. Lap əvvəldən bu məsələnin sonluğu mənə qaranlıq idi. İndi də onun nə düşündüyünü ancaq təxmin edə bilərdim. Layiqəni başa düşdüm, müəyyən məqamda onun şəhərdən uzaqlaşması zərurət idi. Mənimsə Qubaya getməyimin yalnız bir izahı var idi. Bu gecə yaxud sabah nə baş verəcəksə, mən o hadisələrdən uzaq olum. Başqa sözlə, polkovnik Dadaşzadə mənə alibi hazırlayırdı, şəhərdə olmadığımı təsdiqləyə biləcək onlarla şahid, sübutlar. Yaxşı bəs onda özü? Özü nə etməyi düşünürdü? Bax bu narahat sualların içində Qubaya gedirdim. Heç vaxt bir sözünü iki etmədiyim müəllimimin tələbi ilə onu tək qoyurdum. Özü də kimlərə qarşı…

Saat yarımdan sonra rayon mərkəzinə çatdım. Dostumun obyekti iki kənddən sonra, meşəlik ərazidə idi. Rayon mərkəzini keçib kəndlər tərəfə istiqamət aldım. Açıq pəncərədən təmiz dağ havası içəri dolur, adamın ruhunu oxşayırdı. Əvvəlcə bir kənd, sonra ikincisi arxada qaldı. Uzaqdan obyektin işıqları görünməyə başladı. Beş dəqiqədən sonra asfalt yoldan istirahət mərkəzinə gedən torpaq yola döndüm. Gələcəyim barədə nə dostuma, nə də Layiqəyə xəbər verməmişdim. Maşını koteclərdən birinin yanındakı boş ərazidə saxlayıb düşdüm. Ofisiantlardan biri uzaqdan məni tanıyıb yanıma gəldi.

-Bəxtiyar müəllim, xoş gəlmisiz.

Bu gəncin adı Rəhman idi. Onunla əl tutub görüşdüm.

-Necəsən, Rəhman?

-Sağ olun, Bəxtiyar əmi.

-Siz necəsiz?

-Yaxşıyam, çox sağ ol. Maqa buradadır?

-Bəli, kabinetindədir. İndi gəldiyinizi xəbər verərəm.

Bunu deyən gənc sürətlə obyektin o biri başına tərəf getdi. Bu obyekt meşənin xeyli ərazisini əhatə edirdi. Maqanın kabineti lap qıraqda, mən indi durduğum yerdən əks tərəfdə idi. Yadıma buraya ilk gəlişim düşdü. Baş leytenant rütbəsində idim. Bir işlə bağlı Quba rayonuna ezam olunmuşdum. Rayon polis şöbəsinə dəydikdən sonra əməliyyatçılardan biri ilə yaxın kəndlərdən birinə gəlməli olmuşduq. Nahar vaxtına düşdüyümüz üçün yerli əməkdaşın təklifi ilə buraya döndük. İkimiz də mülki geyimdə idik. Açıq havadakı masalardan birinə oturub yemək sifariş etdik. Yemək gələr-gəlməz haradansa gəlib qonşu masalardan birinə oturan beş nəfər kişinin səsi aləmi başına götürdü. Əvvəl fikir verməsək də, söyüş söydüklərini görəndə qalxıb onlara yaxınlaşdım. Polis əməkdaşı olduğumu qabartmaq fikrim yox idi. Heç yeri də deyildi. Sadəcə sakit olmalarını xahiş etdim. Ətrafda ailəsi ilə dincələn çoxlu insan var idi. Sərxoş olan bu adamlar, xahişimi irad kimi qəbul edib eyni anda ayağa qalxdılar və üstümə yeridilər. Tez özünü yetirən əməkdaşla yumruqlarımızı düyünləyib döyüş vəziyyəti aldıq. Ətrafdakı masalarda oturmuş qadınlar, uşaqlar qorxub qışqırışmağa başladılar. Sərxoş olduqları üçün onlara əl qaldırmaq fikrim yox idi. Təkcə, müdafiə olunarkən onlara necə xəsarət yetirməyəcəyimi fikirləşirdim. Elə bu vaxt, haradan gəldiyini görmədiyim bir kişi ortalığa girib «dayanın» deyə qışqırdı. Bir anda hər yana ani sükut çökdü. Adam üzünü sərxoş kişilərə tutub sakit səslə dedi:

-Siz özünüzü harada hiss edirsiz?

Sərxoşlardan heç biri danışmır, susub ona baxırdılar.

Adam onlardan yaşca böyük olanını yanına çağırıb dedi:

-Dostlarını da götürüb buradan gedirsən. Sizinlə sabah, ayılanda danışacam. İndisə, bir dəqiqədən sonra bu həndəvərdə iziniz də qalmasın.

Bir anda ayılan adamlar ayaqlarını sürüyə-sürüyə uzaqlaşdılar. Adam, üzünü dincələnlərə tutub ucadan hamıdan üzr istədi və heç bir narahatçılığın olmadığını dedi. Sonra bizə tərəf gəlib masamıza keçməyimizi xahiş etdi. Bizimlə birlikdə oturub özünə də yemək sifariş etdi. Bir azdan masanın üstü cürbəcür ləziz yeməklərlə dolu. Hər ikimizin qabına yemək çəkib öz qabına da qoyduqdan sonra dedi:

-Hərəkətiniz xoşuma gəldi. Mənim qonaqlarımsız. Etiraz qəbul olunmur. Çünki mən ev yiyəsiyəm və bu obyektin sahibiyəm. Yoxsa xətrimə dəyərsiz.

Bu sözlərdən sonra deyəcək bir şey qalmamışdı.

 

 “Ədəbiyyat və incəsənət”

(09.08.2023)

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.