“Hörüksüz qızın imtahanları” - Alpay Azərin hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə Nəsr bölümündə Alpay Azərin “Hörüksüz qızın imtahanları” hekayəsini təqdim edirik.

 

 

 

 

1

  

Nisə müəllim nəşr etdirdiyi dərs vəsaitindən otuz dənəsini  sevimli tələbəsi Nahidəyə verib potokdakı tələbələrə beş şirvandan (1)[i] satmağı tapşıranda demişdi: “Amma mütləq hamıya çatdır ki, bu kitab birinci sizin özünüzə lazımdı, yəni minnətlə, qarğışla pul verib almasınlar”. Dərs vəsaiti isə Azərbaycan tarix elminə o qədər də tanış olmayan rus müəllifdən tərcümə idi. Nisə vəsaiti pulla tərcümə etdirib öz adıyla nə gəldi çap eləyən nəşriyyatlardan birində çıxartdırmışdı. Nahidə üçcə günə kitabların hamısını potokdakı tələbələrə satmışdı. Müəllimi o puldan dörd şirvan verəndə Nahidə etiraz etmişdi: “Yox, nə danışırsız, ömründə götürmərəm”. – “Suss, halal pulundu, dinməz-söyləməz götür. Gedib özünə xoşuna gələn ayaqqabı alarsan”. Təzəcə tanış olanda mehrini Nahidəyə salan Nisə müəllim ona demişdi ki, hansı müəllimlə problemin olsa, çəkinmə, mənə yaxınlaş. Tarix fakültəsinin qiyabisində oxuyan, anasının uzaq qohum olan bir tələbəyə görə yaxınlaşıb utana-utana: “Mümkünsə, kəsilməsin deyə, üç yazardız. Gecələr işləyir, evə ancaq o, pul gətirir” xahişi etmişdi. Nisə müəllim onun beş sualdan birinə zorla cavab verən qohumuna dörd yazmışdı və Nahidə potokda əməlli-başlı məşhurlaşmışdı. “Qaçqın olasan, dünən Bakıya gələsən, amma belə fərasətli olasan,” – tələbələr öz aralarında pıçıldaşmışdı.

          Laçından olan Nahidəgil qaçqın düşəndə Bakıdakı yataqxanalardan birində boş otaq tapıb üç ay orda yaşamışdılar. Sonra əllərindəki pulla Əhmədlidə ikiotaqlı ev almışdılar. Hələ sovetin dinc vaxtında uzun illər rayonda mağaza müdiri işləmiş atasının pulları hesabına Moskvadan, Leninqraddan özünə bahalı paltarlar, ayaqqabılar, ətirlər gətizdirən Nahidə məktəbin ən forslu, dəblə geyinən qızlarından biriydi. Atası qaçaqaç vaxtı Laçındakı evlərindən son lazım olan şeyləri götürəndə qızının ayaqqabılarını paketə taykeş yığıb Bakıya gətirmişdi. Bunları görən Nahidə hamama qaçmışdı, güzgünün qabağında dayanıb xısın-xısın ağlayaraq demişdi: “Çox demirəm, heç olmasa bir cüt ayaqqabım gəlmədi”.

          “Özünə ayaqqabı alarsan” sözlərini eşidən Nahidə əmin olmuşdu ki, taykeş ayaqqabılar məsələsini rəfiqəsi sevimli müəlliminə çatdırıb. Ürəyində “xəbərçi” rəfiqəsini söysə də, Nisə müəllimə xeyli təşəkkür edib dörd şirvanı götürmüşdü. Həmin gün dərsdən çıxan kimi yaxınlıqdakı komisyon mağazaya gedib qazandığı pulla çoxdan gözaltı etdiyi sarı dikdaban ayaqqabıları almışdı.

          Nahidə imtahandan əvvəl saçlarını kare kəsdirib sarı rəngə boyadı, makiyaj elədi, ilk dəfə semestr imtahanında sevimli müəlliminin gözündə fərqli görünmək istədi.

          “Hörüklərin hanı, ay qız? – Nisə müəllimin onu görən kimi yerində qurcuxub gözlərini bərəldərək dediyi ilk sözlər bu oldu. – Kəsməyin bir yana, sarıya boyamısan?” Nahidənin sanki dili tutuldu, bilmədi nə desin, heyrətlə müəllimin üzünə baxdı. “Bilirsən kimlər saçını sarıya boyayır?” – Nisə müəllimsə dayanmaq bilmirdi. Bunları eşidəcəyini ağlının ucundan belə keçirməyən Nahidəyə elə gəldi, bu dəqiqə “küçə qızı”, ya da ondan betərini eşidəcək. Bilmədi necə reaksiya versin, ürəyi bərk-bərk döyünməyə başladı. Nisə müəllim “Zaçotkanı bəri ver görüm,” – deyib məzəmmətqarışıq təbəssümlə ona baxanda qızın ürək döyüntüləri səngiməyə başladı, anladı ki, sevimli müəllimi bayaqdan ərk etdiyindən onu bu cür danlayır, ürəyində “Şükür Allaha, sakitləşdi” dedi. Həm də ona elə gəldi ki, müəllim özü danlamaq məsələsində barıtı çox etdiyini anlayıb, indi aranı yumşaltmaqçün gülümsəyir. “Nisə müəllimə, saçdı da, bir ay sonra uzanar, yenə qaraya boyayaram,” – nazla dedi. “Bir aya o uzunluqda saç yerinə qayıdar? Məni dolamısan? Ay qız, mənim altmış üç yaşım var, uşaq-zadam səninçün?” – “Yox, Allah eləməsin. Yəni siz heç vaxt saçlarınızı kəsdirməmisiz?” Nisə müəllim məzəmmətlə başını bulayıb qələmi götürdü: “Vallah, sən artıq nə danışdığını bilmirsən. De görüm, evdəkilər səni bu viddə görüblər?” Nahidə tutuldu, güclə özünü “Bütün nəslimiz məni belə görüb, sonra?” deməkdən saxladı. Gördü müəllimi gözləri onda cavab gözləyir, özünü məcbur edib dedi: “Axı burda nə pis şey...” – “Pis şey var, öz də yekəsindən. Bura ali məktəbdi e. Ali məktəb tələbə üçün müqəddəs ocaqdı, anlayırısan bunu?” – “Anlıyıram,” – deyib Nahidə başını aşağı saldı. “Anlamırsan, hələ durub söz qaytarırsan,” – deyib Nisə müəllim onun qiymət kitabçasına 3 (kafi) yazdı. “A-a, siz neynədiz?” – Nahidə ağlamsına-ağlamsına auditoriyadan çıxanda gücü ürəyində bunları deməyə çatdı: “Axtarsan nəslində əlli dənə saçını sarıya boyayan qız, arvad taparsan. Buna sual verəsən ki, sənə görə ucdantutma hamısı qəhbədi?”

          Nahidə auditoriyadan çıxan kimi, Nisə müəllim yanında oturan laborant qıza dedi: “Özün də görmüşdün, – baş və şəhadət barmağını bir-birindən aralayıb qalınlıq işarəsini göstərərək, – belə qalın hörükləri varıydı. Hələ sifətinə vurduğu iki kilo kraskanı demədim özünə. Eləbil küçə qızıdı”.

 

2

 

          Cəllad ləqəbli Cavad imtahanda hətta pul verənləri belə kəsməkdə, ağlaşan, göz yaşlarını silən, auditoriyadan çıxan tələbələr müəllimin yeddi arxa nəslini söyməkdə, pul verməyib kəsilənlərsə bir-birinə təsəlli verməkdəydi: “Əgər bunlar üç şirvan verib kəsilirsə, Cavadın bizə iki yazmağı normaldı”. Sonralar bilinəcəkdi ki, Cavad üç şirvana qane olmadığından o pulu verənləri kəsibmiş...

          İlk dərsdə tələbələrə demişdi: “Bax indidən deyirəm, imtahan vaxtı nəbadə üstümə adam göndərəsiz ha, nə də pula-zada baxanam. Canınız çıxar, oxuyub cavab verərsiz”.

          İlk dəfəydi öncədən kəsiləcəyini əmin olan Nahidə rəfiqəsinə dedi: “Bir azdan bu alçaq məni də kəsəcək. İnan, bir qram vecimə deyil”. Hərçənd vecinəydi, təkrar imtahanda beş şirvanla dörd alacağına ümidliydi.

          Bilet çəkib oturandan sonra laqeydcəsinə suallara göz atdı, hamısının cavabını bilirdi, “Noolsun,” – mızıldandı, əsəbi-əsəbi bir neçə dəfə çiyinlərini çəkdi. Cavad əlaçı Aybənizə üç yazıb onu ağlada-ağlada yola salandan sonra növbə Nahidəyə çatdı. ”Üç yox e, iki yazsa belə, gözümdən bir damcı yaş çıxsa, atamın qızı deyiləm” düşünə-düşünə həvəssiz, ümidsiz addımlarla gedib komissiyanın qarşısında oturdu. “Birinci Dünya müharibəsinin səbəbləri. Hə, başla görək,” – Cavad biletə baxıb dedi. Nahidə donuq səslə elə üç cümlə demişdi, müəllim onu saxladı: “Bilmirsən”. Nahidə istədi soruşa, nəyi səhv deyirəm, anladı ki, nə desə, xeyri olmayacaq. “Keç o biri suala,” – Cavad əmr tonunda dedi. “Bilmirəm,” – Nahidə nifrətlə cəlladın sifətinə baxıb dedi. “Üçüncünü də bilmirsən?” – Cavad sırtıq təbəssümlə soruşdu. “Üçüncünü də, dördüncünü də, beşincini də,” – Nahidə gözünü masaya zilləyib sakitcə cavab verdi. “Bilirsən axı”. – “Bilməyinə bilirəm, amma ağzımı açmamış deyirsiz, bilmirsən”. – “Həə, bax indi xoşum gəldi səndən, – Cavad sırtıq-sırtıq güldü.  – Haralısan?” – “Laçınlı”. – “Rayonun özünnən, yoxsa kəndindən?” – “İşğala qədər rayonda qalırdıq. Atam Oğuldərə kəndinnəndi”. – “Oğuldərə? Familyan... – qiymət kitabçasını açıb ilk səhifəsinə baxdı. – Mustafayeva Nahidə Mahmud qızı... Mustafayeva... Dayan görüm, sən təsadüfən Əhliman kişinin qohumlarından deyilsən?” – “Hə, nəvəsiyəm. Hardan bildiz?” – Nahidə təəccüblə soruşdu. Cavad müəllimin gözləri doldu, dərindən köks ötürüb danışmağa başladı.

          Məlum oldu ki, əslən Kəlbəcərdən olan Cavadgil (ata-ana, yeddi uşaq) İkinci dünya müharibəsində aclıqdan əziyyət çəkən vaxt, Laçının Oğuldərə kəndində kolxoz sədri işləyən Nahidənin babası Əhliman ayda, iki ayda bir dəfə onlara un, qənd, çay, düyü göndərirmiş. “Baban olmasa, külfət ajından qırılardı,” – deyib Cavad müəllim danlaq tona keçdi. – Bə indiyə qədər niyə mənə deməmisən ki, Laçınnansan, üstəlik, Əhliman kişinin nəvəsisən?” Utana-utana “Vallah, ağlıma gəlməmişdi” – deyən Nahidə Cavad müəllimin ilk dərsdə “Üstümə adam göndərməyin” sözlərini xatırladı. “Rəhmətlik atamla rəhmətlik baban vaxtilə bir kolxozda işliyiblər, bunu da biləsən”. – “Bibimin yoldaşı kəlbəcərridi,” – Nahidə sevincək dedi. “Nəçidi bibinin yoldaşı?” – “Məktəbdə dil-ədəbiyyat məllimi işliyir, Geşdəhdəndilər”. – “Onların kəndi bizdən çox uzaxdı. Geşdəhlilər dəli-dolu olur, bibinin yoldaşı necə məllim olub, çox maraqlıdı. Atan məni tanısaydı, yüz faiz məni tapıb tapşırtdırardı səni. Salam deyərsən”. – “Mütləq, mütləq,” – Nahidə səsi titrəyə-titrəyə dedi. “Görürsən, heç ağlıma gəlməzdi ki, nə vaxtsa Əhliman kişinin nəvəsi qabağıma çıxajax,” – yanında oturan laborant qıza dedi, qələmi götürüb Nahidənin qiymət kitabçasına “əla” yazdı. “Onu bil ki, sən bu gün rəhmətlik babanın hesabına beş aldın, yoxsa mənnən ömründə beş alammazdın. İndinin özündə babandan söz düşəndə bütün nəslimiz ruhuna rəhmət oxuyur. Hə, bir də atana deyərsən, Laçın azad olanda Sarıbabada mənə quzu kababı qonaqlığı verər,” – deyib qiymət kitabçasını Nahidəyə uzatdı. – “Mütləq deyəcəm”.

 

3

   

Oğlanlı-qızlı tələbələrin çoxu “qızıl xasiyyəti”nə görə fəlsəfədən dərs deyən Sevda müəllimi sevirdilər, imtahanda onları yola verdiyinə görə. Sevda müəllimin hər qrupda bir-iki sevimli tələbəsi olurdu, Nahidənin də bu sarıdan bəxti gətirmişdi.

          Bir gün o, Nahidəyə Elmlər Akademiyasında keçiriləcək beynəlxalq konfransda iştirak üçün dəvətnamə verib dedi: “Bunu güclə tapmışam. Mütləq gedərsən ha”.

          İlk dəfəydi təzəlikcə oxuduğu “Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)” kitabını yazan akademik Ziya Bünyadovu, türkiyəli məşhur tarixçi, oğuzlardan yazan, haqqında çox eşitdiyi Faruk Süməri yaxından görən Nahidə sevindiyindən uçurdu. O biri tərəfdənsə həyəcan imkan vermirdi bu alimlərə yaxınlaşıb istədiyi sualları versin.

          Çay fasiləsində arıq, balaca sifətinə yaraşmayan yekə, qalın şüşəli gözlük taxmış gənc oğlan Nahidənin həndəvərində gəzir, tanış olmaqçün fürsət axtarırdı, qıraqdan baxan görərdi ki, tərəddüd içindədir. Axırı, gənc oğlan özünü məcbur edib Nahidəyə yaxınlaşdı. “Salam. Adım Malikdi, burda Tarix İnstitutunda, orta əsrlər şöbəsində işləyirəm. Bilirəm, adınız Nahidədir, bibim Sevda müəllimə sizə dərs deyir...” Nahidə o dəqiqə müəlliminin indiyə qədər ona xüsusi diqqət göstərməsinin, onunla şəkil çəkdirməsinin səbəbini, bu oğlanı heç vaxt sevməyəcəyini anladı və qəti qərara gəldi ki, yaxın günlərdə Sevda müəllim “Qardaşım oğlu Malikin səndən xoşu gəlir” desə, sakitcə “Mənim beş il ərə getmək planımda yoxdu” reaksiyası verəcək.

          Ayaqüstü söhbət Nahidənin Malikin suallarına quru cavablar verməsiylə bitdi. “Ən çox hansı fənləri sevirsiz?” – “Orta əsrlər Şərq tarixi”. – “Gələcəkdə aspiranturaya daxil olmaq fikriniz var?” – “Hələ bilmirəm”. – “Təhsilinizi Türkiyədə davam etdirmək istərdiniz?” – “Elə bir fikrim yoxdu”.

          Konfransdan üç gün sonra, dərsdə Sevda müəllim zəng çölə vurulan kimi Nahidəyə yaxınlaşıb əliylə işarə etdi ki, durmasın, oturmağa davam etsin. “Qardaşım oğlu Malikin səndən xoşu gəlib. Səninçün çox yaxşı namizəddi, əzizim”. – “Sevda müəllim,  başa düşürəm sizi. Amma mənim ən azı beş-on il ailə qurmaq fikrim yoxdu”. – “Nə? Anlıyırsan ki, universiteti qurtarandan sonra beş demirəm, dördcə il bu işi gecikdirsən, peşman olassan?” Əlavə etdi ki, qardaşı oğlu olduğu üçün onu tərifləmir, ideal xasiyyəti var, bu bir, ikincisi, onu Türkiyənin Səlcuq Universitetinə yaxşı maaşla dərs deməyə dəvət edirlər. “Nə bilmək olar, bəlkə, orda sənə də iş tapılar. Bir yerdə yaxşı pul qazanarsız, evdəkilərə də kömək edərsən”. – “Evdəkilər, şükür, dolanırlar”. Sevda əl çəkmədi: “Əzizim, sənə bəzi şeyləri danışacam, amma öz aramızda qalsın. Tələbə olanda elə bu universitetdə oxuyan bir oğlanla bir-birimizi dəlicəsinə sevirdik. Çox imkanlı ailədəniydi, ata-anası bizi kasıb hesab edirdilər deyə, evlənməyimizə imkan vermədilər. Məni sevən, amma mən sevmədiyim birisinə ərə getdim. İndi ərim professordu, bu ölkədə öz sahəsini dərindən bilən on alimdən biridi, şükür, normal dolanırıq. Sevdiyim oğlan biznesmendi, pulunu balta kəsmir, öz həyatını qurub, uşaqları var, bəlkə də, xoşbəxtdi, bəlkə də yox, bilmirəm, heç mənə maraqlı da deyil. Peşmanammı ərə getməyimə? Zərrə qədər yox. Sözümün canı odur ki, xoşbəxt ailə üçün qarşılıqlı sevgi mütləq şərt deyil. Malik səni çox bəyənib, səni də elə mən ona məsləhət bilmişəm. Bəlkə, arıq olmağı xoşuna gəlmir?” – “Yox, ona görə...” – “Türkiyədə işə düzələndən sonra iki aya kökələcək”. – “Yox, siz məni düz başa...” – “Nə isə, tələsmə. Get evdə dediklərimi yaxşı-yaxşı fikirləş, ata-ananla da məsləhətləş”.

          Həmin gün Nahidə məsələni ata-anasına danışdı, “O oğlana heç vaxt ərə getməyəcəm” dedi, valideynləri də “Nə təhər istəyirsən, elə et” dedilər.

          Sonrakı günlərdə də Nahidədən “yox” cavabı alan Sevda başladı onu hər yerdə görməzliyə vurmağa. Görəndə isə salamını elə tonda aldı ki, Nahidə qayıdıb ona “Necəsiz?” sualını verməsin. Seminarlarda Nahidə “Mən cavab vermək istəyirəm” deyəndə soyuq tonda “Gəl, danış”, ya “Keçən dəfə danışmısan, imkan ver başqaları da qiymət alsın” reaksiyası verdi.

          İmtahan günü Nahidə köhnə şalvar, qara kofta geyindi, kosmetika vurmadı ki, müəllimini qıcıqlandırmasın, bircə istəyi var idi, dörd almaq. Sevda öncə gözlərini qıyıb sirli-sirli onu süzdü, sonra çöhrəsinə acı ironik təbəssüm qondu, açıq mesaj var idi baxışlarında: bu görkəmdə gəlmisən ki, sənə yazığım gəlsin, aşağı qiymət almayasan? Bu suala Nahidə cavab tapmadığından lap həyəcanlandı.

          Nahidə beş sualın dördünə çox yaxşı, beşinciyə zəif cavab verəndən sonra Sevda monoloquna başladı: “Nahidə, cavabların barədə axırda öz fikrimi deyəcəm. Amma bilməlisən ki, həyat tək indi verdiyin imtahanla bitmir. Hələ qarşıda səni çoox ciddi imtahanlar gözləyir”. Nahidə qıpqırmızı oldu, Sevdanın solunda laborant Elnarə, sağında baş müəllim Firuzə oturmuşdu. Fikirləşdi, çox güman, onların da məsələdən xəbəri var, Elnarənin birinin üstünə beş qoyub söz yaymaqdan ötrü ürəyi getdiyini bilirdi. “Vəssalam, fakültədə biabır oldum,” – Nahidə fikirləşdi.

          “Bəzən insan etdiyi bir səhvin acısını illərlə çəkir, ömrü boyu peşmanlıq hissindən qurtula bilmir. – Sevda monoloquna davam edirdi. – Elə səhvlər olur, adam onları bir saatın içində unudur. Səncə, elə deyil?” – “Elədi,” – Nahidə özünü məcbur edib dilləndi. “Yaxşı ki, bunu etiraf etməyə özündə cəsarət tapdın,” – Sevda özündən razı halda dedi, qələmi götürüb düz Nahidənin gözlərinin içinə baxaraq dedi: “Sən bir dəyqə çıx dəhlizə, mən həmkarlarla məsləhətləşməliyəm”. Nahidə auditoriyadan çıxanda “Nə məsləhətləşirsən? Nə yazırsan, yaz da, – fikirləşdi. – Qardaşı oğlunu bəyənməmişəm deyə, kişinin qızı düz beş aydı prinsip aparır mənlə. Sonra da deyirlər, şəhər adamları səviyyəli olur”.

          Az sonra laborant onu içəri çağırdı, Sevda müəllim üzünə baxmadan, heç nə demədən qiymət kitabçasını Nahidəyə uzatdı. Auditoriyadan çıxan kimi rəfiqəsi ona yaxınlaşıb soruşdu: “Beş?” – “Hə, bu dəyqə,” – cavab verib qeyri-iradi qiymət kitabçasını rəfiqəsinə uzatdı. Rəfiqəsi qiymət kitabçasını açıb baxdı. “Beş almısan da, mısmırığını niyə sallamısan?”

 

4

 

Diplom müdafiəsində dövlət imtahan komissiyasının sədri atasının əmisi nəvəsi, nəslin fəxri, ağsaqqalı professor Akif Mustafayev idi. “Məndən salam deyərsən” – atası bir gün öncə tapşırmışdı. “Papa, bəlkə, zəng eliyib özün...” – “Ehtiyac yoxdu,” – “Xəyişin nişanı...” – “O məsələnin sənin müdafiənə heç bir dəxli yoxdu,” – atası söhbətə nöqtə qoymuşdu.

          Akif müəllimin oğluyla beş ay nişanlı olan Nahidənin əmisi qızı Xəyalə oğlanın qadağalarına dözəmmirdi, tez-tez “Nişanı qaytarıram” deyirdi.

          Akif müəllim Nahidəni görən kimi gülümsədi, salam-kəlamdan sonra “Atan nətəərdi?” – soruşdu. “Şükür, yaxşıdı. Sizə salam-duası var,” – Nahidə son iki sözü vurğuyla dedi. Akif yanında oturan komissiya üzvünə tərəf çöndü: “İdris məllim, atası qohumumdu, həm də bizim Laçının hörmətli kişilərindəndi. Eyni vaxtda Bakıda oxumuşuq, mən tarixdə, o, maliyyə texnikumunda”. Bunları eşitmək Nahidənin ürəyincə olmadı. “Universitet qutarmağını deməklə atamdan üstün olduğunu gözə soxur” fikirləşsə də, məcburən gülümsəməli oldu. “O, Laçına qayıtdı, mən burda qalası oldum”. Nahidənin sifətindəki süni təbəssüm daha qabarıq forma aldı. “Sonrası da ki, məlum. Alçaq ermənilər Şuşanı, dalınca Laçını işğal elədilər,” – Akif müəllim dərindən köks ötürdü. Vaxtilə qaçqınçılıq əzabları yaşayan Nahidə bu dəfə söhbətin mövzusuna uyğun süni kədər maskası taxası oldu. “İdris müəllim, mən buna birinci kursdan Naxış deyirəm, Nahidə uzundu deyə, adını qısaltmışam. Özü də bundan razıdı. Heylə dəyil, Naxış?” – “Elədi,” – Nahidə gülə-gülə cavab verdi. Akif müəllim qələmi götürdü, Nahidə sevindiyindən uçurdu, Akif müəllimin diplom müdafiəsində tələbələrin öz çıxışlarını kağızdan oxumalarını sevmədiyini bilirdi. Son bir həftə evdə güzgü qabağında nə qədər çalışsa da, kağızsız çıxış alınmamışdı, həyəcandan əzbərlədiyi cümlələr yadından çıxmışdı. Akif müəllim qələmi götürəndə Nahidə fikirləşdi ki, atası zəng edib tapşırtdırmamaqda haqlıymış.

          Akif müəllim yenə İdris müəllimə tərəf çönərək dedi: “Birinci kursda bunun rəhmətlik Fatma nənəsi kimi iki uzun hörüyü varıydı. Kəsmişdi deyə, Nisə üç yazmışdı buna. Hələ maa da şikayət eləmişdi ki, qohumun saçlarını dibdən kəsif, bəs ata-anası hara baxır”. Gülüşdülər. Nahidə qiymət kitabçasında “4 (yaxşı)” görəndə dedi: “Aa, dörd nədi? Mən beşə hazırlaşmaşdım”. – “Beş? Düzünü de, sənə də beş, İlqara da?” – “İlqarın mənim diplom işimə nə dəxli var?” – “O dəxli var ki, İlqarın beş ildə yeddi məqaləsi çıxıb, sənin beş ildə bir məqalən belə çıxmayıb. Səhv deyirəm?” – “Əlbəttə, səhv deyirsiz. Sizin ixtiyarınız yoxdu tələbə çıxış etmədən dörd yazasız”. Bir az da sözləşdilər, Nahidə istədi “Papamın o vaxt sənə Laçın yaylaqlarında verdiyi kabab qonaqlıqları burnundan gəlsin” deyib auditoriyadan çıxsın, özünə sığışdırmadı.

          Universitetdən başılovlu çıxıb telefon köşkünə girdi. “Mama, təcili əmimgilə zəng elə, öyrən gör, Xəyalə nişanı qaytarıb, ya yox?” – “Xəyaləyə nə olub?” – anasının səsi titrədi. “Heç nə! Olan mənə oldu. Alçaq Akif dörd yazdı mənə.” – “Nə?! Döörd?! Bıy səni ilan vursun, Akif. Səni görüm...” – “Hə, elə bu dəyqə ilan yeddinci mərtəbəyə qalxıb vuracaq Akifi. İndi qarğış yeridi, ay maa? Dərd ondadı ki, apelyasiyaya da vermək olmur, – ağlamağa başladı. – Sən zəng elə, dediyimi öyrən,” – dəstəyi yerinə çırpdı. Metro stansiyasına tərəf gedə-gedə öz-özüylə danışırdı: “Apelyasiya alınmayandan sonra, Xəyalə nişanı qaytardı, ya qaytarmadı, bundan sonra nə dəyişəsidi. Ay papa, əsas günah səndədi...”

          Evdə bilindi ki, Xəyalə iki gün əvvəl nişanı qaytarıbmış. Nahidə atasını görən kimi başladı “Ay papa, axı sənə o gün dedim, zəng elə, tapşırt məni. Tərsliyinə saldın, dedin, lazım deyil”. – “Ay qızım, Xəyalə nişanı qaytarandan sonra mən neyniyə bi...” – “O gün zəng eliyib soruşmalıydın vəziyyət necədi, bilinsəydi ki nişanı qaytarırlar, xahiş etməliydin, bir həftə gecikdirsinlər. Dünya dağılmazdı bir həftə gecikdirsəydilər. O gün sözümü kəsməsəydin, bunları deyəcəydim də sənə”. – “Ay Xəyiş, canın çıxardı ikicə gün dözsəydin,” – anası donquldandı. “Az, nə Xəyiş, Xəyiş salmısız! – atası qışqırdı. – Arvad, sən də elə qohumlarımı qaralamağa bəhanə axtarırsan. Az qala bütün nəsil bilirdi, qız nişanı qaytarır”. – “Günah məndədi. Mən özüm Xəyişə zəng eliyib vəziyyəti başa salmalıydım,” – hirsindən pörtən Nahidə dedi. – İlahi, deyirəm, insanlar necə ikiüzlü olarmış. Sevda onun qardaşı oğlunu bəyənmədiyimə görə mənə bütün semestri zülm verdi, imtahanda əsəblərimlə oynadı, amma axırda kişi qızı kimi, – şəhadət barmağını göyə qaldırdı, – beş yazdı. – Amma bu alçaq qohumumuz beş ildə üzümə gülə-gülə, atana salam deyərsən, – ağzını əyərək, – deyə-deyə mənə axırda dörd yazdı. Nə var, nə var, əmim qızı bunun gij oğluna ərə getmədi”. – “Bəli, –  özünü hardasa günahkar bilən atası dilləndi. – Akif vaxtında oğlunun başına ağıl qoymalıydı, deməliydi ki,  a bala, indiki zamanada qız aşağı düşüb duz almağa görə nişanlısından icazə almalı dəyil. Məni yandıran odu ki, qəddar kəlbəjərli, yad adam, qohum olmuya-olmuya çörək itirmədi, amma Akif əmioğlu belə alçaqlıq elədi. Dədəm o müharibədə Akifgilin də külfətini aclıqdan qurtarmışdı. Haram olsun dədəmin sizə elədikləri, Akif, haram olsun”.

 

20 oktyabr, 2022 – 14 may, 2023

Bakı – Mingəçevir – Bakı



[i] (1) Əlli min manat. 1990-2000-ci illərində əvvəllərində on min manatlıq əsginazın üstündə Şirvanşahlar sarayının şəkli əks olunduğundan bu pullara xalq arasında “şirvan” deyirdilər.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.