Oxucularımızın yaradıcılığı rubrikasında Zahirə Cabirin hekayəsi Featured

 

“Ədəbiyyat və incəsənət” portalı “Oxucularımızın yaradıcılığı” rubrikasında Zahirə Cabirin “Qoşa qırmızı palıd” hekayəsini təqdim edir. 

 

Laçının Hacışamlı sıx meşəsində şam, vələs, ağcaqayın, qarağac, akasiya, dəmirqara kimi irigövdəli ağaclar bitirdi. Bu səfalı, yaşıl meşədə iki nəhəng qırmızı palıd ağacı yan-yana böyüyür, sanki bütün meşəni qoruyurdu. Onlar o qədər qocaman idilər ki, heç kəs, hətta boz mamır belə, palıdların nə vaxtsa cavan olduğunu xatırlaya bilmirdi. Yazda qoca palıdların qalın budaqlarında turac, kəklik, qaratoyuq  şən nəğmələr oxuyar, budaqdan-budağa qonardı.  Palıdın kölgəsində bitən bənövşələr, inciçiçəkləri başlarını qaldırıb aşağıdan yuxarıya sevinclə palıda baxar, sanki demək istəyirdilər ki: “Yüz illərin qocaman, cəsur palıdı, çox sağ ol! Biz sənin kölgəndə asudə yaşayırıq.”

Qışda güclü qar fırtınası meşənin hər yerini ağ örtüyə bürüyəndə,  solmuş xəzəl çiçəkləri qar altında qalanda iki nəhəng kimi qoşa qırmızı palıd ağacları meşəni qoruyurdu.

 

Bir gün gözəl yurd yerlərinin başı üzərini qara buludlar aldı. Düşmən min bir hiylə ilə hər bitkisi min bir dərdə əlac, hər bulağının suyu möcüzə olan qəhrəman yurd yerlərini ələ keçirdi. Meşələrin sərvətinə  göz dikmiş xain düşmənlər talan etməklə kifayətlənməyib, əllərinə keçən nə varsa qırıb-çatdılar. Həmin vaxt qış fırtınası qopdu, səs-küylə kolluqlardan keçdi, düşmən əlinə keçməsin deyə ağacların zirvələrini qırdı və möhkəm gövdələri yıxdı. Yalnız nəhəng qoşa qırmızı palıd ağacları həmişəki kimi möhkəm və düz dayandılar, zülmü görsələr də bu torpaqların sahiblərinin tezliklə gələcəyi günü gözlədilər. Ancaq bu qədər güclü olmalarına baxmayaraq, həsrətdən gündən-günə qocaldılar.

Qocaman qoşa palıdların bitdiyi bu meşənin kənarında, kiçik bir təpədə çəmənliklə örtülmüş bir daxma vardı. Daxmanın iki kiçik pəncərəsi meşəyə baxırdı. Bir vaxtlar bu daxmada meşənin bəyi, sahibi yaşayırdı. İndi bu daxmada xain qonşuların əsir saxladığı kiçik bir ailə yaşamaqdaydı. Düşmənlər Laçını işğal edəndə Azər kişi ayağından yaralanmış, vaxtında yaraya baxılmadığından ayağı kəsilmiş, qoltuq ağacına möhtac olmuşdu. Arvadı Nargilə həyətlərinə düşən mərmi nəticəsində həyatını itirmişdi. Əsir düşən Azər körpələrinin sağ qalmalarından ötrü hər zülmü çəkməyə, onların dedikləri hər bir işi görməyə razı olduğunu bildirmişdi. O gözəl xarrat idi. Vaxtilə evlərin qapı, pəncərələrini, cehizlik sandıqları düzəldərək çox gözəl naxışlarla bəzəyən Azər indi çarəsiz halda, meşədəki  ağacları göz yaşı ilə kəsir, çəlləklər düzəldib ermənilərə verirdi. Düzələn bu çəlləklər çox baha qiymətə şərab zavodlarına göndərilirdi. Bu ailədə bir oğlan, bir qız uşağı da böyüyürdü. Oğlanın adı Rəfiq, qızın adı isə Sevil idi. İlboyu uşaqlar meşədəki cır meyvələri toplayıb qurudur, qışa azuqə toplayırdılar. Qışda isə meşədə qurduqları tələdəki quşlar, heyvanlarla atalarını sevindirərdilər. Neçə dəfə uşaqları aparmaq istəsələr də ata onları qorumuş, uşaqlarının ona kömək etdiklərini söyləmiş, əks halda onlar üçün daha çəllək düzəltməyəcəyini bəyan etmişdi. Pul hərisi işbazlar sevdalarından əl çəkmişdilər.

Artıq neçə illər idi ki, bu yerlərdə sərt qış özünü göstərirdi. Bu il yenə də meşəyə güclü qar yağmışdı. Bir gün bacı-qardaş, yəni Rəfiq və Sevil meşəyə getdilər ki, meşədə qurduqları tələyə baxsınlar. Yəni görsünlər ki, hansı heyvan, quş tələyə düşüb. Yaxınlaşanda tələlərdən birinə balaca ağ dovşan, digərinə isə kəkliyin düşdüyünü gördülər. Dovşan da, kəklik də sağ idi, onların ancaq ayaqları tələyə ilişmişdi.

- Buraxın bizi gedək! Anamız gəlmədiyimizi görsə, pərişan olar, ağlayar. Qoymayın analarımız ağlasın! – dovşan, kəklik səslənib imdad istədilər.  

Bacı, qardaş çox təəccübləndilər. Onlar heç vaxt meşə heyvanlarının və quşlarının insan kimi danışdığını eşitməmişdilər.

- Qardaş, sən də eşitdin. Onlar bizdən imdad diləyir, gəl onları buraxaq! –deyə Sevil dilləndi.

Az keçmədi ki, o qardaşı ilə birlikdə tələləri ehtiyatla açdı. Dovşan azadlığı hiss edən kimi, bacardıqca sürətlə meşənin dərinliklərinə qaçdı. Kəklik isə qanadlarının daşıya bildiyi qədər sürətlə uçdu.

“Dara düşsəniz, qoşa palıdın yanına gedin, onlar sizə kömək edəcək” - dovşan çaparaq qışqırdı. Eynilə bu sözləri kəklik də təkrarladı.

İllər keçdi. Artıq uşaqlar böyümüşdülər. Amma dovşanın, kəkliyin dediyi sözlər onların yadından çıxmamışdı. Həmin illərdə ataları neçə dəfə düşmənlərin sifarişiylə qocaman palıdları kəsmək istəmişdisə, onlar qoymamışdılar. İndi artıq ataları ölmüş, bütün ağır işlər onların öhdəsində idi. Rəfiq atasının ona öyrətdiyi xarratlığı davam etdirir, hər əzaba qatlaşır, bacı-qardaş ikilikdə birtəhər haqqın zəfər çaldığı günü gözləyirdilər.

Bir son payız gecəsi meşədə güclü küləklər əsdi. Külək bu torpaqların, meşələrin sahibinin gəlməsi xəbərini verdi. Qoşa palıd bu xəbərə sevinib sakitləşdi. Əsən güclü külək vıyıltıyla daxmanın köhnə, sökük pəncərələrindən girib damın uçurdu. Son dəfə əlləri heç nəyə çatmayan düşmən evləri dağıdır, yandırır, ağacları kəsirdi. Qoşa palıdı nə qədər baltasalar kəsə bilmədilər. Bu möcüzə onları qorxutdu, əllərindəki baltanı atıb qaçdılar.

Elə həmin an Rəfiq, Sevil qoca palıdın səsini eşitdilər: “Yanıma gəlin, mən sizi qoruyacağam” - dedi. Onların yadına uşaq olanda dovşan və kəkliyin dediyi sözlər düşdü.

“Qardaş, nə qədər ki, bizi öldürməyiblər qaçıb gedək, palıdlar bizi çağırır” – Sevil dedi.  Onlar tezliklə qoşa qırmızı palıda çatdılar. Palıd budaqlarını aşağı əyib vaxtilə onları kəsməyə qoymayan sadiq dostlarını qucaqladı. İndi heç bir fırtına onları qorxuda bilməzdi. Küləyin sədaları altında yellənən qoşa palıd sevindiyindən öz mahnısını oxudu:

İllərlə əsir oldum.

Bənövşə ayağımda,

Hər yaz çiçək açsa da,

Həsrət ilə sahibimi gözlədim.

Nə atılan güllələr,

Nə də mişar səsləri,

Bizi heç qorxutmadı,

Bizi əyə bilmədi.

Ədalət zəfər çaldı,

Halal mala, haram qatan,

Axırda əli boş qaldı.

 

Sevil və Rəfiq palıdlara qoşulub şən mahnını ucadan oxudular. Elə bu vaxt kölgə kimi atalarının əlində mişarla dayandığını gördülər. Amma, onun gözlərində bir sevinc vardı. Sanki o da palıdı kəsmədiyinə, övladlarının qoşa palıdın sayəsində qurtulduğuna sevinirdi.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.