“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün nəsr saatı davam edir və sizlərə Sərdar Aminin “Nilufərlər” hekayəsi təqdim edilir.
Sərdar AMİN
NİLUFƏRLƏR
Orxan Pamuka...
Sahib kişi güzgüdən ona zillənmiş yuxulu sürücüyə “ver, ver, ver...” – deyib arxa-arxaya üstünə gələn “Kamaz”ı lazımi yerdə saxlatdı.
Əlini ağzına sipər edib “Yaxşı!” qışqıran kimi “Kamaz”ın əyləc işıqları bu zülmət gecəyə sıxılan qoşa sehrli nar kimi qızardı. Gözünü sürücüdən çəkmədən dal-dala bir neçə addım atıb maşının bir sağına, bir soluna baxdı. Əli ilə “Əndər!” işarəsini verən an yük yeri şahə qalxdı, elə bil görünməz bağla Sahibin əlinin tərsinə ilişmişdi, bort qalxdıqca tökülən daş-kəsəyin tozanağında Sahib də itib-batdı, “Kamaz” da.
Bircə maşının gur işıqları tozun içindən uzanıb qoşa şəhadət barmağı kimi Yeni Günəşlini işarə verirdi.
Çox keçmədi, Sahib toz-torpağın içindən tapdığı gəlinciyi çırpa-çırpa “Kamaz”ın qabağına keçdi. Oyuncağı beton piltənin üstünə qoyanda sürücü kabinədən atlanıb ciblərini axtardı, təzədən kabinəyə qalxıb siqaret qutusunu və kibriti götürdü. Əvvəl maşının işıqlarını söndürdü, sonra mühərrikini. Bir anın içində tozdan, küydən əsər qalmadı. Təkrar yerə atılıb siqaretindən bir dənə çıxartdı. Kibrit çöpünü “Plitspiçprom” yazılmış qutunun böyrünə sürtən kimi uzun illər Sibirin şaxtasında qızınmaq ehtirasıyla dikələn küknardan hazırlanmış çöp kükürddən qapdığı alovla Bakı bürküsündə nabələd-nabələd yanıb bir anlıq ucsuz Günəşli dərəsinin bir küncünə işıq saldı.
Sahib onunla üç kəlmə kəsmədi, yaxınlaşa-yaxınlaşa cibindən çıxardığı pulu üzünü tərdən islanmış tozlu köynəyinin qoluna silən sürücüyə uzatdı. Sürücü pulu götürəndən sonra Sahib kişiylə bir siqaretlik söhbətə belə ehtiyac qalmadığını başa düşüb təzə yandırdığı siqareti dalbadal üç dəfə sümürdü, indicə boşaltdığı daş- kəsəyin üstünə vızıldatdı.
“Kamaz” dolub yolla tən olan dərədən asfalta çıxan kimi uğultusu bir az da artdı və tezliklə zəhlətökən küy gecənin məşum səssizliyinə məğlub oldu.
Bu dərə bir zamanlar geri çəkilmək istəməyən, indiki Bakının torpaqlarını israrla yalayan Xəzərin yadigarı idi. Əsrlər əvvəl buralara gəlib qayıdan Xəzər dalğalarının ilğımı xəzri insanların ağzına qədər doldurduğu köhnə beşiyini – Günəşli dərəsini tapmadı, son dəfə əsdi və birdəfəlik buralardan qeyb oldu. Sahib xəzrinin sərinliyindən rahatlanıb gəlinciyi qoyduğu piltənin üstünə çökdü. Bürkülü gecədə betonun istisi onu incitmədi, əksinə, bayaqdan yanbızında olan yüngül narahatlıq da ilıq səthdə əriyib getdi.
Uzaqdan ötən maşınların ani işıq saldığı gəlinciyin üzünə, bərəlmiş gözlərinə baxsaydı, qorxudan bağrı yarılardı, ancaq hələ ki ikisi də üzünü bir azdan ayın doğulacağı üfüqə tutmuşdu. Şəhər işıqlarının sürməyi etdiyi üfüqdə Köhnə Günəşlinin göydələnləri təpədən aldığı əzəmətlə bir az da hündür görünür, səmaya nizə kimi sancılırdı.
Bircə qalırdı səhər saatlarında son “Kamaz”ın boşaltdığı daş-kəsəyi buldozerin döşünə qatıb hamarlamaq. Gərnəşdi...
Nə illah eləmişdi ki, ödəniş sabaha qalsın, “Kamaz” sürücüsünü qandıra bilməmişdi, yuxudan qalxıb yaşadığı binadan dərəyə piyada düşmüşdü.
Sahib işini bitirmişdi. Sonrakı işlər sonrakı adamların idi, dolmuş dərədə nə tikiləcəkdi, nə qurulacaqdı – metro, park, göydələn... Dərənin yeni taleyinə uyğun şayiələr, söz-söhbətlər çox idi. Sahib belə şeyləri düşünmək istəmədi, dolmuş dərənin göz işlədikcə ağaran səthinə baxıb sinəsini qabartdı.
Dərəni doldurmaq üçün 5-6 il işləmişdi. Son “Kamaz”dakı torpaq Yeni Günəşlidə tikiləcək təzə göydələnin təməlindən çıxmışdı. Bakının hər yerindən bir ovuc torpaq vardı ağzına kimi doldurulmuş bu dərədə.
Ətrafda ins-cins görünmürdü. Betonun üstünə uzandı. Başını sağa çevirəndə düz gözünün qabağında oturaqlı qalmış, beli bir az əyilmiş gəlinciyi gördü. Gözlərini yumdu. Qapalı bəbəklərində bütün dünya bir yana çəkildi, belini büküb oturan gəlincik o biri yana. Rahat ola bilmədi. Əlinin tərsiylə gəlinciyi yıxdı. İkisi də Bakının tozlu səmasına zilləndi.
Sahib altında hər gün bir buğda boyda çökən bu torpağı qat-qat düşündü...
Bura Bakının harasından torpaq, daş-kəsək gəlməmişdi? Badamdardan Hövsana, Sovetskidən Zabrata hər dağıdılan evin, uçurulan binanın qəbri burda idi. Qərib torpaqlar bu dərədə bir-birinə qarışıb içindəki sınıq-salxaq əşyaların hekayətində yoğrulur, əfsunlu bir haləyə dönüb kimisə səsləyirdi.
Qiyamət qopana qədər uyuşmayacaq bu torpaqlar hələ içindəki kimsəsiz əşyalar çürüyənədək onların iniltisinə də dözməli idi.
Küləklə, suyla, zəlzələylə yox, nəhəng maşınların sərt yük yerləriylə daşınmış torpaqlar Günəşli dərəsində çox nabələd idi. Yüksək təzyiqlə doldurulmuş təkərlərin torpaqdan ayırdığı bu maşınlar bəla orduları kimi yorulmadan torpağın qəsdinə dururdu, sonra qəriblik dalınca qəriblik...
Yad daş-kəsək Günəşli dərəsinin qarnını hər gün bir az da dikəldir, vələdüzzina kimi bu yerlərin ruhunu narahat edirdi.
Sahib indi xatırladı ki, uzun illər burada işləsə də, heç vaxt gecə yarısı tək-tənha Günəşli dərəsində qalmayıb. Onun təslim olduğu bu hava, səssizlik hər nədirsə, yeni bir şeydir. Onu əyləyən bu havaya təslim olmağında da bir kəramət var.
Ağzına qədər doldurduğu dərə isə durmadan danışır, Sahib dərənin sözünü kəsə bilmir, bu sirli pıçıltıya bir az da, bir az da, bir az da qulaq vermək istəyirdi.
Bu torpaqlar da əşyatək kiminsə evindən, həyətindən çıxarılıb gətirilmişdi. Zir-zibil, sınıq-salxaq əşyalar, beton, daş, torpağın ümumi qoxusu dərənin üzərinə kirli mələfə kimi sərilmişdi – viranəlik, göyə sovrulmuş toz qoxusu...
Tör-töküntü içində yararlı nə vardısa, adamlar daşımışdı. İllərlə bura atılmış şikəst əşyalarsa aysız gecənin vahiməsini bir az da artırırdı.
Ötən gün “Mercedes”in arxa şüşəsindən sürücünün də xəbəri olmadan 21 yaşlı Kamilənin əl çantasından çıxarıb pinqvin paketdə dərəyə vızıldatdığı alt paltarı hələ torpağa qarışmamışdı. İşlədiyi kafedə hər əyiləndə ucları görünən xırda məmələri çox kişinin diqqətini çəksə də, gənc oğlanların gecələr ağlayıb xəyalını qurduğu ətli-budlu gözəllərilə tavanı güzgülü otellərdə sevişməkdən doyan, yataqda fərqlilik gəzən 46 yaşlı Əlidə başqa hisslər oyatmışdı; qızın kafeyə ofisiant düzəldiyi ilk həftənin son günü hesabı restoranın bağlanmağını gözləyib son anda ödəmişdi və Kamiləyə hesabdan əlavə marqans kimi qızaran yüzlük verərək “aşağıda gözləyirəm” demişdi. Kamilə əvvəlcə yüzlüyü götürmüş, sonra düşünmüşdü və bir kəlmə də demədən adminstratorla “açot-uçot” eləyəndən sonra gəlib Əlinin rus tabutu kimi soyuq və mənasız “Mercedes”inə oturmuşdu. Əlinin “boş ev”ində ayaqlarını onun çiyninə qaldıranda canına rahatlıq gəlmiş, qıçları arxaya basıldıqca gün ərzində şaquli qalmaqdan gizildəyən baldırlarına qan işləmişdi. Ayaqyolunda uşaq paltarına bənzəyən pambıq şortunu lüt bədənə geyinəndə yenə də oxuduğu universiteti, patok yoldaşlarını xatırlayıb tumanıyla əvvəlcə yanağına yaxılan layneri, ardınca da qasığını silib pinqvin paketdə əl çantasına yerləşdirmişdi.
Dolmuş dərənin bir küncündə ağaran pinqvin paketdən 3-4 metr dərinlikdə maştağalı Əkrəm dayının nəvəsinin “artıq ət”i çürüməkdə idi. Əkrəm dayı babalarından belə görmüşdü, onları kəsdirəndə sünnətdən qalan dərini harasa basdırırdılar. Nə təhsil, nə tapşırıq, nə pul... Əkrəm dayı hələ də inanırdı ki, nəvəsini sünnət eləyəndən sonra kəsilən dərini hara basdırsa, uşağın taleyi ora bağlanacaq. Nəvəsini neft işinə ismarlamaq üçün kəsdirən kimi artıq ətini gətirib Neft şirkətinin tarixi binaların birində yerləşən ofisinin çöl divarına, suvağın altına dürtmüşdü. Üç gündən sonra sökülən binanın qalıqları ilə birgə uşağın duduşunun tənzifə bükülmüş artıq əti də Günəşli dərəsində toz-torpağa qarışmışdı.
İndi Sahibin düz altında, amma iki metr dərinlikdə qalan sarı divanı isə, yəqin ki, kimsə evinə aparacaqdı, cüvəllağı uşaqlar bir gün günorta yeməyini yedikdən sonra divanın üstündə var gücüylə atılıb-düşüb qıçlarını qırmasaydı. Dövlət qəzetinə təyin olunan yeni baş redaktor otağındakı həmin sarı divanın söykəndiyi divardakı barmaq izlərini dəfələrlə vurdurduğu emosiyanın aparmadığını görəndə suvağı qaşıdıb yenisini vurdurur, otağı təmir edir, yağlı ovucların, ehtiraslı barmaqların, tərli kürəklərin iz qoyduğu əşyaları suvaqqarışıq otaqdan çıxartdırıb şəhərin ən uyğun yerinə, təbii ki, Günəşli dərəsinə boşaltdırır.
Sahibin beton üstündə uzanmağından xeyli keçsə də, ona elə gəlirdi ki, arxası ilıq betona elə indicə dəyib. Belinin altında qalan xırda daşı çıxaranda yeri bir az da rahat oldu, kürəyini əzən çınqılı tullamaq istəyəndə onun daş yox, balıqqulağı olduğunu gördü, deşiyini qulağına yaxınlaşdırdı, uşaqlıqdan sevdiyi o səsi yenidən gicgahında duydu – dəniz uğultusu... Xəzər bu səmtdən illərlə Zığ qayalarını yalayıb uzaqlara çəkilsə də, səsi Sahibin qulağının dibində idi. Çox keçmədi, gicgahındakı balıqqulağının asta vıyıltısı hər an xortlamağa hazır olan əşyaların iniltisinə yenildi.
Karantin səbəbilə iki ay işsiz qalan, son 17 manatla bazarlığa çıxanda polisə maskasız yaxalanan Fərruxun uşaq kimi üç dəfə “Allah haqqı unutmuşam” deyəndən sonra arxa cibindən çıxarıb ümidlə göstərdiyi, polisin laqeyd üzünü gördükdə susub 200 manat cərimə olunduğu protokola imza ataraq heç kəsə hiss etdirmədən ağlaya-ağlaya əlindən buraxdığı həmin əzik maska da burdadır – üstündən bir neçə maşın keçdikdən sonra gecə yolun o biri tayında qalıb, külək sonra onu da uçurdub bəla ağacının növbəti xəzəli kimi bu dərəyə atıb.
Məmmədsadığın altı qızının yazda tutdan, yayda əncirdən, payızda üzümdən bulaşdığı biləklərini qoyub baxmaqdan qaraltdığı, Sovetski söküləndə bütün lazımsız əşyalar kimi bura atılan pəncərə çərçivəsinin alt taxtası da bir neçə qat aşağıda dikinə qalıb. Həmin çərçivədən iyirmi santimetr yuxarıda, Hacı Cavad məscidində Əmir kişinin otuz il səssiz-səmirsiz söykəndiyi və söykənməkdən parıldatdığı – üstündən yeni suvaq vurulsa da, söküləndə yenidən parıldayan divar daşı da qara kəhrəba kimi qalmaqdadır.
Torpağın altında xəyali bir ev kimi dursalar da, bu mişar daşları Binəqədidə ev olmaqdan son anda məhrum edilib. Bir gecəyə tikilib damı vurulsaydı, onlar da bir neçə adamı qışda şaxtadan, yayda istidən qoruyacaqdı, ancaq üstünün şiferi səhərə qədər hazır olmamışdı deyə, icra əməkdaşları betonu tam bərkiməyən daxmanı bir saata sökmüşdü və sarı traktorların çömçəsində maşınlara yükləyib Günəşli dərəsini dolduran daş-kəsəyin üstünə atmışdı.
Gənc yazıçının borca nəşr edib sata bilmədiyi 50 ədəd kitab, vaxtı ötmüş test dəftərçələri, yarımçıq yanmış ağcaqanad zəhərləri, zibil kimi atılsa da, yenidən cücərən sarımsaq dilimləri, “Sizin üçün çalışırıq” şüarı yazılmış cırıq vinil, qurumuş küknar tingləri, nərd zəri, hərbi odeyal, əmzik...
Qəfil dalğa Sahibi qaldırıb yerə çırpdı. Ağzına-burnuna dolan dəniz suyunu qaytarıb özünü ələ almaq istəyəndə növbəti nəhəng dalğa onu doldurduğu dərənin o başına atdı. Sudan başını çıxarıb Xəzərin dağ boyda dalğalarının Günəşli dərəsinə təpidilmiş torpağı rahatlıqla yuyub apardığını gördü.
Dalğaların köksündə beşik kimi yırğalandıqca içinə rahatlıq gəldi. Bu xarabanın yiyəsi yoxdu?! Nə vaxtsa dilinə gətirdiyi ifadəni xatırladı. Bəlkə də, bu sözləri dünyada ondan az işlədən ikinci adam yox idi, ancaq əsas odur, bir dəfə də olsa, demişdi. Bu an Sahib başqa təsəlli tapmadı. Kəlmeyi-şəhadəti xatırlaya bilmədi, son dəfə “bu xarabanın yiyəsi...” dedi.
Yeni Günəşlidən gəlmiş gəlinciyin də onunla birgə batıb-çıxdığını gördü. Yenicə doğmuş ay işığında gəlinciyin bərəlmiş gözləri üzünə zillənəndə onu vahimə bürüdü. Elə bunca dəhşətin içində Sahibi ən çox narahat edən də hekayətini bilmədiyi gəlinciyin bərəlmiş gözləri oldu.
Gəlinciyin ətrafında onlarla eynicildli kitab suyun səthinə sərilmişdi. Üzərində “Nilufərlər” yazılmış kitablar yan-yana düzülüb ay işığında bütün əşyalardan seçilsə də, Sahib artıq onları görmürdü. Xəzərin bu yerlərə qəribsəmiş sarımtıl ləpələri torpağın əsrlərlə günəşdən əmdiyi istidə qızınır, şövqlə köpüklənirdi.
“Ədəbiyyat və incəsənət”
(02.08.2023)