“O ah-naləli dərviş də mən idim…” Featured

Matruşka JK imzası ilə yazılarını redaksiyaya təqdim edən müəllif adını gizli saxlamağa üstünlük verir. Sadəcə onu deyə bilərik ki, gənc xanımdır. 

 

Uzaqlarda - dərinlərdə - qəlbimdə bir yer var. Və o yerin bir gecəsində ocaq başında birisi əyləşib musiqi ifa edirdi. O ifa sanki uzaqlardan qulağıma gəlib çatırdı. Mən yeyin addımlarla ocağa yaxınlaşırdım. Qalanan ocağın tüstüsü isə gözlərimə dolurdu. Gözlərimə dolan tüstü təkrar gözlərimdən çıxıb qarşımda musiqi ahəngiylə rəqs edən insana bənzər bir varlığa dönüşürdü. O qədər nurani, o qədər gözəl bir şeyə dönüşürdü ki, insan demək yalan olardı. O, bir mələkiydi yəgin. Başqa zaman olsaydı qorxardım. Elə bil, ovsunlanmışdım o an. 

Gözlərimə baxaraq əlimi əlinin içinə qoydu. Əlimizi də qəlbimə qoydu. Gözlərini yumdu. Mən də gözlərimi yumdum. Birdən musiqi səsi uzaqlaşdı, sonra yenidən musiqi səsi çox yaxından gəldi. Gözümü açanda qaranlıq bir meşədə bir ocağın başında oturmuş bir dərvişin musiqi ifa etdiyini  gördüm. Amma o qədər ah, nalə ilə ifa edirdi ki, qəlbinin kədəri gözlərindən, səsindən axıb tökülürdü. 

Ona yaxınlaşdım. Kədərli gözlərindən axan yaşları qırışlanmış yanaqlarını isladırdı. Sakitcə əllərimlə yanağına axan gözyaşlarını sildim. Danışan gözləriylə dayandırdığı ifasına davam etdi. 

Musiqi vasitəsi ilə sanki məndən kömək dilənirdi. Hər ah-naləli ifasında ürəyim bir az da parçalanırdı. 

O da əlimi əlinin içinə qoydu. Əlimi də qəlbimə. Gözlərini yumdu. Gözlərimi yumdum. Bu zaman da səsdən uzaqlaşıb uzaqlara getdim. Gözlərimi açanda hiss ettim ki, o, nurani mələk də mən idim. O, ah-naləli dərviş də. İfa ettiyi musiqi isə ruhumun ifasıydı. Hiss ettim ki, nəinki, mən kainatdayam, kainat da məndədir.

Həyatda hər şey iç-içədir. İnsanda da..

M. C. Rumi demişkən: “Bir ben var benden içeri” 

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.