Güneydən səslər - “Səndən sonra” Featured

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasının ən bəyənilən şeirlərinin təqdimatı sırasında bu həftə Əbasət Purhəsənin həftəsidir. Rubrikanı portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla aparır. 

Şair Əbasət Purhəsən bu gün “Səndən sonra” deyəcək. 

 

 

SƏNDƏN SONRA

 

Qəlbimin ağrısı toxtamaq üçün,

Darıxmayacağam səndən ötəri.

Özümə toy tutub ögey şəhərdə,

Kefləndirəcəyəm bekef şəhəri.

 

Elə sevəcəyəm aldığım qızı,

Döyünə-döyünə giciyin gələ.

Verdiyim ürəyi qaytardığına,

Özünün özündən acığın gələ.

 

Yəqin gözlərindən damcı axacaq,

Bir vaxt həsrət idin bir damcıya sən!

O gün yaxşı olar dərinə getsən,

Bilərsən nə çəkdim dünənlərdə mən.

 

Dünənlər sovuşdu, bu gün sovuşur,

Dünənlər bu günə bəhanə imiş.

Qürurum qüruru, quru qürurun,

Bilmədim bu qürur səndə nə imiş?!

 

Nə deyim, bilmirəm, bəlkə də bir gün,

Yenidən doğuldum səni sevməyə.

Bilmirəm bəlkə də son dünyamızda,

Tanrı gəldi bizə kəbin kəsməyə.

 

“Ədəbiyyat və incəsənət”

(31.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.