“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.
Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.
32–ci dərc
Layiqənin bir neçə gün əvvəl tərk edib getdiyi binanın həyətindəki maşında oturmuş kişi saatına baxdı. Saat 20:10 idi. Bir azdan hava qaralacaqdı. Radionu işə salıb müsiqi gedən kanallardan birinə kökləyən kişi, maşının oturacağına yayxandı. Bu kişi əvvəlcə Layiqəni sığortalamaq üçün göndərilən, sonra isə onu Qubaya aparan adam idi. Şəhərə qayıtdıqdan sonra Layiqənin bu binada yaşayan, onu evində qonaq saxlayan rəfiqəsini qorumaq ona tapşırılmışdı. Qarşı tərəf qızın Layiqənin yeri barədə məlumatlı olduğunu düşünüb ona qarşı hansısa addımlar ata bilərdi. Bunları təhlil edən polkovnik günahsız bir qızın zərər çəkə biləcəyini düşünərək adamına onu qorumağı tapşırmışdı. Qız elə də çox evdən bayıra çıxmırdı, cəmi bir neçə dəfə alış-veriş üçün çıxıb tez də qayıtmışdı. Həmin vaxtlarda onu uzaqdan müşayiət edən adam qalan vaxtları maşında oturmaqla keçirirdi.
Hələ ki, ötən günlər ərzində heç bir təhlükə aşkar olunmamışdı. Ola bilər ki, qarşı tərəf qızın heç nə bilmədiyini, Layiqənin ona sirr verməyəcəyini anlamış, onu rahat buraxmışdı. Rəqibin hansı qərarlar verəcəyini əvvəlcədən yüz faiz hesablamaq mümkün olmur. Ona görə də polkovnik təcrübəsinin və vicdanının ona dedyi kimi davranmış, hər şey bitənəcən bu qızı qorumağı lazım bilmişdi.
Daha çox evdə oturmağa üstünlük verən qızın axşam saat 9-dan sonra ümumiyyətlə evi tərk etməməsi məlum olmuşdu. Saatına baxan adam, təxminən əlli dəqiqədən sonra buranı tərk edə bilərdi. Səhər saat 8-də yenə də buraya qayıtmaq üçün…
* * *
Qılınc qalan işi dediyi vaxtda bitirmişdi, zəhmət haqqını verib məhəllənin yaxınlığında dayanan taksilərdən biri ilə onu Kürdəxanıya yola salmışdım. Özüm başqa bir taksi ilə şəhərə gəlmişdim. Zığ qəsəbəsindən keçəndə telefonu işə salıb mesajlar bölümünü yoxlamış, Elbrusdan məlumat gəldiyini öyrənmişdim. Daha doğrusu bu, dediyim tarixlərdə xəstəxanaya gəlmiş adamların siyahısı idi. Siyahı çox uzun idi. Siyahıdakı adları diqqətlə oxumuşdum. Təəssüf ki, görəcəyimə çox ümid etdiyim bir ad bu siyahıda yox idi. Siyahı ilə birlikdə mesaj göndərən Elbrus, adlardan cəmi ikisinin təkrarlandığını bildirirdi. Onlardan biri on iki və on doqquz aprel tarixlərində xəstəxanaya gəlmiş altmış yeddi yaşlı qadın pasiyent, digəri isə çəliklə gəzən yetmiş iki yaşlı qoca idi. Başqa təkrarlanan ad yox idi. Salamla görüşdüyünü də yazırdı. Salam deyilən tarixdə yanına gəlmiş qonağının adının Xamməd olduğunu demişdi. Ancaq siyahılarda Xamməd adlı birisi də yox idi.
Bütün bu alınan məlumatı sakit bir yerdə oturub təhlil etmək lazım idi. Gecə saatlarına planlaşdırdığım işə hələ xeyli vaxt var idi. Gülanəyə bir neçə gün gəlməyəcəyimi demişdim. İndi yaranmış bir neçə saatlıq fasiləyə görə onun yanına getməyə dəyməzdi. Ona görə də boş kabineti olan bir çayxana tapıb çay sifariş vermişdim. Çay gətirən oğlan qapını örtüb çıxandan sonra ayaqqabılarımı çıxarıb ayaqlarımı qarşıdakı stulun üstünə uzatdım, gözlərimi tavana dikib fikirləşməyə başladım.
Salamın işi ilə bağlı qurduğum fərziyyələrdən yalnız biri təsdiqlənmişdi - Salam, qonağının həqiqətən də solaxay olduğunu demişdi. Onun ünvanı və telefon nömrəsi barədə isə məlumatı yox idi. Ayrıca, Salam onun xəstəxananın ambulator qeydiyyatında olan, mütəmadi oraya gəlib-gedən xəstələrdən biri olmadığını deyib. Onda belə çıxır ki, bu Xammədi Salamın yanına gətirən sırf aralarındakı dostluqdur və hərdən gecələr gəlib onunla çay içməklə, söhbət etməklə başını qatır. Bəlkə o, xəstəxananın yaxınlığında yaşayanlardan biridir və yuxusuzluqdan əziyyət çəkir? Belədirsə, o bütün şübhələrdən kənarda qalmırmı? Bu halda mənim bütün fərziyyələrim «zibil qutusuna» atılmaqdan başqa bir işə yaramır və «Karat»ın qatilini başqa yerdə axtarmaq lazımdır.
İndi baş verənlərə əks tərəfdən yanaşaq. Salam qadağan olduğu halda, qapalı müəssisənin qapısını açıb dostu bildiyi bu adamı içəri buraxır, onunla çay içir, saatlarla söhbət edir. Bu, olduqca məsuliyyətli olan Salamın həmin adama son dərəcə etimad etməsinin göstəricisidir. Ancaq maraqlı burasıdır ki, bu dərəcədə etimad etdiyi adamın adının Xamməd, özünün isə solaxay olmasından başqa haqqında heç nə bilmir. Bu necə dostluqdur? Ən azından, Xamməd qonşuluqda yaşayanlardan birisi olsaydı, Salam bunu bilməli deyildimi? Adətən gözətçi işləyənlər ətrafda yaşayanları yaxşı tanıyırlar. Bu halda məntiq nə deyir? Belə məlum olur ki, bu Xamməd kimdirsə, düşünülmüş şəkildə iz vermir.
Yaxşı, ortaya Xamməd adlı yeni fiqurant çıxıbsa və mənim fərziyyələrim özünü doğrultmayıbsa, belə çıxır ki, az qala üç günə başa gələn bu siyahıları nahaq yerə əldə etmişik və bu qədər zəhmət də hədər imiş? İndi haqqında demək olar ki, heç nə bilmədiyimiz bu adamı harada axtaraq?
Stəkana çay süzüb bir qurtum içdim.
Açığı, xəstəxanadakı müşahidələrimə əsaslanaraq, siyahılarla və Salamın qonağının kimliyi bilinməklə bu qətl hadisəsinin açılacağına ümid etsəm də, elə ilk andan hər şeyin belə sadə olması məndə bəzi tərəddüdlər yaratmışdı. Ancaq xəstəxanada apardığım araşdırmalar ilə, bu cinayətin Salama aid hissəsində, hadisələri ardıcıllıqla bərpa edib onların doğruluğuna o qədər əmin olmuşdum ki, bu tərəddüdləri qovub nəticəni gözləməyi qərara almışdım. Nəticənin müsbət olacağına isə ümidim böyük idi. İndi belə məlum olur ki, nəyi isə gözdən qaçırmışam. Maraqlı təzadlar yaranır. Mənim az qala kino lenti kimi gözümün qabağından keçirdiyim, doğruluğuna əmin olduğum və sonradan etdiyim bir eksperimentlə doğruluğu təsdiqlənmiş fərziyyəm birdən-birə puç olur. Özü də tamamilə puç olur. Bu isə mümkün deyil. Əgər qismən, hansısa hallar təsdiqlənməzsə, bununla barışa bilərdim. Tam təsdiqlənməmə isə, hər şeyin səhv olduğuna yox, nəyisə nəzərdən qaçırdığıma dəlalət edir. Məhz elə ilk andan tərəddüdlərimə səbəb olan bir məqamı nəzərdən qaçırmağıma.
Yaxşı, bəs bu nə ola bilər? Nə qədər fikirləşsəm də, hələ ki, ağlıma bir şey gəlmirdi. Deyəsən, bir müddət Salamın işini bir kənara qoymalı olacağam.
Elədirsə, qayıdaq Qılınca. Onu yola saldıqdan sonra Kürdəxanıya çatdığı andan bir müddət sonra iyirmi dörd saat nəzarətdə olacağını bilirdim. «Bağ əməliyyatı»nın qırx faizi oradakı müşahidələrimə hesablanmışdısa da, qalan altmış faiz Qılıncın məhz bağı tərk etdikdən sonrakı addımlarını öyrənməyə yönəlmişdi və əgər mesajım ünvana çatıbsa, çox güman ki, indi polkovnikin adamları bununla məşğuldurlar. Səbirlə hadisələrin gedişatını gözləmək lazım idi.
Qılınc, heç də göründüyü kimi sadə biri deyilmiş. Bunu, birlikdə olduğumuz müddətdə müəyyən edə bilmişdim. Ancaq az danışmaqla və kontakta getməməklə qurduğu strategiya mənim əvvəlcədən onun üçün qurduğum planın yanında darmadağın olmuş, onun əsil simasını ortaya qoya bilmişdim.
El arasında «dəlilik kağızı» adlanan arayışın arxasında ikili həyat yaşayan, iti yaddaşa malik, kifayət qədər dünyagörüşlü Qılınc Qabulov, mən səni tanıdım. Bir azdan sən də məni tanıyacaqsan…
* * *
Təxminən üç saat əvvəl tərk etdiyi bağa qayıdan Xalid maşından düşüb qapının zəngini basdı. Qapını açan olmadığını görüb özündəki açarla açıb həyətə keçdi. Həyətdə heç kim yox idi. Bir qədər irəli gedib bağa boylananda oradakı işin bitdiyini, bütün ağacların altının belləndiyini görüb vəziyyəti başa düşdü. İndi o, burada yır-yığış edib bağı əvvəlki vəziyyətinə gətirməli, qapıları bağlayıb açarları polkovnikə çatdırmalı idi. Əvvəlcə evə keçib oradakı otaqlara əl gəzdirdi. Otaqları qıfıllayab həyətə qayıtdı. Həyətin ortasındakı samovarı, bağdakı alətləri aparıb yerinə qoyduqdan sonra bayaqdan diqqətini çəkən, axıra saxladığı masaya yaxınlaşdı. Dünən gələrkən gətirdiyi və içərisində nə olduğunu bilmədiyi iri idman çantası masanın üstündə idi. Ona tanış olan bağlama da çantanın yanında qoyulmuşdu. Onun nə çantanın, nə də bağlmanın içərisinə baxmağa ixtiyarı yox idi. Bunlardan başqa, şam ağacından düzəldilmiş masanın üstünə sancılmış bir mətbəx bıçağı da var idi. Bıçağın deşib masaya pərçimlədiyi dördqat bükülmüş kağız parçasında «Təcili» sözü yazılmışdı. Məktubun Arif Dadaşzadəyə ünvanlandığı aydın idi. Onun bu məktubda yazılanları da oxumağa ixtiyarı yox idi. «Təcili» sözünü oxuyan Xalid, cəld bıçağı çıxarıb məktubu cibinə qoydu, sonra çantanı və bağlamanı götürüb bağı tərk etdi. İndi, tez şəhərə getməli, məktubu sahibinə çatdırmalı idi. Maşını yerindən sürətlə götürəndə arxa oturacağın üstünə qoyduğu, şam yeməyi üçün gətirdiyi ərzaq dolu bağlamalar diyirlənib ayaqaltına aşdı. Ancaq o buna əhəmiyyət verməyib sürətlə şəhərə doğru üz tutdu. Məktubda yazılanları təcili ünvana çatdırması üçün bir dəqiqə də itirə bilməzdi.
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)