İlkin Əbəlfəz Bakıda yaşayır. Ali təhsilli iqtisadçı menecerdir.
İlk şeir yazmağa hələ məktəb illərindən başlasa da o vaxtın təfəkkürü ilə indiki təfəkkür uzlaşmır deyə əvvəlki şeirlərini deyil, 2020-ci ildən bəri topladığı şeirlərinin dərc edilməsini istəyir.
“Ədəbiyyat və incəsənət” portalında bu gün onun son yazdığı şeirlərdən bəzilərini sizlərin mühakiməsinə verəcəyik.
SON BİR NƏĞMƏ İSTƏYİRƏM SƏNDƏN, ŞAİR
Son bir nəğmə istəyirəm səndən, şair,
Dərdlərimi ovutmağa.
Həzin-həzin, köz-köz olan
Ürəyimin atəşini soyutmağa,
Göz yaşımı qurutmağa…
Son bir nəğmə istəyirəm səndən. şair,
Arzularım dilə gəlsin.
Heç kimim yox bu dünyada,
Elə bil ki, tək qalmışam,
İtirdiyim xəyallarım, duyğularım
Geri gəlsin…
Son bir nəğmə istəyirəm səndən, şair,
Təkliyimi onla bölüm.
Nəyim varsa verim ona,
Ən dəyərli əşyamı da,
Başımdakı ağlımı da,
Olan-qopan yaddaşımı,
Qəbirdəki baş daşımı verim ona.
Nolar yenə vurma düyün,
Onu görüm, sonra ölüm…
Son bir nəğmə istəyirəm səndən, şair,
Notlarında o da olsun.
Gah bəmində, gah zilində,
Hərdən evin bir küncündə
Durub elə mənə baxsın.
Gah da yolun döngəsində
Keçib dayansın qarşımda,
Dalğalansın göz yaşımda…
Gah bəmində, gah zilində,
Hər ayrılıq nəğməsində
Xatırlatdın onu mənə,
Ağrı oldun ürəyimdə.
Olan olub, keçənlər də keçib, şair,
Son bir nəğmə istəyirəm səndən, şair…
MƏNƏ SEVMƏYİ ÖYRƏT
Ay dərdimi dən bilən,
Sevincimi qəm bilən,
Ay sevgimi kəm bilən,
Mənə sevməyi öyrət!
Gecə ulduzum, ayım,
Tanrıdan sevgi payım,
Yazı yazım, say sayım?
Mənə sevməyi öyrət!
Danlayırsan, dinmirəm,
Alçaldırsan, enmirəm,
Mən sevməyi bilmirəm?
Mənə sevməyi öyrət!
Yundursa, əyləş didək,
Misal deyil həll edək,
Hansı məktəbə gedək?
Mənə sevməyi öyrət!
Aşiqinə çəkmə dağ,
Bəyənməyirsən nahaq,
Bir qələm al, bir varaq,
Mənə sevməyi öyrət!
ŞAİR
Nə yaman duyğusal olmusan, şair,
Bir az dözümlü ol, bir az möhkəm ol.
Nə yaman ərköyün olmusan, şair,
Bir az soyuqqanlı, azca ötkəm ol.
Nə yaman başını qatıblar yenə,
Yenə için-için düşüncədəsən.
Vallah, hamı səni anlaya bilməz,
Səni sevəndəsən, düşünəndəsən.
Nə yaman gözlərin qızarıb belə,
Bəbəyin elə bil qan çanağıdır.
Nə etsən, nə desən faydası olmaz,
Lap göz yaşların da el qınağıdır.
Səsində kövrəklik xırıltı nədir,
Nəsə oğurlanıb, nəyinsə sınıb?
Küskün baxışların söylə kimədi,
Kimsə, elə bil ki, qəlbini qırıb?
Amandır özünü toparla, şair,
Üzündən qəm-kədər silinsin bir az.
Yenə də ürəkdən yaz, yarat, şair,
Acı keçmiş ilə yaşamaq olmaz.
ÜSYAN
Elə dərd verdi ki, Allahım mənə,
Min ağrı bu dərdə bərabər oldu.
Gülən gözlərimin dərinliyində
Ömrüm selə döndü, dərbədər oldu.
Elə dərd verdi ki, Allahım mənə,
Hər nəfəs aldıqca dağlanır içim.
Hər şəkil, hər dəfə adı gələndə
Ox olub sancılır, köç edir köçüm.
Elə dərd verdi ki, Allahım mənə,
Bu dərdim ömürlük yoldaşım oldu.
Fərmanı verildi gələn günlərin,
Cəlladtək üstünə möhürün vurdu.
Elə dərd verdi ki, Allahım mənə,
Dərd də özlüyündən utandı, vallah.
Daha yorulmuşam, daha ölürəm,
Məni öz yanına apar, ay Allah.
DÜNYA
Hamımızın gözündə nəm,
Əsir alıb sevinci qəm,
Qan ağlayır dünya-aləm.
Nə boşluğun bir boşluğu,
Nə dolunun dolusu var.
Hər şeyin bir yalanları,
Hər şeyin öz doğrusu var.
Kitablar da səhv yazılır,
Quş da quştək civilləmir.
Topuğuna daş dəyənlər
Aslan kimi inilləmir.
Bağlı qapı arxasında
Min hoqqadan çıxır ismət.
Sevgi bitir yataqlarda,
Allah kərim, ya da qismət.
Gücü çatmır çöldəkinə,
Söz deməyə ər kişinin.
Xəyanətsiz öz evini
Yaşatmağa hər kişinin.
Seçim qoyur qarşımıza,
Heç baxmayır yaşımıza,
Yazır qəbir daşımıza
“Bu, dünyadan nakam gedir.”
Yavan çörək doyuzdurmur
Yetim-yesir uşaqları.
Nə atılan körpələri,
Nə boş qalan qucaqları.
Qurban etmə günahlara,
Qıyma yazıq insanlara.
Ömrü keçən qarı dünya,
Çovğun edən qarı dünya.
Bizi kama yetirməsən,
Səni görüm qarı, dünya.
MƏN ÖLƏNDƏ
Ölən vaxtı hamını yığacam ətrafıma,
Mən öləndə qəbrimə heykəl də qoydurarsız.
Sevmirəm sadə qəbir, yaraşmaz heç adıma,
İmkan olsa, heykəli mərmərdən yondurarsız.
Qoy uzaqdan seçilsin sadə qəbir içində,
Bolluca ehsan verin üçündə, yeddisində,
Tanınmış molla olsun qoy mənim məclisimdə,
Adıma üç-dörd “kuplet” şeir də yazdırarsız.
Malımdan və mülkümdən kimsəyə pay verməyin,
Mən kasıbı sevmirəm, kasıbı dindirməyin,
Dəyməyin pullarıma, acları güldürməyin,
Nəyi qoyub getmişəm, eləcə saxlayarsız.
Onsuz da bilirəm ki, haqqıma girəcəksiz,
Bu nanəcib, vicdansız, bu alçaq deyəcəksiz,
Kömək etmədim deyə arxamca söyəcəksiz.
Qəbirdən xortdayaram, çox dərin basdırarsız…
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)