“Ədəbiyyat və incəsənət” portal “Oxucularımızın yaradıcılığı” rubrikasında bu gün sizlərə Cəfər Atayevin “Quyu” hekayəsini təqdim edir.
Əslində hər şey qaydasında gedirdi. Davutlu kəndinin sakinləri həmişəki kimi öz həyatlarına davam edirdilər. Ta ki o günə kimi...
İl 1989. Qəribə bir yay günü idi. Ağaclar yaşlı insan kimi görünür, budaqları isə vahimələndirirdi. Hələ ayda qırmızımtıl parıldayırdı. Sanki təbiət bu günü özəl edəcək nəsə hazırlamışdı. Yorğun bir günün sonunda Nazlı, sanki illərin yorğunluğunu göstərən gözləri yumulmasın deyə özünü zar-zor tuturdu. Yelləncəyində mürgüləyərək yellənən Nazlı arxadan gələn bir səsi eşitcək diksindi. Astaca balaca əlləri ilə yorğun gözlərini, iri, açıq, zilqara bəbəklərini sanki “bir azca da oyaq qal” deyərmişcəsinə ovuşdurdu.
Səs bağın ortasındakı ağacların arasından gəlirdi.
Nazlı az sonra olacaqlardan xəbərsiz, ağlında “bu toyuqları hinə salmaqdan bezdim, bunlar çıxmaqdan bezmədi”- deyə deyinərək ora yaxınlaşdı.
Nəhayət üç yaşlı, bədheybət ağacın arasından gələn səsə boylandı. Orada heç nə yox idi. Az öncə gələn səs isə gah sağdakı ağac tərəfdən, gah soldakından, gah da tam qarşısındakından gəlirmiş kimi əks-səda verirdi. Nazlı reaksiya vermədən donub qalmışdı, olanlara kiçik beynində bir anlam verməyə çalışırdı. Alnından süzülən soyuq tər damcılarının neçəsi qara iri bəbəklərinin içinə gedib göynədir, neçəsi yanağından çartlamış dodağlarını yandıraraq süzülürdü. Ağzı açıq, dəli kimi gah sağa, gah sola boylanırdı. Sanki ayaqları yerə yapışıbmışcasına bədənini tərpədə bilmir, bu hadisədən qaçıb qurtulammırdı.
Bu dəmdə yanındakı quyudan gələn körpə çığırtısı Nazlının bütün bədənini titrətdi, bu səs indiyə qədərki vəziyyəti tamam dəyişmişdi. Elə bil ruhu bədənindən çıxdı, yox-yox, sanki ruhu bədəninə daxil oldu, ya da yox, bu ruh deyildi... Bu tam başqa bir şey idi. Bu şey Nazlının zülmət qarası gözlərini parıldadıb, beynini keyləşdirmişdi. Lakin quyudakı inilti dinməmişdi.
Az sonra özünü uşaq ağlaması və ara bir fəryad səsi ilə əvəz edən bu inilti Nazlının balaca qəlbində həm qorxu, həm mərhəmət hissi oyatdı. Quyunun qapısını açmağı tapşırırdı içindəki səs, belə də etdi. Çətinliklə də olsa bu dəmiri yerə salmağı bacarmışdı. Amma quyunun suyu çəkilmişdi. Su yerinə yerdə üçbucaq şəklində bir-birinə yaxın üç yanılı şam var idi, ortasında isə bir gəlincik. Bunca fəryadın bu vahiməli gəlincikdən çıxması nə qədər ağılasığmaz olsa da, o şamları ora kimin qoyması və hələ yandırması düşüncəsi daha betər qorxudurdu adamı... Bu, başdan ayağa dəlilik idi.
Bütün bədəni qan tər olan Nazlıya içindəki səs o gəlinciyi xilas eləməyi tapşırdı. Uzun kəndir tapıb, bir ucunu belinə bağlayıb, digər ucunu isə quyunu əhatə edən 3 ağacın ətrafında dəfələrlə dolayaraq nəhayətində bağlaya bildi. Dərindən nəfəs alıb quyunun üstünə çıxdı. Astaca birinci ayaqlarını, sonra bədənini quyuya saldı.
Sağa-sola baxır, sanki çırpınırdı bu boşluğun içində.
Nəfəsi daralır, quyunun dərininə düşdükcə ciyərləri ağırlaşırdı. Getdikcə uzanan uzun yolun sonunda quyunun dibinə enməyi bacardı, amma bu dəmdə bədəni yüngülləşmişdi, sanki illərlə bədənində həbs olan bir şey azad olmuşdu.. Bir qədər donub, daha sora gördüyünə inana bilmədi. Yerdə nə şamlar, nə də gəlincik var idi.
Nazlının gözlərinin parıtlısı itdi. Tez əlini bura düşdüyü kəndirə atanda orda kəndirin olmadığını gördü. Son dəfə çabaladı, başı gicəlləndi, yerə yıxıldı. Gözünü açanda özünü qaranlıq bir otaqda tapdı. Bu, otaq da deyil, tunel idi, damdar idi, məzar kimi. Yox-yox, geniş idi.
Nazlı getməyə başladı, get-gedə uzanan yol isə onu yorurdu. Budur, o çatmışdı. Qarşısında yol ayrıcı və hər yol ayrıcında bir qapı durmuşdu. Sağdakı qapı tərəfdə qışqırıq, fəryad, soldakından isə gülüş səsləri yüksəlirdi. Nazlı özü də bilmədən bir-birindən bağımsız iki kainatın ortasında idi. Bir qədər düşünüb gülüş gələn qapıya tərəf qaçdı. Nazlı qaçdığca qapı ondan daha da uzağa düşürdü..
Yorulan Nazlı içindəki bir səslə daha da şiddətli qaçmağa başladı.
“Get, get, sən bacararsan!”
Nazlı qapıya yaxınlaşanda artıq təmiz taqətdən düşmüşdü, yorğunluq ifadə edən qara gözləri bozarmış, göz altları sallanmış, ayaqları isə sanki bədənindən uzaqlaşmaq istəyirmiş kimi qaçırdı. Boğazı o qədər qurumuşdu ki, elə bil, illərlə suya həsrət olan səhra yerləşirdi ağzının içində.
Bayaqdan yanında qaçıb fikir vermədiyi bir budağa gözü sataşdı. Bu budaq Cənnətdən çıxmışdı. Budağın üstündə isə parıldayan almalar göz oxşayırdı.
Sol əlini bir ümüdlə atıb almanın birini qopardı...
***
Səhər saatları.
Ailə 9 yaşında Nazlını bütün qorum-qonşudan sorub-soruşdurandan sonra, ümidini üzüb, ən yaxın polis şöbəsinə üz tutdu. Həyətdə axtarış zamanı qapağı yarımçıq qoyulmuş bir yer quyusu polislərin diqqətlərini çəkdi. İçində isə Nazlının şişmiş, cansız bədəni. Əlində isə bir dişlənmiş alma.
Uzun tərəddüddən sonra ailə qızın yuxuda gəzdiyini etiraf etdi və cinayət işi bağlandı.
O hadisədən bir həftə keçmişdi ki, ailəni gecə yarısı bir səs oyatdı. Quyudan uşaq çığırtısı səsi gəlirdi...
“Ədəbiyyat və incəsənət”
(31.07.2023)