Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

 

31–ci dərc

 

Xalid səhər yeməyi üçün lazım olan ərzaqları hələ dünəndən gətirib soyuducuya qoymuşdu. Bircə çörək alacaqdım. O da yaxınlıqdakı təndirxanada bişirilirdi. Ancaq tez durduğum üçün hələ çörək hazır olmazdı.

Gecə cəmi bir neçə saat yatmışdım. Qılıncı söhbətə tutmaq cəhdlərim heç bir fayda verməmişdi. Çayını içəndən sonra qətiyyən yorulduğu hiss olunmayan Qılınc dincələcəyini deyib otağına keçmişdi. Elə həmin saatdan planımın bağa aid əsas fazası işə düşmüşdü. Nəticədə gecə saat 3-də yatmış, 6-da oyanmışdım.

Əvvəlcə bağa keçib dünən görülən işin həcminə baxdım. «Ev sahibi» kimi, bu məni mütləq maraqlandırmalı idi. Bu zalım balası alağı təmizləməklə yanaşı, bir neçə saata bağın az qala üçdə bir hissəsindəki ağacların dibini də belləmişdi. Belə getsə, axşama bütün bağı belləyib qurtaracağına şübhə yoxdur. Nə vaxtsa bu baxımsız bağına gələndə Vaqif müəllimin necə sevinəcəyini təsəvvür edib gülümsədim.

Səhər mehinin gətirdiyi təzə bişmiş təndir çörəyinin iyi burnuma dəyəndə samovarı alışdırdım. Süfrəni hazırlayıb çörək almaq üçün çıxdım. Qayıdanda Qılıncı həyətin ortasında dayanan gördüm. Əl-üzünü yumuş Qılınc sönməməsi üçün samovara odun atırdı.

-Sabahın xeyir, axşam hava qaraldı, baxmağa imkan olmadı, maşallah xeyli iş görmüsən dünən.

-Nə qədər tez olsa, o qədər yaxşıdır, -salamlaşmağımı qulaq ardına vuran «qonağım» işini bacardığı qədər tez qurtarmaq istədiyini eşitdirdi.

-Mən tələsmirəm, necə istəyirsən, hələ bəlkə bu gecə də burada qalası oldum, -qəsdən özümü heç bir işi olmayan, heç yerə tələsməyən biri kimi göstərdim.

-Samovar qaynadı.

-Aha, əla, sən keç otur, mən çayı dəmləyim.

Qılınc süfrənin arxasına keçib çayı gözləmədən yeməyə başladı. Bir anda həyətdəki masada açdığım süfrədəki altı yumurtadan beşinin ancaq qabıqları qaldı. Bundan sonra yəqin sonuncu yumurtanı mənimçün saxlayan Qılınc yağ-pendirə keçdi. Dünənki müşahidələrimi nəzərə alıb, iki təndir çörəyi götürmüşdüm və başa düşdüm ki, çox düzgün eləmişəm. Qılınc artıq çörəyin birini yox edib ikinciyə keçmişdi. Çayları süzüb mən də süfrəyə oturdum. Oturmağımla gələndən az danışmağa üstünlük verən Qılıncın sual verməsi bir oldu.

-Mən qaldığım otaq kimindir?

Aha, deyəsən nəhayət bu hərifi tarazlıqdan çıxara bilmişəm. Bu sualın veriləcəyini gözləyirdim və cavabım hazır idi. Ancaq cavab verməmişdən əvvəl diqqətlə onun gözlərinin içinə baxdım. Şüşə təsiri bağışlayan gözlərdə heç nə dəyişməsə də, mən orada kiçik bir qığılcım görə bildim. Ani olaraq parıldayıb tez də sönən bir təlaş qığılcımı. Deməli, doğru yoldayam. İndi suala cavab verməyin vaxtı idi.

-O otaq qardaşımındır. Bu bağ bizə atamızdan qalıb. Böyük qardaş olsa da, o bağdan imtina etdi. Dedi, elə bircə otağım olsa bəs edər. Mən də o otağı ayırdım, əşyalarını gətirib yığdı. İndi hərdən-birdən gəlir, elə mənim kimi. Özün görürsən, bura çox da gəlib-gedən yoxdur. O biri otaqları lap toz basıb. Ona görə sənə o otağı ayırdım ki, rahat dincələsən.

-Qardaşının neçə yaşı var ki?

Bəli, hərifin dili açılır. Həyatda bir dəfə də olsun üzünü görmədiyi, «virtual» qardaşımın yaşı Qılıncı maraqlandıra biləcək ən lazımsız məlumat olmalıdır məntiqlə. Ancaq dünəndən bəri üst-üstə üç kəlmə kəsməyən qonağım səhər açılan kimi az qala bülbül kimi ötür. Təbrik edirəm detektiv. Qurduğun planla yenə də özlərini çox ağıllı sayan bu zümrədən yüksəkdə durursan. Bu sualın da cavabı hazır idi.

-Bu yaxında yubileyini qeyd etdik, əlli beş yaşı oldu.

Bu, sağ olarsa, iyirmi beş yaşında qətlə yetirilmiş Əmirxanın indi olacağı yaş idi. Hərif, qardaşımın yaşını soruşmaqla Əmirxanın yaşı ilə müqayisə etmək istəyirdi. Sualına cavab alan Qılınc başını tərpədib heç nə demədi. Ancaq mənə altdan-altdan şübhə ilə baxmağa başladığı nəzərimdən qaçmadı.

Adama bir stəkan da çay içib ayağa qalxdıq. Mən süfrəni yığışdırmaq, Qılınc isə bağa keçmək üçün. Əslində, mənə lazım olan şeyləri dəqiqləşdirmişdim. Ancaq çıxıb gedə bilməzdim. Xüsusilə heç bir işimin olmadığını demişdimsə, səbir edib öz rolumu axıra kimi oynamalı idim. İndiyə elə bir işim də yox idi. Amma bu gecə çox vacib olan bir şeyi edəcəkdim. Elə bir şey ki, onu mənə bu tapşırığı vermiş Arif müəllimdən də gizlətməyə məcbur idim. Günortaya yaxın Xalid yemək gətirəcəkdi. O vaxta qədər yatıb yuxumu almaq, həm bu gecəki yuxusuzluğu, həm də son günlərin yorğunluğunu çıxarmaq pis olmazdı. Bağa keçib Qılınca dedim:

-Mən bir-iki saat yatacam. Nə isə lazım olsa, səslə.

Qılınc yenə başını tərpədib heç nə demədi.

Evə girib ikinci mərtəbəyə, yataq otağına qalxdım. Məmnuniyyətlə telefonumu işə salıb Elbrusdan məlumat gəlib-gəlmədiyini yoxlayardım. Ancaq bunu burada etmək olmazdı. Çarpayıya uzanıb gözlərimi yumdum.

 

* * *

Yuxudan ayılan «Qızılbaş» uzandığı yerdə gecədən içdiyi içkinin təsirindən keyimiş gicgahlarını ovdu. Gecə həddən çox içmişdi, səhərə yaxın yuxuya getmişdilər. Bir qədər gözləri açılanda başını döndərib uzandığı iri çarpayıda sol tərəfinə baxdı. Yorğanı sinəsinə çəkmiş Lalə mışıl-mışıl yatırdı, uzun saçları balışa səpələnmiş, dizdən qatladığı sağ ayağı yorğandan bayıra çıxmışdı. Bir qədər onun çılpaq ayağına baxan «Qızılbaş» özü-özünə, -«İt qızı, elə bil şeytandır, imkan verməyib yatım» -deyib çarpayıdan qalxdı və duş qəbul etmək üçün hamam otağına keçdi. Bir azdan əlində qətfə qurulana-qurulana otağa qayıdanda qızı hələ də yatan gördü. Yaxınlaşıb onun çiyninə toxundu. Qız nə isə mızıldanıb üzü üstə çöndü. Bunu görən «Qızılbaş» dartıb yorğanı onun üstündən çəkib yerə atdı.

-Dur görüm, yatıb qalmışam, yeməyimin vaxtı keçib, dur keç yuyun, yeməyə düşürük.

Təzədən arxası üstə çevrilən qız tənbəl-tənbəl gözlərini açıb ona baxdı, sonra gülümsəyib nazlana-nazlana dedi:

-Sabahın xeyir, canım, hirslənmə, dururam.

-On beş dəqiqədən sonra səni aşağıda gözləyirəm.

Bunu deyən «Qızılbaş» qurulandığı, bədəninə keçirdiyi hamam xalatının kəmərini bağlaya-bağlaya qapıya tərəf getdi.

Qız çarpayıdan qalxıb çılpaq bədənini oynada-oynada hamam otağına keçdi, oradakı buxardan tərləmiş bədənnüma güzgünü əli ilə silib bir qədər özünə baxdı, sonra baxışlarını aşağı endirdi. Göbəyinin altında, sol tərəfdə döydürdüyü qırmızı rəngli tikanlı qızılgül döyməsini əli ilə sığallayıb gülümsədikdən sonra qaynar suyu açıb duşun altına girdi. Görüşdüyü kişiləri ehtirasa gətirən bu döymənin onun üçün nə məna daşıdığı yalnız özünə məlum idi…

 

* * *

Qapının zənginə oyandım. Yəqin Xalid yeməyi gətirib. Deməli günortadır, xeyli yatmışam. Saata baxdım, ikinin yarısı idi. Yuxumu almağım yaxşı oldu. Qalxıb aşağı endim. Həyətə düşəndə zəng bir də çalındı. Yaxınlaşıb qapını açdım. Əlində yemək dolu zənbil tutmuş Xalid salamlaşıb zənbili mənə uzatdı. Təlimata görə o burada ləngiməməli idi. Bu, Qılıncın fürsət tapıb onu artıq sorğu-suala tutmasının qarşısını almaq üçün idi.

Ona görə də yeməkləri verib tez də sağollaşdı. Qapını təzədən bağlayıb həyətdəki masanın yanına gəldim. Yeməkləri masaya düzə-düzə gözucu bağa tərəf baxdım. Bağın dördə üçünü belləmiş Qılınc öz işində idi.

-Gəl yuyun, yemək gəlib, -deyib, onu səslədim.

Qılınc əlindəki beli torpağa sancdı. Ağacdan asdığı köynəyini götürüb çiyninə atdı və həyətə tərəf gəlməyə başladı.

Bir azdan yuyunub süfrəyə oturanda, -Mən iki saata işimi qurtaracam, -deyib, yeməyə girişdi.

-Lap yaxşı, uşağa dedim işlərini görüb qayıtsın. O vaxtacan gəlməsə, səni taksi ilə yola salaram.

Xalidin Qılıncı gətirməsində heç bir şey yox idisə də, onu geriyə, Kürdəxanıya aparması, bağda ləngiməməsi kimi, qətiyyən nəzərdə tutulmamışdı. Qılıncın, axtardığımız adam olmasına uyğun gələn xeyli əlamətlərin olması, xüsusilə gecəki müşahidələrimdən sonra doğru yolda olduğuma əminliyimin artması onun bu təcrübəsiz gənclə uzun bir yolu gedərək onu söhbətə tutmasını da təbii ki, yolverilməz edirdi. Ona görə, Xalidin belə tez gəlməyəcəyini bilsəm də, «qonağıma» bu yalanı uydurmaq vacib idi.

Süfrəyə baxanda, bir qədər də geciksəm, mənə heç nə qalmayacağını görüb əlimi yeməyə uzatdım. Ola bilərdi ki, bu gün daha nə isə yemək imkanım olmasın, ona görə də kəmərin altını mütləq bərkitmək lazım idi.

Bir azdan, taxıl zəmisini biçən kombayn kimi süfrənin o başından girib bu başından çıxan Qılınc doyub bərkdən gərnəşdi. Daha samovar qaynatmağa heç bir həvəsim yox idi. Ona görə də Xalidin gətirdiyi mineral su şüşəsinin qapağını açıb ikimizə də su süzdüm. Qılınc suyu qurthaqurtla içib ayağa qalxdı. Süfrəyə oturarkən geyindiyi köynəyinin düymələrini aça-aça bağa tərəf getdi.

Əgər Qılınc səhv etmirdisə, iki saatdan sonra işini bitirəcəkdi və onu yola salacaqdım. Bundan sonra mənim burada qalıb vaxt itirməyimə bir lüzum yox idi. Xaliddə bağın ehtiyat açarları var idi. Axşam yemək gətirmək üçün gələndə qapının bağlı olduğunu görüb özü hər şeyi başa düşəcək, özündəki açarla qapını açıb burada yır-yığış edib gedəcəkdi. Mənsə, taksi ilə şəhərə qayıdacaq, orada görəcəyim işləri əldən çıxaracaqdım. İndiki halda məni ən çox maraqlandıran Elbrusdan xəbər gəlib-gəlmədiyini bilmək idi. Bunu bir qədər uzaqlaşdıqdan sonra taksidə telefonumu işə salıb öyrənəcəkdim. Həqiqətən də, bu araşdırma heç bir əvvəlki araşdırmaya bənzəmirdi. Telefondan davamlı şəkildə istifadə edə bilməməyimiz işimizi xeyli çətinləşdirirdi. Ancaq bütün bunlar qarşı tərəfin kimliyi nəzərə alınıb edilən təhlükəsizlik tədbirləri idi və edilməsi son dərəcə vacib idi.

Görüşlərimiz zamanı Arif müəllimin qayğılı görünməsi, hətta məni xəbərdar etməsi elə-belə deyildi. Bunun nə olduğunu gözəl anlayırdım. Böyük ehtimalla mənim ölüm hökmüm verilmişdi. Rəqib - küçədə qadınların qulağından sırğanı və ya boğazından qızıl zənciri qoparıb qaçan soyğunçular yox, əlaqələri ölkə hüdudlarından da çox-çox uzaqlara şaxələnən bir «imperiya»nın başında duran, başqalarının qanı bahasına qurduqları bu «imperiya»nı dağılmaqdan qorumaq üçün hər şeyə hazır olanlar idi. Daha cinayətkarlar illər əvvəl olan cinayətkarlar deyildilər. Onlar, mümkün olan hər yerə öz adamlarını yeləşdirir, bizneslərinə ən savadlı mütəxəssisləri cəlb edir, hər ayın sonunda aparılan leqal və «qara» mühasibatlığın nəticələri onlara təqdim olunur. Bu adamların adları və imzaları heç yerdə, heç bir sənəddə keçmir, hər şeyi kənardan idarə edirlər. Əksər hallarda onlara işləyən adamlar kimə və nəyə xidmət etdikləri barədə məlumatsız olur, vicdanla onlara tapşırılan işləri yerinə yetirirlər. 

Canavar sürüsü öz ərazisinə daxil olan istənilən canlını parçaladığı kimi, canavar qanunlarının hökm sürdüyü bu aləmdə də istənilən kənar müdaxilə müdaxilə edənin tikə-parça olması ilə nəticələnirdi. Heç kimin və heç nəyin bağışlanmadığı bu aləmin adamları təhlükənin sovuşmasına yalnız qan gördükdən sonra əmin olurdular. Mənimsə, kimlərsə tərəfindən parçalanmaq heç cürə planlarıma daxil deyildi. Kifayət qədər qıcıqlandırmağa nail olduğum bu adamların indi əlimdən necə zəncir çeynədiklərini təsəvvür edirəm. Ancaq bu xoşbəxtliyi onlara nəsib etməyəcəyəm. İndiyə qədər mən onların yalnız əsəbləri ilə oynamaqla kifayətlənir, eyni zamanda buraxdıqları səhvlərdən faydalanırdım. Bu gecə isə, onlara ilk ağır zərbəni endirməyi düşünürəm. Artıq buz qırıldı, cənablar. Mən yenidən ovdan ovçuya çevrilirəm. Kələfin ucu əlimdədir. İndi onu yumaq kimi yığa-yığa sizə yaxınlaşacağam. Çox yaxınlaşacağam. Nəfəsimi boynunuzun arxasında hiss edəcək, ancaq çönüb baxanda heç kəsi görməyəcəksiniz. Görə bilməyəcəksiniz. Çünki mən, sizin yemişbaşınızdan, qoca çəkməçini izləyən, Layiqəni qaçırmağa gələn və başqa neçə-neçə adamınızdan, başını qızıla bərabər tutduğunuz «Qızılbaş»ınızdan, məni öldürməyi tapşırdığınız qatilinizdən qat-qat təcrübəliyəm. Mən, Daxili İşlər Nazirliyinin əməliyyat aparatının yetişdirdiyi, bu işlərdə sizin ağlınıza belə gətirə bilməyəcəyiniz kombinasiyalar qura bilən, oddan-alovdan keçmiş əməliyyatçı, peşəkar polis zabitiyəm. Məni axtarırdınız, gözləyin, mən özüm gəlirəm…

 

 

 “Ədəbiyyat və incəsənət”

(28.07.2023)

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.