“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində Nəsr saatında bu gün oxuculara Orxan Həsəninin növbəti “Çiy balıq” adlı hekayəsini təqdim edəcəyik.
R. üçün
I
– Xəbər tutsalar, ikimizin də axırıdı. 10 manat! Bundan aşağı düşmərəm. Bildin? Mən bir yol tapıb başımı soyudacam, tanış bəs deyincə. Sən necə? Hamı özü üçün. Burda dincəm, problem istəmirəm.
– 10 manat çoxdur. 5 manat eləyin. Uzağı beş-altı dəqiqəlikdi.
– Beş-altı dəqiqə? Hələ baxarıq ona. Bu işin qiyməti yoxdur. Özün bilərsən.
– 5 indi verəcəm, 5 də sonra. Başqa cür alınmır.
– Sonra nə vaxt?
– Poçtdan nə vaxt gəlsə, o vaxt.
– Bura poçt işləyir? Olmaz. Nağd lazımdır.
– İşləyir, niyə işləmir? Bir də neyləyəcəksiz nağdı? Xərcləməyə yer olsa, hə. Pul eləcə quru kağızdı. Yoxumdu. Neyləyim? Ancaq sonra verə bilərəm.
– Bilmirəm nə deyim!
– Bilirsiniz, gözəl bilirsiniz! Düyün iş deyil. Göz qabağındayıq. Heç kim heç yana qaçammaz. Burdan qaçmaq olar? – mən gülümsədim və pəncərənin o tərəfində, qızmar günəş altında pas tutub qaralan tikanlı telləri göstərdim. O yumşaldı, gözləri qısa məsafədə tikanlı tellərə kilidləndi, açıldı.
– Hmm. Yaxşı. Xətrini çox istəyirəm sənin, ona görə razılıq verirəm, yaxşı oğlansan, etibarlısan, yoxsa heç kimə görə belə işə qol qoymaram. Rəis bilsə, məni saldıracaq aşağı. Heç kim aşağı düşmək istəməz. Sən istəyərsən? Sən də istəməzsən. Günorta yeməyində xəbər edəcəm. Vaxtı təyin edərik. Adı kağıza yaz, bük pula, istirahət otağındakı ortadan ikinci masanın sol ayağını qaldır, boşluq var, özüm açmışam, gizlicə dürt ora. Sən canın, elə iş gör, heç kim xəbər tutmasın. Kimsə, bilsə, ikimiz də yandıq, kül olduq. İndi xidmətə çıxırsan?
– Hə. Vaxtdır, mən gedim. Razılaşdıq. Adı indi də deyə bilərəm.
– İndi demə, birdən yadımdan çıxar, səhvlik olmasın. Kağıza yaz. Karıxıb kağzı sinif dəftərlərindən cırarsan ha. Qəti! Başqasından da istəmə. Şübhə çəkərsən. Dəftərin var? Qoy mən verim. – cibindən qeyd dəftərini çıxarıb vərəqi səliqəylə cırdı. – al götür, buna bükərsən. Adı səliqəli yaz. Oxuya bilməsəm, səhv olsa, başqası çıxsa, məndən bilmə, puluma baxaram, günah səndədi. Di get, ya da yox, qoy birinci mən çıxım, sən beş dəqiqə sonra çıxarsan. Xidmətdən qayıdanda həll et onu. Günorta yeməyindən sonra vaxtı deyəcəm. Hamı siqaret çəkməyə gedəcək. Sən getmə. İstirahət otağında, dediyim yerdə gizlə kağızı. Di sağ ol.
O çıxandan sonra düz beş dəqiqə saniyəbəsaniyə anbarda hərəkətsiz gözlədim. Tül pərdəylə örtülü pəncərədən sarı və susuzluqdan cadar-cadar olmuş torpağın döşənib uzandığı hüdudsuz genişliyi seyr etdim. Həyat burda tozu-torpağı sovurub burulğan yaradan küləklə axırdı. Axıb genişliyin üstünə alovdan odeyal kimi sərilirdi. İsti atları əldən salır, çox uzaqda hörüklü madyanlar döyükürdü. Sapsarı genişliyin bitdiyi yerdə buludları papaq kimi başına keçirmiş dağlar dikəlirdi.
Bayıra çıxdım. Anbarın sərinliyi birdən canımda sındı, isti axına düşdüm və kölgəylə addımlayıb yeməkxanaya buruldum. Hə, burdan keçmək olmazdı. Yeni silinən döşəməyə düşən addım izlərim görünməmiş, aşpazı yüngül zarafatla qıdıqladım:
– Bu gün yenə yapon mətbəxinə müraciət etmisiniz, cənab? – uydurma nəzakətlə.
– Hə, soba qızmadı, balıqlar yenə çiydi – o gülümsədi. Çirkli döşəmələrdən qaşları çatılacaqdı bir azdan.
Aşpazın gülüşü sınmamış uzun, bəyaz koridora yön almışdım. Koridorun divarlarda çatlar vardı. Bina dağın döşündə, seysmik xəttin düz ürəyinin üstündə uzanmışdı. Tez-tez qopan zəlzələlər divarlara caynaq izini – çatları salır və çatlar qeydiyyata alınırdı, sənəd hazırlanırdı, imzalanırdı və baş vermə tarixi yazılır, imzalı kağızlar divara keylənirdi. Koridor boyu uzanan çatlara yapışan kağızlar ərazinin seymik gündəlikləri idi. 2006-cı ilin iyulun 24 də baş verən zəlzələ divara ildırımvari iz salmışdı və iz uzanıb gəlib 2008-ci ilin 14 yanvarındakı başqa izə qovuşmuşdu, sonra qucaqlaşan iki iz axmışdı, qalınlaşmışdı, bu qalın çatın üzərində də 2010-cu il 4 oktyabr yazılmışdı.
Bəli, koridoru görünmədən başa vurmaq üçün gərəkdi görünməz olasan. Mən görünməz deyildim, lakin çiynim elə indicə odun təkin yarıla, xoş yeniliyin yarığından iki qanad çıxardı və uzun və bəyaz koridorda gözə görünmədən yeriməzdim, xoşbəxtlikdən uçardım. Bircə hər şey axarında gedəydi, sövdələrin tarazlığı pozulmayaydı, o qızıl, munis an çatanda, yəni hər şeydən bir boy yuxarıda gəzişdiyim, çiynimdəki qanadlara can verdiyim, kürəyimi olub bitən nə varsa, söykəyib arxayınlıqla siqaret sümürdüyüm məqam yetişəndə “yaşayıram” deyəydim.
Vəssalam, “yaşayıram”. Sonrası eyni həyat idi, eyni gün idi, eyni yol. Bir də nə vaxtsa, ələ fürsət düşərdi, qiymətin verərdim. İndi özgə nəsə düşünən deyiləm. Demək ki, hər şey hazırdır. Pulu verəcəm, adı yazacam, beşcə dəqiqə. Saniyəsini bilmirəm, bax necə unutmuşam. Yaddaş bıçağım kütləşib, kəsmir.
Koridorun sonunda yataqxananın açıq qapısı görünürdü. İçəri keçdim, aşağı qatdakı təsadüfi çarpayılardan birinə uzandım, sinəmdən gicgahlarıma qalxan şirin giziltinin duya-duya nələrsə xatırlmağa çalışdım, lakin əlimi sıxan boz-bullanıq səhnələr idi, əlimi sıxdılar, silkələdilər, sözlərdən, səslərdən özgə heç nə tökülmədi. Tanış deyildi bu səhnələr, boz olan hər şeyə ögeydim, ögey, ancaq bilirdim ki, sövdələşmənin sonunda həyata yenidən rəng gələcək, keçmişi rəngli xatırlayacam, səslərin, sözlərin arxasına keçəcəm, yenidən ruhumda bişirib hazır saxladığım ikinci həyata sığınacam. İkinci həyat – gerçəklərdən xilas, mənəvi bunker.
Saatı yoxladım. Xidmət vaxtına yarımca saat qalıb. Dikəlib əyləşdim çarpayıda. Çəkmələrimin ipini açıb yenidən sıxdım, düyünlədim. Gərək Şairovu oyadım. Yarım saata çətin hazır ola.
– Hey, qalx görüm, igid. Sənlə deyiləm? Oyan, xidmətsən! – mən qalxıb onun çarpayısını yanladım və sarı mələfənin altındakı bədənini əlimlə yoxladım. Diksinib oyandı.
– Xidmətdən bayaq gəlmədim? – yuxulu-yuxulu söylədi.
– Səhər olub, xəbərin yoxdu. Oyan görək!
– Axşam gec olur, səhər tez. Bu nədi e, ala?
– Dur əynini geyin, vaxt yoxdu!
Şairov qalxıb ikinci mərtəbədən aşağı düşdü. Əynini səliqəylə geyinərkən onu izlədim və cibimdə bilmirəm, nə vaxtdan qalan nəm günəbaxan tumlarının qabığını dırnaqlarımın arasında sıxıb təmizlədim, atdım ağzıma.
Şairovun çılpaq bədənində aydın seçilən sümükləri qumsaldakı xırda daşlıqları xatırladırdı.
– Bəlkə, gedib silahları təhvil alasan? – o dedi.
– Silahlar hazırdı.
– Güllələri də doldurmusan?
– Əvvəlki xidmətlərin daraqlarıdı.
– Bir gün zibilə keçəcəyik ha bu işin üstündə, məndən demək! Qol çəkirəm ora, güllələrdən biri kəm gəlsə, boynumuz bıçaq altındadı.
– Yaxşı, onda cəld ol, özününküləri boşaldıb sayarsan.
– Niyə boşaltmıram, boşaldaram. Daraq boşaltmaq nədir ki?
– Yaxşı, az artistlik elə. Silah otağının qabağındayam, gəl ora, cəld ol!
Mən yataqxanadan çıxıb yenidən uzun və bəyaz koridora daxil oldum. Koridorun solunda silah otağı idi.
– Silahlar hazırdı? – növbətçini görüb soruşdum.
– Hazırdı. O çolpa hardadı?
– İndi oyatdım, gəlir.
– Üz vermə bunlara, səndən əvvəl hazır olub gəlməliydi.
– Elə demə, Şairov təmiz adamdır.
– Təmizdi, özünə təmizdi, mənə nə? Götür silahları. Nömrəsini yoxla ha, sonra xata olar! – ehtiyatla söylədi və gözləri iriləşdi.
– Mən nə vaxtdan nömrə ilə silah yoxlamışam, cavan? On metr uzaqdan tanıyıram silahımı. Çaşdın ha, deyəsən! – gülümsədim.
– Səni demirəm, Şairovun silahını.
– Hə, bu başqa məsələ. Təmiz adamdı Şairov! Rəis ağzın qaşıyır onun. Gecəsi gündüzü yoxdu. Səhər, axşam xidmətdədir.
– Rəis kimin ağzın qaşımıyıb ki? Yəni burda elə xoşbəxt adam var? O da bundan kayf tutur. Yeni gəlib, gözün qırmaq istəyir ki, sabah baş qaldırmasın. Həmişəki qayda-qanun.
– Əşi, nəysə, düz deyirsən. Bura bax, daraqlarda problem yoxdu ki?
– Nə problem olasıdır ki?
– Nə bilim, qol çəkirik də, birdən güllələrdən kəm gələn olar, problem yaşamayaq.
– A kişi, mənim verdiyim daraqda nə problem olacaq? Sən də çaşırsan ha, deyəsən? İnciyirəm, özüm ölüm. İstəyirsən, boşalt, say, təzədən yığ. Bu daraqları verdiyim adamları elə tənbehləyirəm ki, nəsə problem olsa, atmalı olsalar, darağa baxıb iki dəfə fikirləcəklər! Bildin?
– Yaxşı. Yaxşı. İncimə. Sözdü də deyirəm.
II
Hərbi hissədən çıxıb uzun, nazik cığıra qoşulanda günəş qızmardı. Cığır boz, susuz çöllüyün üzünə çapıq kimi çəkilmişdi. Təpələrin arasından keçəcək, burulacaq, kəsişəcək, yataqlarla yanaq-yanağa verib çoban itlərinin iti-sivri dişlərini göstərəcəkdi bizə, uzanıb-uzanıb yarğanlarda yoracaqdı, dizimizi qalxa-düşə bükəcəkdi.
Cığırın solunda əyilən, göz işlədikcə uzanan maili düzənliyi izlədikcə ağır bürkü nəfəsimi tutur, çantamda hazır gözləyən soyuq su şüşəsinə toxunub sərinlik tapırdım. Addımlarıma baxırdım, ombamdan başlayıb ta onurğamacan sürünən ağrının şirin, əriyən qıdığından canıma yayılan naxoş gizilti yerişimi səngidirdi. Ancaq yollar məni çoxdan tanıyırdı, o səbəbdən gücümə təpər verir, elə bil təkdənbir gülümsəyib saçımın tərində duyulan küləyi ilə irəli çəkirdi. Çiynimdən tər olub düşmək istəyən silahın qayışını boş saxlamışdım ki, kürəyimin közü qopmasın..
– Bu gün ayın neçəsidir? – Şairov dedi.
– Nə bilim?! Kimdir günü hesaba alan?
– Yox, srağagün şənbəydi. Ayın ilk günü. Demək, bu gün ayın ikisidir. Bu gün mənim ad günümdür.
– Ay bərəkallah!
– Hə, 19 yaşım tamam oldu. Keçən il fikirləşməzdim, bir il sonra burda olaram. Görürsən də, həyatda nələr olur?
– Nə olur ki? Gül kimi həyatdır, yaşayırsan gedir. Yeməyin var, suyun var. Nə dərd yiyəsisən?
– Yaman yaxşıdır yeyib-içməyimiz. Hər gün çiy balıq yeməkdən vəhşiləşmişəm. Köpək dişlərim uzanır. Al bax – o ağzını ehtiyatla açıb dişlərini göstərmək istədi, ancaq gülüşü buna möhlət vermədi.
– Sən zarafatında ol, bura çox yerdən yaxşıdır.
– Heyif ki, mahnıya qulaq asmaq olmur. Başqa yerlərdə televizor da var, telefon da. Daha bizim kimi hər dəfə əlaqə lazım gələndə iyirmi kilometrlik yol getmirlər. Elə istəyirəm həzin, könül oxşayan mahnı olsun, qulaq asam ona. Hər şeyi unudum, gözümü açım ki, bir il əvvəldəyəm, həyat gözəl, adamlar gözəl, zəmanə gözəl. Elə arzusundayam! Gözlərimi yumaram, bu zəhrimardan birini yandıraram, o vaxt ki mahnının nəqarəti gələr, sözlər xoş ritmlə təkrar olar, onda dərin qullab dartaram, tüstü ciyərimdə gəzişər, musiqi ruhumda, sonra ikisi də bir-birinə qarışar... Nəysə... Gör adamın canı harada nə çəkir ey!
Silahın qayışı tərli kürəyimə sürtüldükcə, sanasan, ətimi duzla döyür, qorabişirən günəş də bir ucdan buzdan əhvalımı əridirdi. İndi təpələrin arasında, keçmiş canavar yuvalarının lap yaxınında idik. Yuvanın ağzına yaxın ağappaq gülümsəyən heyvan kəllələri, qabırğaları parlayırdı. Yuvanı, görünür, çobanlar çoxdan basmışdı, sakinlərin səsi bundan xeyli hündür dikələn qarşı təpənin zirvəsindən tez-tez eşidilirdi və canavarlar qışın ayaz, payızın qızıl zamanlarında təpələrdən düşüb sürüyə soxulurdu, öldürdüyün öldürürdü, apardığın aparırdı.
Məsafə sarı zəminin sinəsinə ehtirasla yayılırdı.
Yovşanların, qalın qanqalların arasında iki kölgə nazik cığırı sərin-sərin ayağına dolayıb sürünürdü.
– Demək, mahnıya qulaq asmaq istəyirsən. Hə? – mən əlimi üzümə apardım.
– Hə.
– Həm də bu gün ad günündür.
– Ay sağ ol!
Daha heç nə demədim.
Üzü dağlara aparan nazik cığır daralır, qanqalların, təkəmseyrək görünən qayaların arasından uzanıb görünməz olurdu. Qanqalların arasında hərdən-hərdən bir-birinə sarılıb cütləşən koramallar gözə dəyirdi. Koramalların qırmızıya çalan uzun vücudunun, toyuq gözü kimi iri açılmış kiçik gözlərinin, uzunsov burunlarının marağına dalır, başdan quyruğacan nəzərdən keçirmək istəyirdim. Onlara ayaqsız kərtənkələ deyirdilər. Zəhərsizdilər. Hətta çobanların dediyinə görə, gürzə, yatağan balalarını yeyib çoxalmasına mane olurdular. Koramalları öldürmək olmazdı.
– Gürzə! – Şairov silahını çıxarıb arxama keçdi.
– Hardadır?
– Bax, o qayanın arxasına girdi. – həyəcanla.
– Qorxma görək. – təmkinimi qorudum.
Zırpı şeydi.
Qanqalların arasında iri qaya parçası göz oxşayırdı. Qayanın üzünü örtən mamır şəlaləsi istilərin üzündən sapsarı kəsilmişdi.
Sən geridə dur hələ!
Silahımı çıxarıb lüləsindən yapışdım. İlanla qarşılaşsam, zərbəni qundaqla vuracaqdım. İlk zərbə çox şeyi həll edirdi. Güc sürünənin düz ortasında partlamalı, onurğa sümüyünü qırmalıydı. Sümüyün sınıq səsini öz-özümdə eşitmək istədim, alınmadı. Zərbə dəqiq olsa, ilan elə yerindəcə qıvrılıb qalır, vücudunu ölümə bağışlayırdı, lakin zərbə yiyəsi gərək aldanmayaydı, çünki qıvrılan, vücudunu ölümə bağışlayan hər heyvanın canında son ümid, son qüvvət uyuyur. Onun çarəsiz, kömək dilənən yazıq görkəmindən cuşə gələn ovçu tezliklə yaxınlaşıb sonrakı zərbələri döşəmək istəyir. Aldanış bədbəxtliyə rəvac verir. İlan son ümid, son qüvvəsi ilə düşmənin üstünə atılıb ona soxulur. Zəhərli dişlərini ətinə keçirib qisasını alır.
Lülənin sərin boğazından möhkəm yapışıb asta addımlarla qayanı yanladıqca ürək üzən istinin çiynimdən tər təkin süzülüb axdığını duyurdum. Tər saçımdan, papağımın qurtaran yerindən başlayır, boynumu qıdıqlayıb iki çiynimin arasından axırdı və toqqamın sıxılan yerinə çatıb dayanırdı. Qəfil həyəcanlanmış, bədənimə birdən soxulan hisslərin altında taqətsiz qalmışdım. Gecə yuxumu almamışdım deyə, anın ağırlığından xilas istəyən beynim gözlərimə yuxu salırdı və alnımdan süzülüb çənəmdən düşən tər damcıları gözlərimi qapayır, görüntüləri boz-bullanıqlaşdırırdı.
Bu dağların gürzəsi vahiməli idi. Köhnə əsgərlərin əhvalatlarından belə məlumdu ki, ilan adamların üstünə atlanır. Nazik boynunu uzadıb gövdəsindən güc alır, yay kimi dartılıb ox kimi qurbanın üstünə şığıyır və nazik dişlərinin arasında uyuyan şeytani zəhər torbası ovunu tezliklə uyuşdurub öldürür.
İlanın atlanması məni əməllicə qorxudurdu. Lakin təmkinimi sabit saxlamalı, silahımın sərin lüləsindən, taxta qundağından güc almalıydım.
Al bu çomağı, götür – Şairov yerdən yulğun budağı alıb hövlnak mənə verdi.
Yulğun budağı nazik, elastik idi. Zərbə imkanlarını artırırdı. Asta addımlarla qayaya yaxınlaşdım və yulğun budağının ucunu qayanın ot basan görünməz hissəsinə dürtüb, eşələdim. Tərpəniş duyulmadı. Geri durub özümü düzəltdim. Dərin nəfəs alıb üst başımı səliqəyə saldım. Kəmərimi açıb yenidən bağladım və daraq çantasını kəmərin boğazından çəkib arxaya itələdim. Silahı sol əlimə atıb, sağ və işlək əlimlə budaqdan yapışdım. Adi tərpənişdə ilanı öldürə, üstəlik, hərbi hissəyə aparıb qəniməti əsgər yoldaşlarıma göstərərdim. Bu yeknəsəq günlərə maraq toxumu səpərdi.
Və birdən onun iri başı qayadan azca kənarda, sarı, qurumuş qanqalların arasından çıxdı.
– Budur, bizə baxır, – Şairov, deyəsən, özünü itirmişdi.
– Sakit ol, – mən aranı soyutmaq istədim.
Naxışlarından tanıdım, gürzə idi. Belinin üstündən uzun, qəhvəyi xətt düz quyruğunacan uzanırdı. Xətt zəncirə bənzəyirdi və elə bilirdin, heyvan eləcə belində zəncirlə sürünür. Baxışların soyuğu canıma işlədi. Vahimə ruhumu limhəlim doldurur, üstəlik, qorxuya müqabil cəsarətim də təpər alırdı.
Bir addım geri durub ilana diqqətlə baxdım. Aramızdakı məsafə iki metri keçməzdi. Zərbə gözlənilməz anda çalınmalı, düz hədəfi tutmalıydı. Vəhşi təbiət ilana düşüncələri oxumaq bacarığı vermişdi. O, təhlükənin hansı yöndən gələcəyini yaxşı bilirdi. Yerində qıvrılıb qalmış, quyruğu bitki kimi dikəlmişdi. Düşmən olmağım ona aşkardı, iki əlimdə möhkəm sıxdığım silahlar ona tuşlanmışdı, lakin yenə hərəkətsizdi və üzünü yana tutub sanasan, məni görmək istəmirdi. Bəlkə də, onu gördüyümdən xəbərsizdi və belə hərəkətsiz dayanması görünməzlik oyunuydu. Ürəyi guppagupla döyünürdü, bilirdim. Mən düşündüm ki, qorxunun həyat üçün əhəmiyyəti yoxdur. Ağacın altına verib bağırsaqlarını tökəndən sonra ilanın ürəyi tezliklə soyuyacaq, ölüm onu çulğayacaq, bumbuz olacaq və beləliklə, soyuyan, bumbuz olan ürəyin qorxusu həmən çəkilib itəcək, mücərrəd aləmə yayılacaq. Ürək yoxdursa, demək, qorxu da yoxdur.
Bu ölüm-qalım savaşında istidən yerində döyükən, qorxudan içindən sökülən iki rəqib bir-birinin nəzərini oğurlayıb hərəkətlərini təxmin etməyə çalışırdı. Onun irəli çıxan, açılan boynu qızıl bilərzik kimi sarı otların arasında parlayırdı. Silahımın taxta, laklı qundağı isə zərbə ehtirası ilə alışıb yanırdı. Nədənsə, məni ən çox çənəsinin altından başlayıb ta quyruğunacan uzanan bəyaz qarnı qorxuya salırdı.
Bir qısa addım atıb ona yaxınlaşdım. Hərəkətim duyuq saldı. Əndişəli gözləri iriləşdi və yan-yörəyə diqqət kəsildi. İkinci addımı atmışdım ki, onun sıprıxıb lap yaxınlıqdakı yovşanlığa sürünən gördüm. Hərəkəti toz qaldırdı. Sürəti gözlərimi çaşı elədi. Bu sürətdən həmən canıma qorxu yığıldı, çəkildi, diksindim eləcə, gördüm yovşanlığın kölgəsinə sığınıb və bu dəfə bədəni hücuma hazır duran kimi yığılıb.
Zəhərli ilanlara qarşı rəisin təlimatlarını, yaddaşıma yazdıqlarını yaxşı xatırlayırdım. Yaddaşıma daşa yazılan kimi yazılmış, orada əbədi yuva qurmuşdu. Hərbi hissəyə gələn ilk gündən kağıza yazılan məlumatlara dırnaqarası baxmışdıq. Lakin növbəti həftə təlimatları qollarımızda daş kərpiclərlə əzbərlədik.
Zəhər qana keçdiyi təqdirdə qusma, baş ağrısı, ishal, yüksək bədən hərarəti, ürək döyüntülərinin artması görünəcəkdi. Ağır hallarda mədə-bağırsaq qanaxması, iflic baş verə bilərdi. Gürzə kimi ilanların isə zəhəri daha çox hemorragik təsirə malik olduğundan qanı tez laxtalandırırdı”, – mən qışqıra-qışqıra sırada deyirdim və tər alnımdan süzülüb axırdı.
Daha ucadaan! – rəisin sözləri qolumdakı daş kərpicin ağırlığına ağırlıq qatırdı.
İlanın sancdığı yerdə iki ədəd yanaşı yerləşən və 10-15 dəqiqə qanayan qırmızı nöqtə aşkar edilir. İki diş yerinin olması ilanın zəhərli, bir diş yerinin olması isə zəhərsizliyini göstərir.
Davam eləə! –mənim udqunub verdiyim fasilələr onun müdaxiləsi ilə kəsilirdi.
İlan sancması zamanı ilk 5 dəqiqə ərzində zəhər dişləmə nahiyəsindən sorulmalıdır. İlk 5 dəqiqədən sonra həmin prosedurun faydası yoxdur, çünki zəhər qana və limfa sisteminə keçmiş olur. Sonra yara təmiz su ilə yuyularaq yod və ya göy daş məhlulu ilə dezinfeksiya edilməli və üzərinə steril sarğı çəkilməlidir. Ətraf şişəndə sarğını bir qədər boşaltmaq lazımdır. Zəhərin sorulma sürətini azaltmaq üçün sarğının üzərinə paketə qoyulmuş buz və ya soyuq islatma qoymaq lazımdır.
Əvvəl-əvvəl nazik, elastiki çubuğu ilanın lap yaxınına çəkdim. Çubuğu yelləməklə onu çaşdırmaq, diqqətini oğurlamaq istəyirdim. Zərbə vursaydım, yulğun budağının elastiki şiddəti yovşanda can itirəcək, düşmənə çatmayacaqdı. Yüngül toxunuş canına sıxılan az-maz arxayınlığı əlindən alacaqdı. Ya hücum, ya qaçış fikrində sabit dayanıb qanımı qaşığa yığacaqdı. İndi isə çubuğun qalın başlayıb nazik bitən ucuna zillənir, yelləndikcə yelinə qoşulub izləyirdi, başını oynadırdı. Burda qanqalların boyu qurşağı keçirdi. Qanqal tarlasının ürəyindən qopan nazik xidmət cığırı dağın zirvəsinə qalxırdı. Uzun qanqallar mən tərəfdən hərəkət imkanlarını azaldır, ilan üçün isə gizlənmək, gözdən itmək üçün qırx qapı açırdı. Lakin ilan qaçıb uzaqlaşmaq üçün cəhd eləmirdi. Başını yovaşanlıqdan qaldırıb günəşin yandırıcı istisini duymaq, bundan meyxoş olmaqdı niyyəti və günəşin yandırıcı istisi onun yastı kəlləsinə sığal kimi çəkildikcə ləzzət ala-ala yellənən çubuğun yelinə sevinirdi. Qaçmağa qalsa, açığı, bu sıxlığın arasında ona çata bilməzdim, tikanlar əl-qolumu dalayıb məni yenə cığıra çəkəcəkdi, bilirdim, elə buna görə düşmən uzaqlaşmamış işini bitirmək, ölü bədənini silahın lüləsinə keçirib hərbi hissəyə aparmaq istəyirdim. “Bəs bu ətalətin səbəbi nə idi? Görəsən, ilanın sivri başında indi hansı fikirlər oynayır?” – mən düşünürdüm.
İkimiz də bir anda, sanki eyni əmrə müntəzir dayanıb qımıldanmağa başladıq. Bəlkə də, öncə davranan ilan idi. Məndən bir saniyə əvvəl quyruğundan başına sürünən yüngül hərəkətlə qanqallara toxunub səs çıxartdı. Ayaqlarımı dəbərtmədən yerimdə mıxlanıb onun uzun, mütəhərrik gövdəsinin əcaib rəqsini təkrar edirdim. Əvvəl-əvvəl qımıldanan eləcə bədənim idi və başım, əllərim, ayaqlarım sabit dayanmışdı. İkimiz də, suya hoppanacaqmışıq kimi gövdəmizi yığmışdıq. Çılpaq gözlə duyulmayacaq ağır hərəkətlər getdikcə şişən cəsarətin xəbərçisiydi.
İlk zərbə məndən gəldi. Qəfil ilana doğru sıçrayıb yulğun budağı ilə havada dairə çəkdim, havada süzülən zərbəm dairəni başa gətirmədən ilan cəld yerini dəyişdi. Zərbə yovşana çırpılıb bitkini parça-parça elədi, tozanaq qopardı. Həm müdafiəni qurub, həm də artan sürət, qalxan enerjiylə rəqibimin ətrafında fırlanırdım və rəqibim dikəlmiş başı ilə yerində dönüb məni izləyirdi. İlan özünə sinmişdi, mənim hərəkətlərimi izləyərək dönür, sanki hipnoz olmuşcasına rəqibini gözdən qoymurdu. Gürzə gözlənilməz anda dayandı. Bədənini lal ətalət bürüdü. Və qəfil lapdan qüvvətlə üstümə atlandı. Lal ətaləti məni duyuq salmış, həmən geri çəkilmişdim. Hücumu boşa çıxmışdı.
Onu indi tam müdafiəsiz yaxaladım. Canı ovcumda su kütləsiydi. Bu kütləni eləcə üzümə çırpıb sərinlərdim. Onunku ölüm hücumu idi, ya o tərəflik, ya bu tərəflik idi. İstidən qıpqırmızı alışan gözlərimi görmüşdü, əhənrüba nifrətimi duymuşdu. Uğursuz hücum onu lap yaxınıma atmışdı, düz silahın kölgəsində durmuşdu. Anın hökmü beynimdə durmadan əvəzlənən, qopuq epizodlar açırdı. Can almaq insan bədəninə ayaz verir, əlin-qolun elə bil pul-pul olub ovxalanır. Son zərbəni vurmağa qolumda qüvvə yığırdım ki, Şairovun səsi məni qopuq epizodların əlindən qamarladı.
– Biri də burdadır. Bax qayanın altında, – həyəcanla dedi.
Zərbə əlimdə soyudu. Çevrilib qayanın həndəvərini arandım və daha bir gürzəyə gözüm sataşdı. Şairovun əvvəl gördüyü, qayanın altına soxulan ilan bu idi. İndi nazik başını kölgədən günə çıxarıb ürkək-ürkək bizi izləyirdi. Bir an onunla göz-gözə gəldim və lap ağır yük kimi çiynimə qaldırıb zərbə üçün hazır saxladığım budağı aşağı çəkdim. İsti canımı dişinə taxmışdı. Üstəlik, anın həyacanı bədənimi cımcılıq suya salmışdı.
– Gedək, Şairov. Yolumuz uzundur. Hələ bunun qayıtmağı da var.
Şairov ilandan yaman üyüdürdü. Cığırdan çıxıb qanqalların arası ilə keçdi və iki-üç metr irəlidə yenidən mənə qoşuldu. Dağın zirvəsinə çatanda hüdudsuz mənzərədən zövq aldım. Zirvə külək tutur, sərinlik canımıza çəkilirdi. Su çantamda qapqaynar olmuşdu. Başıma çəkib içincə könlümə xoş duyğular yayıldı. Suyu başımdan aşağı əndərib tökdüm. Silahları çıxarıb yerdən uzatdıq. Silahlarla yanaşı biz də uzandıq və hərəmizə bir siqaret yandırıb əraziyə diqqət kəsildik. Uzaqda şəhərlər, kəndlər görünürdü. Günəş bəyaz maşınlara dəyib onların yerini işarə verirdi.
– Demək, bu gün ad günündür, hə?
– 19 yaşım olur. Keçən il təsəvvür eləməzdim ki…
– Mən 19 yaşımı keçən il burda qeyd eləmişdim, bu il 20 yaşıma da burda girdim. Bir aydan sonra evdə olacam.
– Evdə olmaq yaxşıdır.
III
Hərbi hissəyə qayıdanda əsgərlər günorta yeməyinə hazırlaşırdı. Silahları təhvil verib yuyunmaya buruldum, əl-üzümü isladıb yaxşıca sərinlədim. Yeməyə getdim. Balıq yenə çiy idi və üfunət qoxusu verirdi. Bişmiş yerlərini birtəhər dişlədim, lakin uda bilmədim.
Yeməkdən çıxıb hərbi hissənin önündə düzüldük. Komanda verildi, əsgərlər həvəslə siqaret çəkməyə getdilər.
Mən sıradan çıxıb istirahət otağına çatdım. İçimdə uyuyan hədsiz xoşbəxtlik idi. İndi hamı ləzzətlə siqaret sümürürdü, mənsə ortadan ikinci masanın sol ayağını qaldırdım, budur açılmış deşik. Yazılı kağızı o deşiyə dürtdüm.
Yarım saat sonra gizir məni çağırdı və axşam hazır olmağımı söylədi.
Axşam, “Yat” komandası veriləndən sonra qalxıb anbara gəldim, telefonu gizirdən aldım.
– On dəqiqədən o tərəfə keçməsin. Oldu?
– Yaxşı. Arxayın olun!
Birbaş kazarmaya girib Şairovu yanladım.
– Oyan görüm. İşim var səninlə.
– Yenə xidmətəm? – yuxulu-yuxulu.
– Xidmət deyilsən. İşim var. Tez ol. Vaxt yoxdu... Sakit! Sənə demişəm, ağırtaxta olma. Cəld geyin – mən onun şalvarını tapıb verdim. Elə yerindəcə geyinib kazarmanın arxa pəncərəsindən çıxdıq.
Zastavanın arxasında alçaq təpə dikəlmişdi.
Sən Allah, bu nə işdir? De görüm, niyə çıxırıq bura? Qurda-quşa yem olacağıq ha. Gecə burdan canavar səsi gəlir. Canavarı da ilanı öldürən kimi öldürsən, işimiz çətindir, – o güldü.
– Az axmaqla.
– Hara gedirik? Sən canı, bir şey de – qaranəfəs söylədi.
– Səbirli ol.
Təpənin hündürünə çatdıq. Hərbi hissənin işıqları burdan lap balaca görünürdü. Elə bil hər lampa bir şam işığı idi. Hərbi hissə mışıl-mışıl yatırdı. Telefonu çıxarıb ona göstərdim.
– Bax, bu gün mahnı istəyirdin, al sənə mahnı.
Şairovun gözləri hərbi hissənin işıqları kimi parladı. Düyməli “Nokia” telefonun menyusuna girib adını kağıza yazdığım mahnını fayllardan tapdım. Sərin meh üzümüzə vurur, ayın, ulduzların işığı gülümsəyirdi. Mahnının şirin ritmi ruhumuzu yellədirdi. Təpənin arxasına keçib ikimiz də siqaret alışdırdıq. Sözlərin bitdiyi yerdə musiqi başlayırdı və onun xoş ritmi ay işığında gümüşə çalan təpəliklərə yayılırdı. Təkdənbir canavar ulartısı eşidilirdi. Gümüşü işığı mələfə kimi üstünə çəkən yorğun çöl yuxulayırdı. Oturduğumuz yerin lap yaxınında qarışqa yuvası vardı və qarışqalar yuvaya girib-çıxır, qış üçün tədarük daşıyırdılar.
Bu qışı evdə keçirəcəyimi düşününcə dodağım qaçdı...
“Ədəbiyyat və incəsənət”
(25.07.2023)