Səkkiz mindən çox yazıçı kitablarının süni intellektdə istifadəsinə qarşı çıxıb

Aralarında Marqaret Etvud və Syüzen Kollinzin də olduğu 8 mindən çox yazıçı onların əsərlərinin süni intellekt modellərinin öyrənilməsində istifadə olunmasının əleyhinə çıxıblar. 

 

AzərTAC “Hypebeast”a istinadla xəbər verir ki, müəlliflər öz kitablarının süni intellektin təkmilləşməsində istifadəsinə görə mükafat tələb edirlər. Onlar, həmçinin bəzi texnologiyaların bu əsərlərin müəllif üslubunun surətini çıxarmasına şərait yaratması ilə də razı deyillər. 

Yazıçıların məktubu “OpenAI”nin rəhbəri Sem Altmana, “Alphabet”in başçısı Sundar Piçaiyə, “Meta”nın təsisçisi Mark Zukerberqə və digər texnologiya kompaniyalarının rəhbərlərinə ünvanlanıb. Müəlliflərin bu məktubunda deyilir: “Böyük dil modellərində yaradılmış generativ süni intellekt texnologiyaları öz mövcudluğunu bizə borcludur”. Onlar müəllif hüquqlarını qorumağı və yazıçıların əsərlərindən istifadə üçün təzminat ödəməyi tələb ediblər. Belə ki, onların fikrincə, bu kitablar olmadan “süni intellekt bəsit və son dərəcə məhdud olardı”. 

Məktubun sonunda qeyd olunub: “Bizim mətnlərin sizin sistemlərə daxil edilməsi nəticəsində generativ süni intellekt bazarı aşağı səviyyəli, maşınların yazdığı kitablar, hekayələr və jurnalistika ilə doldurula bilər ki, bu da bizlərin peşəsinə ziyan vuracaq”.

 

“Ədəbiyyat və incəsənət”

(20.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.