“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində Nəsr saatı davam edir. Bu gün sizlərə Nihat Pirin “Pab rapsodiyası” hekayəsini təqdim edəcəyik.
PAB RAPSODİYASI
Həmişə xoşbəxt olsan, xəyalını quracağın
heç nə qalmaz.
Dostoyevski
Boz-bulanıq Bakının boz-bulanıq payız axşamçağılarının birində yenə özümü yaddaşımın ən təmiz, ən dəqiq ünvanında tapıram: “Old room”da. Bu günə qədər məni buraya bağlayan səbəbin nə olması haqqında düşünməmişəm. Bəzən buna ehtiyac da duymuram. Çünki dünyada elə şeylər var ki, onların səbəbsiz gözəl olduğuna inanıram.
Adətən, buralarda tək oluram. Ümumiyyətlə, tək içməyi sevirəm. Tək içəndə özümü xoşbəxt hiss edirəm. Bəlkə də, sırf buna görə dünyanın ən bəxtəvər adamıyam. Ya da yox, ən bəxtəvəri odur. Hə, o. Hər şeyə rəğmən, bu qədər sevilir deyə. Sizin hələlik “o”nun kimliyi haqqında məlumatınız yoxdur. Cəmi on beş gün əvvələ qədər mən də belə idim. Amma o gün başqa idi.
O gün mən ilk dəfə gecə günəşi gördüm. O gün mən ilk dəfə gecə günəşin şəfəqlərini hiss elədim, ona toxundum.
O biri klubda rastlaşmışdıq, bununla üzbəüz olan, adını unutmuşam. Adında qırmızı ilə bağlı nə isə vardı. O da qırmızı geyinmişdi, qıpqırmızı. Həmin o günəşli gecənin sonuna yaxın özü yazmışdı, məni tanıdığına şad olduğunu demişdi. Bu etirafa qədər olan hər şeyi sadəcə o gecəlik yaşadığımı düşünürdüm. Amma yox... O gecə ilk dəfə idi ki, yanıldığım üçün xoşbəxt olurdum.
Bu gün əvvəlki günlərdən fərqlidir. Çünki tək içə bilməyəcəyəm. Masadakı dostlarımızın sayı getdikcə çoxalır. Amma bütün bunlar məni narahat eləmir, içimdə təəssüfdən əsər-əlamət yoxdur. İki, üç, dörd… Bokalların sayını getdikcə unuduruq, söhbətimizin məzmununu da. Rabitəsiz dialoqların ardınca içkinin növü də dəyişir: viski, tekila, rom... Qalanını xatırlamıram.
Ağız deyəni qulaq eşitmir. Bezdirici söhbətlərdən qurtulmağın ən gözəl yolu özünü canlı musiqinin axarına buraxmaqdır. Musiqinin ecazı artdıqca masamızda yeni istedadlar peyda olur: “Hoşça kal, olacaklar sensiz olsun!” Amma mən heç nəyi onsuz düşünə bilmirəm. Bu qədər adam, bu qədər dost, bu qədər səs-küyə rəğmən, yenə də nə isə çatmır. O!
Qəribədir, bəlkə, onu bir daha heç vaxt görməyəcəyəm. Bəlkə, bir də heç vaxt rastlaşmayacağıq. Amma mənim üçün heç nəyin fərqi yoxdur. Onu hər şeyə rəğmən sevirəm, hər şeyə rəğmən!
Qulaq batıran musiqi, adamların nəşə dolu səsi, fərqli masalardan fərqli tamda havaya uçurulan tüstü-duman və pabın solğun işıqları arasında onu axtarıram. Məndən olsa, masadan qalxıb bir-bir adamları silkələyərəm, sorğu-sual edərəm. Bəlkə, kimsə ünvanını bildi. Bəlkə, kimsə onu tanıdı. Bəlkə, kimsə onu tapmağıma kömək oldu.
Və budur, bir anda bütün masalar susur, musiqi dayanır, ortalıqda o yan-bu yana qaçışan ofisiantlar donub qalır. Hə, bu odur, mən yanılmıram, mənim günəşim bu gecə yenidən doğuldu. Aşağıda, birinci mərtəbədə musiqiçilərin önündən keçib yan masaların birində əyləşir. Bəlkə də, bu, bir xəyaldır, onun xəyalı. Yeddi bokal, üstəgəl rom, zarafat gəlməsin.
Artıq masadakıların nə dediyi, nə oxuduğu haqqında heç bir fikrim yoxdur. Başım bədənimə ağır gəlir. Birtəhər ayağa qalxıram, bu onların diqqətini belə çəkmir. Hərə öz kefindədir. Pilləkənin sürahisindən tuta-tuta aşağı düşürəm. Gözüm ancaq onu gəzir, onu axtarır. Budur. Qarşımdadır. Siqaret damağında alnını ovuşdura-ovuşdura mahnını pıçıldayır: “Beni vurup, yerde bırakma!” Məni görmür, görməsi də mümkün deyil. Mənə elə gəlir ki, o, indiyə kimi, ümumiyyətlə, məni görməyib və görməyəcək də. Bəs o günəşli gecədə etdiyi etiraf? Məhz bu etirafın təntənəsi ilə birdən özümdə bütün klubu çiyinlərimə alıb uçuracaq dərəcədə güc hiss edirəm. Amma eyni vaxtda həm də çox cılız göründüyümün fərqindəyəm. Mən onun üçün kiməm? Bilmirəm.
Ayaqlarım tutulub. İstəmirəm ki, dəvətsiz yanında əyləşim. Bəlkə, kimisə gözləyir? Lənət şeytana, bəs mən kimi gözləyirəm? Bu, bir fürsətdir, bunu dəyərləndirməliyəm. Cəmi yeddi addım, bəlkə də, daha az. Onun oturduğu masaya qədər tutunacaq heç nə yoxdur, bu da bir yandan qorxudur. Amma yox, indi qorxu istədiyim ən sonuncu şeydir, bunu etməliyəm!
Bir, iki, üç, dörd, beş və… Düz qarşısındayam. Ağır-ağır başını qaldırıb gülümsəyir, az-maz təəccübləndiyini də deyə bilərəm. Qalxır. Əl uzadır. Yenə gülümsəyir. Barmaqlarım ovcunun içində qıvrılır, yanmış kirbit kimi, az qala, ovxalanıb tökülə. Mən bu saniyə yalnız bir şeyə əminəm: onu hər şeyə rəğmən, sevirəm. Hər şeyə.
– Əyləş, – deyir. Hələ də gülümsəyir. Qırmızı köynəyini geyinib. Göbəyi açıq olanı. Şalvarda, ya yubkada olduğunu görə bilmirəm, başım-beynim dumanlıdır.
– Gələndə səni gördüm, – deyir, – dedim, dostlarınlasan, səni narahat eləməyim, – özümü cılız hiss elədiyim üçün utanıram və bu utanc hissini dünyadakı heç bir xoşbəxtliyə dəyişə bilməyəcəyimdən əminəm. Göz qapaqlarını ağır-ağır endirib-qaldırır. Bu ağır hərəkətlərdən istifadə edib onu təpədən-dırnağa süzürəm. Köynəyi keçən dəfəkindən bir az solub sanki. Yəqin, yuyulub, rəngi gedib. Ya da mənə elə gəlir.
– Niyə danışmırsan? – birdən üzündəki gülüş yoxa çıxır, əvəzində ciddi görkəm alır, – həmişə beləsən sən?
– Necə? – axır ki, mən də dillənirəm. Öz sualım özümü diksindirir.
– Elə belə… Sakit, utancaq… Hə? – gülüşü yenidən qayıdır. Mən onu hər şeyə rəğmən, sevirəm. Hər şeyə rəğmən.
Dialoqun davamının gəlmədiyini görüb o da susmağı seçir. Barmaqlarının arasında közərən siqareti bitirmədən onu külqabıya basır, növbətisini yandırır. Ovuclarını çənəsində birləşdirib gözlərimə baxır. Uzun-uzadı baxır, baxır və gülümsünür.
– Nə içək? – yenə sükutu o pozur.
Heç nə haqqında düşünə bilmirəm, suallarına cavab vermək üçün nə qədər can atsam da, alınmır. Susuram. Yalnız onu düşünürəm. Cəmi bir addımlığımda oturmuş və gözləri ilə gözlərimi sorğu-sual edən onu.
– Yaxşı, – deyir, siqareti külqabıya basıb ofisianta işarə edir, – bizə iki tekila. Sonra yenə eynisini, birdən piyan olaram, – əlini əlinə vurub arxaya yaslanır və dərindən ah çəkir.
– Sənlə belə saatlarla otura bilərəm, – bu o günəşli gecənin ardınca gələn etirafdan sonra mənə dediyi ən xoş sözdür. Ya da yox.., – o qədər doğma gəlirsən ki mənə...
– Sən də… – kaş hisslərimi daha cəsarətli ifadə edə biləydim. Kaş!
Ofisiant yaxınlaşır, badələr masada yerini rahatlamadan havada toqquşdururuq. “Sənə” – deyir. “Hər şeyə rəğmən, səni sevməyimə” – deyirəm, amma çox astadan.
– Sən harada qalırsan? – bu sual baş-beynimi dəng edən musiqidən də yüksək tonda qulaqlarımda bir neçə dəfə cingildəyir. Verəcəyim cavabı ürəyimdə dəfələrlə təkrarlayıram.
– Burda, – əlimlə musiqiçilər oturan küncə tərəf işarə edirəm, – bu yaxınlarda, – bir az da izahata ehtiyac duyuram, – bura yaxındır.
Yenə gülümsünür, həyəcanımı heç cür gizlədə bilmirəm, özümü çox pis yandırdığımı hiss edirəm. Bəlkə də, məqsədi tamam başqa imiş.
Ofisiant daha iki tekila ilə yaxınlaşır, yenə də havada toqquşdurma və “Sənə”! Qəfil hərəkətlə masadan qalxır, “Gəlirəm” deyib tualetə sarı gedir. İki addım atıb ucadan:
– İki tekila daha!
– Yaxşı, – deyib pabın rəngbərəng işıqlarında özünü bütün çılpaqlığı ilə göstərən ağappaq ayaqlarına dikilirəm. Yubka geyinibmiş.
***
…Masaya qayıdır. Hərəkətlərindən hiss edirəm ki, artıq piyandır.
– Sən çox yaxşı adamsan... – daha bir siqaret alışdırıb onu külqabının yarığına keçirir.
– Olar yanında oturum? – bu sual ağzımdan necə çıxır, bilmirəm, amma onun baxışlarında elə havadaca əriyib yox olur. Gülümsünür. Heç nə demir. Uğursuz təklifimin peşmanlığını yaşayırdım ki, ayağa qalxıb yanıma gəlir. Masanı bir az geriyə itələyib dizimin üstündə oturur. Əlini boynuma dolayıb başını başıma söykəyir. Bütün bədənimin titrədiyini, həyəcandan qarnıma sancıların dolduğunu hiss edirəm. Özümü saxlamaqda çətinlik çəkirəm, bir anlıq onu qucağıma alıb klubdan çıxdığımı, taksilərdən birinə mindiyimizi, onu evimə qədər apardığımı, binanın pilləkənlərini o qucağımda ikən ildırım sürətilə qalxdığımı düşünürəm. Yüksək musiqi səsi məni ayıldır: “Uyandım birden seninle...”
Qarşı-qarşıya oturmuşuq. Gülümsünür. “İçək” deyib yenə ofisianta işarə edir.
– Bizə iki pivə, – ofisiant “Baş üstə” deyir, – bir də limon.
– Neçə yaşın var? – ondan, ən azı, 5-6 yaş balaca olduğumu öyrənirəm.
– Yaşın nə fərqi var? – lənətə gələsən, bu nə cavabdır axı?! Özüm öz cavabıma gülürəm. O da şaqqanaq çəkib gülür. Ardınca “Məncə də” deyib siqareti külqabıya basıb söndürür.
– Sən çəkmirsən, hə?
– Yox.
Susur. Boynunu büküb düz gözlərimə zillənir. Bu vaxt bizim masadakılardan biri pilləkənləri düşüb bizə sarı gəlir. Daha doğrusu, o, tualetə gedir, sadəcə, yolüstü buradan da keçməlidir. Yanımızdan keçəndə ayaq saxlayıb qoluma toxunur:
– Müəllim, yaxşısan? – gülümsünüb göz vurur və yoluna davam edir.
Başını aşağı salıb saçlarını qarışdırır. Hiss edirəm ki, kefi pozulub, amma mümkün qədər hiss elətdirmək istəmir.
– Dostun heç məndən danışmayıb sənə? – İlahi, yox… Yox! Bircə bu yox!
Cavab verə bilmirəm. Məyus-məyus gözlərinin qaranlığında itirəm.
– Əvvəllər aramız yaxşı olub, – pivəni başına çəkir, qurtultusu musiqi səsini yarıb qulaqlarımda əks-səda verir. Mənə elə gəlir ki, bu anda pivənin yerində bir bokal zəhər belə olsaydı, onu da eyni rahatlıq və acgözlüklə içərdi. Boş bardağı masaya çırpıb əlavə edir:
– Çox yaxın olmuşuq, – ağız-burnunu büzüşdürüb köks ötürür, – çox!
Susuruq. Mahnının səsi təzədən pabı başına götürür: “Beni vurup yerde bırakma!..”
***
İçki içkiyə qarışıb, yenə də ağız deyəni qulaq eşitmir. Musiqi səsi də bir yandan: “Gitmeseydin, dinlerdin!”. Oturub dostumun gözlərinə zillənirəm. Onu hər şeyə rəğmən, sevdiyimi düşünürəm. Hər şeyə rəğmən...
“Ədəbiyyat və incəsənət”
(20.07.2023)