2021-ci ilin ən yaxşı fransızdilli ədəbi əsəri "Ən gizli xatirələr"" (La plus secrete memoire des hommes) hesab edildi. “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, "Ən gizli xatirələr"ın müəllifi olan Seneqal yazıçısı Məhəmməd Mbuqar Sarrın Fransanın ən nüfuzlu ədəbi mükafatı - Qonkur mükafatı laureatı olması qərarı çərşənbə günü Qonkur Akademiyası tərəfindən elan edildi.
Bu roman 31 yaşlı yazıçının karyerasında sayca dördüncü romanıdır. Roman 1938-ci ildə Parisdə yaşayan, "Qeyri-insani labirintlər" (Le labyrinthe de l ' ınhumain) adlı uydurma kitabı tədqiq edən gənc seneqallı yazıçı xanımdan bəhs edir. Ədəbiyyat tənqidçilərinin sözlərinə görə, Mbuqar Sarrın bu romanı "Həqiqətlə uydurmanın iç-içə girməsi şəklində müstəmləkə dövrü, Birinci Dünya müharibəsi, xolokost barədə xatirələr kitabıdır".
Laureat Drouant restoranında ənənəvi təntənəli yemək zamanı Qonkur Akademiyasının 10 akademiki tərəfindən müəyyən olunub. Nizamnaməyə əsasən, mükafat fransızdilli müəllifə yalnız bir dəfə verilə bilər. Onun pul məzmunu rəmzi xarakter daşıyır - laureata cəmi 10 avro məbləğində çek verilir. Eyni zamanda, mükafat onu qazanan yazıçının populyarlığına və əsərlərinin tirajının artmasına ciddi şəkildə kömək edir.
Qonkur Akademiyasının baş katibi Filip Klodel jurnalistlərə bildirib ki, "Mükafatın laureatı artıq səsvermənin ilk turunun yekunlarına görə müəyyənləşdirilmişdi".
Mbuqar Sarr 1990-cı ildə Seneqalın mərkəzində - Diurbel şəhərində həkim ailəsində anadan olub. Fransız Kompienində liseyi bitirdikdən sonra o, sosial elmlər ali məktəbinə (EHESS) daxil olub. İlk romanını 24 yaşında yazıb. Bu işə görə o, Cenevrə Kitab salonunda mükafata layiq görülüb.
Mükafat haqqında
Ədəbi mükafat yazıçıları dəstəkləmək üçün Edmon və Jules de Qonkur qardaşları tərəfindən təsis edilib. Onun ilk laureatı "Düşmən qüvvəsi" romanına görə 1903-cü ildə Con-Antuan No olub. Qonkur Akademiyasının üzvləri olan 10 nəfər bir neçə yüz roman oxumaq üçün heç bir mükafat tələb etmirlər. Onların tərəfindən öncə müsabiqənin ilk dörd finalçısı, daha sonra isə qalib seçilir.
Uzun tarix boyu Akademiya bir neçə dəfə görkəmli müəllifləri gözdən qaçırdığı üçün tənqid olunub. Mükafat, hətta Fransa ədəbiyyatının klassiki Sidoni-Qabriel Kolettə də qismət olmayıb. Buna baxmayaraq, akademiklər fransız ədəbiyyatının korifeyləri Marsel Prust, Moris Dryüon və Andre Malro kimi laureatları seçərkən əsla yanılmayıblar. Və ən sonda onu deyək ki, ötən il yazıçı Erve le Telyenin "Anomaliya" romanı ilin ən yaxşı fransızdilli ədəbi əsəri kimi Qonkur mükafatına layiq görülmüşdü.
Budur, Nobel mükafatının ardınca Qonkur mükafatını da Afrika təmsilçisi qazanır. Bu nəyə işarədir? Afrika ədəbiyyatının triumfuna, yoxsa siyasi gedişlərə?