“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.
Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.
23 –cü dərc
Səhərə yaxın yuxuya getsəm də, gümrah oyanmışdım. Mən yerimə uzananda Gülanə mışıl-mışıl yatırdı. Hər çıkkıltıya oyandığını bildiyimdən, yataq otağına girəndə onu oyatmamaqçün çox ehtiyatla davranmış, yatmamışdan əvvəl isə bu günə olan işlərimi dəqiqləşdirib sonra yuxuya getmişdim.
İndi Gülanənin gətirdiyi ikinci stəkan çayı da içib çıxmağa hazırlaşırdım. Bu gün Salamın işi ilə maraqlanacaqdım. Ancaq əvvəlcə Arif müəllimə görüş barədə mesaj verəcək, sonra lazım olan ünvana gedəcəkdim. Görüşü axşama təyin edəcək, o vaxta qədər isə Salamla bağlı işləri başa vuracaqdım.
Gec yatsam da zənnimcə buna dəyərdi. Axır ki, bu gecə Səttarın vəsiyyəti ilə başdaşındakı sözləri uzlaşdırıb bəzi nəticələrə gələ bilmişdim. Ancaq hələ bir məsələni yoxlayıb dəqiqlşdirmək lazım idi. Polkovniklə görüşməyimin bir səbəbi də bununla bağlı idi. Gəldiyim qənaətin doğru olub-olmadığını Arif müəllim yoxlatdıracaqdı. Müsbət nəticə, şifrdəki sirri nəhayət ki, açdığıma dəlalət edəcəkdi.
Gecədən görüş yerini və vaxtını yazdığım kağızı qoyduğum konvert cibimdə idi. Çayımı içib ayağa qalxdım. Qalxdığımı görən Gülanə dəhlizə qədər mənimlə gəldi.
-Axşama nə bişirim?
Polkovniklə görüşü axşam 8-ə təyin etmişdim. Söhbətimiz də uzun çəkəcəkdi. O hesabla evə ən tezi saat 10-da gəlib çıxacağımı bilirdim.
-Yəqin ki, gec gələrəm, yüngül bir qəlyanaltı olsa bəs edər.
-Yaxşı.
-Salamat qal.
-İşin avand olsun.
Əyilib Gülanənin yanağından öpərək qapıdan çıxdım. Qırx dəqiqə sonra konverti tanış ünvana verib Salamın işləydiyi xəstəxanaya gedən avtobusa minmişdim. Hələ xeyli yol gedəcəkdim. Deməli, fikirləşməyə də xeyli vaxtım var idi. Əgər gecə şifrin üzərində baş sındırdıqdan sonra gəldiyim qənaət doğru çıxarsa, bu, məsələnin bir qədər də çətinləşməsi anlamına gəlir. Bəli, polkovnik ilk gündən ülgüc üzərində gəzdiyimizi nahaq yerə vurğulamayıbmış. İndiki vəziyyət, fırtınadan qabaqkı sakitliyə həqiqətən də çox bənzəyir. Qarşı tərəfi nə qədər çaşqınlığa salmağı bacarsaq da, bu fırtınanın nə vaxt baş verəcəyi təəssüf ki, bizim iradəmizdən deyil, rəqibin istəyindən asılı olacaq. Ona görə də hər şeyə, ən pis vəziyyətə də hazır olmaq lazımdır.
Bütün bu baş verənlərin fonunda Salamın işini araşdırmaq da asan olmayacaqdı. Ancaq vəziyyətə görə deyil, vicdanımın göstərdiyi qaydalara uyğun yaşamağa öyrəşdiyim üçün, bu işdən kənarda qalmayacağımı bilirdim. Elə indi də, ilk imkan düşən kimi günahsız bir gəncin taleyinin məhv olmasının qarşısını almaq üçün edə biləcəklərimi etmək məqsədi ilə yola çıxmışdım.
Nəhayət avtobus mənə lazım olan dayanacağa çatdı. Düşüb ətrafa boylandım. Xəstəxanaya gedən yol dalana dirəndiyi üçün o istiqamətdə maşınların hərəkəti gözə dəymirdi. Sakit küçə ilə xəstəxanaya tərəf addımladım. Bir qədər sonra çatıb giriş qapısındakı zəngi basdım. Qapıdakı kiçik pəncərəni açan gözətçi diqqətlə mənə baxıb bir qədər acıqlı şəkildə soruşdu:
-Nə lazımdır?
Domba göy gözləri olan, üzündəki xına rəngli saqqalı çoxdan qırxılmamış, təxminən əlli yaşlı gözətçi qətiyyən tərbiyəli adam təsiri bağışlamırdı. Belə adam tipi mənə çox tanışdır. Gözətçi kimi girişdəki «gözətçi otağı»nı sarayı, özünü isə bu sarayın padşahı hesab edən adam, elə bir vəzifəsi də bu olduğu halda, qapını döyənləri hansısa məsələ ilə bağlı müraciət edən adamlar kimi yox, onun rahatlığını pozan «ünsür»lər kimi qəbul edir. Təsəvvür edirəm, bu «yoldaş»ın bir qədər böyük vəzifəsi olsa, adamların başına nə oyun açar. Burada psixoloji aspektlər rol oynayır əslində.
Fikir vermisinizsə, səkilərin kənarında guya «dayanacaq» yaradaraq maşın sahiblərindən pul yığan adamlar bir qədər orada işlədikdən sonra sanki o ərazini özəlləşdirmiş kimi davranır, arxayın-arxayın yolun ortasına çıxır, keçən maşınlara yol verməyə tələsmir, sanki yolun hərəkət hissəsində o yox, maşınlar ona yol verməyə borcludur kimi davranırlar. Belə adamlar haradansa tapıb geyindikləri parıldayan sarı rəngli jiletin və ya əllərində tutduqları zolaqlı bir çubuğun onlara bu hüququ verdiyinə özləri özlərini inandırmış olurlar. Həmin adamlardan birini eksperiment üçün elə jileti və çubuğu ilə birlikdə cəmi bir küçə o tərəfə aparıb yolu keçməyi təklif etsən, mütləq ya bütün maşınları buraxdıqdan sonra, ya da maşın altına düşməməsi üçün ilk fürsətdə çox sürətlə yolu keçəcək, bayaqkı arxayınlıqdan əsər-əlamət qalmayacaq. Çünki, jileti və çubuğundan fərqli olaraq, özünün bayaqkı küçədə öz aləmində yaratdığı «aura»nı qonşu küçəyə apara bilməyəcək. Belə adamlar necə səhv etdiklərini, yalnız onları maşın vurduqdan sonra anlayırlar.
Bizim gözətçinin də, saray hesab etdiyi gözətçi otağında özünə təxminən belə bir «aura» yaratdığı davranışından aşkar görünürdü.
-Cavab ver də, niyə danışmırsan?
Susduğumu görən gözətçi həmin kobud tonla ikinci sualını verdi.
-Əvvəla sən yox, siz. İkincisi, zəhmət olması, xəstəxananın baş həkiminə deyin ki, müstəntiq Elbrus Cavadovun dediyi, Salam Nəsirovun cinayət işi ilə bağlı gəlmiş adam qapıdadır.
Gözətçinin əhvalı bir anda dəyişdi. Əvvəlcə bayaqdan yalnız gözləri, burnu və tük basmış sifətinin kiçik bir hissəsi görünən pəncərəni tələsik bağlamağa çalışdı. Buna üçüncü cəhddə nail olduqdan sonra janqlyorların həsəd apara biləcəyi cəldliklə qapını açdı:
-Bunu bayaqdan niyə demirsiz, keçin içəri müəllim, əyləşin, bu saat xəbər verərəm.
-Narahat olmayın, mən elə burada gözləyərəm.
Bəli, az əvvəlki «ünsür»dən «müəllim»ə çevrilməyimlə gözətçinin kobud birindən olduqca məsuliyyətli və mədəni birinə çevrilməsi prosesini izləmək çox məzəli idi. Qəsdən içəri keçməyib dayandığım yerdə gözlədim. Təlimata görə «qapalı» müəsssisənin qapısı heç bir halda açıq saxlanılmamalıdır. Dilemma qarşısında qalan, təlimatı pozmağın, yaxud qapını mənim üzümə bağlamağın hansının daha düzgün olduğuna qərar verə bilməyən gözətçi, yəqin ki, təlimatın dili-ağızı olmadığını, mənimsə bunu hörmətsizlik kimi qəbul edərək bir qədər əvvəlki kobud rəftarı da daxil olmaqla baş həkimə şikayət edə biləcəyimi nəzərə alıb, qapını laybalay açıq qoyaraq divarda asılmış telefon aparatına cumdu. Bir azdan açıq qapıdan boylanan gözətçi məni içəri dəvət etdi:
-Buyurun müəllim, sizi gözləyirlər.
Baş həkimin otağı dördmərtəbəli binanın birinci mərtəbəsində idi. Məni qarşılamaq üçün otağından çıxan həkimlə dəhlizdə qarşılaşdıq. Gülərüzlə salamlaşdıqdan sonra kabinetə keçdik.
-Buyurun, buraya əyləşin.
Ağsaçlı həkimin oturmasını gözləyib onun göstərdiyi yerdə oturdum və dərhal mətləbə keçdim.
-Nəriman müəllim, icazə verin özümü təqdim edim. Mən müstəqil detektiv Bəxtiyar Nəzərliyəm. Uzun müddət polis orqanlarında işləmişəm. Salam mənim qonşumdur. O uşağın günahkar olduğuna inanmıram. Ona görə də paralel olaraq məsələni araşdırmağı qərara almışam. İşin xeyrinə olacağını düşünərək Elbrus müəllim buna etiraz etmədi. Sizin də köməyinizə ümid edirəm.
-Əlbəttə, bu nə sözdür. Elbrus müəllim vəziyyəti mənə başa salıb. O uşağın adam vurub qaçdığına mən də inanmıram. Məndən asılı nə varsa, kömək etməyə hazıram. Uzun illərdir bu kolektivə rəhbərlik edirəm. İşçilərin da hamısını çox yaxşı tanıyıram. Salamı da o cümlədən. Valideynlərinə kömək məqsədi ilə təhsil ala-ala işləmək istədiyini eşidəndə etiraz etmədim, işə götürdüm. Yəqin bilirsiniz, üç gündən bir gecə növbəsinə çıxır, səhər də növbəni təhvil verib birbaşa dərsə gedir. Çox tərbiyəli, zəhmətkeş uşaqdır.
-Anlayışınıza görə çox sağ olun. İcazənizlə Salamın oturduğu otağa, həyətə və lazım olarsa binaya baxış keçirəcəm.
-Təsərrüfat müdiri sərəncamınızdadır. Sizi müşayiət edəcək. Nə sualınız olarsa, ona verə bilərsiz.
-Bəs kamera qeydlərinə necə?
-Heç bir maneə yoxdur. İstədiyiniz görüntüyə baxın.
Nəriman müəllim telefonun düyməsini basıb selektorla təsərrüfat müdirini yanına çağırdı.
Bir azdan kabinetə girən müdirə, -Mahmud müəllim, Bəxtiyar müəllim sizə dediyim adamdır, nə lazımdırsa, təmin edin, -dedi.
Hər ehtimala qarşı, Nəriman müəllimdən vizit kartı istəyib sonra təşəkkür edərək onunla sağollaşdım. Köklükdən qarnı irəli çıxmış, dazlaşmağa başlayan başındakı saçlarını səliqə ilə yana daramış təsərrüfat müdiri Mahmud müəllim bədəninə uyğun olmayan cəldliklə qabaqda gedib məni ilk növbədə baxmaq istədyim, bayaq yanından keçib gəldiyim gözətçi otağına gətirdi.
Birlikdə otağa girdikdə bayaqkı gözətçi tez ayağa qalxıb farağat vəziyyəti aldı. Ona fikir verməyib otağı nəzərdən keçirdim. Təxminən on iki kvadratmetrlik otaqda bir masa, iki stul, bir paltar dolabı, bir də həyətə baxan pəncərə olan divara metr yarım hündürlükdə yan-yana vurulmuş, kilidli üç dolab var idi. Masanın üzərində növbənin təhvil-təslim kitabı qoyulmuşdu. Dolabların yanında, divarın boş qalan hissəsində çimərlik geyimində qadın şəkli olan iri təqvim vurulmuşdu. İslanmış nazik çimərlik geyiminin arxasından qadının əzaları aşkar görünürdü. Təsərrüfat müdirinin ona tərs-tərs baxdığını görən gözətçi özünü təmizə çıxarmaq üçün tez dilləndi:
-Mənlik deyil, müdir, o biri növbənin uşaqları vurub.
Mahmud müəllim heç nə deməyib başını yellədi. Onları eşitmirmiş kimi müşahidələrimə davam etdim. Otağın qapı ilə üzbəüz sağ yuxarı küncündə kiçik kamera bərkidilmişdi. Bu qapıdan girən hər kəs kameranın obyektivinə düşməli idi. Üzümü Mahmud müəllimə tutdum:
-Deyə bilərsizmi, bu kameranın görüntüləri neçə müddət saxlanılır?
-On beş gün. Sonra yaddaş dolduğu üçün silinir. Elə qeydləri aparan qurğu da mənim otağımdadır.
-Bəs nə əcəb başqa kamera quraşdırmamısız, nə çöldə, nə də həyətdə? -buna gələrkən fikir vermişdim.
-Qapalı müəssisə kimi bizə yalnız içəridə baş verənlər maraqlıdır. Başqa sözlə desək, buraya girib-çıxanlar. Heç əslində çöl tərəf bizim əraziyə aid də deyil. Olsa, olsa işçilər maşınlarını girişin sol tərəfindəki meydançada saxlayırlar, onlara da indiyənədək dəyən-toxunan olmayıb. Həm də gözətçilərimiz tez-tez çıxıb baxırlar. Büdcəmiz elə də böyük deyil, özünüz başa düşürsüz. Daha artıq xərc çəkmək istəmədik. O ki qaldı həyətə, həyətdə də qorunacaq bir əmlakımız yoxdur. Həm də, bayaq gördüyünüz dördmərtəbəli binanın xəstələr yatan üç üst mərtəbəsi daim qıfıllı saxlanılır. Birinci mərtəbə texniki zonadır. Mərtəbələr də hamısı lap çoxdan mərkəzi mühafizə siteminə qoşulub. Hər hansı müdaxilə olsa, dərhal ərazinin mühafizə polisi özünü yetirəcək.
Müdirin bu fikri ilə razılaşmasam da, heç nə demədim. Otağın çölə baxan pəncərəsi yox idi. Həyətə baxan pəncərə isə səskeçirməyən «vakuum» effektli ikiqat şüşəli plastik pəncərə idi. Əlimi uzadıb pəncərəni açdım. Təmiz yaz havası ilə birlikdə həyətdəki ağaclara qonub cəh-cəh vuran quşların səsi otağa doldu.
-Salam da gecə növbəsinə gələndə maşınını bayırda saxlayırdı?
-Bəli, həyətə yalnız xidməti maşınlar daxil ola bilər.
-Bəs bu divardakı dolablar nə üçündür?
-Biz üç növbədə işləyirik. Üç nəfər gündüz, üç nəfər gecələr gəlir. Axşam doqquzda dəyişirik növbəni. İki gün dincəlirik. Hər növbənin öz dolabı var. Qab-qacağımızı, çay, qəndimizi ora qoyuruq, -bu dəfə gözətçi cavab verdi.
-Salamın dolabı hansıdır?
-De, lap qıraqdakı.
-Açarı var?
-Xeyir, hərə öz açarını özündə saxlayır.
Dolabın qapısını silkələdim. Möhkəm qapı idi.
-Mahmud müəllim, bunun qıfılını sındırmalı olacağıq.
-Bu dəqiqə, -deyən Mahmud müəllim üzünü gözətçiyə tutdu:
-İsrafil, tez qaç mənim otağımdakı dolabdan çəkiclə vintaçanı gətir. Otaq açıqdır.
Nəhayət aldığı farağat vəziyyətindən qurtulmaq imkanı qazanmış İsrafil çox məsuliyyətli bir tapşırıq verilmiş biri kimi ciddi görkəmlə sürətlə otaqdan çıxıb bayaq gəldiymiz binaya tərəf qaçdı. Beş dəqiqədən sonra əlindəki alətlərlə qayıdıb sual dolu baxışlarla təsərrüfat müdirinə baxdı. Onun gəldiyini görən müdir alətlərə ötəri bir nəzər salıb göstəriş verdi:
-Sındır!
“Ədəbiyyat və incəsənət”
(17.07.2023)