Kövrək qadının hekayəti Featured

“Ədəbiyyat və incəsənət” portalı “Oreanda” Yazarlar Birliyinin sədri Nigar Həsənzadənin bir hekayəsini sizlərə təqdim edir.

 Həyat surprizlərlə qarşımıza çıxmağı və bizi heyrətləndirməyi çox sevir

 

Bədbəxt hadisə

Bir bahar günü idi. Leyla yenə də həmişəki kimi saat altını gözləyirdi ki, salonu bağlayıb evə - sevimli anasının, ailəsinin yanına getsin. İşini də çox sevərdi. Gənc, qumral, pozitiv qız olan Leyla iki ilə yaxın kurslarda olmuşdu və onun yanına gələrək, İlahidən qadınlara verilmiş  bənzərsiz gözəlliyinə gözəllik qatmaq istəyən xanımları ən peşəkarcasına bəzəyəcək qədər mükəmməl öyrənmişdi peşəsini.

Bu gün nədirsə Leyla özünü qəribə, narahat hiss edirdi. Sanki xoşbəxtliyinin son günü imiş kimi. Gecə də nədisə səksəkədə olmuşdu. Səhər açılana qədər yuxusu ərşə çəkilmişdi.

Günorta axşama yenicə keçid alırdı ki, salonun yaxınlığında avtomobil qəzası baş verdi. Səs-küyə qonşular, ətrafda olan hər kəs gəldi. Leyla da salondan çıxaraq ətrafda nə olduğunu anlamağa çalışmaq üçün insanlara yaxınlaşdı və gördü ki, BMV markalı avtomobil 7 yaşlı bir qızcığazı vurub. (Piyada keçidi olmayan yerdən keçəndə belə olur, diqqətli olun ...)

Qızın anası isə qızına dondurma almaq üçün mağazaya girmişdi, qızına da “sən keç parka tərəf, mən də alım, gəlirəm” demişdi. Anası mağazada hadisəni eşidəndə ağlına ilk o gəldi ki qızıdır... Əraziyə yaxınlaşanda qızı olduğunu görüb dəhşətlə qışqırdı, ürəyi gedəcəkdi az qala.

Ətrafdakılar təcili yardıma zəng etsələr də, təcili yardım gələnəcən uşağa ilk yardım göstərilməli idi. Ora toplaşan adamların da içində bacarığı olan tək Leyla idi.

Leyla özünü uşağa yetirdi, anası həkim idi deyə anasından öyrəndiklərini işə saldı və xeyri də oldu. Qız gözünü açaraq sadəcə taqətsiz halı ilə bircə kəlimə “çox sağ olun” deyə bildi. Təcili yardım gəldi, qızı xəstəxanaya apardılar.

 

***

Hadisənin davamı ildırım surəti ilə baş verdi. Qızın vəziyyəti elə də ağır deyildi. Bir həftəyə onu evə bıraxdılar. İki həftə sonra qızın anası Leylanın bu köməksevərliyini qiymətləndirmək üçün salona gəlib təşəkkürünü bildirdi və Leylanı bazar günü evinə qonaq çağırdı. Ünvanı izah etdi. Və Leyla ilə tanış oldular. Leyla da bildi ki, qızının adı Aysel, öz adı isə Şahnazdır ananın. Leyla təklif üçün təşəkkür etdi və qismət olarsa, gələcəyini söylədi.

Bazar günü gəldi çatdı. Leyla da sevinə-sevinə bəzənib-düzənib Ayselgilə getdi. Bütün ailə onu xilaskar "həkim" kimi qəbul etdi, başına dolanıb, qulluğuda necə lazımdırsa, elə də durdular. Hamı Ayseldən narahat idi. Şahnazən telefonuna zəng gəldi və bu dəfə narahat olanlar silsiləsindəki Ayselin ortancıl dayısı Asif idi. Görüntülü zəng etmişdi ki, bacısı qızının necə olduğunu gözüylə görüb rahat olsun. Asif əslində ailəli olmuşdu, amma iki ay öncə ailəsi dağılmışdı. Yəqin sizə də maraqlıdır ki,  niyə? Axı bizə digər insanların şəxsi taleyi çox maraqlı gəlir... Deyim də. Asif xəyanət etdiyi və içki düşkünü olduğu üçün xanımı ondan ayrılmışdı.

Asif bütün ev əhli ilə danışdı, görüntülü növbə Leylaya çatanda və bu xanımın bacısı qızının xilaskarı olduğunu biləndə çox sevindi, mədəni şəkildə ona təşəkkür etdi və sağollaşdılar.

 

Təsadüf, ya plan idi?

Ayselin anası toya dəvət edilmişdi bəzənmək üçün Leylanın salonuna gəldi. Bu dəfə Şahnaz xanım avtomobillə gəlmişdi və avtomobil ortancıl qardaşı Asifin idi. Leyla ilə Şahnaz xanımın çox yaxın bağları yarandığından, Leyla şəxsən Şahnaz xanımı özü ötürmək üçün çölə çıxdı və bu zaman Asif maşından düşərək gəlib salamlaşdı, bir daha ona təşəkkür etdi. Leyla da ürəyində ona “necə də mədəni birisidir” dedi...

Eh... Leylam, nə biləsən ki, hər şey göründüyü kimi deyil. Leylaya heç kəs Asifin keçmişi haqqında heç nə deməmişdi. Qardaşlarından söz düşəndə Şahnaz xanım da Asifi xüsusi tərif edərdi.

Günlər bir-birini əvəz edirdi. Bir gün səhər Asif Leyla salona gələrkən yolda onun qarşını kəsərək üzr istədi və “mən qızımızın xilaskarı ilə danışmaq istəyirəm, bir az danışa bilərikmi” deyə soruşdu. Leyla büruzə verməsə də, onun da ürəyindən idi lap bu. Söhbət etdilər və söhbət sonu Asif Leyladan facebook, yaxud instagram hesabını bir bəhanə ilə istədi. Və əldə edəndə necə sevindi... Balıq ovuna çıxmış ovçular kimi idi lap. Tilova gözəl bir balıq düşmüşdü. Sağollaşan kimi ilk işi kluba özü kimi yolu düz olmayan dostlarının yanına gəlmək oldu və ədəbsizcəsinə gülüşlə sanki o mədəni Asifdən əsər əlamət qalmamışdı) yeni ovundan danışıb qəh-qəhə çəkdi.

Günlərlə instagram-da Leyla ilə danışıb qızın ürəyini ələ ala bildi və günlərin bir günü ona görüş təklif etdi və birdən təklikdə görüşü Leyla qəbul etməz deyə ağıl işlədib dostlarının da və dostlarının "sevgililərinin "də orada olacağını dedi. Leyla da razılaşdı və deyilən məkana gəldi. Asif surpriz hazırlamışdı Leylaya, o surprizdən sonra da hisslərini etiraf etdi. Tilova balıqları cəlb etmək üçün qarmağa keçirilən balıq yemi kimi Asif də Leylanı şirnikləndirmək üçün ona qızıl boyunbağı almışdı. Boyunbağını onun səmimiliyinə əsla şübhə etməyən Leylanın boynuna taxaraq qəfildən onun yanağından öpdü...

Asifin dostları kimi, elə yanlarında gələn və guya sevgililəridir kimi təqdim edilən qızlar da düz yol yolçusu deyildilər. Leylanı da yoldan çıxarmağa çalışırdılar. Onlar pıçı-pıçı ilə “Bu cür sənə sevgi təklifi gəlib, hələ bir, bahallı boyunbağı da  taxıldı boynuna daha nə istəyirsən, ay qız” fikrini onun beyninə yeritməkdə idilər.

“Bir badə şərab iç də Asifin  şərəfinə” – bu isə gələn qızların inadlı təklifləri idi.

Leyla gördü, əl çəkən deyillər və Asif də özünü qoydu yazıq vəziyyətinə, yəni ki, sağlığıma içsən dünyamı dağılar, məni pərt vəziyyətdə qoyma. Leyla götürüb içdi Asifin şərəfinə. Sevginin gözü kor olur, qəhrəmanımı qınamayın ha...

 

***

Gələn görüşlərin birində Asifin istəyi ilə qızlardan biri Leylanın içki bardağına çox güclü tərkibli maddə qatmış idi. Leyla da zəif və zərif qız... İçdikdən sonra çox pis vəziyyətə düşdü. Asif də özünü sudan quru çıxartmaq üçün tez günahkar axtarışına çıxdı, qızlardan birini müəyyənləşdirib, guya Leylanın gözəlliyinə paxıllıq etdiyindən onun badəsinə nəsə qatdığını elan edib qızı qovdu. Və bununla özünü Leylanın gözündə ucaltdı.

Leylaya həmin maddənin təsiri bərk olmuşdu deyə səhhəti düzəlmirdi. Asif də guya yaxşılıq edirmiş kimi "gözəlim, gündə bir dəfə ən zəif tərkiblisindən istifadə etməyə məcbursan, o axmağa nə deyim, gör bizi nə işə saldı" deyərək Leylanı dilə tutdu. O səfeh də inandı və artıq az sonra narkotikin aludəçisinə çevrildi. Bir müddət sonra ailəsi bundan xəbər tutdu və qızın Asiflə bütün əlaqəsi kəsildi.

Zamanla daha pis olurdu Leyla. Ailəsi çarəsiz qalıb onu psixiatriya xəstəxanasına yerləşdirməyi məsləhət bildi. Orda belə Leylanın tək gözü Asif, Asif idi.

Daha xəbəri yox idi ki, Asifin yadına belə düşmür. Asifin tək təəssüfləndiyi məqam ovundan istədiyi kimi istifadə edə bilmədiyi idi.

 

Daha bir təsadüf

Nağıl dili yüyrək olar. Leyla bir il ərzində tam sağaldı və mənəvi azadlığına qovuşdu. Leylanın ordan azad olduğu gün eşitdiyi ilk xəbər Asifin nişanlanması və keçmişi haqda bilmədikləri oldu. Təsəllisi tək musiqi olan qızcığaz ağlamaqdan dəniz gözlərinə, titrək qəlbinə necə əzab verirdi, bir bilsəniz.

Uzun zaman sonra ilk dəfə rəfiqəsinin təkidi ilə sevdikləri restorana getdilər. Ən sevdiyi musiqi çalınanda insanların ətrafda olduğu gözünə görünmədi əksinə hönkürtü ilə ağlamağa başladı. Həmin ərəfə masaya yaxınlaşan ofisant mələk kimi gözəl qızın bu çarəsiz halını görərək soruşdu: -"Nəsə kömək  lazımdırmı?".

-Xeyr, təşəkkür edirəm, -dedi, Leyla.

Bizim ofisant kimi tanıdığımız gənc əslində...

Bunu növbəti hadisələrdə biləcəksiniz.

Leylanında diqqətini ofisantın mədəniliyi, alicənablığı çəkmişdi. Hər ikisi bir-birini görmək arzusunda idilər. Və ayaqları imtina etsə də, ürəyi Leylamızı yenidən həmin restorana apardı. Ofisant alicənablığı ilə müdiriyyətin də sevimlisi idi. Leylanı görən kimi təlaşlanan ofisant müdiriyyətdən icazə alaraq mikrofonu əlinə alıb, başladı özünü təqdim etməyə.

-Mən həm də həvəskar şairəm. İndi deyəcəyim şeiri niyə səsləndirdiyimin səbəbini sonda biləcəksiniz, amma indi "Kövrək qadın”ı dinləyin, zəhmət olmasa. İcazə üçün rəhbərliyə xüsusi təşəkkürlər.

 

Kövrək qadın, nədir səni ağladan?

Ürəyini bu cür hədsiz dağladan?

 

Bu dəniz gözlərə, bəyaz tellərə

Qənim kəsilən kəs bilirmi görən?

Gözələ baxmaq bir savabsa əgər,

Ona qıymaq da bir günahdır, hərgah.

 

Kövrək qadın, ahın tutacaq onu.

Tez zamanda inan, gələcək sonu

 

Şairmiz həvəskar şair idi və şeir şəklində içindən gələnləri yazmışdı. Şeiri səsləndirdikdən sonra bunları dedi:

-İndi isə icazənizlə şeirin yazılma və səsləndirilmə səbəbini deyim. Bu şeir zaldakı xanımlardan birinə ərmağandır. O xanıma ki, keçən günlərdən birində bu məkana gəlib kitabtək oxunmağa layiq mənalı gözlərinə əzab verirdi.

Leyla utandığından oğlana cavab vermədi, heç təşəkkür də etmədi. Amma gözləri yaman gülüş dolu idi.

Çıxışda gənc şairmiz yaxınlaşıb: -"Bəyəndinizmi?"deyə soruşdu.

Leyla: -"Bəli, diqqətiniz üçün təşəkkürlər", -dedi.

Gənc şair davam etdi:- "Olarmı, iş sonrası  sizinlə yaxınlıqdakı  parkda görüşək, sizə verməli olduğum bir şey var".

Leyla xeyli tərəddüd etsə də sonda razılaşdı.

 

***

Axşam 22:00.

Görüş baş tutdu. Şairmizin Leyla ilə ilk görüşü idi, onlar yaxından tanış oldular. Leyla artıq Vasifi adı ilə tanıdı. Hədiyyə sizcə nə idi? Şəkil idi... Bu, şeir oxunulan vaxt Leylanın baxışlarından,Vasifin gülən gözlərindən ibarət şəkillər idi və şəkillərin hər birinin arxasına" Kövrək qadından" sətirləri yazılmışdı. Leyla bu incəliyə özündən asılı olmayaraq göz yaşı tökdü sevincindən və yenə də özündən asılı olmayaraq oğlana sarıldı.

Günlər bir-bir ötürdü. Araları çox yaxşı idi, Aytəkin ilə Nihat kimi lap...(Habil Yaşarın "Yeddinci Ayın Yeddisi" romanından obrazları deyirəm).Amma fələk imkan verərmi?!

Qəfil zəng hər şeyi korladı.

Danışan bir qadın idi, nömrə isə Leylaya yad idi.

-Qızım, mən Vasifin anasıyam.Vasif maşın qəzası keçirib və reanimasiyadadır. Sən də telefonunda "həyatım" deyə qeyd edilmişdin deyə sənə zəng etməyi özümə borc bildim.

Leyla tez ünvanı soruşaraq yola düşdü. Elə təzə çatmışdı ki, gördü, reanimasiya şöbəsinin qarşısında çaxnaşmadır.

-Həkim, xəstənin vəziyyəti pisdir, ürək döyüntüləri azalır.

-Başınız sağ olsun, əlimizdən gələni etdik, xəstə çox ağır zədələnmişdi, beyin travması idi...

 

Və sonluq

Və Leylanın yenidən qara günləri başladı. Tək hüzuru dəniz kənarında tapırdı. Hətta bəzən hava küləkli olsa da dənizə girər, uzaqlara üzüb özünə təsəlli tapardı. Nə bilərdi ki, hüzur üçün getdiyi o uzaqlıq onu əbədi olaraq ən sevdiyi kəsə qovuşduracaq. Dənizin onu bu qədər cəlb etməyi boşuna deyildi.

Yenə küləkli günlərdən biri idi. Leyla dənizə girmişdi və çox uzaqlıqda idi, özünü dənizin dərinliyinə və axınına buraxmışdı. Geri dönmək istəyəndə güclü külək buna imkan vermədi. Şahə qalxmış dalqalar Leylanın üzünə çırpıldı, başından basdı, onu duyun altına çəkdi...

Leyla bir müddət sulara müqavimət gösrətsə belə sonda taqətsiz halda təslim olduş

Amma hər pislikdə bir yaxşılıq var, bu, Leylanın yaxınlarına dərin hüzn yaşatsa da Leyla və yarı əbədi olaraq bir- birinə qovuşub, amansız həyatdan xoşbəxt həyata bir yerdə keçdilər.

Əminəm ki, indi onlar çox xoşbəxtdilər.

Və ona da əminəm ki, “kövrək qadını kövrəldən” o iblis mütləq cəzasına çatacaq. Bu dünyada hər bir günahın öz cəzası var. Sadəcə, cəza növləri müxtəlifdir.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.