İyulun 13-də Qazaxda - Yuxarı Salahlı kəndində ilk açılışı, ardınca Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə növbəti açılışı olan Vaqif Poeziya Günləri major notlarla başa çatdı.
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən bu təntənəli mərasimi onun iştirakçıları uzun müddət unutmayacaqlar.
“Ədəbiyyat və incəsənət” portalı Şuşada keçirilən tədbirlərin xronologiyasını diqqətinizə çatdırır.
MƏQBƏRƏ ÖNÜNDƏ İZDİHAM
Dahi şairin məqbərəsi önündə keçirilən açıləş mərasimində dövlət və hökumət nümayəndələri, respublikanın tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar, şairlər iştirak ediblər. O cümlədən, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva açılış mərasimində iştirak edirdilər.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək, Şuşada belə bir möhtəşəm tədbirdə iştirakdan məmnun olduğunu ifadə edib.
Vaqif Poeziya Günlərinin hər il təşkil olunduğunu söyləyən Xalq yazıçısı görkəmli şair Molla Pənah Vaqifin yaradıcılığından söz açıb: “Biz fəxr edirik ki, öz mövqeyindən dönməyən Nəsimi, Vaqif, Mikayıl Müşfiq, Hüseyn Cavid kimi şairlərimiz olub. Bizim şairlərimiz, yazıçılarımız həmişə belə olublar. Bu gün biz böyük şairimizin məqbərəsinə toplaşmışıq. Azərbaycan Yazıçılar Birliyi adından hər birinizə təşəkkür edirəm, ona görə ki, bu, dövlətin, xalqın qiymətidir. Belə ədiblər olmasaydı, bu gün Azərbaycan ədəbiyyatı olmazdı. Nə qədər insan Şuşaya gəlmək istəyir. Ona görə ki, Şuşa Azərbaycanın ürəyidir. İnanıram ki, burada keçirilən bu bayramlar əbədi olacaq və düşmənin ayağı heç vaxt bu torpaqlara dəyməyəcək”.
Türk Ədəbiyyat Vəqfinin rəhbəri Serhat Kabaklı Şuşada Vaqif Poeziya Günlərinə dəvət olunmasından qürur hissi keçirdiyini deyib və tədbirin təşkilatçılarına təşəkkür edib. Şuşanın işğaldan azad olunduğu günlərdə Bakıda olduğunu və burada gördüyü möhtəşəm qələbə sevincini ömrü boyu unutmayacağını bildirən Serhad Kabaklı deyib: “Həmin gün Bakının küçələrində Azərbaycan və Türkiyə bayraqlarının insanlar tərəfindən böyük coşqu və sevgi ilə dalğalandığını görmək olduqca sevincli idi. Gördüklərimdən o qədər duyğulanmışdım ki, göz yaşlarıma hakim ola bilmədim. İstanbula döndükdən sonra “Şükür” namazı qıldım və dua etdim ki, Allah mənə Şuşada da bu namazı qılmağı nəsib etsin. Çox şükür ki, Allah bunu mənə nəsib etdi. Bu gün Şuşada Vaqif Poeziya Günlərində aldığım unudulmaz hissləri ürəyimdə yenidən Türkiyəyə daşıyacağam. Bundan çox qürurluyam”.
Sonra çıxış edən Xalq şairi Vahid Əziz, Özbəkistanın Xalq artisti Xurşud Davron, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Rəşad Məcid, şair-tərcüməçi Səlim Babullaoğlu Şuşanın füsunkarlığı, qeyri-adi təbiəti, bənzərsizliyi, beynəlxalq tədbirlərin ünvanına çevrilməsi və “Türk dünyasının mədəniyyət paytaxtı” kimi önəmli yer tutması barədə danışıblar.
Sonra vətənpərvərlik mövzusunda, eləcə də əziz Şuşaya həsr olunmuş şeirlər səsləndirilib.
ELEKTRON MUĞAM VƏ QİRAƏT SAATI
Vaqif Poeziya Günləri çərçivəsində Şuşada tədbirlər gecə saatlarında da davam edib. Belə ki, Şuşanın müxtəlif məkanlarında şeirlər səsləndirilib, musiqi sədaları eşidilib.
Poeziya günlərinin növbəti tədbiri “Elektron muğam saatı” olub.
Tarzən və bəstəkar İbrahim Babayev milli və elektron musiqinin sintezindən ibarət ifa səsləndirib. Bundan başqa, açıq səhnədə gənc qiraətçilər və şairlər musiqinin müşayiəti ilə improvizasiya şəklində öz şeirlərini təqdim ediblər.
“DÖVRİ-SƏDA” ADLI KONSERT PROQRAMI
İyulun 14-də Şuşanın sevilən məkanlarından birində – Natəvanın evi qarşısında “Dövri-səda” adlı konsert proqramı təqdim olunub.
Konsert çərçivəsində Əməkdar artist Vüqar Camalzadənin ədvar sistemi üzrə bəstələdiyi 8 musiqinin Qədim Musiqi Alətləri Ansamblının ifasında təqdimatı olub.
Ədvar Şərq musiqisində “sistemçilik” adı ilə məşhur məktəbin banisi olan Səfiəddin Urməvinin yaradıcılığının Şərq musiqi nəzəriyyəsi sahəsində ən böyük nailiyyətidir. Ədvar sistemi ilə Azərbaycan, eləcə də bütün Şərq musiqisinin əsasını təşkil edən səs kompleksləri sistemi qaydaya salınır.
Konsertdə Xalq artistləri Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova, xanəndələr Rövşən Məmmədov, Hüseyn Məlikov, Aysel İbrahimova və digərləri Molla Pənah Vaqifin qəzəlləri ilə yanaşı, Xəqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mir Həmzə Nigari, Mir Möhsüm Nəvvab, Nizami Gəncəvi, Şah İsmayıl Xətainin ölməz əsərlərindən parçalar ifa edib, hər ifadan əvvəl isə qiraətçilər qəzəllərdən parçalar təqdim ediblər.
İncəsənət ustalarının bir-birindən maraqlı ifaları izləyicilərin zövqünü oxşayıb. Konsert proqramı maraqla qarşılanıb.
VƏTƏNİM QARABAĞ ADLI POEZİYA SAATI
Poeziya Günləri çərçivəsində iyulun 15-də “Vətənim Qarabağ” adlı poeziya saatı təşkil olunub.
Tədbirin açılışında Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxış edərək, hər il Şuşada ənənə halını almış poeziya günlərinin təşkilinin mədəniyyətimiz və ədəbiyyatımız üçün önəm kəsb etdiyini diqqətə çatdırıb. O, bu mötəbər tədbirə qatıldıqları üçün hər kəsə təşəkkür edib.
Çıxış edən şair-tərcüməçi Səlim Babullaoğlu deyib ki, hər dəfə gözəl, mübarək Şuşa torpağında olmaq hər kəsə böyük məmnuniyyətlik gətirir: “Biz bu məmnuniyyətə doğru həm Ali Baş Komandan, həm ordumuzla uzun yol gəlmişik və bu prosesdə bizə qardaşlarımız, dostlarımız dəstək oldu. 44 günlük savaş günlərində bizim yaxın-uzaq ölkələrdə yaşayan həmkarlarımız, dostlarımız Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında xeyli böyük işlər görüb. Bunlardan biri əlbəttə ki, həmişə Azərbaycanın yanında olan Türkiyə Cümhuriyyəti və qardaş ölkənin dəyərli ziyalılarıdır. Ömer Küçük Mehmetoğlu da belə aydınlarımızdandır. O, istedadlı yazıçıdır, çağdaş Türkiyə nəsrinin tanınmış nümayəndələrindəndir və peşəkar tərcüməçidir. Ömərin tərcüməsində bizim görkəmli ədiblərin əsərləri Türkiyə türkcəsində nəşr olunub. Türkiyənin məşhur “Heca” dərgisinin 7-8 il bundan əvvəl Azərbaycan ədəbiyyatına həsr olunmuş xüsusi nömrəsi işıq üzü görmüşdür. Lap bu günlərdə jurnalın Azərbaycan poeziyasına həsr olunmuş xüsusi nömrəsi hazırlanaraq çap edilib. Bütün bu xidmətlərinə görə o, Azərbaycan Yazıçılar Birliyinin “Bəxtiyar Vahabzadə” mükafatına layiq görülüb”.
Sonra mükafat türkiyəli yazıçıya təqdim olunub.
Ömer Mehmetoğlu göstərilən etimada görə Azərbaycan Yazıçılar Birliyinə təşəkkür edib.
Xalq şairi Vahid Əziz çıxış edərək deyib: “Biz 30 il sınağa çəkildik, bu illər bir an da olsun müqəddəs yurd yerlərimizi, Qarabağımızı unutmadıq, daim bu günü düşündük və arzuladıq. Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz bu həsrətə, nisgilə son qoydu. Bu gün Azərbaycanın müqəddəs şəhərində belə bir möhtəşəm tədbirin keçirilməsi bir daha dövlətimizin gücünü, qüvvəsini, ordumuzun yenilməzliyini göstərir. Bu müqəddəs məkanda belə bir söz bayramına toplaşmağımıza görə Vaqif Poeziya Günlərinin iştirakçıları adından ölkəmizin başçısına minnətdarlığımı bildirirəm”.
Sonra yazıçı Seyran Səxavət, şairlər Barat Vüsal, Qəşəm Nəcəfzadə, Əlisəmid Kür, Əkbər Qoşalı, tərcüməçi İan Perart, türkiyəli şair Serhad Kabaklı, Özbəkistanın Xalq şairi Xurşud Davron və digərləri çıxış edərək, Vaqif Poeziya Günlərinin əhəmiyyətindən danışıb, fikirlərini bölüşüb, vətənpərvərlik ruhunda və Şuşa haqqında şerlərini səsləndiriblər.
“Vətənim Qarabağ” adlı poeziya saatının ikinci hissəsi də xeyli maraqlı olub. Bu dəfə tədbirdə bölgələrdən olan şairlər və Azərbaycan Yazıçılar Birliyinin üzvü olan gənc şairlər şeirlərini oxuyublar.
Əvvəlcə tədbirin aparıcısı, şair İbrahim İlyaslı Şuşada keçirilən Vaqif Poeziya Günləri haqqında təəssüratlarını bölüşüb. O, poeziya günlərini söz, sənət və mənəviyyat bayramı adlandırıb. Qeyd edib ki, hər zaman olduğu kimi, bu dəfə də poeziya günləri Şuşada yüksək səviyyədə keçirilir. Diqqətə çatdırılıb ki, builki poeziya günlərinin təşkili işğaldan əvvəlki illərdə olduğu kimi, Vaqifin doğulduğu Qazax şəhərindən başladı və əziz Şuşada davam edir.
Sonra söz şairlərə verilib.
Poeziya saatında şairlər Bəsti Əlibəyli, Ramiz Babayev, Qanun Ümman, Ziyafət Yəhya, Reyhan Kənan, Şahnaz Şahin, Fəxrəddin Teyyub, Namiq Məna, Aysel Fikrətqızı, Bilal Arallı, Xuraman Muradova və digərləri vətənpərvərlik mövzusunda qələmə aldıqları, həmçinin Şuşaya həsr etdikləri şeirlərini səsləndiriblər.
“VAQİF DÜNYASI” TAMAŞASI VƏ YEKUN
Vaqif Poeziya Günlərinin sonuncu tədbiri “Vaqif dünyası” adlı poetik-musiqili tamaşa olub. Tamaşada Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Məhəmməd Füzuli, Əlişir Nəvai, Şah İsmayıl Xətai və Türk dünyasının digər şairlərinin obrazları canlandırılıb.
Səhnə əsərinin nümayişindən öncə Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi çıxış edərək, Vaqif Poeziya Günlərinin əhəmiyyəti barədə danışıb: “Bu gün doğrudan da böyük bir poeziya bayramı olan Vaqif Poeziya Günlərinin, belə demək olarsa, builki finişinə çatmışıq. Bu gözəl tədbirlə layihənin builki hissəsini yekunlaşdırırıq. Doğrudan da bu il çox unikal və fərqli məqamlar oldu. Birinci məqam ondan ibarət idi ki, bu poeziya bayramı Qazaxda başladı. Şairin vətənində və sovet dövründə olduğu kimi, Qazaxda start verilən bayram şənlikləri Şuşaya ötürüldü və iki gün ərzində burada çox gözəl tədbirlər keçirildi. Bu il iki əlamətdar hadisə üst-üstə düşüb. Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunması. Bu günlər çərçivəsində məhz hər iki əlamətdar hadisəyə toxunduq. Mehmandarovların malikanəsində Azərbaycan Yazıçılar Birliyinin Heydər Əliyevin yubileyinə həsr olunmuş kitabının təqdimatını keçirdik. Ondan əlavə, Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunması səbəbindən builki bədii hissələri də sadəcə, Vaqifin həyat və yaradıcılığı üzərindən yox, Vaqif və türk dünyası kontekstində qurduq”.
Yazıçı əlavə edib ki, “Vaqif dünyası” tamaşasını hazırlayanda əsas məqsəd məhz görkəmli şairin müasir Azərbaycan ədəbi dilinin formalaşmasında və ümumiyyətlə, ümumtürk kontekstində yerini göstərmək olub: “Tamaşanın əsas məğzi ondan ibarətdir ki, doğrudan da həmin dövrdə türk xalqlarının ədəbiyyatı paralel inkişaf edib və yaradıcı heyət bir-birini çox rahat başa düşüb, bir-birinin ruhunu hiss ediblər. Bu səhnə əsərində bu mesajları aydın şəkildə görmək mümkündür”.
Sonra tamaşa təqdim olunub.
Səhnə əsərinin kompozisiyası Vaqiflə Vidadinin dialoqu üzərində qurulsa da, digər şairlərin şeirləri, musiqilər, muğam parçaları da araya daxil edilib. Təqdimatda istifadə olunan səhnə geyimləri də kompozisiyanın yaratdığı hissləri gücləndirərək, tamaşaçıları bir neçə əsr bundan əvvələ aparıb.
Aktyorların məharətli çıxışı səhnə əsərini daha da təsirli edib, tamaşa maraqla qarşılanıb.
P.S.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Müasir Azərbaycan ədəbiyyatı tarixində bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşada yekunlaşardı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra 41 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir.
Şuşadan yüksələn ədəbiyyat sədaları aşağıdakı erməni düşmənlərin bağrını çatlatmırmı, çatladır.
Fotolar: AzərTAC-ındır.
“Ədəbiyyat və incəsənət”
(17.07.2023)