Qazaxda başlayan Vaqif Poeziya Günləri bu gün Şuşada davam edir Featured

 

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Vaqif Poeziya Günləri davam edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Poeziya Günləri iyulun 13-də Molla Pənah Vaqifin dogma şəhəri - Qazaxın Yuxarı Salahlı kəndindən start götürüb. 
Bu gün və sabah - iyulun 14-15-də isə Vaqif Poeziya Günləri mədəniyyət paytaxtımız Şuşada davam edir. 

Şuşa Vaqif üçün çox böyük əhəmiyyətə malik olub. O, Qazaxda dünyaya göz açsa da, Şuşada məşhurlaşıb və burada dəfn edilib. Vaqifin Şuşada yaşadığı dövrdə də hər birimiz üçün əziz olan bu şəhər Azərbaycanın mədəniyyət mərkəzi sayılırdı.
Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, həmçinin Natəvanın evi qarşısında, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı, “Xarıbülbül” və “Qarabağ” otellərində tədbirlər keçiriləcək.
Qeyd edək ki, bu il 100 illiyi qeyd edilən Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra 41 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir.
Yeri gəlmişkən, tədbir çərçivəsində Azərbaycan yazıçılarının Heydər Əliyev barədə xatirələrindən ibarət kitabın da təqdimatı olacaq. 

“Ədəbiyyat və incəsənət”
(14.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.