“Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq.
Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanln təqdimatında bu gün Əkbər İsmayili (Qalan) öz şeirləri ilə hüzurunuzdadır.
O, bu dəfə “Gözlərində ölmək istirəm” söyləyəcək.
DURDUQCA UZAQDA!
Durduqca uzaqda, uzaqlaşırsan,
Gözümdən, könlümdən, dünyamdan mənim.
Ayıqkən gəzirdin xəyallarımda,
İndisə qopmusan röyamdan mənim.
Mən səni sevirdim, bunu bilirsən,
Sən məni sevirdin, bilirəm bunu.
Yenildim qürura, sən təkəbbürə,
Amma mən içimdən silirdim bunu.
Mən səni sevirdim, seçməmişdim ki,
Bu üzdən yenə də sevəcəm səni.
Sadəcə qorxuram o gündən ki, mən,
Kənara qoymağa seçəcəm səni.
GÖZLƏRİNDƏ ÖLMƏK İSTİRƏM
Saçların dalğalı,
Dənizə bənzər
Gözlərin!
Gözlərin hər zaman, yaşadır məni
Yanaqların qırmızı,
Al alma kimi.
Qönçə dodaqların aldadır məni
Baxışın sehirli, baxışın ovçu.
Ov kimi bəndinə düşmək istirəm.
Bir ömür könlündə qul tək, əsir tək,
Hər zaman gözlərində ölmək istirəm.
“Ədəbiyyat və incəsənət”
(10.07.2023)