Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

17 –ci dərc

 

Villanın arxasındakı odunxanada qaynatdığı samovara bir-iki kömür atan «Qızılbaş» düdkeşi yerinə taxıb, keçib yaxınlıqdakı oturacaq kimi qoyulmuş kötüklərdən birinin üstünə oturdu. Sonra üzünü tüstü vurmamaqçün bir qədər aralıda oturmuş adama tutub dedi:

-Hə, indi danış.

-Bunlar hər addımlarını ölçüb-biçirlər. Köməkçisi olan qızın vasitəsilə onun yerini öyrənməyə çalışdım. Bununçün adamlarımdan birini ofis tərəfdə keşik çəkməyə qoydum. Ancaq axşam saatlarında ofisdən çıxıb qonşu mağazaya girən qız oradan ilim-ilim itib yoxa çıxıb. Sonradan yoxlayanda məlum oldu ki, mağazanın başqa küçəyə çıxan arxa qapısı var. Bu üsulla gedibsə, deməli Bəxtiyarla görüşməyə gedib. Heyif, əldən qaçırdıq.

«Qızılbaş» məzəmmətlə üzbəüz oturmuş adama baxdı.

-Özün niyə nəzarət etmirdin ofisə? Sən onu qaçırmazdın.

-Mən daha vacib iş üçün getmişdim. Bəzi şeyləri yoxladım.

-Nə şeylərdir onlar?

-Hələ ki, deyə bilmərəm. Nəticə olarsa biləcəksiz. Həm də mən, paralel olaraq Bəxtiyarın evini nəzarətdə saxlayıram.

-Düşünürsən ki, o indiki vəziyyətdə evə gələcək?

-Bəli, mən belə düşünürəm.

-Axı məntiqlə o bu aralarda evinə qayıtmaz.

-Razıyam. Ancaq onu tanıdıqca başa düşdüm ki, çox fərqli, qeyri-standart düşüncə tərzinə malik biridir.

-Fikrini izah elə.

-Əgər Bəxtiyar sonuncu dəfə evindən bizə məlum olmayan yolla, gizli şəkildə gedibsə, deməli Eyvazdan sonra daha ciddi, peşəkar biri tərəfindən izlənəcəyini istisna etməyib. Bu halda artıq, həmin andan bu oyunun qaydalarını gözəl bilən bir peşəkara qarşı oynayacağını da başa düşüb. Sizinlə razıyam, peşəkarlığın bir qanunu da belədir ki, heç vaxt təhlükə hiss edərək uzaqlaşdığın ünvana bir daha qayıtma.  Bu məntiqlə, o heç bir vəchlə bu məsələ bitənədək evinə dönməli deyil. Ancaq dediyim kimi, onun, qeyri-adi düşüncə tərzi ilə bu qaydaları pozaraq öz xeyrinə işlədəcəyinə əminəm. Başqa sözlə, mənim də onun kimi düşünərək evi nəzarətdən çıxaracağımı fikirləşib gec-tez oraya gələcək.

-Hmm, ola bilər. Ancaq bəs gəlməsə necə? Belə çıxır ki, sən ehtimallarına güvənib orada qaldıqca, o öz işini görəcək, bir-bir bizim zibillərimizin üstünü açacaq, biz də hər şeydən xəbərsiz, oturub onun nə vaxtsa evinə gələcəyinə ümid edəcəyik? Unutma ki, o keçmiş polis əməkdaşıdır və öyrəndiyi hər bir şey bizim üçün real təhlükə olacaq.

-Heç də yox. Dedim axı, bəzi başqa şeylər də var ki, yoxlayıram. Tezliklə nəticə olmalıdır. Həm də ki, inanmıram belə qısa vaxtda bu Bəxtiyar hələ nəsə öyrənmiş olsun. Ona görə də, düşünürəm ki, hələ vaxtımız var. Mənsə, pusquda durmağın qaydalarına uyğun olaraq, nə qədər lazımdırsa o qədər də gözləyəcəm. Bu işdə əsas şey səbirdir. Həm də axı, hazırda onu başqa axtaracağımız yer də məlum deyil bizə. 

-Təki sən deyən kimi olsun. Bircə onu bilirəm ki, bu Bəxtiyar hələ çox suyumuzu bulandıracaq. Nahaq Səttara qulaq asdıq.

-Səttar? Nəyi nəzərdə tutursuz?

-Heç, bunu elə-belə, özümə görə dedim. Sənlik bir şey yoxdur.

-Aydındır.

-Maşınından da istifadə etmir?

-Maşınını bu yaxınlarda satıb.

-Telefonla da ki, belə başa düşdüm, heç bir əlaqə yaratmırlar.

-Məgər buna əvvəldən şübhəniz var idi? Belə adamlar bir iş görərlərsə, bunu əsaslı şəkildə edirlər. Hər ikisi eyni mobil operatorun xidmətlərindən istifadə edir. Oradakı adamımız, gözlənildiyi kimi, heç bir nəticə əldə etməyib. Heç uzun müddət olduqları bir koordinat da müəyyən edə bilməyib. Güman ki, nömrələrini hərdən, qısa müddətə telefon aparatlarına quraşdırırlar. Bir neçə dəfə hər ikisinin mobil nömrələrinin yerdəyişmələrini qeydə alıb adamımız. Gəl ki, bu yerlər heç biri bircə dəfə də təkrarlanmadığından bizə heç nə verməyib. Güman ki, hansısa, hələ ki, bizə məlum olmayan əlaqə vasitələri var. Ola bilər ki, şəhər telefonları ilə danışırlar.

-Şəhər, ya kənd telefonu, bilmirəm. Adama görə vaxtilə kimlərəsə ağız açdıq, dedik atası yaxşı oğlan idi, dostumuz idi, yüksək maaşla orada işə düzəltdik ki, həm ailəsini dolandırsın, korluq çəkməsinlər, həm də lazım olanda bir işimizə yarasın. İndi canı çıxsın, başını işlətsin, danışmırlarsa, bu işin başqa bir yolunu tapsın, -«Qızılbaş» səsini qaldırdı.

Elə bu vaxt samovardakı su pıqhapıqla qaynayıb daşdı. Bunu görən «Qızılbaş»ın əsəbləşdiyi bir anda yadından çıxdı. 

-Həə, indi otlardan bir çay dəmləyəcəyəm ki, gəl görəsən. Özün qaynatdığın samovarın çayı bir başqa olur.

Adəti üzrə əllərini bir-birinə sürtüb hazır qoyduğu dəm çaynikini götürdü. Samovarı özü qaynatmağı yaman xoşlayırdı. Bu vaxt həmsöhbəti ayağa qalxdı.

-Mən gedim. Çay içməyə vaxt yoxdur.

-Gedirsən, get. Amma keçən dəfəki söhbətimizi unutma. Dəmir bizdən nəticə gözləyir. Hadisələr nəzarətimizdən çıxsa, kəskin addımlar atmalı olacağıq. Bunu isə, sən etməli olacaqsan. Məni başa düşürsən. Çalış, o həddə çatmasın hər şey. Bu səninçün o birisilər deyil, polis zabitidir, ölümü böyük səs-küyə səbəb olar.

-Başa düşürəm. Nə mümkündürsə, edəcəyəm.

-Onda ləngimə. Sənə arxayınam.

-Sağ olun.

-Sağ ol.

Tək qalan «Qızılbaş» öz-özü ilə danışırmış kimi yenə də bayaq işlətdiyi kəlmələri təkrar etdi:

-Nahaq Səttara qulaq asdıq, nahaq…

 

* * *

Valyutadəyişmə məntəqəsindən verilmiş konverti də polkovnikin göndərdiyi sənədlərlə birlikdə evdən çıxarkən götürmüş, sənədləri Gülanənin evində gizlətmiş, konverti isə cibimə qoymuşdum. Əslində yaranmış vəziyyətdə bu konvert yeganə əlaqə vasitəm idi. Çox əlverişli vasitə olmasa da, hər-halda etibarlı idi və onsuz da indiki vəziyyətdə başqa çıxış yolum yox idi. Polkovnik belə istəmişdisə, deməli, ən düzgün olanı bu idi. Görünür, bir daha bu kanala müraciət etməli olacağam. Bu Matvey Semyonoviç tərs adama oxşamır. Ancaq nədənsə möhkəm qorxur. Görünür ki, bu qorxu nə qorxudursa, ötən otuz ildə canından çıxmayıb. Əminəm ki, mənə lazım olan əsas məlumatı ondan alacağam. Ancaq bununçün onu danışmağa vadar etmək lazımdır. Bunu isə polkovnikdən yaxşı heç kim edə bilməz.

Avtobusdan «Sahil» metrosunun qarşısında düşdüm. Yaxınlıqdakı parka keçib boş skamyalardan birinə oturdum. Konvertlə yanaşı cibimə qoyduğum bloknot və qələmi çıxardım. Bloknot vərəqində cəmi bir cümlə yazdım: «Matvey Proxorov qonaqpərvər deyil». Vərəqi bloknotdan qoparıb cibimdəki konvertə qoydum. İndi bunu ünvana verib cavab gözləməliydim. Yəqin ki, cavab ən tezi axşama, ya da sabaha hazır olardı.

Layiqəyə ofisə getməməsini, evdə də qalmamasını tapşırmışdım. Mənimlə görüşə gələrkən qonşu mağazanın arxa qapısından istifadə etdiyindən bu fənd ikinci dəfə işə yaraya bilməzdi. Təxmin etdiyim kimi, peşəkarlar tərəfindən izlənirəmsə, onda köməkçimin evinin yerini də müəyyən etmək onlar üçün iki vur ikidir. Bəlkə də artıq bunu ediblər. Qəfildən mənə lazım olarsa, izinə düşülməməsi üçün rəfiqəsigildə qalmağı tapşırmışdım Layiqəyə. Rəfiqəsinin ev telefonunu götürmüşdüm, ehtiyac olarsa, oraya zəng vuracaqdım.

Həmişə başqalarını izləməyə öyrəşmiş biri kimi, indi özümün izlənməyim mənə bir qədər qəribə gəlsə də, baş verənlərdə həmişə pozitiv məqamlar axtardığımdan, ilk dəfə rastlaşdığım, mənim üçün qeyri-adi olan bu vəziyyətdə qarşı tərəfin əsəbləri ilə oynamaqdan xüsusi zövq alırdım. Qoy bütün şəhəri bir-birinə vurub məni axtarsınlar. Onlara öz yemişbaşlarından heç də irəli getmədiklərini göstərmək istəyirdim. Həm də polis orqanlarının əməliyyat aparatının yetişdirdiyi bir peşəkarla oynamağın nə olduğunu bir qədər anlasınlar.

On beş dəqiqə sonra konverti ünvana verib yenidən parka qayıtdım və bayaq oturduğum skamyada oturdum. Parkda heç kim yox idi. Yaranmış boşluqdan istifadə edib Salamın işi ilə maraqlanmağı qərara aldım. Yaxınlıqdakı avtomat telefondan nömrəni yığdım.  Elbrus zəngimə dərhal cavab verdi.

-Salam, Elbrus müəllim.

-Salam, Bəxtiyar müəllim.

-Bizim uşağın vəziyyəti necədir?

-Yaxşı heç nə yoxdur. Ekspertizaların cavabları gəlib. Hər şey ona qarşıdır.

Ekspertlər adamın maşınla vurulmasını rəsmən təsdiqlədilər. Paltarlarının üzərində Salamın maşınının aşkar izləri qalıb. Maşının ön tərəfində də, kiçik əzik və batıqlarla yanaşı, ölənin paltarlarının mikroelementləri və qan qrupu ilə eynilik təşkil edən qan ləkələri aşkar olunub. Özünüz başa düşürsünüz, bunlar təkzibedilməz sübutlardır. Sabah Salam Kürdəxanıya, İstintaq təcridxanasına göndəriləcək.

-Bəs şahidlər?

-Gecə saatları olduğu üçün hadisənin şahidi yoxdur. Başqa bir şey də var. Adamın meyiti səhər saatlarında, hava yenicə açılmağa başlayanda ara küçələrdən birində tapılıb. Espertlər müəyyən ediblər ki, ölüm, meyit tapılandan təxminən iki saat əvvəl baş verib. Gecə vaxtlarına təsadüf edən həmin saatlarda ətraf küçələrdəki kameraların görüntülərinə düşən cəmi üç maşından biri də Salamın maşınıdır. Digər iki maşının sürücüləri həmin ərazidə yaşayırlar, sadəcə gecə saatlarında evlərinə qayıdıblar. Salamın isə o ərazi ilə heç bir əlaqəsi yoxdur. Bu da ona qarşı yönələn daha bir faktdır.

-Bəs uşaq özü nə deyir.

-Nə deyəcək. Deyir həmin gecə səhərə qədər növbədə olmuşam, postumu tərk etməmişəm, arada bir qədər mürgüləmişəm, maşını da heç kimə verməmişəm. Növbəyə gələndən təhvil verənə qədər maşını işlədiyi xəstəxananın qarşısında olub, açarları da cibində. Başqa heç nə.

-Bəs o Ruhi-əsəb xəstəxanasının girişində kamera yoxdurmu?

-Məsələ bundadır ki, çöl tərəfdə yoxdur, içəridəki kamera isə həmin gün işlək vəziyyətdə olmayıb.

-Məhz həmin gecə işləməyib?

-Bəli. Mənə də bu çox maraqlı gəldi. Ancaq hələki bir nəticə əldə etməmişəm. Elə bu fakt özü də bir növ Salama qarşı yönəlir. Gün ərzində kamera işlək vəziyyətdə olub. Belə çıxır ki, növbəni qəbul edəndən sonra gecə saatlarında qəsdən kameranı sıradan çıxarıb ki, gedib bu qətli törədib qayıtsın. Sonra da desin, səhərəcən işdə olmuşam, kamera nasazdırsa, mən neyləyim… Görürsünüz, bu da, ortada olan nəticələr də hamısı Salama qarşıdır. Bununla belə, yenə də dediyimdə qalıram, Salamın günahkar olduğuna inanmıram.

-Bəs ölən barədə nə öyrənə bilmisiz?

-Ölən olduqca maraqlı biridir. Şəhərin qızıl-brilyant bazarının az qala otuz faizinə malı o verirmiş. Kriminal dairələrdə kifayət qədər tanınmış biridir. Yəqin eşitmiş olarsız. Ləqəbi «Karat»dır.

-Meyitin tapıldığı küçə ilə onun əlaqələrini müəyyən etmisizmi?

-Məşuqəsi yaşayır o küçədə. Onun yanından çıxıbmış həmin gecə.

-Bəs məşuqəsi?

-Onu da yoxlayıram. Ancaq məncə qadının heç nədən xəbəri yoxdur. Onu yağ-bal içində saxlayan birinin ölməsini niyə istəsin ki?

-Deməli «Karat»? Və belə bir məşhur adamı gənc bir oğlan təsadüfən maşınla vurub öldürür…

-Elə mən də sonradan, vurulan adamın ləqəbinin «Karat» olduğunu biləndə ilk olaraq bunu düşündüm.

-Fikrimcə, bu qətldir. Kimsə, «Karat»ın məşuqəsinin evinin yerini bilən adam onu izləyib, gecə saatlarına qədər gözləyib, oradan çıxanda isə maşınla vuraraq qətlə yetirib. Təkcə Salamın maşını həmin adamda nə gəzirdi, bunu öyrənmək lazımdır.

-Darıxmayın, öyrənərik. Ancaq indiki halda, Salamı təcridxanaya göndərməyə məcburam.

-Bəli, yenə də peşəmizin bizdən asılı olmayan, qaçılmaz tərəfləri ilə barışmağa məcburuq. Ancaq hər şeydə bir xeyir var. Düşünürəm ki, əgər ölən «Karat»dırsa, həqiqət üzə çıxanadək Salamın elə içəridə olması yaxşıdır. Onun adamlarından nə desən gözləmək olar. Ətraflı məlumata görə sağ olun. O əraziyə isə, mən də məmnuniyyətlə baxardım, təkcə çöl hissəyə yox, elə xəstəxananın girişindəki qarovulçu otağına da. Qorxuram, tək getsəm, bir çox şeylərə əlim çatmasın. Yəqin başa düşürsüz, daha polis əməkdaşı deyiləm və məni o qapalı tibb müəssisəsinə buraxmaya da bilərlər. İmkan olarsa, birlikdə gedərdik yaxın zamanda.

-Əlbəttə, özü də mümkün qədər tez. Cinayət işinin materialına əlavə etmək üçün bəzi adamların ifadələrini alacağam, başqa bir neçə sənədi də topladıqdan sonra materialı prokurorluğa ötürməliyəm, artıq tələb edirlər. Vaxt az qalıb. İmkan olsa, sabah zəngləşib gedərik.

-Bir sual da verim. Salamın maşınında qaçırılmaya qarşı siqnalizasiya qurğusu varmı?

-Xeyir, köhnə maşındır. Qapıları adi açarla açılıb-bağlanır.

-Aydındır, sağ olun, Elbrus müəllim. Mən özüm əlaqə saxlayaram.

-Oldu, danışdıq. Sağ olun.

Bəli, Salamın işi çətinləşdi. Bu qədər aşkar sübut-dəlillə ona kömək etmək çətin olacaq. Ancaq mən də, işi aparan, son dərəcə vicdanlı biri kimi tanıdığım müstəntiq Elbrus Cavadov də bu gəncin günahsız olduğuna inandığımız halda, onun müttəhimlər kürsüsündə oturmasına icazə verə bilmərik. Görək qüvvələrimizi birləşdirməyimiz sonda nə verəcək?

Belə bir məşğul vaxtımda bu uşağın da başına bu işin gəlməsi heç  yerinə düşmədi.

 

“Ədəbiyyat və incəsənət”

(07.07.2023)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.