“Uçmaq həvəsindədir, havalanmış adamlar” - Narıngül Nadir Featured

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərə şair Narıngül Nadirin “Vağzal” şeirini təqdim edirik. 

 

Vağzal

 

Yazıçı Seyran Səxavət bu şeiri oxuyub ağladığını dedi... 

 

Şəhər çoxdan yatıbdı

Təkcə vağzaldır oyaq

Bir gün ölsə şəhəri

Bu vağzal ağlayacaq.

 

Hey dolur, hey boşalır,

Həmişə basırıqdır,

Burda bircə fəsil var,

O da ki, ayrılıqdır.

 

Uçmaq həvəsindədir,

Havalanmış adamlar.

Quş kimi dimdiyinə,

Alıb gedir qatarlar.

 

Bu vağzalda qocalıb

Bufetçi Qafar kişi.

Perik düşmüş Marusya

Bu vağzalın keçmişi.

 

Bir yanda bilyard zalı,

Bir tərəfdə gözləmə.

Divarda əyri yazı

“Nəzrin, məni gözləmə”

 

Ötürür, qarşılayır,

Dopdolu hekayədir.

Bu vağzal getmək üçün 

Sonuncu bəhanədir.

 

Hərə bir səmtə gedir

Tək vağzal səbirlidir.

Bir yol çıxıb gedəmmir

Bu vağzal lap dəlidir. 

 

Yel qanadlı qatarlar

Təkcə onu aparmır

Bəlkə çoxdan gedərdi

Bu şəhərdən qopammır.

 

Ədəbiyyat və incəsənət”

(05.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.