“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərə şair Rəfail İncəyurdun “Ovqat” şeirini təqdim edirik. Əslən Qazax bölgəsindən olan şair paytaxtda yaşasa da el-elat ruhu onun şeirlərinin ovqatını təşkil edir.
Yollar yorğunuyam, yüyrək deyiləm,
Sevdalar süsləyən ürək deyiləm.
Yox! Daha heç kimə gərək deyiləm-
“Sən bitdin” hökmünü almışam, Allah!
Mənəm tüstülənən yaş ocaq indi,
Boğulan ümidlər çaşacaq indi.
“Ah”larım sellənib daşacaq indi-
Dağılmaz buludam, dolmuşam, Allah!
Çəkilir bəxtimin zaman tətiyi,
Mənəm MƏN deyənin ağır itiyi...
Heç kimin oxumaq istəmədiyi
“Xatirə dəftəri” olmuşam, Allah!
“Ədəbiyyat və incəsənət”
(04.07.2023)