Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

14-cü dərc

İndi bəzi şeyləri dəqiqləşdirməyin vaxtı idi.

-Atanızın yaxın dostları var idimi?

-Atamın həmişə çoxlu dostları olub. Amma ikisi ilə çox yaxın dostluq edərdi. Desəm, yəqin tanıyarsınız. Biri İsfəndiyar Mövlayev, o birisi isə Səlim Zamanlıdır.

-Hə, eşitmişəm adlarını. Onları şəhərdə hamı tanıyır. Mərhum atanız Xudata tez-tezmi gəlirdi?

-Əvvəllər hə. Ancaq valideynlərinin ölümündən sonra elə də çox gəlib getməzdi. Hər dəfə gələndə mütləq bizi də, yəni bacımla məni də gətirərdi. Deyərdi, gedək nənənizin, babanızın qəbirlərinə baş çəkək.

-Sonuncu gəlişinin tarixini xatırlamırsınız ki?

-Ölümündən üç ay əvvəl ikimiz gəlmişdik sonuncu dəfə. Bacım gələ bilmədi onda. Onu qəbiristanlığa aparmağımı istədi. Çatdıqdan bir qədər sonra tək qalmaq istədiyini dedi. Çəkilib bir kənarda gözlədim. Təxminən iyirmi dəqiqədən sonra məni səslədi, maşına oturub birbaşa buraya, ata yurdumuza gəldik, həmin gün də şəhərə qayıtdıq.

-Ömər Xəyyamın o dediyiniz kitabı qalırmı?

-Bəli, evdədir.

-Gətirə bilərsinizmi?

-İndi taparam, görüm uşaqlar hara qoyublar.

Bir azdan əlində kitab qayıdan Teymur müəllim onu mənə uzatdı.

Təşəkkür edib kitabı aldım və vərəqləməyə başladım. Əvvəlcə titul vərəqində Səttarın yazdığı misraları oxudum. Sonra vərəqləri çevirib səbirlə hər bir səhifəyə baxdım. Bəliii… Maraqlı kitabdır…Kitabı vərəqlədikdən sonra, Teymur müəllimə verəcəyim bir sual da yarandı.

-Zəhmət olmasa xatırlayın, mərhum atanız bu misraları başdaşına həkk etdirməyi sizə vəsiyyət etdikdən neçə müddət sonra dünyasını dəyişdi?

-Ay yarım sonra. Mən onda hətta etiraz da etmək istədim, ancaq sözümü kəsib dedi ki, mübahisə etmə, heç kim dünyanı tutub getməyəcək, mən də hiss edirəm ki, az qalıb. Cəmi ay yarım sonra rəhmətə gedəndə, başa düşdüm ki, haqlı imiş.

Diqqətlə mənə baxdığını görüb, üzümü ev sahibinə tutdum:

-Düşünürəm ki, atanızın qəbrini ziyarət etmək lazımdır.

-Əlbəttə, lazımdırsa, gedək. Elə şəhərin çıxacağında, yaxındadır.

Həyətdən çıxıb maşına oturduq.

Bir qədər getmiş, Teymur müəllim üzünü mənə tutdu:

-Üzr istəyirəm, Bəxtiyar müəllim, atamın son nəfəsində dediklərini sizə olduğu kimi dedim. Əgər nəsə bilirsinizsə, xahiş edirəm məndən gizlətməyin. Bu sirrin nədən ibarət olduğunu, bu sözlərin nə anlama gəldiyini çox bilmək istərdim.

-İnanın ki, bu sözlər hələ ki, mənə də heç nə demir.

Heç də hər zaman hər şeyi əvvəlcədən nəzərə almaq olmur. Buraya gələrkən planlaşdırdığımdan xeyli fərqli vəziyyət yaranmasını, məsələnin məğzini dilə gətirmədən istədiyimi öyrəndiyimi nəzərə alıb, Teymur soruşsa belə, İsfəndiyar Mövlayevin oğlunun qətlini araşdırdığımı ona deməyəcəyimi qərara aldım. Bunu bilməsi onsuz da ona heç nə verməyəcəkdi. Üstəlik də, atasının bu sirrinin, yaxın dostu olmuş İsfəndiyarın oğlunun ölümü ilə əlaqəli ola biləcəyi fikri bu yaxşı insanın olan-qalan rahatlığını da əlindən almış olar.

Həm də, ünsiyyət zamanı Teymur müəllimin olduqca sentimental birisi olduğu məlum olmuşdu mənə. Bu sirri özünə necə yük edibsə, yalnız detektiv olduğumu deməklə, necə həyəcanlanıb başqa nəsə deməyimi gözləmədən hər şeyi açıb tökdü. Əslində, tələsməməli, niyə gəldiyimi dinləməli idi. Ona görə də, onu bir az da yükləməyim, qoy rahat yaşasın.

Ancaq açıqlama verməməyimin başqa səbəbi də var idi. Bu, vəsiyyətnamədə nə vaxtsa gələcək adama, yəni mənə göndərilən mesaj idi. Teymur müəllim bu incəliyi tutmaya bilərdi. Ancaq mənə o sözləri səsləndirməyi kifayət etdi ki, Səttarın «gələn adama güvənə bilərsən» deməsinin, oğlunun təhlükəsizliyinə edilmiş bir eyham olmasını başa düşüm. Odur ki, buraya nə qədər gizlin gəlsəm də, hansısa məlumatın daşıyıcısı olmaması ona daha çox fayda verər.

Əgər belədirsə, deməli, böyük ehtimalla Səttarın araşdırdığım qətl hadisəsi barədə hansısa məlumatı olub. Hansısa səbəbdən və ya səbəblərdən susmağa məcbur olsa da, elə yenə də mənə məlum olmayan səbəbdən ölməmişdən əvvəl vəsiyyəti vasitəsilə mesaj göndərib. Gün kimi ayıdındır ki, bu misraları başdaşına həkk etdirməyi elə-belə, onları xoşladığına görə tapşırmayıb Səttar. Bu misralarda hansısa şifrəli məlumat yatır. Mənə lazım olan sirrin şifri. Teymur müəllimin verdiyi kitabı vərəqləyərkən bəzi səhifələrdə, misraların altında diyircəkli qələmlə qoyulmuş nöqtələr, xətlər olduğunu müəyyən etmişdim. Bu əlamətləri hansısa mətni şifrləməyi düşünən, lazımi misraları axtaran adam qoya bilərdi. Ayrıca, məlumdur ki, qəbir daşlarına hansısa romandan və ya dərslikdən nəsə həkk etdirmək olmaz, bu yalnız aforizm, ya da şeir ola bilər ki, Səttar da sevdiyi Ömər Xəyyamın kitabını bu məqsədlə seçmişdir. Əks təqdirdə, sevdiyi kitabı oxuyan zaman əlində qələm tutub, həmin kitabda xətlər və nöqtələr qoymasına nə ehtiyac var idi? Yaxşı, bu halda ortaya məntiqi bir sual çıxır. Mərhum bu şifrli mesajı göndərərkən, nə vaxtsa, kiminsə gəlib Teymuru bu məsələ ilə bağlı sorğu-sual edəcəyini necə təxmin edə bilərdi? Səttarın kifayət qədər ağıllı birisi olmasına şübhə yoxdur. Ağıllı adamsa yalnız əmin olduğu bir şeyi dilinə gətirə bilərdi, xüsusilə vəsiyyət edərkən. Bax bu sualın cavabını tapmaq lazımdır. Üstəlik də, vəsiyyətinin mətnini elə seçib ki, gələcək adamın diqqətini qəbrinə yönəltməklə yanaşı, oğlunun təhlükəsizliyinin təmin olunmasını da ondan xahiş edir. Rübainin üçüncü sətrində də həm qorxuya, həm də ümidə eyham var. Deməli yeganə oğluna görə narahat olmasına real səbəb olub. İsfəndiyarın da qətlə yetirilmiş oğlunun tək oğul olmasını nəzərə alsaq, bu kifayət qədər tutarlı səbəb olub. Bəs belə isə, nəyə əsaslanıb Teymurun görüşünə gələcək adama ümid bəsləyib? Bu hələ ki, qaranlıq qalır…

Ancaq başdaşındakı yazıların nə məna daşıdığını hələ çözmək lazımdır. Yazılar isə hələ ki, mənə heç nə demir.

Məni bu fikirlərimdən Teymur müəllimin sualı ayırdı.

-Heç demədiniz, sizi buraya gətirən məsələ nə idi?

Teymur müəllim gec də olsa, bu sualı verməyi qərara aldı.

-Atanızın Xəyal adlı dostu olub və onun ölümündən bir qədər əvvəl itkin düşüb. Təbii ki, polis onun axtarışlarını həyata keçirir. Yaxınları isə, onu axtarmaq üçün mənə də müraciət ediblər. Atanızla son illər sıx iş birliyi olduğu üçün fikirləşdim ki, bəlkə siz nə isə bilmiş olarsız.

Gəlişimin səbəbini açıqlamayacağımı qət etdikdən sonra hər ehtimala qarşı bu cavabı hazırlamışdım. Yəqin ki, Teymur müəllim atasının bütün dostlarını tanıyıb və ya adlarını eşidib. Dediyim istənilən bir ad həqiqətdə Səttarın dostlarından birinin adı ilə eyni ola bilərdi. O zaman ortaya lazım olmayan suallar çıxa bilərdi. Bu sualların çıxmaması üçün Xəyal adını seçmişdim. Səttar yetmiş yeddi yaşında rəhmətə gedib. Adətən bu yaşda insanların dostları da kifayət qədər yaşlı insanlar olur. Mərhumun sanbalını da nəzərə alsaq, onun cavan dostu ola bilməzdi. Sadəcə bunu özünə yaraşdırmazdı. Xəyal adı isə ən uzağı qırx-qırx beş il bundan əvvəl dəbə minib. Deməli xəyali Xəyalın uzaqbaşı qırx beş yaşı ola bilərdi ki, bu da az əvvəl sizə dediklərimi tamamlayır. Hər halda, dediklərim yüz faiz olmasa da, doxsan doqquz faiz belədir.

Teymur müəllim bir qədər şübhə ilə mənə baxdı.

-Atamın dostlarının əksəriyyətini tanıyırdım. Elə birisini isə tanımıram. Fikirləşirsiz ki, Xəyal dediyiniz o adamın itkin düşməsi barədə atam nə isə bilirmiş və vəsiyyət edərkən bunu nəzərdə tutub?

-Mən heç nə fikirləşmirəm. Sadəcə gəlişimin səbəbini soruşdunuz, mən də dedim.

Teymur müəllim əli ilə işarə verib, -«Buraya dönəcəyik» -dedi. Sürəti azaldıb, maşını dediyi tərəfə döndərdim. Yoldan təxminən otuz metr sonra qəbiristanlığın girişi idi. Maşını kənara verib mühərriki söndürdüm. Eyni vaxtda maşından düşdük.

Laybalay açıq qəbiristanlıq darvazasından içəri keçən kimi ilk baxışdan köhnə qəbirlərin əsasən yuxarı başda, yeni qəbirlərin isə nisbətən girişə yaxın olduğuna fikir verdim. Kifayət qədər böyük qəbiristanlığın içi ilə cığırla gedib bizə lazım olan qəbirə çatdıq. Səttarın qəbri köhnə qəbirlərin sırasında, çoxdan rəhmətə getmiş ata və anasının qəbirlərinin arasında idi.

-Buradır. Baxın, solda nənəmin, sağda babamın qəbirləridir, ortadakı isə atamın. O isə anamızın qəbridir, -bunu deyib Teymur müəllim bir qədər kənarda, sağ tərəfdəki qəbri göstərdi.

-Allah hamısına rəhmət eləsin, ruhları şad olsun.

-Allah ölənlərinizə rəhmət eləsin.

Teymur müəllim əllərini qarşısında birləşdirib fatihə verdikdən sonra ikimiz də salavat çevirdik.

İndi məni maraqlandıran qəbirə diqqətlə baxa bilərdim. Qara mərmərdən olan başdaşının yuxarı hissəsində bayaq Teymur müəllimin verdiyi kitabdan mənə məlum olan dörd misralıq beyt, aşağı hissəsində isə Səttarın doğum və ölüm tarixləri həkk olunmuşdu. Beyti bir daha oxudum.

                                      

                            Cənnət-cəhənnəmə girən yox, könül,

                                        Gedib o dünyanı görən yox, könül,

                                        Ümid və qorxumuz o şeydəndir ki,

                                        Onlardan heç nişan verən yox, könül.

 

Bəli, yadınızdadırsa, araşdırmamımlapəvvəlindəbəlkəölüləraləminəbaşvuracağımıdemişdim. İndi dediklərim yerini almağa başlayıb. O dünyada olan birinin nə demək istədiyini başa düşməli idim. Fikrimcə, buna nail olsam, çox şey aydın olacaq.

Bu gün eşitdiklərim də, qəbir daşındakı yazılar da təhlil olunması vaxt tələb edən informasiya idi. Düşünürəm ki, bununçün xeyli baş sındırmalı olacağam. İndi isə, getmək lazımdır. Üzümü atasının məzarına baxıb fikrə getmiş Teymur müəllimə tutdum:

-Gedəkmi, Teymur müəllim?

-Necə məsləhətdir.

İrəlidə Teymur müəllim, ardınca mən qəbirlərin arasından keçib bayaq gəldiyimiz cığıra çıxdıq. Gələrkən bəzi məzarların üzərində üçrəngli bayrağımızın olduğunu görmüşdüm. Bu məzarlar nisbətən bir-birlərinə yaxın yerləşirdi və çox güman ki, birinci Qarabağ müharibəsində şəhid olmuş xüdatlı qardaşlarımızın məzarları idi.

İrəlidə gedən Teymur müəllimi səsləyib, həmin məzarlara tərəf göndüm. Fikrimi başa düşən Teymur müəllim də mənimlə birlikdə həmin məzarlara tərəf addımladı. Məzarların ön tərəfinə keçib başdaşlarında olan yazıların bəzilərini oxudum. Adlar, yol gələrkən oxuduğum küçə adlarındakı adlar idi.

Bir qədər susub bu məzarların qarşısında səssiz dayandıq. Sonra qəhrəmanlıqları ilə adlarını Vətənin tarixinə yazdırmış, qürur yerimiz olan, Uca Şəhid adını daşımaq nəsib olmuş qardaşlarımızın ruhları qarşısında baş əydik…

Yolboyu, Teymur müəllimin evinə qədər ikimiz də susduq. Maşını tanış darvazanın qarşısında saxlayanda bir stəkan da çay içməyi təklif edən Teymur müəllimə təşəkkürümü bildirib getməli olduğumu dedim. Əslində isə bir də qəbiristanlığa qayıtmalı idim. Bunu Teymur müəllimin bilməməsi lazım idi.

Hörmət əlaməti olaraq maşından düşdüm və Teymur müəllimin əlini sıxdım.

-Vaxtınızı ayırdığınıza görə təşəkkür edirəm.

-O nə deməkdir, qapım həmişə üzünüzə açıqdır, Bəxtiyar müəllim.

Bir anlıq baxışdıq. Teymur müəllimin gözlərindəki sualı dilinə gətirməmiş də oxumaq çətin deyildi. Xəyal adlı birini axtardığım barədə dediklərimi təhlil etmək üçün bu ağıllı adamın kifayət qədər vaxtı olmuşdu. Ona görə də indi, ayrılarkən sual dolu baxışlarla mənə baxır, ancaq susurdu. Mənimsə, atasının nə vaxtsa ən yaxın dostuna xəyanət etməsi təsdiqlənərsə, sağlığında da, vəfatından sonra da valideyninin adını həmişə əziz tutan bu insana uyduracağım yalanın əvəzinə indidən ayrı, əhəmiyyətsiz bir yalan deməkdən başqa çarəm yox idi. Olduqca ürəyimə yatan bu insanı tərəddüdlər içərisində qoyub getməməkçün gülümsəyib dedim:

-Gözlədiyiniz adam mən idim, buna şübhəniz olmasın.

Bu sözlərdən sonra onun nəsə deməsini gözləməyib maşına əyləşdim. Əsas yola çıxmazdan əvvəl maşının güzgüsündə Teymur müəllimin hələ də durduğu yerdə qalıb arxamca baxdığını gördüm.

 

* * *

Pəncərələrinə qalın, işıqkeçirməyən pərdələr vurulmuş, qaranlıq, yalnız divardakı zəif qırmızı işıqlı lampa ilə işıqlandırılan otaqda, daha çox taxta bənzəyən böyük kresloda oturmuş adam qarşısındakı kişiyə baxıb susurdu. Kreslodakı adam nə qədər amiranə görünürdüsə, alaqaranlıq otaqda sifət cizgiləri seçilməyən, uca boylu, qara kostyum və qalstukda olan, başındakı şlyapasını çıxararaq sağ əli ilə sinəsinin qarşısında tutmuş adamın görkəmi onun bir o qədər günahkar olması təsirini bağışlayırdı.

-Danış görüm, necə oldu ki, sənin kimi bir adam o detektivi gözdən qaçıra bildi? -sual verən adam olduqca sakit, aramla danışırdı. Bu, özünə olduqca arxayın olan birinin danışıq tərzi idi.

-Mən onun peşəkarlığını dəyərləndirmədim. Bu mənim səhvimdir.

Kişinin səsinin tonu və verdiyi cavab onun da təmkinli və soyuqqanlı biri olmasından xəbər verirdi.

-Belə çıxır ki, tək sən yox, tükü-tükdən seçən «Qızılbaş» da onu lazımınca dəyərləndirməyib. O Eyvaz dediyinizin hərəkətləri Bəxtiyarı heç də arxayınlaşdırmayıb. Əksinə, bunun bir görünüş olduğunu, başqa cür izlənəcəyini başa düşüb. Gedərsən «Qızılbaş»ın yanına, o sənə lazım olanı deyəcək.

Alaqaranlıq otaqda onsuz da dayandığı yerdə kölgəyə bənzəyən kişi kölgə kimi də səssizcə otağı tərk etdi.

Otaqda tək qalan adam, barmağındakı əqiq qaşlı iri gümüş üzüyü fırlada-fırlada öz-özü ilə danışırmış kimi dedi:

-İndiyənə qədər onlarla ən çətin tapşırığımızı yerinə yetirən, bir dəfə də səhv buraxmayan adamımızı azdırmısan. Sən kimsən, Bəxtiyar?..

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(04.07.2023)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.