ÇAQQALA - NAXÇIVANDA YAZ ƏRİYİNƏ BELƏ DEYİRLƏR
“Ədəbiyyat və incəsənət” portalı Uşaq hekayələrindən növbətisini sizlərə təqdim edir. Zahirə Cabirin “Çaqqala” hekayəsi yenə də xoşunuza gələcək.
Yazın əvvəllərində yetişən əriyi uşaqlar kal-kal dərməyi xoşlayardılar. Buna Naxçıvan tərəfdə çaqqala deyirlər. Çoxunun həyətində ərik ağacı var, odur ki uşaqlar öz həyətlərindən onu dərib dərsə gətirərdilər. Tənəffüsdə “təkməcüt” oynayardılar. Heydər kal meyvələri ovcunda sıxıb soruşardı: ”Təkdir, ya cüt?” Çox vaxt demək olar ki, o udurdu. Udduğu meyvələri isə sonradan uşaqlara paylayardı.
Bir gün tənəffüsdə sinif yoldaşlarından bir qız onun verdiyi çaqqalanı yemək istəyirdi ki, zəng vuruldu, müəllimə sinfə daxil oldu. Qız tələsiyib çaqqalanın tumun çıxara bilmədən uddu və boğazında ilişib qaldı. Utandığından səsini çıxarıb deyə bilmədi ki, tumu udub. Az sonra çeçədi, qorxudan istiliyi qalxdı. Heydər məsələnin nə yerdə olduğunu dərhal anladı, müəllimə yaxınlaşıb nə baş verdiyini yavaşca qulağına pıçıldadı. İcazə alıb qızı evlərinə apardı. Ana qızını çopçüyə aparır, boğazından çaqqala tumunu çıxardır. Yeni tədris ilində, yəni Heydər altıncı sinfə keçəndə məktəbin dəyişib beynəlmiləl məktəbdə təhsil almağa başlayır. Bu məktəbdə yeni dostları, sinif yoldaşları olur.
Yazın gözəl çərşənbələri bir-birini əvəz edirdi. İlin axır çərşənbəsi idi. Novruz bayramı, vətənimizin hər guşəsində olduğu kimi, Naxçıvanda da uşaqların həsrətlə gözlədiyi ən gözəl günlər idi... Onlar döyüşdürmək üçün yumurta, atəşfəşanlıq üçün yalançı güllələr və mütləq qohum-əqrəba, qonşu qapısına atmaqdan ötrü papaq tədarük görərdilər. O vaxtlar evlərin qapılarında zəng əvəzinə "taqqılbab” deyilən qapı sürgüsü olardı. Şər qarışanda Heydər həyətdəki oğlanlarla qonşu qapısının taqqılbabını bərk-bərk vurub, papaq atır. Papağa haçandan- haçana nəsə qoyub qapını bağlayırlar. Heydər əyilib papağı götürür. Diqqətlə baxanda nə görsə yaxşıdır: Papağa çaqqala qoyulub. Yanında dayanan uşaqlar bunu görüb təəccüblə bir Heydərə, bir də papağa baxırlar: Bu nədir?! Çaqqala... Heydərin yadına dərhal həmin qız düşür, boğazında çaqqala tumu qalan qız. Deməli, çaqqalanı o qız qoymuşdu. Heydər çaqqala əhvalatını yadına salıb xeyli gülür. Uşaqlar isə onun nəyə güldüyünü bilmədilər.
“Ədəbiyyat və incəsənət”
(25.06.2023)