“Qoydu məhəbbətin qəlbimdə təməl...” Featured

 

XATİRƏLƏRDƏ YAŞAYAN BABƏK OSMANOĞLU – OSMAN SARIVƏLLİNİN OĞLU

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının poştuna Sənətşünaslıq elmləri doktoru, professor, Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi, Türk Xalq Musiqisinə Xidmət mükâfatçısı İlqar Cəmiloğlu İmamverdiyevin görkəmli Azərbaycan ədibi, Xalq şairi Osman Sarıvəllinin oğlu Babək Osmanoğluya ithaf etdiyi yazısı daxil olub, yazını təqdim edirik.

 

 

 

Bu misranı xatırlayanda xəyalım bir anlıq keçən əsrin 63-cü illərinə güzar etdi, atam Cəmil Əkbərin Kəlbəcəri ziyarət etdiyi zaman bir xoş təsadüf nəticəsində Dədə Şəmşirlə İstisuda tanış olması ağlıma gəldi. Bir həftəlik bu mübarək gündə ata-oğul səviyyəsində bərq vuran səmimi münasibətləri və bir həftədən sonra ayrılıq anlarında Cəmil Əkbərə “Gedirsən” rədifli xiffət ruhlu şeirini təqdim etmişdi.

 

Qoydu məhəbbətin qəlbimdə təməl,

 

Fərhad olub külüng çalıb, dağı dəl!

 

Hərdən də Şəmşiri yadına sal gəl,

 

Doluxdurub sənətkarı gedirsən.

 

 

 

Bu misra 60 ildir ki, ömrümə həkk olmuşdur. Dostluğun, səmimiyyətin ekstaz anıdır ki, bu gün də Babək müəllimin anım məqaləsinə başlıq seçdim. Heç unuda bilmirəm bu ayrılığı. Sən demə görüşüb ayrılmaq bir daha görüşmək üçün bir növbəti ümiddir. Fəqət əbədi ayrılıq daha birdə görüşməmək demək imiş əziz oxucularım. Xudahafiz deyəndə bir daha görüşə bilmək ehtimalıya o ola bilir bəzən, ya da bu niyyət gerçəkləşmir heç zaman. Türkiyədə Allaha əmanət ol təbiri isə ya qismət təkrar görüşüb görüşməmək bir də nəsib olarmı görəsən, anlamını ifadə etməkdədir. Həyatda sağ ikən iki dostun cismani olaraq ayrılması səbəbi ilə inş Allah görüşməyi nəsib etsin də deyirlər bəzi məqamlarda. Anadoluda isə qısaca “görüşərik” deyə ayrılırlar. (Son dönəmlərdə isə çağdaş günümüzdə leksikonumuzda yer alan səmimiyyətsiz kəlmə təəssüf ki, daha çox məni əsbləşdirir “Bay-bay” deyildiyi zaman.) Bu ayrılıq təkrar görüşmə ümidini yansıdır. Ən səmimi dostluğun iflasa uğraması isə mənəvi cəhətdən əbədi ayrılığın, haqq dünyasına rəvan olmasının təbil zəngidir mənim nəzərimdə. Bir daha görüşə bilməməkdir, qovuşa bilməməkdir sən demə. Bax beləcə iyun ayının doqquzu gələndə xatirələri birər-birər yadıma düşər, xəyallara dalaram. Bu tanınmış alimimiz haqda daha nə deyə bilərəm deyə dərdlə-qəmlə çuğlaşmış qarışıq fikirlərə qapılaram, dəyərli oxucularım. Çünki Babək Qurbanov fenomeni onu yaxından tanıyanlar üçün, nisgil oldu 2019 ilin martın 28-dən bəri. Anadan olduğu gün isə təəssüf ki, hələ də 26 iyul kimi Vikipediada yer almaqdadır, hətta yanlış olaraq Türkiyədə haqqın rəhmətinə qovuşduğu qeyd edilmişdir.(Əslində isə Bakı şəhərində haqqa qovuşub.İ.İ.)

 

(Bax: https://az.wikipedia.org/wiki/Bab%C9%99k_Qurbanov_(filosof))

 

Bir neçə dəfə yetkililərə bu yanlışlığı düzəldə bilməsində imkanlarını səfərbər etmələrini xahiş etsəm də, hələ ki, düzəldilməsinə müvəffəq ola bilməmişəm, nə yazıq ki. Elm cameəsində öz sahəsinin qüdrətli alimi idi, tədqiqatçı idi, gecə-gündüz, usanmadan, bezmədən araşdırma ilə məşğul idi. Yaradırdı, qururdu təzə əldə etdiyi elmi fikirləri ilə. Tələbələrinə əhatəli, dolğun məlumatlar veridi, elmi cəhətdən zənginləşdirməyə çalışırdı vəfalı tələbələrini.

 

Çünki bir ziya nurunun mənbəsi – günəşi idi Babək Osmanoğlu. İşıq salırdı səxavətlə, təmənnasız, öz atəşində elm yolunda alışırdı daima, yanıb qovrulurdu bilgilərini etibarlı tələbələrinə, məsləkdaşlarına, əhatəsində fəaliyyət göstərdiyi müəllim dostlarına təqdim etmək üçün. Təcrübəsinə dayanaraq doğru yönləndirirdi müdrikanə fikirləri ilə, yol göstəriridi hər kəsə. Hatəm səxalı bir insan idi Babək müəllim. Səmimi sözləri ilə, bilgisi ilə, düşüncələri ilə, elmi ilə. Əsla doymazdı bu məramı ilə. Tələsirdi ki, daha neçə aktual fikirlərini təqdim etmək, ərmağan etmək üçün. Yetişdirdiyi tələbələrdən ilham alırdı, fəxr edirdi, qürurlanırdı. Çünki tayı bərabəri çox az idi Babək müəllimin mən tanıdığım şəxslər pedaqoqlar, sənət aləmində xidmət göstərənlər arasında. Çünki bir gəldi pir getdi, xoş gəldi naxoş getdi, xəstəliyi səbəbi ilə aramızdan ayrıldı, sıramızdan perik düşdü heyif. Sədd heyif deməklə özümü ovutmağa çalışıram. Ovuda bilmirəm təəssüf ki, xatirələr gözümün önündə bir daha cəryan etməkdə, sanki film kimi görüntülü səsləndirilməkdədir minor tonallığında. Səmimi olduğu üçün səmimiyyətini şəxsi münasibətlərdə hər zaman qoruyub saxlamaqda idi. Sözünün dəyərini, qiymətini, kəlməsinin yerini-yatağını bilən idi Babək müəllim. Mənasız sözlərdən çox uzaq idi Babək müəllim. Hər fikrində bir məna bərq vurardı təsirli, ətgiləyici mübarək sözləri ilə yoğrulmuş cümlələri ilə. Çünki məhz yaranışdan belə dünyaya qədəm qoymuşdu, tərbiyəsi, alicənablığı, etikası, səmimiyyəti ilə. Əxlaqın canlı örnəyi idi bizim üçün.Yanında olduğun zaman özümü rahat hiss etməklə yanaşı böyük məsuliyyət daşıyırdım, sözümdə, hərəkətlərimdə. Rəftarıma diqqət etməyə çalışırdım ki, birdən inciyə bilər. Könül aynasını toxunub sındıra bilərəm deyə. Çox həssas olduğu üçün ehtiyatla yanaşırdım, hər kəlməmdə, hər cümləmdə. Qəlbini qıra bilərəm deyə çox ehtiyatla hərlənirdim bir pərvanə kimi zəklı başına, ağıllı başına, zəngin bilgilər xəzinəsinə. Yeri ürəyimizdə boş. Xəyallarım çaşbaş qaldı, fikir və düşüncələrim isə perik düşdü Babək müəllimsiz.

 

Əsl dost, qardaş həyatda sağ olduğu zaman dəyər verən insanların qəlbində istər-istəməz xatirələrə dönüşür zamanla. Çünki könül xanimanı adlı daxılına damla-damla ülvi anlar yığılıb səf-səf düzülərək hekayəyə dönüşür illərlə. Bu hekayəni səsləndirdikcə bir anlıq gözlərimiz önündə yenidən canlanır olub keçmiş ülvi anlar. Öz-özünə əmin olursan ki, bu dünyada dəyərli insanların əhatəsində yaşamağa dəyərmiş. Çünki mənalı anlar yaşamısan deyə əmin olursan. Peşiman olmursan keçən ömrünə heyfslənmirsən. Babək Qurbanov belə nadir insan idi mənim üçün. Mənim könül dünyamda  unudulmaz izlər buraxıb Babək Qurbanov adında bəni insan övladı. Abırı, həyası, nuru ilə ömrümü naxışladı, türk təbiri ilə desək süslədi, zənginləşdirdi mənəviyyat dünyamı. İndi isə xəyallar ağuşunda yaşamımı sürdürməkdəyəm. Peşiman da deyiləm. Çünki Dədə Şəmşir, Cəmil Əkbər, Babək Qurbanov adında ziyalılıq timsalı, nurlu ağsaqqallarım, böyük ustadlarım, yol göstərənlərim olub. Təməlim Dədə Qorqudsayağı bu müdrik insanların şəxsində  qurulub, mayam onların xeyir duası ilə yoğrulub. Məcazi anlamda onların mübarək əllərindən zəmzəm suyu içib ərsəyə gəlmişəm. Mayam pak, ruhum safdır onların ruhu qarşısında. Ruhları şad olsun Babək müəllim kimi, Cəmil Əkbər kimi, Dədə Şəmşir kimi insanların şəxsində. İnsanlıq təlqin etdilər, xeyirxahlıq aşıladılar qəlbimə. Ruhum onların timsalında zənginləşdi. Pərvəriş tapdı, qanadlandı insanlıq dünyasının asimanında havalandı.

 

***

 

 

 Prof.Dr.Şəhrabanı Allahverdiyeva

 Adıyaman Üniversiterti Fən Ədəbiyyat Fakultəsi

Türk Dili və Ədəbiyyatı Bölümü

 

«Hörmətli alimimiz professor Babək xoca ilə 2009-cu ildə Osmaniyənin Düziçi rayonunda “Qaracaoğlan Saz Yarışması” günlərində görüşüb tanış olmuşduq.  O vaxtdan ünsiyyətimiz ömrünün sonuna kimi davam etdi. Mən Babək xocaya və İlqar xocaya Gazax şivəsi ilə “qağa” deyirdim. Babək xoca böyük qağam, İlqar xoca isə kiçik qağam idi. Bu söz bizim zonaya aid olduğu üçün çox xoşlarına gəlirdi “qağa”  kəlməsi.  Konfranslarda və  xüsusi günlərdə telefonla mütəmadi olaraq əlaqə saxlayıb hal-əhval tuturduq. Babək xocanın səliqəli, ütülənmiş qəşəng  libasını, qara qaşlarının altında gülər üzünü, mənalı baxan qara gözlərini heç vaxt unutmuram. Onları (professor İlqar Cəmiloğlu ilə  birlikdə) bir neçə dəfə çalışdığım Adıyaman Universitetinə də seminar vermək üçün dəvət etmişdim. Hər gəldiklərində ürəyimdə unudulmaz xatirələrlə iz salırdılar. 2 mart2017-ci il tarixində Universitetimizdə Xocalı Soyqırımı ilə bağlı konfrans təşkil etmişdim. Hazırlıq işləri tamam olduqdan sonra məruzəçilər səhnəyə çıxdılar. Tədbir 14.00-da başladı. Sözün giriş qisminə başlamışdılar ki, 14.07-də  qəfildən 5,5 bal gücündə zəlzələ hadisəsi baş verdi. (Adıyaman zəlzələ bölgəsi olduğu üçün ara-sıra 4-5 bal gücündə zəlzələlər olur.) Zəlzələnin təsiri ilə bütün zal bir anda boşaldı. Hamı canını xilas etmək üçün “yarışa girib” özlərini həyətə atırdılar.  Bu minvalla zalda bir neçə azərbaycanlı müəllim qaldı. Buna rəğmən Babək xoca səhnədə oturub Xocalı ilə bağlı soyqırımı anlatmaqda davam edirdi. Bu zaman rektorluqdanəmr gəldi ki, “səhnəni təcili boşaldın!”  Amma Babək xoca ilk çıxışcı olaraq Xocalı qətliamını anlatmaqda davam edirdi.  Az  sonra işıqlar söndürüldü və Gaziantep Konservatoriyasından dəvətli məruzəçilər çıxışlarını yarımçıq bitirmək məcburiyyətində qaldılar. Babək müəllim və İlqar müəllim rektorluqdan gələn əmrə əsasənseminarını tamamlamadan çarəsiz qalıb universitetin kampüsünə çıxdılar. Babək xoca bu səbəblə də belə dedi: “Elə bir nitq söylədik ki, yer, göy titrədi, zəlzələ baş verdi” deyərək zarafatla bu olayı dəyərləndirdi.Babək xoca ilə hər dəfə görüşəndə ​​onun yumoristik, zarafatyana söhbətləri ilə qəlbimiz sevinir, könlümüz şad olurdu.Babək müəllimlə bağlı xatirələrim bitib tükənməzdir. Onunla tanış olduğumu ömrümün əlamətdar günü kimi dəyərləndirirəm. Babək müəllimlə  eyni gündə, 9 iyunda anadan olduğum üçün istər-istəməz hər zaman nurlu üzü, səmimiliyi, təbiiliyi ilə xəyalımda canlanaraq qəlbimdə yaşayır. Allah rəhmət eləsin, məkanı cənnət olsun qohumum, böyük qağam Babək Osmanoğluna.»

 

***

Prof. Dr. Cengiz Alyılmaz

Bursa Uludağ Universiteti Fən -Ədəbiyyat Fakültəsinin müəllimi,

Türk Dil Qurumu Elmi Komitəsinin üzvü

 

 «Fanatik çalışması ilə Türk dünyasının birliyi vəbütövlüyü yolunda fövqəladə qeyrət sərf edən, bütün çətinliklərə rəğmən qələm fəaliyyətinibir an dayandırmayan, Prof.Dr. Babək Osmanoğlu Qurbanov, Azərbaycanın yetişdirdiyi məşhur estetikçi, filosof, musiqişünas, sənətkar təbiətli, şair ruhlu alimlərdən biridir. Əsl Azərbaycan Türkü olan professor Babək Osmanoğlu xalqımıza ərməğan etdiyi orijinal, tədqiqatları və fundamental elmi əsərləri ilə Türk dünyasının nadir şəxsiyyətlərindən biri olmaqla, öz ölkəsində eləcə də qardaş Türk Cümhuriyyətlərində böyük hörmət qazanmışdır.»

 

***

 

 

 Dosent Səhər Atmaca (Zəngilanlı)

Sənətşünaslıq namizədi, Qəhramanmaraş Sütçü İmam Universiteti,

Gözəl sənətlər fakultəsi musiqi bölümü, dekan yardımcısı

 

  «Sənət dahisi, elm fanatiki: Babək Qurbanov.

 Dövlətlərin mədəniyyəti, incəsənəti, ədəbiyyatı onların yetişdirdiyi sənətkarların fantaziyası, ürəyi, biliyi alıntəri ilə ərsəyə gələn möhtəşəm əsərlərini ağır maliyə vəsaiti ilə ucaldılmış abidələr kimi dəyərləndirirəm. Bu sənətkarlar yaşadıqları müddətdə lazımi dəyəri görməsələr də, dünyalarını dəyişdikdən sonra vətəni, xalqı üçün etdikləri savab əməlləri, xidmətlər ilə meydana çıxmağa başladı. Babək Qurbanov istər Azərbaycanda, istərsə də Türkiyədə Ərzurum Atatürk Universitetində və Qaziantep Universitetində musiqi və estetika mövzusunda oxuduğu mühazirələrlə minlərlə tələbə, onlarla magistr və doktorant yetişdirmiş xalqımızın iftixar etdiyi əsl elm xadimi idi. 2017 ilində 25-29 aprel tarixində  Niydə Ömər Xalisdəmir Universitetində keçirilən beynəlxalq simpoziumda Babək müəllimlə daha yaxından tanış olmaq fürsəti əldə etdiyim üçün özümü bəxtəvər hiss edirəm. Çox yardımsevər, gülərüz və sevgi dolu ruha, qəlbə  sahib əsl pedaqoq olduğunu deyə bilərəm. Dəyərli müəllimim professor Babək Qurbanovun yoxluğunu hər zaman qəlbimdə hiss etməkdəyəm. Allah rəhmət eləsin, məkanı cənnət olsun.»

 

***

Mehmet Nizaməddin Xəznədar / Hüquqşünas

 

     «Mən Prof.Dr. Babək bəyi  Prof. Dr. İlqar İmamverdiyevin vəsiləsilə 2014-cü ilin əvvəlində tanımışam. İlk tanıdığımda qəlbimə yatdığını hiss etdim. Maraqlıdır ki, mən onu daha çox səmimiyyəti və təbii bir insanolması ilə özüm üçün kəşf etmişdim.  Bu nurlu insan həyatım boyu mənim tanıdığım saysız-hesabsız insanlardan çox fərqli idi.  Bəziləri üçün deyirik ki, görünüşündən, ədəb-ərkanından bir növ zadəganlıq, üz-gözündə nəciblik yağırdı.  Babək  bəy məhz belə bir şəxsiyyət idi. Onun gözləri aydın, işıqlı və düşüncəli olması ilə diqqətimi çəkmişdi. İlk görüşümüzdə qəlbimiz bir-birinə yatmışdı. Musiqiyə olan hədsiz dərəcədə marağımı görüb bir dəfə söhbətimiz əsnasında: “Nizaməddin bəy əgər istəsən sənə skripka alətində çalmağı  öyrədə bilərəm!..” –demişdi. Cavabında dedim ki, mən fortepiano çalmaq istyirəm. Tez-tələsik yanlış qərar verdiyimə görə bu gün belə özümü tənbeh etməkdə, peşimançılıq hissiləri keçirməkdəyəm. Babək xoca kimi tanınmış mütəxəssisdən skripka dərsi alıb bu aləti yetərincə çala bilmək az işdirmi bəyəm?

 

Onunla ilk dəfə qarşılaşan adamda belə bu insan haqqında nəsə bir fərqli keyfiyyətin olduğunu sezməmək mümkün deyildi. Həmin an anlaşılırdı ki, ziyankarlıq adı verilən, şər deyilən məfhumun kənarından belə keçməmiş, pis niyyətdən, qara fikirlərdən tamam uzaq bir nurlu insan olmaqla yanaşı söz-söhbətlərindən ziyalı olmasını, alimliyini, əsl nəcabətliliyini kəşf edirsən.  Bu səbəbdən qətiyyətlə belə demək olar: Bu şəxs bu və ya digər səbəbdən dolayı heç kimə ziyankarlıq edib zərər verə bilməz! Edə bilmədiyi üçün də pislik haqqında nə düşünə bilər, nə də kimsələrə əsla pislik edə bilməyi bacarar!

 

Onun şər işlərlə heç işi olmazdı, amma haqsızlıq və ədalətsizlik onu bir an da olsa tərk etmədi ömrünün son ilində. 15-20 illik xidmət göstərdikdən sonra işdən azad olma səbəbi ilə veriləcək təzminat haqqını  ala bilmədi ki, mübtəla olduğu xərçənk xəstəliyinin müalicəsi üçün məsrəflərini bir qədər qarşılasın. Babək xocaya bu problemi çözmək, ona kömək edə bilmək məramı ilə könüllü olaraq vəkillyin vəzifəsini öz üzərimə götürdüm və işi Türkiyə Ali Məhkəməsinə göndərdim. Fəqət Ali Məhkəmə konstitusiya qanununun tələblərinə uyğun deyil, zid qərarını verib təsdiq etdi. Mənim gözəl ölkəmdəki xoşagəlməz, neqativ hallar təssüf ki, Babək müəllimdən də yan ötüşmədi.  Məhkəmə işi yekunlaşmağa doğru yxınlaşdığı zaman təssüf ki, Babək xocanın daha həyatda olmadığını İlqar xocadan öyrənib çox kədərləndim. Bu dünyadan naümid, nigaran getdi. Ali Məhkəmənin verdiyi yekun rəd qərarını səhətinin ağır olduğu vaxt öyrənə bilmədi.

 

Babək bəyin bir görüşümüz məqamında mübarək əlləri ilə  imzalayıb mənə verdiyi Vaseh Şabranlının “Dirilik və zaman” adlı şeirləri, fortepiyano üçün “Əsərlər məcmuəsi”  və “Çoxsəsli musiqinin unudulmazları” adlı üç kitabına baxıb bir anlıq xəyallara dalıram. Nə gözəl günlərimiz, anlarımız olub Babək bəylə, deyə xatirə dolu düşüncələrlə baş-başa qalıram.Gərgin zəhməti ehtiva edən hər üç kitab onun dünyaya baxışının xülasəsi və əksi kimidir. Mümkün olduğu qədər zərif, tamamilə insani, bəstəkarlara aid əsərlərini, hətta müzakirə kontekstində ən kiçik duyğu və ya düşüncəni belə gözardı etməyərək, özünəməxsus bir üslubla Babək Qurbanov səriştəsi ilə geniş həm də  peşəgarcasına təhlil etməyə çalışıb.  Bir sözlə, əsl estetikçi, üstəlik estetika, fəlsəfə və ədəbiyyatı bir məcrada birləşdirən həssas duyumlu bəstəkar təbli bir ürək sahibi idi!

 

Babək bəylə həyat yolumuzun bir məcrada kəsişməsi mənim üçün necə də gözəldir, unudulmazdır ülvi xatirələrin işığında. Sizi tanımağmla iftixar etdim.  Bu görüşümüz mənim üçün həmişə və  şərəfli olaraq xoş xatirlərəmidə ülvi pak, əziz, nurlu qalacaq Babək bəy! Çünki yaşadığın bu fani həyatda öz şəxsində pak,təmiz, saf bir ziyalılıq simvolu olmuşsan əzizim Babək bəy. Nurlar içində uyuduğun mübarək məkanın cənnət, ruhun şad olsun, əziz qardaşım!»

 

***

Rəssam Məhəmməd Əliyev

Sənətşünaslıq namizədi,

Qaziantep Universitetiinin Gözəl Sənətlər Fakultəsi

 

«Prof. Dr. Babək Qurbanovla  2011-ci ildə Qaziantep Universitetində tanış olmuşuq. O, təvazökar xasiyyəti ilə ilk baxışdan tanış olduğu insanlarda xoş təəssüratlar buraxıb. Deyə bilərəm ki, bu ziyalılıq nümunəsi, indiyə qədər gördüyüm ən keyfiyyətli intellektual biliyə sahib zəkalı bir insan idi. O, əllidən artıq kitab və yüzlərlə elmi məqalələr yazıb. Yazı dili aydın, səlist olduğu qədər, zəngin və peşəkar idi ki, oxuyarkən heyrətlənməmək mümkün deyildi. Bu gün təəssüf ki, aramızda yoxdu. Hərdən yadıma düşəndə ​​darıxıram, kədərlənirəm, qəmlənirəm. Məkanın cənnət olsun möhtərəm insan.   Allah rəhmət eləsin qiymətli Babək müəllim. Hər zaman nurlu xatirən ürəyimizdə daima yaşayacaq ey nəcib, əziz insan

 

***

 

 

 Seda Yalman (Mandollu)

 İnönü Universiteti / aspirant

 

«Bakalavr illərimin ən gözəl vaxtlarını onun sinfində, zəngin elminin işığında keçirdiyim hörmətli müəllimim Prof.Dr. Babək Qurbanov hər zaman gülərüz,  insanlara dəyər verən vətəvazökar şəxsiyyəti ilə təkcə mənim yox, bütün tələbə yoldaşlarımım və onu tanıyan müəllimlərin qəlbində ülvi məhəbbətlə yer tutur.Babək xocamı ilk dəfə Gaziantep üniversitetinin Türk Musiqisi Dövlət Konservatoriyasının birinci sinfində təhsil aldığım ildə eyni zamanda çalışdığım “Evrensel sənət mərkəzi”nə Prof.Dr. İlqar İmamverdiyev ilə birlikdə qurumumuzu ziyarət edərkən görüb, təpsiyə düzdüyüm armudu stəkanda iki çay gətirdiyim zaman tanış olmuşdum. Məktəbimizdə belə qiymətli dəyərlərin olduğunu biləndən sonra onları ziyarət etməyə başladım. Yazıb-yaratdıqları onlarla elmi və bədii əsər qarşısında, bu dərəcədə mütəvazi və səmimi olan bu iki qiymətli şəxsiyyətlərin mənə qarşı səmimi, doğru-dürüst münasibətləri həyatımda dərin insani hisslər oyatdı. Təhsil illərimdə Babək müəllimlə və İlqar müəllimlə olan tələbə-müəllim ünsiyyətimin dəyərini zaman keçdikcə mən indi daha yaxşı anlamaqla birgəhəm də bəxtiyarlıq hissi iləyaşamaqdayam.

 

Dörd il boyunca ud alətinə böyük həvəslə yanaşmağıma vəsilə olan, məni daima inamımı artıran, saatlarla məşqlərimdə yol göstərərək yardım edən, yorulanda isə inci dəyərindəki nəsihətləri ağlıma gələn bu qiymətli xocalarıma hər zaman minnətdaram. Bakalavr dövründə Babək xocamla birgə çalışmalarımız çox, ülvi xatirəlırim  yetərincə qəlbimə sirayət etmişdir. Onun əsərlərini dinləmək və ud alətində bənzərsiz hisslərlə müşayiət etmək xüsusi şərəfdir mənim üçün. Onun elmi, dünyaya, sənətə baxışını hər zaman dərslərində ən ön cərgədə dinləməklə, dərin mənalı fikirlərinə yaxından aşina olmuşam. Təəssüf ki, dəyərli müəllimimizin 2019-cu ildə əbədiyyətə qovuşması qəlbimdə, ruhumda dərin bir boşluq hissiləri yaratdı. O ağrılı-acılı matəm günündən sonra onun qiymətli elminə, düşüncəsinə, biliyinə, dərin təfəkkürünə, hikmətli söhbətinə həsrət qaldığım bir insanın yoxluğunu böyük kədərlə hiss etdim. Əziz müəllimimə cənabi Haqdan rəhmət diləyirəm. Məkanı cənnət olsun.»

 

***

 

Eda Özdemir Kürümlüoğlu

Gaziantep Konservatoriyasının III kurs tələbəsi

 

  «Gaziantep konservatoriyasının müəlimlərinin iftixar etdiyi professor, doktor Babək Qurbanovla görüşmək, bu məşhur pedaqoqun tələbəsi olmaq mənə nəsib olmasa da, onu tanıyan müəllimimizin dilindən xoş xatirələrlə zəngin fikirlərini öyrəndikcə çox heyfslənirəm. Tələbə olduğum üçün Babək xocanın bilik və təcrübələrindən faydalanmağı çox  istərdim. Elmə, fəlsəfəyə, sənətə bu qədər önəm verən bu qədər dərin savadlı müəllimi itirdiyimiz üçün çox kədərlənirəm. Kaş onun həyat və bilik fəlsəfəsindən bəhrələnəydik. Allah rəhmət eləsin.»

 

 

 

Babək Osmanoğlu ilə bağlı iki baməzə xatirə

 

 

 

İlk xatirəm Ərzurum Atatürk Universitetində çalışdığımız günləri yansıtmaqdadır, qiymətli oxucularım.

 

·     «Lojmanda birlikdə qaldığı 16 Azərbaycanlı müəllimlər arasında üç tanınmış rəssamlarımız da var idi - Elmaz Mehdioğlu, Fikrət Həşimov, Görüş Babayev adında. Bir-iki aydan bir araya gəlib məclis başında görüşüb söhbətləşmək ehtiyacı olduğu zaman yekdilliklə qərar verib Babək müəllimi özlərinə ağsaqqal seçərdilər. Babək müəllim də bu vəzifədə olduğu zaman, hər dəfə məclisi uğurla idarə edə bilmək üçün digər məsləkdən olan alimlərlə yanaşı hər bir rəssamımız üçün dəyərli fikirləri ilə, onları xidmətləri ilə vəsf edərək şəninə xoş sözlər deyərdi. Fəqət məclisin sonunda hiss edərdim ki, bizim rəssamlar nədənsə narazı qalardılar. Sonralar anladım ki, Babək müəllim masa arxasında söylədiyi hər bir rəssamımız haqda olan özət halındakı qiymətli sözlər onlara azlıq edir. Onların hər birinin şəninə geniş nitq gərəkirmiş. Daha çox fikirlər tərənnüm etməli imiş sən demə Babək müəllim. Müxtəlif vaxtlarda təşkil olunan, Azərbaycanlı sənət adamlarımızın cəm olduğu bu məclisdə bir neçə dəfə bu halların olduğunun şahidiyəm. Günlərin birində yenə də məclis düzəldilməsi, alimlərimizin bir araya gəlməsi ehtiyacı olduğu zaman məclisi idarə etmək üçün Babək müəllimdən xahiş etdilər. Nə isə etraz bir fayda vermədi. Axır ki, çar-naçar razı oldu. Məclisin ən başında əyləşmiş Babək müəllim keçən dəfə olan narazılığın bu dəfə təkrar olunmaması səbəbi ilə əlini süfrəyə uzatmadan öncə rəssamlarımıza belə bir müraciət etdi. “Xasiyətnamənizi özünüzlə gətiribsinizmi?”. Hər kəs bu sual qarşısında bir anlıq çaş-baş qalaraq heyrət etdilər. “Bu nə sualdı ay Babək müəllm?”. Cavabında fikrini belə əsaslandırdı. Hər dəfə sizin şəninizə xoş sözlər desəm də, sənət aləmindəki xidmətlərinizi məcis əhlinə çatdırsam da heç cür razı qalmırsınız. İmkanım çərçivəsində məclsi idarə etməyim hər zaman uğursuluqla nəticələnir. Ona görə də yazdığınınz “Avtobioqrafiyanızı” mənə verin ki, oxuyum hamı məndən razı qalsın ki, məclisimiz müşgül-məlil olmasın. Bu cavabdan hamı bir anlıq duruxdu və Babək müəllimin səmimi zarafatının mənasını anlayıb gülşdülər. Və bir daha təşkil olunmuş növbəti məclisin ab-havasına soyuq rüzgar əsmədi – dəyərli oxucularım. Bu zarafatyana əhvalatı anlatmaqda məramım Babək müəllimin müdirk bir şəxsiyyət, ağsaqqal olduğunun kiçik bir fraqmentidir ki, ürəyimdə 20 ildir ki, yaşatmaqdayam.»

 

·«Hörmətli alimimiz Professor Babək Osmanoğlu ilə bağlı ikinci baməzə xatirəmi sizlərlə paylaşmaq istərəm, dəyərli oxucularım. 2010-cu ildə Babək müəllimin dişi ilə bağlı problemi olduğu zaman diş doktoruna aparmağı qərarlaşdırdım. Gaziantepdə tanıdığım diş doktorunun soyadını bilməsəm də adı Oqtay idi. Bilirdim ki, sənətinin peşəkarı olduğu üçün Babək müəllimi Oqtay həkim yaxşı müəlicə edəcək. Babək müəllim də məmnun qalacaq. Bu minvalla çox təvəqqə etdim. Axır ki, razı oldu. “Fiat” markalı avtomobili ilə Gaziantep çarşısına yaxın bir məkanda avtomobili park etdik. Və çalışdığı özəl quruma rəvan olduq. Nəhayət pilləkənləri qalxıb birinci mərtəbədəki ofisinə yaxınlaşanda Babək müəllim anidən duruxub qaldı. Və qapıdan içəri daxil olmadan geri dönmək istədi. Mən bir şey anlamadım. Ürəyimdə özüm-özümə dedim ki, nədən tərəddüd edir Babək müəllim görəsən? Anidən dönüb dedi ki, “Məni hara gətirmisən?”.

 

-         Dedim:  doktora gəlmişik.

 

-         Dedi ki, qapının yanındakı lövhədəgör nə yazılıb?

 

-  Bu sualdan yenə bir şey anlamadım. Dedim ki, “Oqtay Ağrıtmış”. Bu ad soyad olan

 

                                                 

                                                   

 

Gaziantepin məşhur diş doktoru Oqtay Ağrıtmış

 

lövhəni oxuduğum zaman mən də heyrətə gəlib mətləbin nə yerdə olduğunu indi anladım. Dedim ki, Babək müəllim mən də bilmirdim. Qorxma dişini ağrıtmayacaq, işinin ərbabıdır, özü də təcrübəli həkimdir. Sadəcə soyadı elə imiş “Ağrıtmış”. İnşallah dişini ağrıtmaz, gözəl müalicə edər. Heç qorxma! Nə isə çar-naçar razı olub, tərəddüd içində bir qədər də qorxu-təlaş, həyəcan içərisində müalicə otağına daxil olduq. Bu müalicə uğurlu nəticələndiyi üçün Babək müəllim Oqtay Ağrıtmışla dost oldu. Sonrakı illərdə bəzən dişində problem yarandığı zaman  könüllü olaraq Oqtay həkimə müraciət edərdi.»

 

 

                                             

(sağdan sola) Babək Qurbanov, İlqar Cəmiloğlu, Əli İmamverdi  // Gaziantep 2017

 

***

 

Etibarlı doğru-dürüst, səmimi insan dedikdə Babək müəllimi heç anmamaq olarmı? Ali insanı dəyərlərin tərcümanı idi, öz əməli xeyirxah saf niyyətli fəaliyyəti ilə. Babək müəllim adında könül şamımız 2018-ci ilin martın 28-də nəyazıq ki, əbədi sönər oldu qəfildən. Daha yanıb şöləsini saçmır bizlərə,ona dəyər verən xalqına, millətinə. Beləcə könül dünyam işıqsız, nursuz qaldı o gündən bəri. İndi də yandırmağa çalışıram heç cür olmur, daha doğrusu bacara bilmirəm, çarəsiz qaldığım üçün. Çünki özü yoxdur bu dünyada. Müdrik sözləri yetim qalıb Babək müəllimsiz xatirəmdə. Nisgilli qaldım, küsgün qaldım bu fani dünyada heyhat. Babək müəllim haqda nə söyləsəm, nə anlatsam oxucularıma yetərli olmur. Hardasa əksik, kəmkəsir qaldığı fikirlərimin qəmli, niskilli halını yaşamaqdayam.

 

 

 

Qəhrəman xalqımızın dürüst, zadəgan əsilli dəyərli övladı, fəlsəfə elmləri doktoru, professor Osman oğlu Babək müəllim. Ad günün 9 iyunda gəlib keçdi, 85 yaşına varid oldun. Fəqət, nur üzünə baxaraq üzəbarı təbrik edə bilmirəm. Bu ülvi xoş andan məhrumam 2019 ilindən buyana. Sadəcə özüm-özümə qəlbimdə təbrik edərək rəhmət diləyirəm cənabi Haqdan. Müqəddəs qəbrin nurla dolsun, mübarək məkanın cənnət olsun. Amin!!!

 

 

 Qapaq şəklində: Babək Osmanoğlu Qurbanov və İlqar Cəmiloğlu İmamverdiyev / Ərzurum 2002

  

 

“Ədəbiyyat və incəsənət”

 

(24.06.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.