Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

9-cu dərc

 

«Azadlıq prospekti» metrosunun yaxınlığındakı villaya «BMW» markalı maşın yaxınlaşdı. Sürücünün maşında basdığı hansısa düymə ilə villanın  darvazası avtomatik olaraq açıldı. İri jalüz-darvazanın açılması təxminən iyirmi beş saniyə çəkdi. Maşın həyətə girdikdən sonra darvaza açıldığı kimi də bağlandı.

Böyük həyətin lap yuxarı başında maşını saxlayan, təxminən otuz yaşlı, üzünü saqqal basmış kişi düşüb yük yerini açdı, oradan ərzaq dolu zənbilləri götürüb mətbəxə apardı. Sonra geri qayıdıb həyətin sol tərəfindəki üstü və yanları bağlı hovuza yaxınlaşıb dayandı. Hovuzun uzunluğu iyirmi, eni on metr olardı. Onun şüşəli qapının arxasında dayanıb icazə gözlədiyini görən hovuzdakı kişi  siqar tutmuş əli ilə içəri keçməsinə işarə verdi. 

Saqqallı içəri girib qapının ağzında dayandı.

Siqar çəkən kişi hovuzun kənarında oturmuş, ayaqlarını hovuza sallamışdı. Ağarmağa başlayan gur, qıvrım saçlarından, sifətindən su damcıları süzülməsindən onun hovuzdan yenicə çıxması bəlli olurdu.

Hovuzda, hava ilə doldurulmuş rezin döşəyin üstündə təxminən iyirmi üç-iyirmi dörd yaşlarında çılpaq bir qız uzanıb gözlərini yummuşdu. Əks tərəfdə qoyulmuş kreslolardan birində oturan, çılpaq çiynlərinə dəsmal atmış, təxminən həmin yaşda olan ikinci qız isə, ayağını ayağının üstünə aşırıb əlindəki bokaldakı içkidən qurtum-qurtum içir, içəri girən saqqallıya heç fikir də vermirdi.

-Danış, -kişi amiranə səslə dilləndi.

Saqqallı qızlara tərəf baxmadan danışmağa başladı:

-«Nexia»nı Aydəmirə verdim. Bir az nasaz idi. Ancaq içində oturub müşahidə aparmaq üçün yarayar. Ustaya getməyə vaxt olmadı. Eyvaza da uzaqdan göz qoydum, yerindədi, ofislə üzbəüzdə dayanıb. Sonra qayıdıb «BMW»-ni götürdüm, indicə bazarlıq eləyib gəlmişəm. Xala soruşurdu, nahara nə hazırlasın?

-Tapşır, mal ciyərini sacın içində qızartsın, yanında da külləmə kartof olsun. Gedə bilərsən.

Saqqallı yenə də qızlara tərəf baxmadan sakitcə bayıra çıxıb aşbaza sifarişi çatdırmaq üçün mətbəxə tərəf getdi.

O bayıra çıxan kimi, qıvrımsaçlı əlini uzadıb hovuzun kənarında qoyduğu mobil telefonu götürüb kiməsə zəng etdi. Ancaq telefonu qulağına qoymaq əvəzinə ekranına baxmağa başladı. Siqar yenə də telefonu tutduğu əlində tüstülənirdi. Belə təəssürat yaranırdı ki, bu adam heç vaxt siqardan ayrılmır.

Telefonun ekranında cavab verildiyini görən kimi danışmağa başladı:

-Hər şey qaydasındadır, adamlar yerlərindədirlər, həm ofisi, həm də qoca çəkməçini nəzarətə götürmüşəm. Polkovniklə isə vəziyyət bir qədər başqadır. Evinin yaxınlığına adam qoysam da, iki gündür ki, gözə dəymir. Bir şey bilinən kimi məlumat verəcəyəm.

Telefonun o biri başındakı adam dəstəyi götürərkən heç nə demədiyi kimi, yenə də heç nə demədən dəstəyi asdı.

Qıvrımsaçlı nə qədər amiranə görünsə də, onun da kiməsə, özündən qat-qat yüksəkdə duran birisinə hesabat verdiyi məlum olurdu. Bu, danışarkən seçdiyi sözlərdən və səsinin tonundan da aşkar hiss olunurdu.

Telefonda qırıq-qırıq siqnal səslərini eşidən qıvrımsaçlı aparatı bayaq götürdüyü yerə, hovuzun kənarına qoyub siqardan dərin bir qullab aldı. Sinəsinə aldığı qatı tüstünü buraxdıqdan sonra hovuzun o biri başında oturmuş qıza baxıb gülümsədi:

-Bəsdir içdin, gəl bura görüm.

Qız əlindəki bokalı qarşısındakı masanın üstünə qoyub şıltaq-şıltaq ayağa qalxdı, çiynindəki dəsmalı kreslonun üstünə atıb çılpaq əndamını yellədə-yellədə, asta addımlarla ona tərəf gəldi.

 

* * *

Layiqə oturduğu kafedə sifariş verdiyi acı, şəkərsiz kofeni içib ofisianta bir şüşə mineral su gətirməyi tapşırdı. İki tərəfi iri vitrin şüşələrlə əhatələnmiş bu kafe uzaqdan müşahidə aparmaq üçün çox əlverişli idi. Nə qədər istəyirsən otur, diqqəti cəlb etmədən işini gör. Saat 12:30 idi. Artıq izlədiyi adam bayaqkı kimi var-gəl etmirdi, bir qədər əvvəl onun üçün gətirilmiş «Nexia» markalı maşında oturmuşdu.

Maşının dövlət nömrə nişanlarını əzbərləsə də, hələ yoxlatdırmaq imkanı olmamışdı. Maşını təhvil verdikdən sonra yenə də geriyə, indi olduğu istiqamətə piyada qayıdan saqqallı kişinin də şəklini çəkməyə imkan tapmışdı Layiqə. Bütün topladığı məlumatları axşam saat 8-də görüşərək şefinə verəcəkdi. Bu məlumatlar yoxlanıldıqdan sonra müsbət nəticə olarsa, nəhayət qarşı tərəfin kim və ya kimlər olduğuna aydınlıq gətirmək mümkün olacaqdı.

Layiqə şefindən istənilən vəziyyətə uyğun təhlilləri aparmağın, hər vəziyyətə hazır olmağın vacibliyini öyrənmişdi. İndiki halda, əgər maşında yemək qoyulmuşdusa, adam nahar etmək üçün uzaqlaşmayacaqdı. Elə maşında oturaraq gətirilən yeməklərdən yeyib müşahidəni davam etdirəcəkdi. Yox, əgər maşını gətirən saqqallı yemək gətirməyibsə, onda gec-tez adam qısa müddətə də olsa, postunu tərk edəcəkdi. Bu halda onu gözdən qoymamalıydı. Söhbət tək onun yemək alıb qayıtmasından getmirdi. Adam nahar fasiləsinə çıxar və qayıtmaz, açıq qoyduğu maşına isə başqası əyləşib izləməni davam etdirə bilərdi. Kim bilir ona nə tapşırıq verilib və izləməyə neçə nəfər cəlb olunub? Ayrıca, istənilən vaxt telefonla ona izləməni dayandırmasını da tapşıra bilərdilər. Əsas məqsəd bu adamı izləyib kim olmasını, haraya getməsini, kimlərə işləməsini müəyyənləşdirmək idi. Bu mümkün olarsa, qoy onu lap beş dəfə əvəz etsinlər. Bu halda qalan izləyicilər nə onunçün, nə də şefi Bəxtiyar Nəzərli üçün daha maraq kəsb etməyəcəkdilər.

Adam hələ ki, sakitcə maşında oturmuşdu.

Layiqə ofisiantın süzdüyü sərin mineral sudan bir qurtum içib qarşısındakı menyunu açdı.  

 

* * *

 Yatmağa uzanarkən döşəyin altına, baş tərəfimə qoyduğum tapançanı götürüb qoltuğumun altındakı qobura qoydum. Dəhlizə çıxanda Gülünün axşamdan silib təmizlədiyi ayaqqabılarımı cütləyib qoyduğunu, pencəyimi əlində tutub dayandığını gördüm. 

Getməyimi istəməməsi gözlərindən açıq-aşkar hiss olunsa da, heç nə deməyib sakitcə mənə baxırdı.

Əvvəlcə ayaqqabılarımı, sonra pencəyimi geyindim. Gülü məni qucaqlayıb başını sinəmə söykədi. Sonra gözləmədiyim halda birdən gözlərimin içinə baxıb dedi:

-Qurban olum, ehtiyatlı ol.

Bu sözlərdə elə bir nigarançılıq, elə bir təlaş hiss olundu ki, bir müddət Gülüyə baxıb susdum. Sonra əlimlə saçlarını tumarlayıb gülümsədim:

-Narahat olma.

Əlbəttə, silahlı olmağımdan, gec yatsaq da, səhər tezdən durub harasa tələsməyimdən Gülü növbəti araşdırmaya başladığımı anlamışdı. Bu təlaş da bundan irəli gəlirdi.

Adətən, sifariş alarkən bunu Gülüdən gizlətməzdim. Ancaq indiki araşdırma digərlərinə bənzəmirdi. Nə qədər çəkəcəyi də məlum deyildi. Heç, nə ilə bitəcəyi də. Cəmi bircə gün əvvəl başladığım bu araşdırmada qətiyyən xoşuma gəlməyən bəzi şeylər baş verirdi ki, normalda bunlar baş verməli deyildi. Qarşı tərəf nəsə oyun qururdu və bu oyunda özünü məndən çox ağıllı hesab edirdi. Yaxşı, cənablar. Görək sonda kim daha ağıllı çıxacaq…

Hələ də gözlərimin içinə baxan Gülü, belə hallarda olduğu kimi yenə də, -«Gözləyəcəyəm»,-dedi.

-Gələcəyəm, -deyib gülümsədim.

      

       * * *

Əvvəlcə Salamın işi ilə maraqlanacaqdım. Ölüm işi olduğu üçün materialın polis bölməsindən rayon polis idarəsinə ötürüləcəyini bilirdim. Bununçün ərazinin polis idarəsinə dəyməli, işi aparan müstənitiqlə görüşməli idim. Bunu nə Qələndərin, nə də başqa qonşuların bilməsini istəmirdim. Salamı yaxşı tanıdığımdan, onun adam vurub qaçmasına inamım az idi. İşin içində başqa nə isə var idi. Bəlkə Salama nəsə köməyim dəyə bilərdi. İşi aparan müstəntiqin köhnə tanışlarımdan olması çox yerinə düşərdi.

Arif müəllimin göndərdiyi sənədlərlə tanış olandan sonra axşamdan mənə lazım olacaq məlumatların siyahısını hazırlamışdım. Polis idarəsindən çıxdıqdan sonra məlum valyutadəyişmə məntəqəsinə dəyib, verilmiş təlimata uyğun olaraq, siyahını mənə verilmiş konvertdə ora verməli, cavabı gözləməliydim. Konvertin küncündə xüsusi işarə olduğunu görəndə niyə sorğularımı o konvertdə verməli olduğumu başa düşmüşdüm. Evə qayıtmayacağımı bildiyimdən, konvertə qoyulmuş siyahı axşamdan cibimdə idi. Cavablar hazır olanadək Stepanla görüşüb nahar edəcək, onu yola saldıqdan sonra ofisin qarşısındakı ağacda işarə olub-olmamasını öyrənib, axşam saat 8-də «Moskva» univermağının qarşısında Layiqə ilə görüşəcəkdim.

Hazırladığım suallar əsasən bəzi ünvanların dəqiqləşdirilməsindən ibarət olduğu üçün bunun çox vaxt aparmayacağını bilirdim. Ona görə də, mütləq işarə verilibsə, cavabları bu gün, valyutadəyişmə məntəqəsi bağlananadək çatdırıb götürməliydim. Müəllimim tələsməyimi məsləhət görmüşdü. Bir də, cinayətin üstündən xeyli vaxt ötdüyündən, mənə lazım olan adamların hələ də sağ olmaları və Bakıda, yaxud da, respublika hüdudlarında yaşamaları əsas şərt idi.

Maşınsız olduğum üçün bütün bu dediyim işləri çatdırmağım maksimum operativ olmağımı tələb edirdi. Polis idarəsində nə qədər vaxt itirəcəyimi bilmirdim. Həm Salamın tutulması, həm də Stepanın gəlişi günümün qrafikini tam sıxlaşdırmağı tələb edirdi.

Yaxınlıqda yerləşdiyi üçün rayon polis idarəsinə piyada getməyi qərara aldım. İşi aparan müstəntiqin tanış kolleqalarımdan biri olduğunu öyrənəndə xeyli sevindim. Təcrübəli polis mayoru Elbrus Cavadov gəlişimin səbəbini və bəzi fikirlərimi dinləyəndən sonra eynilə mənim kimi düşündüyünü, bütün dəlillər ona qarşı olsa da, Salamın bu cinayəti törətdiyinə inanmadığını bildirdi. Ancaq nə mənim, nə də təcrübəli müstəntiqin bu fikirlərini istintaq materialına tikmək olmazdı. Salama qarşı olan sübutları təkzib edən ciddi arqumentlər tələb olunurdu ki, onlar əldə edilənədək onun nəzarət altında saxlanması vacib idi. Hələ ki, Salam bu ölüm işində yeganə şübhəli idi…

Elbrusa təşəkkürümü bildirib əlaqə saxlayacağımı dedim və onunla sağollaşdım. İstintaqa məlum olan bir çox detalları öyrənməyim mənim üçün vacib idi. Elbrusun da, işin xeyrinə ola biləcək deyə, peşəkarlığına bələd olduğu keçmiş kolleqası və detektiv kimi məndən heç nəyi gizlətmədiyi üçün söhbətimiz xeyli vaxt aparmışdı. Saat 11 idi. İndi Nizami küçəsinə getməli, konverti verdikdən sonra Buzovnaya yollanmalıydım. Bununçün metro ilə «Koroğlu» stansiyasına qədər gedəcək, orada Buzovnaya işləyən avtobuslardan birinə minəcəkdim.

Belə də etdim. Yarım saat sonra getdiyim ünvanın qarşısında idim. Əvvəlcə bir qədər məntəqənin qarşısında durub içəri boylandım. İçəridə müştəri yox idi. Buraya ilk gəlişimdən tanıdığım kişinin yerində təxminən iyirmi beş yaşlarında olan bir gənc oturmuşdu. İçəri girib onunla salamlaşdım. Gülümsəyib salamımı aldı. Konverti cibimdən çıxarıb ona uzatdım.

-Zəhmət olmasa, bu məbləği mənim bank hesabıma otuzdurun.

Gözucu konvertin kənarındakı işarəyə baxan gənc:

-Baş üstə, hazır olanda sizə məlumat veriləcəkdir, -dedi.

-Təşəkkür edirəm.

-Siz sağ olun.

İndi yaxınlıqdakı «Sahil» metrosuna getmək olardı. Buzovnanın yolu xeyli vaxt aparacaqdı. Ona görə elə indi ora yollanmağı qərara aldım. Həm də axı bir qədər tez çatıb onsuz da vaxtı az olan qonağımı gözlətməməkçün sifariş də verməliydim. Heç vaxt dediyi yerə gecikməyən Stepanın düz saat 1-də orada olacağını bilirdim.

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(22.06.2023)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.