“Ədəbiyyat və incəsənət” portalı gənc imzaların tanıtımını davam etdirir. Bu dəfə sizlərə Nuray Bəbirlinin bir hekayəsini təqdim edirik.
Dünya həmişə olduğu kimi yenə öz ahəngində davam edirdi. Fəsillər dəyişir, bitkilər solur və yenidən təbiət canlanırdı.
Bəşəriyyət yenilənir. Hər bir varliq inkişaf edir...
Elm və təhsil inkişaf etdikcə nədənsə mənəviyyat böhrana sürüklənir, insan öz çirkin xislətini daha aydın göstərir.
Bəşəriyyətin qurbanlarından biri də bizim dünyanın ətalətindən xəbəri olmayan, hələ doğulmamış artıq həyatın qanunlarına tabe olan insanlıqdır...
Dəniz kənarında gənc bir qız dayanmışdı. Saçları günəş qürub edərkən mavi səmanın boyandığı rəngə oxşayırdı. Qız xısıldaya-xısıldaya ağlayırdı. Sanki onun ağlamasını heç kimin bilməsini istəmirdi. Çünki ağlamağına da görə insanlar onu mühakimə edə bilərdilər.
Onun yanindan keçənlər əsla ona fikir vermirdilər. Gecənin qaranlığında dənizin kənarında dayanan qızın qırmızı donu güclə gözə görünürdü.
Artıq gecə yarı olmaqdaydı. Qız sanki bütün dərdini dənizlə bölüşürdü. İnsanlardan gözlədiyi mərhəməti o, dilsiz sulardan gözləyirdi.
Yorulmuşdu. Ləngərlədi, bir anlıq özünü itirdi və dənizə düşdü. Dalğaların qoynu onu oxşayaraq ağuşuna aldı. Və o, müqavimət göstərmədi. Bütün dərdləri ilə özünü dənizə təslim etdi. Onu anlamayan insanlarla bir mühütdə yaşamaqdansa ölümü seçdi gənc qız...
Dalğaların biri-birinin üzərinə atdığı qızı dəniz kənarında dərdləri ilə danışan gənc bir oğlan gördü. Hələ də içində vicdan gəzdirən sonuncu insanlardan olan bu oğlan özünü dərhal dənizə ataraq qızı xilas etməyə çalışdı. Oğlan qızı kükrəmiş dalğaların əlindən aldı. Sanki dalğalar övladını işgəncə verməyə aparıldığını görən analar kimi fəryad edirdi. Dəniz də insanlığın faciəsinə ağlayırdı.
Oğlanın köməkliyi ilə qız ayıldı. Bir müddətdən sonra yaxasından tutaraq “məni niyə xilas etdin” deyib də oğlanı danladı. Az sonra toxtadı. Belədə oğlan onun adını və niyə özünü dənizə atmasının səbəbin soruşdu.
İnsanın etmək istəyib edə bilmədiyi hadisə baş verdikdə, bu, ona bir fürsət kimi görünər. Qızın müvazinətini saxlaya bilməyib dənizə düşməsi onun qorxub edə bilmədiyi hadisənin gerçəkləşməsiydi. Axı o, sahilə intihar üçün gəlmişdi?
Qız birinci bayaq oğlana əsəbləşmişdisə də, onun bu qayğıkeşliyindən məmnun olub ağlaya-ağlaya bütün həyatını danışdı.
Əhvalat isə bu idi:
Mənim valideyinlərim yoxdur, bacım da. Mənim evim də yoxdur. Mənim həyatım boşluqdan ibarətdir. Uşaqlığımı xüsusi müalicə mərkəzində keçirmişəm. Məni Jasmin deyə çağırırdılar. Bu xəstəxanada müxtəlif irqlərdən insanlar vardı. Onlar xüsusi olaraq yetişdirilərək vaxtı gəldiyində başqalarına daxili orqanlarını bağışlayırdılar. Mən də həmin insanlardan biriyəm. Həkimlər və xidməti personal bizə əşya kimi baxırdılar.
Burada xüsusi yetişdirilən uşaqlardan başqa valideyinləri tərəfindən tərk edilən və qaçırılan uşaqlar da xüsusi yaşayış mərkəzində həkimlərin nəzarəti altında yaşayırdılar.
Xüsusi yaşayış mərkəzinin kənarına tikanlı məftillər çəkilmişdi. Buranın bir həbsxanadan fərqi yox idi. Mən yaşayış mərkəzinin ən yuxarı mərtəbəsindəki pəncərədən sanotoriyadan kənardakı həyatı izləyirdim. Uşaqlar valideyinləri ilə birgə gəzişir və oynayırdılar. Mən ilk dəfə bu mənzərəni görəndə valideyinlərim haqqında fikirləşdim. Mənim də valideyinlərimlə bərabər olmaq haqqım var. Mənim həmin uşaqlardan nə qədər fərqliyəm axı?
Bu sual həmişə məni maraqlandırırdı...
Bir gün məntəqənin sahibinin yanına getmək istədim. Lakin məni içəri buraxmadılar. Onun çox qorxulu insan olduğunu eşitmişdim. Bu cür bizneslə məşğul olan başqa nə cür olmalı idi ki?
Ona sual edəcəkdim ki, niyə aciz və köməksiz uşaqları bu hala salırsınız?
Təbii ki, burdan çıxan orqanların necə əldə edildiyini alıcılar bilirdi. Lakin bu, onlara maraqlı deyildi.
Mən bir sabah belə bir əhvalatın şahidi oldum: Məni yuxudan bir uşağın fəryad səsi oyatdı. Həkimlər cəllad kimi cılız bir uşağı öldürməyə aparırdılar.
Həmin uşaq bir gün bundan əvvəl zorla qaçırılaraq bu xəstəxanaya gətirilmişdi. Mən həkimlər öz aralarında danışarkən onun haqqında eşitdim. Ailəsi öldürülmüş, özü küçələrdə səfil qalmış, bir nəfər tərəfindən bu xəstəxanaya satılmışdı. Həmin sabah alıcı sanki bazardan nəsə alırmış kimi qapının arxasında durub balaca qızcığazın orqanın çıxarılmasını gözləyirdi. Qızcığazın bütün orqanları çıxarıldı. Onun cəsədi isə təcrübə üçün saxlanılan morqa göndərildi.
Mən burda gördüm insanın insana nələr edəcəyini...
Mənim də eynən bu qızcığazın aqibəti kimi bir aqibətim olasıydı. On iki yaşım olduqda bir qadın orqan üçün xəstəxanaya müraciət etmişdi. Baş həkim mənim orqanımın çıxardılması üçün əmr verdi. Lakin xəstəxanadakı bir həkim qadının mənə yazığı gəldiyindən, mənim yerimə daha yaşlı bir insanın orqanını çıxardıb həmin qadına satdılar. Mən həmin həkim qadının gözünün qabağında böyümüşəm. Qadının övladı olmurdu. Qadın məni öz övladı kimi görürdü. Həmin hadisədən sonra məni gizli olaraq gecəyarısı paltarlarımı dəyişdirərək xəstəxanadan qaçırtdı. Mən xəstəxanadan qaçmazdan əvvəl həmin qadın yanıma gələrək “səni buradan xilas edəcəm” söylədi.
Qadın məni qaçırdıb bir müddət əvəllki evində, sonra isə öz yaşadığı evə gətirdi. O, mənə yaxşı baxırdı. Mən həyatımın ən gözəl günlərini həmin qadının yanında keçirdim. Həmin qadının sayəsində mənim həyatım birdən-birə dəyişdi. Mən ona ana deyirdim. O mənə şəxsiyyət vəsiqəsi aldı. Artıq mən də rəsmi olaraq özümü azad insan kimi hiss edirdim.
Müharibədən əvvəl ailəmlə kəndin qurtaracağında, balaca bir mənzildə yaşayırdıq. Anam, atam və böyük bacım və mən. Əsgərlər kəndə girəndə atam evdə yox idi. Həmin gün anamla atamın evlilik ildönümü idi. Nə biləydilər zalım fələk onları birləşdikləri gün ayıracaq... Bacım həyətdə qonşunun qızları ilə söhbət edirdi. Anam evlilik ildönümü üçün axşama yeməklər hazırlayırdı. Birdən güllə və tank səsləri eşidildi. Anamın əlindəki biçaq yerə düşdü. Atam tez darvazadan içəri daxil olaraq bizi zirzəmiyə saldı.
Əsgərlər qapını qıraraq içəri daxil oldular. Hər yeri axtardılar. Ancaq bizi tapa bilmədilər. Əsgərlərdən biri digərinə evə od vurmağı məsləhət gördü.
Biz zirzəmidə pərdənin arxasında gizlənmişdik. Onlar bizim həm torpağımızı, həm də mənəviyyatımızı ələ keçirmək istəyirdilər. Anam və bacım çox qorxmuşdu. Sanki onlar əvvəlcədən başlarına nələr gələcəyin bilirdilər. Artıq tüstü bizi boğurdu. Biz dayana bilmədik. Əgər bir az da artıq orda qalsaydıq yanacaqdıq. Ancaq kaş yanaydıq... Atam birinci çıxdı. Sonra anam və bacım çıxdılar. Bir göz qırpmında atamın başı gözümüzün qabağında kəsildi. Anam isə atamın cəsədi üstündə özündən getdi. Bacım şoka düşmüşdü. Dünyanın gedişatını başa düşə bilmirdi. Bir saat bundan əvvəl nəfəs alan insan necə olur ki, daha yoxdur və xoşbəxtlik də bitmişdir. Anamı əsgər sürüyərək gəldikləri maşına tulladı. Komandir bacımı zorla öz maşınına mindirərək “bu mənim qənimətimdir” dedi, gözdən itdi.
Mən həmin gündən bacımı heç görmədim. Bacımın kədərli və solğun üzü heç yadımnan çıxmırdı. Onun göz yaşları sanki üzündə donmuşdu. Sonradan o, məni yuxularımda tez-tez öz yanına çağıracaqdı. Bir daha görüşməyəcəydik.
Həmin gün məni isə qulağımdan darta –darta uşaqlarla dolu bir yük maşınına mindirdilər. Mənim yanımda olan uşaqlar qorxularından tir-tir əsirdilər. Ancaq mən qorxurmurdum, ölmək istəyirdim. Mənim üçün artıq həyat bitmişdi.
Bir gündə uşaqlığım getdi və mən yaşlandım.
Zaman nə tez keçir?
Mən başa düşdüm ki, həyatın dəyəri zamanda deyil, başına gələnlərdədi. Həyatları xoşbəxt keçən insanlar üçün zaman anlayışı yoxdur. Onlar üçün ölüm dəhşətlidir. Bəzilərinin çox qorxduğu ölüm, kimlər üçünsə ən böyük diləkdir...
Bizi qaranlıq zirzəmiyə saldılar. Növbəti gün heyvan kimi bizi seçdilər. Çox gözəl qızları xüsusi olaraq seçdilər. Mənim kimi arıq uşaqları canlı donor kimi istifadə etmək istəyirdilər. Seçilən uşaqlarla xəstəxanaya yerləşdirildim.
Xəstəxanada ölmək istəyirdim, yaşamaq istəmirdim və mənim bu dünyada hər günüm işgəncə idi. Bəzən orqanları çıxarılan insanları qısqanırdım. Mənim sıramın tez gəlməsini çox istəyirdim. Hər gün bu arzumun reallaşması üçün dua edirdim. Lakin tale yenə də üzümə gülmədi. Necə də qəribədir, mən yaşamaq istəmirdim, ancaq ölə bilmədim. Bəzən məni “insan qəssabxanasından” xilas edən qadına ürəyimdə nifrət yağdırırdım. Həqiqətən, bu dünya insanlar üçün həbsxanadır. Mən xoşbəxtlik duyğusunu itirmişəm. Mənə hər şey eyni gəlir. Hətta rənglər də mənə fərqli gəlmir. Niyə də gəlsin? Insanlar fərqlidir, ancaq hamısı ölümə məhkumdur.
Məni böyüdən qadın ana kimi mənə qayğı göstərirdi. Onun bu halı mənə insanlığın tam ölmədiyini, az da olsa nəfəs aldığını xatırladırdı. Mən kədərimi içimdə boğub həmin qadına olan borcumu qaytarmaq məqsədi ilə elmlə məşğul olmağa başladım. Böyüdüm...
Digər insanlardan hər zaman seçilirdim. Onlar üçün çətin olan iş mənim üçün önəm kəsb etmirdi. Bəlkə də, xoşbəxtliyimin əlimdən gedəcəyi üçün sevinə bilmirdim. Bu həyatda kədər və sevinc hər insana bərabər şəkildə verilmir. Bəzilərinə çox, bəzilərinə az...
Mənə kədər çox verilmişdi.
Kitabları çox oxuyurdum. Özümü onlarda tapmaq istəyirdim. Lakin tapa bilmədim. Mən müəllim oldum. Şagirdlərimə mərhəmətlə yanaşdım, məni həyatda saxlayan onların sevgisidi. İndi keçmişə rəğmən az da olsa xoşbəxtəm. Sanki uşaqlığımda yaşaya bilmədiyim sevinci indi yaşayıram. Tez-tez dəniz kənarına gəlirəm. Müharibədə itirdiyim ailəmi sulardan istəyirəm. Axı su safdır. Bəlkə, ailəm geri qayıdar...
Mən xoşbəxtliyi tək yaşamaq istəmirəm. Ailəmlə paylaşmaq istəyirəm. Onun üçün həyatıma qəsd etmək istədim. Ancaq cəsarətim çatmadı. Lakin sular mənim bu istəyimi reallaşdırmaq istədilər, onda da sən qoymadın.
Danışdı və qurtardı.
Oğlan qızı diqqətlə dinləyirdi. O, qızı xilas etdiyi üçün peşman olmuşdu. Qızın xoşbəxtliyini əlindən almış kimi idi.
Oğlan qıza inanılmaz təklif verdi, dənizə bir yerdə atlanmaqlarını və sonsuzluğa qovuşmalarını istədi. Qız elə bu cavabı gözləyirmiş kimi oğlanın əlindən tutaraq cismani bədənlərini hər şeyi təmizləyən suyun ağuşuna buraxdılar...
Övladlarına qovuşan ana kimi dənizin suları sevincdən sanki ağlamağa başladı. İnsanlardan qaçan cütlüyə təbiət sahib çıxdı, onları bağrına basdı...
“Ədəbiyyat və incəsənət”
(22.06.2023)