Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Böyük şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdir ki, Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində layiqli yerini qoruyub saxlayır.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AzərTAC-ın Naxçıvan bürosuna bildirilib ki, universitetdə keçirilən “Şərq ədəbiyyatında Nizami Gəncəvi yaradıcılığı” mövzusunda onlayn respublika elmi konfransında bu fikirləri ali təhsil ocağının rektoru Elbrus İsayev səsləndirib.
Universitetin Elm və innovasiyalar bölməsinin müdiri Rza Məmmədovun moderatorluq etdiyi konfransda çıxış edən Elbrus İsayev konfrans iştirakçılarını Nizami Gəncəvinin ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığının nəinki ölkəmizdə, dünya ədəbiyyatında da əvəzsiz yeri olduğunu vurğulayıb. Bildirib ki, 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunması Nizami irsinin öyrənilməsi, tədqiqi və təbliği istiqamətində yeni imkanlar yaradır.
Rektor diqqətə çatdırıb ki, “Nizami Gəncəvi İli” çərçivəsində Nizami irsinin tələbələr arasında daha geniş təbliğ olunması, dahi mütəfəkkirin dünya ədəbiyyatına verdiyi misilsiz töhfələri gənc nəslə aşılamaq məqsədilə universitetdə silsilə tədbirlər – konfranslar, müzakirələr, müsabiqələr, dəyirmi masalar keçirilir. Universitetin Elmi Kitabxanasında dahi şairin ədəbi irsi, onun haqqında yazılmış əsərlərin sərgisi də nümayiş olunur.
“Nizami Gəncəvinin söz dünyası” adlı çıxışında Naxçıvan Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Sədaqət Həsənova yüksək milli-əxlaqi, vətənpərvərlik nümunəsi olan Nizami Gəncəvinin fenomenal bəşəri irsindən, humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi olan əsərlərindən danışıb, şairin bəşəriyyətin ədəbi fikir tarixinə verdiyi töhfələrdən ətraflı bəhs edib.
Mingəçevir Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Esmira Cəfərova “Nizami Gəncəvi yaradıcılığında tolerantlıq və çoxmədəniyyətlilik” mövzusunda çıxış edərək bildirib ki, Nizaminin poeziyası əsrlərdən bəri öz aktuallığını saxlayıb, əbədiyaşarlıq nümunəsi kimi dünya mədəniyyətinə, ədəbiyyatına ölməz incilər bəxş edib. Onun xalqımızın mədəni sərvətinə çevrilən əsərləri Azərbaycanla yanaşı, dünya xalqlarının da tarixi keçmişini və adət-ənənələrini özündə əks etdirir.
“Naxçıvan folklorunda Nizaminin “Xosrov və Şirin” poeması ilə səsləşən rəvayətlər” mövzusunda çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun professoru, filologiya üzrə elmlər doktoru Yusif Səfərov dahi şairin yaradıcılığında folklor məsələlərinə toxunub, bəzi maraqlı məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Konfrans “Nizami Gəncəvi yaradıcılığında dil və ədəbiyyat məsələləri”, “Nizami Gəncəvi yaradıcılığında elm, əxlaq və tərbiyə” adlı bölmə iclasları ilə davam edib. Bölmə iclaslarında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsi, AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutu, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, ADPU-nun Şamaxı və Şəki filialı, Mingəçevir Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu əməkdaşları elmi məqalələrlə çıxış ediblər.