Zahirə Cabir, “Ədəbiyyat və incəsənət”
Bu gün Zəhra məktəbdən çox sevinclə evə gəldi. Paltarlarını dəyişməmiş mətbəxdə anasına yaxınlaşıb ulu öndərə həsr olunmuş tədbirdən, söylədiyi şeirdən, səhnədə onu alqışlamalarından ağız dolusu danışmağa başladı. Hələ də tədbir təəssüratlarını anası ilə bölüşən Zəhra birdən nəsə yadına düşmüş kimi anasından soruşdu:
- Ana tədbirdə oxunan bir mahnıda deyilir ki:
Sən elə bir zirvəsən, küləklər neyləyəcək, Dünənim, bu günümsən, səninlədir gələcək.
- Ulu öndərin adına doğrudanmı belə bir zirvə var?
Ana: - Əlbəttə ki, qızım. Heydər zirvəsi Quba rayonunda, Qızıl Qaya silsiləsindədir.
Zəhra:- Anacan, sən kitabxanada işləyirsən, bəlkə onun haqqında mənə daha ətraflı danışasan.
Ana: - Yaxşı qızım, qulaq as danışım.
Bu zirvəni 1998-ci il may ayının 10-da Azərbaycan alpinistləri fəth etmiş və onu ulu öndərin anadan olmasının 75 illiyi münasibətilə “Heydər zirvəsi” adlandırmışlar. “Heydər zirvəsi” Qafqaz sıra dağlarının şimal hissəsində dəniz səviyyəsindən çox-çox hündürlükdə yerləşir. Həmin vaxt, yəni may ayının ilk öngünlüyündə alpinistlər bu dağın zirvəsinə qalxmış və zirvəyə Azərbaycan bayrağını, Heydər Əliyevin baralyefini sancmışlar. Demək olar ki, hər il bu zirvəyə qalxaraq xalqımızın ümummilli liderinin orada qoyulmuş barelyefini ziyarət еtmək artıq bir ənənəyə çеvrilib. Hər il onun ad günündə, yəni 10 may tarixində Heydər zirvəsinə kütləvi yürüş keçirilir. Çox maraqlıdır ki, Heydər Əliyevin adını daşıyan zirvəyə bir dəfə çıxan yenə də çıxmaq istəyir.
Azərbaycanda çoxlu uca dağlar və zirvələr vardır. Lakin, hətta ən uca zirvə belə ölkənin hər yanından görünmür. Heydər Əliyev zirvəsi isə nəinki Azərbaycanın hər güşəsindən, hətta yaxın-uzaq ölkələrdən də yaxşı görsənir. Çünki gücünü doğma torpaqdan alan dağ vüqarlı ulu öndər Heydər Əliyev ucalığı, milyonların qəlbində və zehnində əbədiləşən şəxsiyyətdir. O, xalqın içərisindən çıxan, bütün ömrünü sevdiyi xalqına həsr edən, xalqın sevgisi və məhəbbəti ilə ucalan zirvə-şəxsiyyətdir.
“Ədəbiyyat və incəsənət”
(21.06.2023)