Nəfəskəsici detektiv – Fəxrəddin Qasımoğludan “On ikiyə işləmiş” Featured

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcini yekunlaşdırdı. Böyük oxucu marağını və istəyini nəzərə alıb romanın davamı olan “On ikiyə işləmiş” romanının dərcinə başlayırıq.

 

Özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin bu romanı da sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı da çox bəyənəcəksiniz.

 

 

8-ci dərc

 

Yaz fəsli son günlərini yaşayırdı. Gözəl yaz havası adamın ruhunu oxşayır, işə, alış-verişə tələsən insanların simasında bir təbəssüm görmək olurdu.

Çoxmilyonluq paytaxt şəhərinin sakit küçələrindən birində xüsusi zövqlə geyinmiş, əynində qara işgüzar kostyum, ağ köynək olan, geyiminə uyğun qara çərçivəli eynək taxmış, əlində daha çox portfeli xatırladan çanta tutmuş bir qız addımlayırdı. Köynəyinin üstündən boynuna bağladığı, çantası ilə həmrəng olan göy rəngli şifon şarf onun geyim üslubunun işgüzar görkəmini daha da gözəgəlimli edirdi. Hündürdaban ayaqqabıları təbiətən hündürboylu olan bu qızı daha da hündür göstərir, kostyumunun əyninə kip oturması isə qızın mütənasib bədənini daha da cazibədar etməklə, tək-tük üzbəüz gələn kişiləri çönüb oğrun-oğrun onun arxasınca baxmağa vadar edirdi.

Həmin kişilərin xəbəri yox idi ki, gözəlliyini gizlicə süzərək «zərif məxluq» kimi bir anlıq əlçatmaz fantaziyalarının obyektinə çevirdikləri bu qıza, onları bir zərbə və ya işlədəcəyi bir fəndlə yerə sərmək üçün cəmi iki saniyə vaxt lazımdır. Onu da bilmirdilər ki, on üç il idmanın əlbəyaxa döyüş növlərindən biri sayılan karate ilə məşğul olan bu qız son illər onunla məşq edən xanım yaşıdları arasında rəqib tanımadığına görə məşqçisinin icazəsi ilə kişi idmançılarla məşqlərə qatılır, bu məşqlərdə də rəqiblərindən geri qalmır.

Ancaq bunu bilib-bilməmələrindən asılı olmayaraq, kişilərdən hansınınsa söz atması, yaxud tanışlıq üçün yaxınlaşması ayrı vaxt belə şeyləri cavabsız qoymayan bu qızın gülümsəyərək yoluna davam etməsinə mane olmayacaqdı. Çünki indiki halda artıq diqqəti cəlb etmək, xüsusi tapşırığı yerinə yetirmək üçün bu küçəyə gəlmiş qızın planlarına qətiyyən daxil deyildi.

Bu qız Layiqə idi. Qıvrım sarı saçlarını yığaraq üstündən taxdığı, çiyinlərinə toxunan qara rəngli hamar süni saçlar onu olduqca tanınmaz etmişdi. Geyimini də təsadüfi seçməmişdi. Şəhərin bu hissəsində kifayət qədər ofis, biznes mərkəzi fəaliyyət göstərirdi, hətta ara küçələrdə də şirkətlər tərəfindən çoxlu icarəyə götürülmüş ofislərə rast gəlmək olardı. Şefindən ən xırda şeyləri belə nəzərə almağı özünə aşılamış Layiqənin tanınmaz olmaqla yanaşı, özünü ciddi görkəmli işgüzar qadına oxşatması daha az diqqət cəlb etməyə hesablanmışdı.  

Layiqə, təxminən bir saat əvvəl, saat 9-da bu küçədən keçib çəkməçinin iş yerində olduğuna əmin olduqdan sonra məsafədən küçəyə göz qoymağa başlamışdı. Bir qədər əvvəl isə dünən şefinin monitorda ona göstərdiyi adam başqa birisi ilə gələrək çəkməçini nişan verdikdən sonra getmişdi. İkincinin, çəkməçini izləmək üçün qaldığına heç bir şübhə yox idi. Hər şey plan üzrə gedirdi. Heç bir saat keçməmiş, gözlədiyi adamı müəyyən edə bilmişdi. Həmin adam, çəkməçidən otuz-qırx metr məsafədə damağındakı siqareti tüstülədə-tüstülədə gah qol saatına baxır, gah da ətrafa boylanaraq guya kimisə gözləyirmiş kimi var-gəl edirdi.

Layiqə şefinin təlimatlarını dəqiq xatırlayırdı. İlk imkan düşən kimi adamın şəklini çəkməli, bunu etdikdən sonra məsafədən ona göz qoymalı idi. Gedəcəyi yeri müəyyən etmək isə, əgər mümkün olarsa, sonranın işi idi.

Adamın tuşuna çatmağa az qalırdı. Əvvəlcədən səssiz rejimə qoyduğu cib telefonunu çıxarıb şəkil çəkmə rejimini işə saldı. Guya zəng edirmiş kimi aparatı qulağına yaxınlaşdırıb kamerasını adama tərəf tuşladı. Adam var-gəl etdiyi üçün bir yerdə dayanmadığından ardıcıl şəkil çəkmə düyməsinə basmağa başladı. Şəklini çəkdiyi adamın sifətinin aydın düşməsi vacib idi.

Gözünün qırağı ilə adamın baxışlarını ona tərəf zillədiyini görən Layiqə fürsəti əldən vermədi və sonuncu şəkildə ona lazım olan rakursu tuta bildi. Bundan sonra adamın eşidəcəyi tonda, -Yaxşı, canım, gələrəm danışarıq, -deyib telefonu çantasına qoydu və əvvəlki müşahidə nöqtəsinə qayıtmaq üçün irəlidəki tindən sağa dönüb addımlarının sürətini artırdı.

 

* * *

Səhər Aydəmiri götürmək üçün villaya gələn Eyvaz çəkməçini nişan verdikdən sonra ofisi nəzarətdə saxlamaq tapşırığı almışdı. Ona görə də, Aydəmirdən ayrıldıqdan sonra dünənki yerində, ofislə üzbəüzdəki avtobus dayanacağında dayanıb izləyəcəyi adamın nə vaxt gələcəyini gözləyirdi. Adam isə, nədənsə gəlib çıxmaq bilmirdi. Əslində bu vəziyyət ona sərf edirdi. Ona deyilən vaxtda deyilən yerdə idi. Daha kimsə bu ofisi açmayacaqdısa, o neyləməliydi ki…

Neçə illər əvvəl sərxoş vəziyyətdə dava edərək bir nəfərə ağır xəsarət yetirdiyinə görə xuliqanlıq maddəsi ilə azadlıqdan məhrum edilən Eyvazı həbsxanada indi xidmətində durduğu adam himayəsinə götürmüş, digər məhbusların onu incitmələrinə imkan verməmişdi.

Xuliqanlığa görə həbs olunsa da, əslində Eyvaz sakit təbiətli birisi idi. Bir şərtlə ki, dilinə spirtli içki dəyməsin. Əllicə qram içməsi bəs edirdi ki, ətrafda nə varsa uçurub dağıtsın. Ayılandan sonra da heç nə xatırlamırdı.

Azadlığa çıxdıqdan sonra nə qədər iş axtarsa da, məhkumluğu üzə çıxan kimi bütün qapılar üzünə bağlanmışdı. Bir neçə il beləcə işsiz-gücsüz, orada-burada başını dolandırdıqdan sonra həbsxanadakı himayədarının da azadlığa çıxmasını öyrənib çarəsiz halda kömək üçün ona müraciət etmişdi.

Bəzi tapşırıqlarını yerinə yetirmək müqabilində aylıq məvacib ala biləcəyi barədə himayədarının təklifi ilə çıxılmaz vəziyyətdə olan Eyvazın razılaşmaqdan başqa yolu qalmamışdı. Bu tapşırıqların nədən ibarət olacağını təxmin edən Eyvazın qanı qaralsa da, həmin vaxta yığılan borcları və seçiminin olmaması, nə vaxtsa yenə də həbsxanaya düşə biləcəyi fikri ilə barışmağa onu vadar etmişdi. Halbuki, ilk məhbusluğundan sonra bir daha araq içməyəcəyinə and içərək tövbə etdiyi kimi, çox qorxduğu həbsxanaya da bir daha düşməyəcəyinə özünə söz vermişdi.

Ofisin qapısına bir kişi yaxınlaşdı. Kişi əvvəlcə bir neçə dəfə ofisin qapısını dartışdırdı, sonra üzünü şüşəyə dirəyib pərdələri bağlı pəncərələrdən içəri boylanmağa çalışdı. Heç nə görə bilməyəcəyini başa düşüb bayaq gəldiyi istiqamətdə uzaqlaşdı.

Onun bu hərəkətlərini görən Eyvaz əvvəlcə kişini izləmək qərarına gəldi. Hətta onun getdiyi tərəfə bir-neçə addım da atdı. Ancaq aldığı konkret tapşırığı xatırlayıb dayandı, -«Əşşi, qoy getsin, mənə Bəxtiyarı izləməyi tapşırıblar, birdən gedərəm, Bəxtiyar da gəlib-gedər, xəbərim olmaz, aləm dəyər bir-birinə».

Qayıdıb dayanacaqdakı oturacağa oturdu, -«Yaxşısı budur özbaşına iş görməyim».

 

* * *

Yuxudan adətim üzrə, səhər tezdən oyandım. Saata baxdım, altı tamam idi. Pəncərə ilə üzbəüzdə əkilmiş çinar ağacına qonub qışqırışan sərçələrin səsi yataq otağını başına götürmüşdü. Görəsən bu sərçələr səhər tezdən nəyi bölüşdürə bilmirlər? Yavaşca qalxıb axşam hava gəlməsi üçün açıq qoyduğum nəfəsliyi bağladım.

Gülü mışıl-mışıll yatırdı. Hələ ki, onu oyatmaq istəmirdim, çox gec yatmışdıq. Axşam duzlu bir şey yeməsəm də, nədənsə möhkəm susuzluq hiss edirdim. Mətbəxə keçdim, çaydanı doldurdum, lüləyinin ağzındakı qapağı açıb qaynamağa qoydum.

Yataq otağına qayıdıb yavaşca yerimə uzandım.

-Nəzərinizə çatdırıram ki, vibrasiyaverici hərəkətlərinizlə mənim rahat yatmaq hüququmu məhdudlaşdırırsınız, cənab detektiv.

Nə qədər ehmallı tərpənsəm də, Gülünü oyatmışdım.

-Konstitusiyada belə bir hüququn nəzərdə tutulduğunu xatırlamadım, xanım.

-Var, bu azad yaşamaq hüququnun tərkib hissəsidir.

-Elə isə, qətiyyən sizi oyatmaq fikrimin olmamasına, qaynamağa qoyduğum çaydanın fit çalmaması üçün lüləyini açıq qoymağım sübut kimi kifayət edərmi?

-Xeyir, başqa sübutlar da tələb olunur.

-Əfsuslar olsun ki, gecədən açıq qoyduğumuz, səslərinə oyanmamağınız üçün az əvvəl bağladığım nəfəsliyin qarşısında toplaşaraq nəyi isə ucadan müzakirə edən sərçələr çoxdan uçub gediblər. Başqa şahidimsə, yoxdur.

Bunları deyib, yalandan bir ah çəkdim və günahkarlar kimi başımı aşağı saldım.

Bayaqdan uzandığı yerdə əllərini sinəsində çarpaz tutan, məhkəmədəki hakimlər kimi ciddi görkəm alıb sübutlar tələb edən Gülü daha özünü saxlaya bilməyib bərkdən şaqqanaq çəkdi.

-Lap Mazellini güllələdikdən sonra yalandan kədərli görkəm alan Karrantini xatırlatdın.

Mən də Gülüyə qoşulub şaqqanaq çəkdim. Gülü “Uzaq sahillərdə” filmindən bu bənzətmə ilə lap onluğa düşmüşdü. Amma səhərdən içimdə baş qaldıran yanğı yenə özünü yada saldı.

-Yaxşı, xanım, sübutlarımı qəbul etməsəniz də ciyərimin yanmasını, fit səsinin gəlməməsinin isə heç də çaydanın qaynamamasına dəlalət etməməsini nəzərə alaraq, indi, bu dəqiqə durub çay dəmləməklə böyük savab sahibi olmaq şansınız barədə sizə müjdə verirəm.

 -Niyə bayaqdan demirsən?- Gülü bir anda ciddiləşdi. Cəld çarpayıdan qalxıb xalatını əyninə keçirdi və sürətlə mətbəxə getdi.

On beş dəqiqə sonra onun ardınca mətbəxə keçəndə, səhər yeməyi masanın üzərinə düzülmüşdü. Əl-üzünü yuyub saçını daramış Gülanə xrustal stəkanlara çay süzürdü.

Bu günə xeyli iş planlaşdırsam da, hələ çox tez olduğu üçün heç tələsmirdim. Gülünün qabağıma qoyduğu çayı tez soyuması üçün nəlbəkiyə töküb bir-iki qurtum içdim. Susuzluğumun bir qədər azaldığını hiss etdim.

Elə bu vaxt telefonuma zəng gəldi. Gülanə bir qədər narahat şəkildə mənə baxdı.      

-Görəsən bu vaxt zəng edən kim olar?

Telefonda tanış nömrəni görəndə gülümsədim. Zəng vuran rusiyalı dostum, Moskva Cinayət Axtarışı İdarəsinin rəis müavini Stepan Bondaryov idi.

-Sizi çox diqqətlə dinləyirlər, cənab polkovnik.

-Salam, Baxa.

Hələ tələbəlik illərindən möhkəm dostlaşdığım Stepan oxuduğumuz illərdə nə qədər çalışsa da, «ə» hərfini tələffüz edə bilməmiş, əvvəlcə mənə Baxtiyar, sonralar isə qısaldaraq Baxa deməyə başlamışdı.

-Salam, əziz dostum.

-Səni aeroportdan yığıram. İki saatdan sonra təyyarəm Bakıya enəcək. Ancaq aeroporta gəlmə, yoldaşlar məni qarşılayacaqlar. Zəng vurdum deyim ki, nahar zamanı görüşə bilərik. Elə bu gün saat 16-da geriyə biletim var.

Adətən xidməti ezamiyyətlər zamanı bir-birimizi qarşılayırdıq. Stepan vaxtının az olduğunu, yalnız nahar vasiləsində görüşə biləcəyimizi nəzərə alıb, məni əvvəlcədən xəbərdar etməyi lazım bilmişdi.

-Başa düşdüm, saat 1-də həmişəki restoranda səni gözləyəcəyəm.

-Oldu.

Stepanın gəlişi həmişə məni sevindirib. Adi kəndçi oğlu olan Stepan çalışqanlığı sayəsində milis məktəbini əla qiymətlərlə və digər müdavimlərdən bir pillə yuxarı, birbaşa baş leytenant rütbəsi təqdim olunmaqla başa vurmuşdu. Rəhbərliyin diqqətini cəlb etdiyi üçün təyinatını Moskva şəhərinə vermişdilər və artıq polkovnik rütbəsinə qədər yüksəlmişdi.

Milis məktəbini bitirdikdən bir neçə il sonra baş vermiş bir hadisə yadıma düşdü. SSRİ-nin təzə dağıldığı illər idi. Hər yanda, xüsusilə Rusiyada xaos, cinayətkarlıq baş alıb gedirdi. Moskva şəhərinə xidməti ezamiyyətə getmişdim. Məni qarşılayan Stepan nə qədər gizlətməyə çalışsa da, dalğın və çox yorğun olduğu gözümdən yayınmadı. Çay süfrəsi ətrafında nə baş verdiyini soruşdum.

Başını yelləyib dedi:

-Bilirsən Baxa, şəhərdə silsilə qətllər törədən manyak peyda olub. Gecə saatlarında tənha qadınları izləyib qaranlıq küçələrdə, parklarda əvvəlcə zorlayır, sonra isə boğub öldürür. Son on ayda eyni üsulla beş qadını öldürüb, ancaq hələ də izinə düşə bilmirik. Həmişə bizi bir addım qabaqlayır. Keçirdiyimiz tədbirlər isə heç bir nəticə vermir. Qətllərdən üçü mənə təhkim olan ərazidə baş verib. Rəhbərlik də bir yandan sıxır. O əclafı tutsam, öz əllərimlə boğub öldürəcəyəm.

Sovet dövründə milis orqanları həmişə «Xalq drujinası» adlanan, könüllülərdən yaradılmış dəstələrin köməyindən istifadə edib. Bu dəstələrə əsasən fabrik, zavodlarda işləyən gənclər cəlb olunurdu. İş vaxtı başa çatdıqdan sonra milis orqanına gələn könüllülər, qollarına «drujinaçı» sözü yazılmış qırmızı sarğı bağlayır, təlimatlandırıldıqdan sonra iki-üç nəfər olmaqla bölünərək gecə saatlarına qədər şəhərin küçələrini gəzir, patrul xidməti aparırdılar. Əlbəttə, işdən yorğun çıxan gənclər bunu hər gün edə bilməzdilər. Ona görə də onlara növbəli şəkildə istirahət verilirdi. Öz növbəsində bu fəaliyyətləri gələcəkdə onların milis sıralarına keçmələrinə böyük imkanlar yaratdığından, onlar bunu həvəslə edirdilər.

Sovet İttifaqı dağılsa da, Rusiya milisinin drujinaçıların köməyindən hələ də istifadə etdiyini bilirdim. Bax onda çox fikirləşmədən Stepana bir təklif vermişdim və aramızda belə bir dialoq olmuşdu:

-Əgər cinayətkarı uzun müddət yaxalaya bilmirsizsə, üstəlik də o həmişə sizi bir addım qabaylayırsa, deməli o atacağınız addımlar barədə əvvəlcədən məlumatlı olur. Bunu isə kim bilə bilər?

 Stepan diqqətlə gözümün içinə baxmışdı, -Deyirsən yəni, əməkdaşlarımızdan şübhələnək? Axı o əməkdaşlardan biri də mənəm…

-Əməkdaşlardan yox, onlar hamısı xüsusi yoxlamadan və sınaqdan çıxmış insanlardırlar. Ancaq işlədikləri təşkilatlardan verilmiş bir tövsiyə məktubu və ya müsbət xasiyyətnamə ilə sıralarınıza qatılan, şəhərin əməliyyat şəraiti və keçirilən tədbirlər barədə gündəlik olaraq təlimatlandırılan drujinaçılarınızı yoxlamaq olar.

-Heç təsəvvür edirsən nə deyirsən, bilirsənmi, onların sayı nə qədərdir? İzləmək demirəm, onların hər birini elə səthi olaraq yoxlamağa aylar bəs etməz.

-Bunların heç birinə ehtiyac yoxdur, dostum.

-Bəs onda necə?

-Sadəcə. Cinayətlərin baş verdiyi tarixlər məlumdur?

-Təbii ki.

-Həmin tarixləri, bu cinayətlərin baş verdiyi son on ayda drujinaçılara verdiyiniz istirahət günlərinin tarixləri ilə tutuşdurun. Hansının istirahət günləri ilə qətllərin tarixləri üst-üstə düşsə, onu əməliyyat marağı doğuran şəxs kimi nəzarətə götürün. Ola bilər ki, bu nəticə versin.

Stepan fikrə getdi, sonra sanki öz-özünə danışırmış kimi dedi:

-Başa düşürəm, deməli əgər manyakı uzun müddət tuta bilmiriksə, bu halda onun, hər şeydən məlumatlı olan drujinaçılardan birinin olması ehtimalı böyükdür. Təbii ki, gecə yarısına qədər başqaları ilə küçələrdə reyd keçirərkən onun cinayət törətmək imkanı yoxdur. Reydlər başa çatanda isə küçələrdə heç kim qalmır. Ona görə də, qalır yalnız istirahət günləri.  

Bu söhbətimizin səhərisi mən Bakıya qayıtmışdım. Bir ay sonra isə dediyim üsulla müəyyən edilərək gizli nəzarətə götürülən drujinaçını növbəti qurbanını zorlamaq istəyərkən cinayət başında yaxalamışdılar…

-Stepan idi. Bir günlük Bakıya gəlir. Naharı onunla edəcəyəm.

Gülüyə Stepan haqqında danışmışdım.

-İstəyirsən, hazırlıq görüm, evə dəvət elə.

-Qalsın sonraya. Cəmi bir-iki saat vaxtı var. Aeroporta yaxın, Buzovnada həmişə oturduğumuz bir restoran var. Orada görüşəcəyik.

-Necə məsləhətdir.

Gülünün süzdüyü ikinci stəkan çayı da içib ayağa qalxdım. Stepanın gəlişi ilə bu günkü planlarıma bir qədər dəyişiklik etməli olacaqdım.

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(21.06.2023)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.