Natalya Xarlampyeva və Semyon Danilov – yakut ədəbiyyatının iki zirvəsi Featured

Bu günlərdə Azərbaycan Ədəbiyyat Fondu AMEA, TAİB və Dünya Gənc Türk Yazarlar Birliyi ilə birgə “Ortaq türk ədəbiyyatının yaranması zərurəti” mövzusunda konfrans keçirdi. Türkçülük və turançılıq ideyaları, Böyük Türk Birliyi türkdilli xalqların aydınlığa və inkişafa gedən baş yoludur. Türk dünyasının bir parçası da Saxa-Yakut Respublikasında yaşayan yakutlardır. Yakut poeziyası barədə, bu poeziyanın anası hesab edilən Natalya Xarlampyeva barədə, yakut ədəbiyyatının məhvərlərindən sayılan Semyon Danilov barədə   “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlı vaxtaşırı yazılarla çıxış edir. Bu yazılardan növbəti birini sizlərə təqdim edirik.

 

NATALYA XARLAMPYEVA VƏ SEMYON DANİLOV

Natalya Xarlampyeva İvanovna 1952-ci ildə Yakutiyanın Manqan aymakında doğulub. Yakutiya Dövlət Universitetinin tarix-filologiya fakultəsini bitirib. 1975-ci ildən yazıları və şerləri dövrü mətbuatda dərc olunur. 15 şer kitabının, 20- dən çox nəsr əsərinin  müəllifidir. Ədəbi yaradıcılığına görə Qazaxıstan Respublikasının “Alaş” mükafatına,  Rusiya Yazıçılar İttifaqının A.Tvardovskiy adına mükafatına, RF-nin Mədəniyyət nazirliyinin M.Şoloxov adına mükafatına, RF-nin əməkdar mədəniyyət işçisi fəxri adına, 2002-ci ildə Yakutiyanın xalq şairi fəxri adına, Puşkin medalına, 2021-ci ildə Platon Oyunski adına Dövlət Mükafatına layiq görülüb.

…Bakıya ilk gəlişində demişdi ki, məni I Türkoloji Qurultayın keçirildiyi məbədə aparın.  XIX əsrdə İstiqlaliyyət küçəsindəki Musa Nağıyevin oğlu İsmayılın xatirəsinə  tikdirdiyi “İsmaliyyə” binasını deyirdi. Bu bina tikildiyi günlərdən həm faciələrimizin, həm sevinclərimizin, o qədər olub-keçən hadisələrimizin şahidi olmuşdu ki... Həmin gün AMEA Rəyasət Heyətinin yerləşdiyi möhtəşəm və tarixi binaya Natalya Xarlampyeva sevinclə daxil oldu. Onu iknci mərtəbədə yerləşən konfrans zalına apardıq. Əllərini divarlara çəkdi, qotika üslubundakı naxışlara toxundu... Bir getdi, bir gəldi... Otağı addımları ilə ölçürdü. Oturacaqların arasında dayandı. Divarlarla, tavanla danışdı... Gözlərində muncuq-muncuq yaş gilələndi...

Otaqda tam bir səssizlik hökm sürürdü... Mən onu anlayırdım... Nədən ağladığını bilirdim... O, 1925-ci ilin dekabrında Yakutskdan yola çıxaraq Bakıya gələnləri- yakut əlifbasının müəllifi, siyasi xadim İsidor Baraxov, Anempodist Sofronov- Almapa, şair türkoloq, dramaturq Aleksey İvanov- Künde,  dilçi, şair və nümayəndə heyətinin rəhbəri  Aleksey Kulakovskiy Eksekülyaxı yad edirdi, onlar Bakıya türkoloji qurultayda  iştirak etmək üçün yola çıxmışdılar. Özlərini görməsə də onları bu müqəddəs ocağın içərisində təsəvvür edirdi. Yakutiyanın və türk dünyasının bu dahi oğulları 2 aya atla İrkutska gəlib çıxırlar, İrkutskdan isə qatarla Moskvaya çatırlar. Moskvada nümayəndə heyətinin rəhbəri Aleksey Kulakovskiy ağır xəstələnir. Üç nəfər böyük yakut oğlu isə yola davam edib fevral ayında Bakıda keçirilən I Türkoloji Qurultaya yetişirlər. Türk dünyasının aydınları bu ocaqda ona görə toplaşırlar ki, ortaq türk dili yaransın. Ortaq türk dili yaransaydı, dünyada türk ədalətinin və türk həqiqətinin bərpası baş verəcəkdi...

İndi Yakutiyanın xalq şairi, Yazıçılar İttifaqının  sədri, türk dünyasının “Dilbər xatını” Natalya Xarlampyeva o ağrılarını göz yaşlarına çevirib, bu otaqda dolanan ruhlarla danışırdı. 1926-cı ildən sonra türkçülük ideyalarına görə amansız terrorlara məruz qalan türk oğullarını arayırdı...

2019-cu il avqust ayının sonlarında başlanan ilk tanışlığımıza baxmayaraq, bu iki gün ərzində elə bil ki, onu yüz ildir ki tanıyırdım. Ruhum ruhuna qovuşmuşdu. Bu qadın həmin gün məni gördüyündə “Bizim Platon Oyunskini tərcümə edən Aida”- deyib bağrına basmış, yenə kövrəlmişdi. Bədənim uçunmuşdu. O qonağı tanıdığm günü isə  Tanrıdan ömrümə yazılan bir şans saydım. Göründüyündən də böyük, özü haqqında yazılanlar, özünün yazdıqları qədər böyük bir TÜRK XANIMIDIR!

Saxa yakutları hörmət etdikləri qadınlara “Dolbar xatun” deyərlər. Yəni Dilbər xatın!

Saxa Yakut ölkəsinin bu günə qədər gəlib yetişməsində, tarixin səhifəsindən silinməməsində həm də ötəniki əsrin qovuşağında yaşayıb-yaratmış ictimai siyasi xadimlərinin, ədəbiyyatçıların rolu böyükdür. Bu gün saxa xalqının  həyatında bütün yeniliklərin və inkişafın gövhərində ədəbiyyatın, ədəbi imzaların böyük rolu olduğu danılmazdır. Natalya xanım da həmin ədiblərin yaratdığı bulağın gözündən su içib, durulanmış Dilbər xatındır!

Yazımın əvvəlində qeyd etdiyim kimi, Natalya Xarlampyeva tək-tək doğulan şəxsiyyətlərdəndir ki, öz ustadını unutmayıb, ondan aldığı dərsləri bu günə qədər özünə məqsəd, yol  sayır. O, ustadının haqqında yazdığı “Məşhur İnsanların həyatı” seriyasından “Semyon Danilov” kitabı ilə Saxa Yakutiya Respublikasının xalq şairi Semyon Danilov şəxsiyyətinin böyüklüyünü onu tanıyan insanların xatirələri əsasında əbədiləşdirib, Semyon Danilovun gündəliklərini, yazılarını vərəq-vərəq araşdırıb və  gözəl bir kitab ərsəyə gətirib.

Ədəbiyyatçılarımız, Natalya Xarlampyevanı tanımaq istəyən oxucularımız üçün maraqlı olar deyə,  həmin xatirələrin bəzilərini bu yazıda qeyd etməyim yerinə düşər:

“ ... Semyin Petroviç  istedadı olan, bütün gənclərə şərait yaradırdı, mərhəmət göstərirdi, kömək edirdi, yol açırdı, onlara meydan verirdi. Lakin onların içərisində özünə, içəri dünyasına ən yaxın buraxdığı gənc Nikolay Luginov idi.  Mən və Nikolay Luginov də onun evinə gedib gəlirdik. 1977-78-ci illər idi. Diplom işimin mövzusu Semyon Danilov yaradıcılığı və poeziyası idi. Buna görə də bəzi sualların cavabını tapmaq üçün onunla görüşmək şansım olurdu. Məni həmişə hörmətlə qarşılayırdı. İş otağına dəvət edirdi. Suallarımı cavablandırdıqdan sonra evimiz, ailəmiz, dolanışığımız haqqında soruşurdu.  Anamın pensiyaçı, qardaşımın məktəbli, mənim isə tələbə olmağım ağır həyat tərzimizin göstəricisi idi. O çalışırdı ki, çətinliyi olan bütün gənclər kimi,  bizim ailəyə də əlindən gələn köməyi etsin...

Mən isə ondan ancaq poeziyası, yaratdığı ədəbiyyat haqqında eşitmək istəyirdim. Onunla hər görüşümüzdən sonra  ürəyim yeni yaradıcılıq eşqi ilə, həvəslə, sevinclə dolurdu. Onunla hər görüşümüz sanki həyata baxışımı dəyişdirirdi. Tanrı onu BÖYÜK olmaq üçün yaradıbmış. Və ustadımın həyatını yazmağa başlayarkən,  gündəliyində özüm haqqında bu sətirləri oxudum: “Bəzən sonuncu nəfəsini yaşayan bir xalqın ölüm anında yenidən doğuluşunu görürsən. Sanki xalqın ruhu yenidən doğulur, güc tapıb dirilir, bundan sonra yeni istedadları və əsararəngiz övladları doğulur... Mən bu nəticəyə Natalya Xarlampyevanın şerlərini oxuduqdan sonra gəldim.  Bu şerlər bir xalqın öz ruhunu, mənəviyyatını qorumaq üçün necə mübarizə aparmasının simvoludur. Onun şeirlərini oxuduqda bir daha əmin olursan ki, bu xalq özünü yox olmaqdan qurtarıb, yenidən var olmağa vadar edib. Belə istedadlar xalqı yaşatmaq üçün doğulur...”.

Daha sonra yazır: “Natalya Xarlampyeva böyük istedaddır. Əgər Tanrının ona verdiyi bu mükafatı qoruya bilsə, istedadının arxasınca getsə, sözsüz ki, ondan böyük şair olacaq.  Özümə söz verirəm ki, bundan sonra, onun qələmə aldığı  bütün yazıları böyük həvəslə, həyəcanla, maraqla oxuyacağam... Mən bu gün bir şair kimi Natalyadan başqa heç kimə qibtə etmirəm...”.

Natalya Xarlampyeva yazır ki,  həmin illərdə, Semyon Petroviç mənim şerlərimi və şəklimi  istədi. Mən onun bu tapşırığına elə də əhəmiyyət verməyərək, həmin yazıları ona verdim. Lakin günlərin bir günündə “Literaturnaya Rossiya” qəzetində rus dilinə tərcümə olunaraq çıxan şerlərimi və şəklimi görəndə heyrətə gəldim. Qəzetdə şerlərimi rus dilində çıxdığından sonra məndən fikrimi soruşanda, gözlərimin yaşardığını görmüşdü. İllər keçəndən sonra mən onun gündəliyində həmin gün haqqında oxudum. Yazırdı: “ Bəzən eyni sevincin yaratdığı emosiyaları insanlar eyni yaşayırlar. Axı mən də, ilk şerlərimin rus dilində çap olunmuş tərcüməsini görəndə, elə onun kimi ağlamsınmışdım...”.

Sonra “Molodaya qvardiya” nəşriyyatında “Gənc səslər” seriyasından şer kitabım çap olundu. Bir dəfə isə, 1993-cü ilin isti avqust günlərinin birində mənə xəbər gəldi ki, Sergelidəki bağ evində Semyon Danilov məni gözləyir. İsti yay günü idi. Mən də universiteti yenicə bitirmişdim. Özümə iş yeri tapa bilmirdim. Qəzetdə işləmək istəyirdim. Ciddi-cəhdlə iş axtarırdım. Bağ evinin darvazasından içəri keçəndə  gördüm ki, o kreslosunda oturub kitab oxuyur. Həmin gün çox söhbət etdik. Mənim iş axtarmaq problemimdən, güzəranımızdan, yeni imzalardan, yakut poeziyasından, məşhur şairlərdən danışdıq. Və heç vaxt unutmayacağım bir fikri dedi: “Elə bir an yetişir ki,  jurnalistika şairliyə mane olur. Çünki bu sənət yazıçılığa daha yaxındır...”.

O zaman gənc idim. Bu fikrə elə böyük əhəmiyyət vermədim. Sonra məndən hansı yakut şairini sevdiyimi soruşdu. Sözüm dilimin ücünü göynətdi. Deyə bilmədim ki, mənim ən çox sevdiyim şair sizsiniz. Axı mən həqiqətən də ilk yakut şerini onun kitabında oxuyub, şerin dilə və ürəyə necə yatımlı olduğunu hələ uşaq ikən onun şerlərindən öyrənmişdim. Axı, mən  yakut dilində şer yazmağı onun şerlərindən öyrəndim. Kaş ki, həmin günü  ustadımdan, müəllimimdən utanmasaydım...  O məni darvazaya qədər yola saldı. Sonra darvazaya söykənib arxamca baxa-baxa qaldı...  Bu bizim son görüşümüz oldu... Bu görüşdən bir neçə ay sonra, artıq Semyon Danilov dünyada olmayanda mən bütün  tribunalardan onu nə qədər sevdiyimi hər kəsə bəyan etdim... O mənim müəllimim, sevimli şairim, mənə xeyir-dua verən Bilgəm idi...

Semyon Danilov bizim dövrümüzün uşaqlarına və yaradıcı gənclərinə qorxusuz yaşamağı və yazmağı öyrətdi, bizə yakut ədəbiyyatının haradan başlanğıc götürdüyü mənbəni göstərdi... Biz onun göstərdiyi yollarla gələndə gördük ki, yakut ədəbiyyatçılarının yoluna heç vaxt qızılgüllər səpələnməyib, tikanlarla dolu imiş bu yol...Bizim ədiblərimiz öz əsərləri ilə bu yollarda qızılgüllər əkiblər... Biz bu yolu sona qədər gedəcəyik, bizdən sonrakılara əmanət edəcəyik.”

-Və həmin o doxsanıncı illərdə, böyük yazıçını itirəndən sonra, heç vaxt ağlınıza da gəlməzdi ki, nə vaxtsa, özünüz onun oturduğu kabinetdə oturacaq, ideyalarının yayılıb və qorunmasında ən birincilərdən olacaqsınız. Və hətta böyük yazıçının doğulduğu kənddə onun ev muzeyinin açılışına nail olacaqsınız.

- Semyon Danilov ona görə böyükdür ki, o klassiklərimizin, unudulub itə biləcək adlarımızın, ədəbiyyatımızın özümüzə qaytarılmasında böyük rol oynadı. Uzun on illər bizdən gizlədilən Platon Oyunskinin, Ammosovun, Alampanın, Kulakovskinin... əsərlərini rus dilinə, digər dillərə tərcümə etdirdi, öz dilimzdə çapına nail oldu, onların irsini xalqımıza yenidən qaytardı. Bu da bir bəxt işidir. Mənə xeyir-dua verdi. Onun bulağından, onun əlindən su içmişəm. O bizim hamımızın BİLGƏsi idi. Ona görə də onun adını və ideyalarını qoruyub yaşatmağa borclu idim. 3 il bundan əvvəl onun doğulduğu kənddə ev muzeyinin açılışını etdik. Yakutsk şəhərinin  mərkəzində onun abidə kompleksini ucaltdıq. Bu, mənim müəllimimə olan borcumun bir damlası idi.  İndi o muzey bütün insanların ziyarət etdiyi məkandır. Nə qədər ki, bu muzey var, Semyon Danilov və onun qardaşı Safron Danilov yaşayacaqlar. İndi mən də onun kimi,  istedadlarımıza qayğı göstərirəm, yol açıram, imkan yaradıram. Yelizavetta Miqalkina, Rüstəm Kajenin, Qavril Andros, Agrofina Kuzmina... bizim belə gənclərimizdəndir. Ədəbiyyat oxunmalıdır. Semyon Danilov bizim ədəbiyyata tərcümə mədəniyyətini gətirdi. Biz bir -birimizi oxumayanda bir-birimizdən ayırılırıq,  bu bizim bir xalq kimi bir-birimizdən ayrılmaq təhlükəsini böyüdür. Tərcümə həm də ölkənin təhlükəsizliyinə xidmət edir.

-Sizin Semyon Danilov haqqında kitabınızda həm də onun Nazim Hikmət haqqında xatirələrinə yer verilib. Orada yazırsınız ki:

“... Semyon Petroviç  bilirdi ki, türk şairi Nazim Hikmət Peredelkinoda yaşayır. Onunla görüşməyi və danışmağı arzulayırdı. Özünün  tələbə yoldaşlarından onu kimin görüb -görmədiyini soruşur, barəsində məlumatlar toplayırdı. Onunla görüşənlərə həsəd aparırdı. Nazim Hikmətlə görüş həsrəti ilə yaşayırdı... Bir dəfə... 1956-cı ilin yayında yeməkxanadan qayıdarkən Semyon Danilov Nazim Hikmətin tatar tələbələrin əhatəsində dayandığını gördü. Nə haqdasa qızğın söhbət gedirdi.   Danilov yazır: “Özümdən asılı olmayaraq, uça-uça, sürətlə ona yaxınlaşdım və “Zdravstvuyte!”-dedim. O isə “Salam”- deyə cavab verdi. Bu ucaboylu, gözəl qamətli kişi  məni çiyinlərimdən qucaqlayıb, bağrına basdı. Sonra biz qoşa addımladıq, yol ilə getməyə başladıq. Yol boyu biz onunla elə söhbət edirdik ki, elə bil ki, yüz ildir bir-birimizi tanıyırıq. Çəkinmədən, açıq, səmimi söhbət edirdik. O - Nazim Hikmət,  dövrümüzün ən işıqlı və böyük adamı, mənimlə danışır,  bir sadə yakut oğlu ilə... Və mən bu böyüklüyün qarşısında onunla söhbət edirəm, ondan nəsə soruşuram, onun suallarını cavablandırıram. Böyük adamlar hər sahədə böyük olurlar”.

Nazim Hikmət uzun illər sürgünlərdə yaşadı, o Vətəni üçün çox darıxırdı, o türk dili, türkcə danışıq üçün darıxırdı, o türk millətindən olan insanlarla görüşəndə sevinirdi. Türkdilli insanlarla doğma dildə danışanda səsi cingildəyirdi, onun danışığındakı sözlərin hamısı bizə doğma və tanış idi. Hazim Hikmət  deyirdi:

- Bilirsən, türkdilli  xalqları amansız mürtəce quruluşunun acı taleyi bir-birindən ayrı salıb.  Bu ayrılıqdan sonra insanlarımız öz ana dilini, öz adətlərini unutmayıblar. Məgər bu gözəl deyilmi, dünyanın hər yerində qızmar günəşə hamımız “Gün” deyirik!  Dünyanın axırında yaşayan yakut da, günəşə “gün” deyir, Şimal buzlu okeanın  yanında yaşayan xalqlarımız da günəşə “Gün” deyirlər. Bu möcüzə deyilmi!?”.

Nazim Hikmət Semyon Danilovu  türk xalqının oğlu kimi qəbul etmişdi. Semyon Danilov isə öz xatirələrində qeyd edirdi ki, onun əsərlərini oxuyub, “Məhəbbət əfsanəsi” tamaşasına baxıb. Nazim Hikmət ondan soruşub ki, “Qəribə adam” tamaşasını görübmü?  “Yox” cavabını alanda, ona məsləhət edib ki, bu tamaşaya mütləq baxmalıdır. Çünki bu əsəri özünün Moskvada səhnəyə qoyulmuş  ən  uğurlu tamaşası sayır. Sonra isə belə bir sual verib: “Sizin inkişafınız nə yerdədir? Bu ağır illər sizin üçün necə keçib?” Semyon Petroviç ona  yakut ədəbiyyatının əsasını qoyan üç böyük şəxsiyyətin partiya xətti ilə siyahıdan silindiyini deyəndə Hazim Hikmətin eynəyinin altında göz yaşlarının axdığını görüb...

-Faciədir... Hər yer faciədir...  Yanlışları düzəltmək lazımdır, mübarizə gərəkdir... Mərkəzi Komitəyə məktub yazın, - deyib.

-Belə məktublar baxılmaq üçün yenidən  vilayət komitəsinin üstünə göndərilir_- deyə cavab verib Semyon Petroviç.

Həmin gün onlar yarım gün birlikdə söhbət ediblər.

... Nazim Hikmət Fadeyevdən bəhs edərkən, onun çox  həssas insan olduğunu deyib.  Mayakovski və Yeseninlə şəxsən tanış olub. Onlarla mütəmadi görüşüb. Onların vaxtsız ölümlərinin səbəbini isə  həyatlarında olan çatışmazlıqlarda, problemlərdə, sistemin ağırlığınd , gərilən əsəblərində gördüyünü deyib. Yakutiyadan söz düşəndə isə, bu diyara səfər etmək istədiyini, bu yurdları görmək istədiyini deyib.  Lakin səhhəti imkan vermədiyindən bu səfərə çıxa bilməməsi üçün narahatlığını dilə gətirib. Danilov isə ona deyib ki, əgər Nazim Hikmət Yakutiyaya gəlsəydi, yakut xalqı onu öz oğlu kimi qarşılayardı. Daha sonra yenə də yakut xalqının  sistemin qəzəbinə gələn üç böyük klassik yazıçısı haqqında söhbəti davam etdiriblər. Nazim Hikmət bir daha təkidlə deyib: “Mübariizə aparın, qorxmayın. Həqiqət uğrunda mübarizə aparan adam, heç bir çətinlikdən qorxmamalıdır”.  Nazim Hikmətin bu sözləri iki türk şairi arasında ən böyük başlanğıc olub.

Bu söhbət sonralar Semyon Petroviç Danilovun bütün həyatını dəyişib. Bu iki türk şairini bir-birinə yaxınlaşdıran kökləri, bağları idi. Danilov bu söhbətdən sonra, birmənalı şəkildə belə qərara gəlib ki, ədəbiyyat irsi üçün  mübarizə etmək mütləqdir və çox lazımlı bir işdir. Bundan sonra o, öz  böyük missiyasına-  yakut ədəbiyyatı klassiklərinin adlarının doğma xalqına tanıdılması və əbədiləşdirilməsi üçün mübarizəyə başlayıb.”.

 

“Ədəbiyyat və incəsənət”

(16.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.