“Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq.
Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanln təqdimatında bu həftə Əli Qayibin həftəsidir.
Şeirlərini Qayıb təxəllüsüylə yazan Əli Rəştbər 1980-cı ildə Qaradağın Gal kəndində dünyaya göz açıbdır. Atası Məhəmmədin kənddən köçməsi ilə 1990-cı ildə Urmu şəhərinə daşınıblar.
Əli Qayıbın hazırda üç kitabı ışıq üzü görübdür: “Yol ağlasın” 2015, “Susqun fəryadıyam mən bu torpağın” 2017, “Salam olsun ozanlara” 2020.
Əli Qayıb bir mütərcim və yazar kimi də fəaliyyət göstərir. Onun hekayələri Güney Azərbaycanın gündəliklərində və jurnallarında nəşr edilibdir.
AĞLAMAZDIM
Bilsəydim kədərim incidir səni,
Ürəyim dolanda heç ağlamazdım.
Vədəsiz küləklər ömür bağımın_
Yarpağın yolanda heç ağlamazdım.
Bilsəydim payıza bir isti sözsən,
Şaxtaya sazağa alovlu közsən,
Bilsəydim qışımda yoluma gözsən,
Baharım solanda heç ağlamazdım.
Nə varsa azadlıq, bütün dustaqlar,
Sənin əllərində olsa ıxtıyar.
Bilsəydim Qayıbın sən kimisi var,
Anamdan olanda heç ağlamazdım.
“Ədəbiyyat və incəsənət”
(16.06.2023)